Hər xalqa nəsib
olmayan Nəsibə xanım
Səhnə xadimləri
Qüdrətli sənətkar, görkəmli səhnə xadimi, xalq artisti Nəsibə Zeynalovanın bu il 100 yaşı tamam olur. Teatrı həyatı qədər sevən, bütün istedadını, qəlbinin hərarətini sənətə həsr edən aktrisa artıq 12 ildir dünyasını dəyişib. Buna baxmayaraq, onun tamaşaçısına bəxş etdiyi xoş ovqat, gözəl əhvali-ruhiyyə, gülüş və təbəssüm həmişə bizimlədir. Səhnəmizin korifeyinin hər hərəkəti, şux zarafatları, söz-söhbətləri heç vaxt yaddaşlardan çıxan deyil. Gülüş ustadının yaratdığı obrazlar köhnə zəmanənin - ötən əsrin adamları olsa belə, onlar bu gün də insanları güldürür, düşündürür və həmin qəhrəmanları canlandıran ustad sənətkarı xalqa bir daha sevdirir.
Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamda da qeyd edilir ki, sənətkarın “milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir”. Bəli, Nəsibə xanımın səhnə yaradıcılığı böyük sənətə tükənməz məhəbbətin ifadəsi idi. Tam, bitkin, mənən və cismən kamil surətlərlə ecazkar bir sənət nümunəsi yaratmışdır. Daim dolu olan salon hər dəfə onu gurultulu alqışlarla qarşılamışdı. Onun oyunu heç bir zaman təsirsiz qalmırdı, tamaşaçısını həyatın mənası, sənətin yüksək vəzifələri haqqında düşünməyə məcbur edirdi. Onun özünəməxsus yaradıcılıq siması, xüsusiyyətləri var idi ki, bu da çox vacib və dəyərli keyfiyyətlər idi: aydın, parlaq, gözəl və ağıllı gülüşü ilə hər bir tamaşaçıya xüsusi zövq vermək.
Nəsibə xanım Zeynalova parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz izlər qoymuşdur. Sənətkarın yaradıcılığına ümumxalq məhəbbəti qazandıran təkcə onun istedadı deyildi, həm də insan psixologiyasına bələdlik, həyati bilgilər, müşahidə qabiliyyəti, sənət sevgisi, məsuliyyət və ən nəhayət, böyük zəhmətsevərlik idi.
Nəsibə xanım Zeynalovanın istedadı ilk növbədə onun qanından-genindən qaynaqlanırdı. Məlum olduğu kimi, unudulmaz sənətkarın atası Kərbəlayı Cahangir Azərbaycan teatrının banilərindən olmuşdur. Bu həmin tanınmış tacir Cahangir Zeynalov idi ki, teatra marağı olan istedadlı insanları ətrafına toplayaraq teatr sənətinin inkişafı üçün əvəzsiz işlər görmüşdür. Kərbəlayı Cahangir öz evində səhnə düzəltdirmişdi və burada aktyorlar məşq edirdilər. Hər dəfə də məşqlərdən sonra aktyorlar üçün süfrələr açılardı, onlar yeməyə dəvət olunardı, Kərbəlayı Cahangir onların qayğıları, problemləri ilə maraqlanardı. Bəlkə də bu xeyirxahlığının müqabilində taledən mükafat almış, yaşı yarım əsri haqlayandan sonra gözəl bir qız övladının atası olmuşdur. 1916-cı ildə dünyaya göz açan yeganə qızı Nəsibə xanımı Kərbəlayı Cahangir, sözün əsl mənasında, nəzir-niyazla tapmış, bəxtinə də min kərə şükür etmişdi.
Lakin ailənin bu sevinci uzun sürməmişdi. 1918-ci ilin mart
ayında erməni daşnakları Bakıda kütləvi
qırğınlar törədərkən Cahangir Zeynalov ailəsini
də götürüb İrana gedir. Geriyə
qayıdanda isə gəmidəki natəmizlik onun xəstəliyə
tutulmasına səbəb olur. Qarın yatalağına
düçar olan Kərbəlayı Cahangir az
sonra həyatla vidalaşır və ailənin çətin
günləri başlanır...
