“Rossiya-24”də
yayımlanan verilişdə Azərbaycanın zəngin tarixi-mədəni
irsindən, turizm imkanlarından
danışılır
Rusiyanın “Rossiya-24” televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, 26 dəqiqəlik “İşgüzar səyahət” verilişində Azərbaycanın inkişafı, turizm imkanları, zəngin tarixi-mədəni irsi, ölkəmizdə idman, mədəniyyət sahələrinə göstərilən qayğı, mətbəximiz barədə ətraflı məlumat verilir.
Veriliş aparıcı Andrey Şlyapnikovun
Bakı haqqında fikirləri ilə başlayır.
Paytaxtımızı “Kontrastlar şəhəri”
adlandıran A.Şlyapnikov Bakının turizm məkanı kimi cəlbedici
olması barədə danışır. Qeyd edir ki, son illərdə
Bakıya gedən turistlərin sayı xeyli artıb. Bu da təsadüfi deyil.
Verilişin aparıcısının ölkəmizdə
olduğu zaman getdiyi ilk yerlərdən biri İçərişəhər
olub. O qeyd edir ki, İçərişəhər
dünyanın dörd
bir yanından gələn turistlər üçün zəngin
təəssürat məkanıdır.
“Burada sanki zaman donub”, - deyən aparıcı İçərişəhərdə bir çox filmlərin lentə alındığını xatırladır
və qeyd edir ki, bu
filmlərin arasında
milyonlarla insanın sevdiyi “Brilyant əl” filmi də var. Məşhur epizodun çəkildiyi yerdə hər zaman turist tapmaq
mümkündür.
Verilişdə rusiyalı turistlərin müsahibələri də
yer alıb. Turistlər paytaxtımızın
onlar üçün
çox maraqlı məkan olduğunu bildirirlər.
Andrey Şlyapnikov
Qız qalası haqqında da ətraflı məlumat verir, bu abidə
ilə bağlı rəvayətlərdən danışır. O vurğulayır
ki, əfsanələr
şəhəri olan Bakıda minilliklərin ənənəsi yaşayır.
Verilişdə tamaşaçılara təndir
çörəyinin hazırlanmasının
sirləri açılır,
bu çörəyin
çox dadlı və ətirli olduğu qeyd edilir. Sonra Bakının müasir
infrastrukturundan danışılır.
Bildirilir
ki, çoxəsrlik tarixi ilə yanaşı, paytaxtımızın
geniş prospektləri,
ideal yolları və müasir tikililəri də var.
Müəllif son dövrlərdə Bakıda
təşkil edilən
beynəlxalq tədbirlərə
toxunur, bir müddət əvvəl paytaxtımızda Ümumdünya
Şahmat Olimpiadasının
keçirildiyini xatırladır,
“Formula-1” yarışının yüksək səviyyədə
təşkil edildiyini
söyləyir. Qeyd edir ki, 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən
biri də Bakıdır. “İndiyədək
Bakıda bütün
idman tədbirlərinin
yüksək səviyyədə
keçirildiyini nəzərə
alsaq, bu yarış da Azərbaycanda yüksək
səviyyədə təşkil
ediləcək”, - deyən
Andrey Şlyapnikov verilişdə birinci Avropa Oyunlarını da unutmur. O bildirir ki, tarixdə
ilk dəfə Azərbaycanda
keçirilən bu oyunlar üçün müasir idman infrastrukturu yaradıldı
və oyunlar əsl idman bayramına çevrildi. Gələn il
ölkəmizin 4-cü İslam
Həmrəyliyi Oyunlarına
ev sahibliyi edəcəyi barədə
məlumat verən jurnalist çəkiliş
qrupu ilə birlikdə müxtəlif idman arenalarında idmançıların bu oyunlara hazırlığını
da tamaşaçıların
diqqətinə çatdırır.
