Heydər
Əliyev Mərkəzi ilə tanışlıq Xorvatiya Prezidentində xoş
təəssüratlar yaradıb
Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Xorvatiya
Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç
oktyabrın 25-də Heydər Əliyev Mərkəzində
olub.
AZƏRTAC xəbər verir ki, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.
Qeyd edilib
ki, Mərkəzdəki Heydər Əliyev
Muzeyində toplanan məlumatlar ziyarətçilərə
interaktiv formada
çatdırılır. Ümummilli Liderin həyat yolu
haqqında maraqlı faktlar foto və videomateriallar
vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları
əhatə edən sərgilər açılıb.
Ali qonaq “Azərbaycan inciləri” sərgisi ilə tanış
olub. Azərbaycan tarixini və
mədəniyyətini əks
etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii
sərvətləri, çoxəsrlik
tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi
Azərbaycan tarixi və mədəniyyətini
öyrənmək üçün
interaktiv və müasir vasitə kimi diqqəti çəkir.
Xorvatiya Prezidenti “Mini Azərbaycan”
sərgisinə də
baxıb. Bu sərgidə
ali qonaq
Azərbaycanın tarixi
və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin
zəngin memarlıq nümunələrini görmək
imkanı əldə edib.
Dövlət başçısı, həmçinin
müxtəlif tədbirlərin
keçirildiyi “Auditorium” zalında
olub.
Ali qonaq Mərkəzin
xatirə kitabına ürək sözlərini
yazıb.
Xanım Kolinda Qrabar-Kitaroviç Heydər Əliyev Mərkəzindən xoş
təəssüratlarla ayrılıb.
Azərbaycan.- 2016.- 26 oktyabr.- S.3.