Mədəniyyət
və turizm naziri
Masallıda vətəndaşları qəbul edib
Mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən
şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev oktyabrın 24-də
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində
Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara,
Lerik və Yardımlı rayonlarından olan vətəndaşları
qəbul edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə nazir Əbülfəs Qarayev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanışlıq olub.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Lənkəran şəhərindən qəbula yazılan vətəndaşlar Bəlləbur qalasında arxeoloji tədqiqat işlərinin aparılması, kitabxanaların Milli qəhrəmanlar haqqında ədəbiyyatla zənginləşdirilməsi, mədəniyyət evi və klubun əyani vasitələrlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Masallı sakinləri tərəfindən rayonda milli geyimlər festivalının, eləcə də uşaq musiqi və incəsənət məktəbləri arasında zona festivallarının təşkili, bölgələrdəki dövlət dram teatrlarında rayonların xalq teatrları kollektivlərinin çıxışlarına şərait yaradılması barədə müraciətlər olunub.
Cəlilabaddan qəbula gələn sakinlər rayon ərazisindəki Polutəpə arxeoloji məkanında aparılan tədqiqat işlərinin başa çatdırılması, kitabxanalara texniki avadanlıqların verilməsi ilə bağlı xahişlərini diqqətə çatdırıblar.
Astara sakinlərinin turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri ilə turizm obyektləri arasında əməkdaşlığın qurulması, rayon uşaq musiqi məktəbində instrumental ifaçılıq və muğam dərslərinin tədrisinin təkmilləşdirilməsi və digər məsələlərə dair müraciətləri səslənib.
Lerikdəki Uzunömürlülər Muzeyində digər bölgələrimizin uzunömürlü insanları haqqında da məlumat guşəsinin yaradılması, Buzeyir qalasının turizm marşrutuna daxil edilməsi, habelə Yardımlı rayonu ərazisində tarix-mədəniyyət qoruğunun yaradılması, ölkə ərazisindəki tarix və mədəniyyət abidələri barədə geniş məlumatı əks etdirən fotoalbomun hazırlanması, kənd kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müraciətlər də olub.
Qəbula gələn bütün
vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev
ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.
Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 7.