Müsahibələrində idmançılar onlar üçün yaradılan şəraitdən,
ölkəmizdə bütün
vətəndaşların idmana
olan həvəsindən
danışırlar. Tamaşaçılar göstərilən kadrlar
vasitəsilə paytaxtla
yanaşı, respublikanın
hər yerində idmanın inkişafı üçün mühüm
layihələrin icra edildiyinin, müasir idman infrastrukturunun yaradıldığının şahidi
olurlar.
Verilişdə müasir Bakının rəmzlərindən birinə
çevrilən Heydər
Əliyev Mərkəzi
barədə də məlumat verilir. Bu tikilinin öz əzəməti ilə qonaqların diqqətini cəlb etdiyi vurğulanır.
Tamaşaçılar üçün
digər tanış
məkan isə Qobustan dövlət tarixi-bədii qoruğudur.
UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qoruğun turistlər tərəfindən
böyük maraqla qarşılandığı bildirilir.
Müəllif Prezident
İlham Əliyevin “Azərbaycan Respublikasında
kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının əhəmiyyətinə
də toxunur.
Andrey Şlyapnikov
Qəbələyə səfər
edərək bu ərazinin nadir təbiəti
və qədim tarixi abidələri haqda danışır. Rayonun turistlər
üçün çox
cəlbedici məkan olduğu vurğulanan verilişdə Qəbələdə
həm yayda, həm də qışda istirahət etmək üçün hərtərəfli imkanların
mövcudluğu diqqətə
çatdırılır. Bildirilir ki, Qəbələ ölkəmizin həm də mədəni mərkəzlərindən birinə
çevrilib. Müəllif son dövrlərdə Qəbələdə
təşkil edilən
mötəbər beynəlxalq
humanitar və mədəni tədbirlər
barədə məlumat
verir. Bu məkanın idman sahəsində yalnız eyniadlı futbol komandası ilə tanınmadığı vurğulanır,
burada həm də müasir atıcılıq kompleksinin
olduğu bildirilir.
Sonra Şəkiyə
yollanan verilişin çəkiliş qrupu Şəkinin yalnız ipək, şirniyyatlar və dadlı təamlar ilə tanınmadığını, son illərdə bu rayonda bir-birindən maraqlı beynəlxalq mədəni tədbirlərin,
festivalların keçirildiyini
bildirir. Verilişdə Azərbaycanın mətbəxindən söhbət
açılır, onun
zəngin və çox dadlı olduğu bildirilir.
Çəkiliş qrupunun səyahət marşrutunda palçıq
vulkanlarının olduğu
ərazilər də yer alıb. Müəllif palçıq vulkanlarının
bir çox sahələrdə istifadə
edildiyini diqqətə
çatdırır.
“Qalaaltı” müalicə-istirahət
kompleksindən danışarkən
jurnalist buraya Rusiyadan da çoxlu
sayda turistin gəldiyini vurğulayır,
bu kompleksin ən müasir səviyyədə yaradıldığını
deyir.
Verilişdə “Şahdağ” qış-yay
turizm kompleksinə də yer ayrılıb. İstər yayda,
istərsə də qışda buraya gələn turistlərin çox razı qaldıqları bildirilir.
Ölkəmizin qədim İpək Yolunun bir hissəsi
olduğunu deyən Andrey Şlyapnikov İsmayıllının Lahıc
kəndinə yola düşür, buranı
turistlər üçün
nadir yer kimi xarakterizə edir. O, samovarın
hazırlanmasından və
Azərbaycanda hamının
samovar çayını sevməsindən
söhbət açır.
Verilişdə vurğulanır ki, azərbaycanlılar öz
tarixlərini sevirlər
və ənənələrinə
sadiqdirlər. Min ildən
artıq yaşı olan çövkən oyununa ölkəmizdə olan maraq bunu
bir daha sübut edir.
Jurnalist məşhur Qarabağ atları və bu
atların Kraliça II Elizabetin
yubileyi münasibətilə keçirilən
tədbirdə iştirakını vurğulayır.
Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 7.