Azərbaycan milli realist aktyor məktəbinin banisi
Cahangir Zeynalov qızının gələcəkdə ata sənətinin
davamçısı olmasını arzulamış və təəssüf
ki, bunu görmək ona qismət olmamışdı. Nəsibə
xanımın həyat və yaradıcılıq yolları
çox dolaylardan, sərt döngələrdən
keçmişdir. Belə ki, gələcəyin
böyük aktrisası 14 yaşından etibarən anasına
kömək etmək üçün işləmək məcburiyyətində
qalmışdı. Yeniyetmə ikən əmək
meydanına atılan qız müxtəlif işlərdə
çalışmış, sonra mühasiblik kurslarını
bitirib bir çox idarədə hesabdarlıq etmişdi.
Lakin qanındakı istedad onu başqa səmtə
çəkib aparmağa başlamışdı. Belə ki,
oxuduğu orta məktəbin tədbirlərində rəqqasəlik
etmiş, milli oyun havalarının incəliklərini öyrənmişdi.
1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə
üzv olmuşdu. 1937-ci ildə isə Bakıda fəaliyyət
göstərən səyyar Kolxoz və Sovxoz Teatrında
aktrisa kimi işə başlamışdı. Bu teatr Bakıda truppa toplayır, repertuar tərtib
edir və mövsümün başlanğıcından, yəni
aprel ayından Azərbaycanın rayonlarına qastrol səfərlərinə
çıxır, getdiyi bölgələrdə əməkçilər
qarşısında çıxışlar edirdi. Tamaşaçılar gələcəyin böyük
aktrisasını daha yaxından tanıyır və sevirdilər.
Nəsibə Zeynalova həmin il aktrisa olmaq
məqsədilə Bakı Teatr Məktəbinə daxil olur.
Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan,
Ağasadıq Gəraybəylidən dərs alır, bu isə
gənc qızın istedadına güclü təkan verir. Tələbə ikən o, Şekspirin “Şıltaq
qızın yumşalması”nda Katarina, Jan Batist Molyerin “Don
Juan”nında Elvira, Fridrix Şillerin “Mariya Stüart”ında
Yelizaveta rollarında oynayır.
Yaradıcılıq taleyini artıq Musiqili Komediya
Teatrına bağlamış sənətkar uzun illər bu məbədgahdan
ayrılmır. 40 ildən çox işlədiyi bu sənət
ocağının repertuar ağırlığını
çiyinlərində daşıyır. Hətta
teatr müəyyən fasilələrdə truppa və
filarmoniyanın nəzdində dəstə-ansambl kimi fəaliyyət
göstərdiyi dövrlərdə də Nəsibə
xanım sədaqətlə doğma kollektivdə
çalışır.
Ustad sənətkarın obrazlar qalereyası olduqca zəngindir. O, həm Azərbaycan və
başqa xalqların dilindən tərcümə olunmuş əsərlərdə,
həm klassik, həm də çağdaş bəstəkarların
müasir mövzularda yazılmış musiqili
komediyalarında uğurla çıxış etmişdir. Beləliklə, bir-birindən fərqlənən
onlarca komik personajları canlandırmışdır. Nəsibə Zeynalova yaratdığı hər bir
obrazın əvəzsiz ifaçısı olmuşdur.
“Dərviş
Məstəli Şah”dakı Xanpəridən “Ulduz”dakı
Züleyxayadək, “Hacı Qara”dakı Tükəzdən “Qaynana”dakı
Cənnət xalayadək, “Beş manatlıq gəlin”dəki Səlbidən
“Qızıl toy”dakı Ballıyadək unudulmaz aktrisamız
neçə-neçə qadın xarakteri yaratmış,
tamaşaçısını güldürmüş və
düşündürmüşdür. Mütəxəssislər
Nəsibə Zeynalovanın Cənnət xalasını, Nargiləsini,
Züleyxasını zəngin ifadə vasitələrinə,
yumorun milliliyinə, təbii reallığına görə
Azərbaycan səhnəsinin nadir inciləri hesab etmişlər.
Nəsibə xanımın yaratdığı obrazlar həyatiliyi
və real bədii təsvirləri ilə fərqlənirdi. Aktrisa bəzən
gözlənilməz, ancaq mənalı və məzmunlu, yerinə
düşən ifadə vasitələri ilə
yaratdığı və tamaşaçıya
çatdırdığı uğurlu improvizələrin
müəllifi idi. O, müxtəlif epizodlarda rəqsdən,
mahnıdan və hərəkətlərdən məharətlə
istifadə edirdi, xalq yumorundan, “Qaravəlli” oyun
tamaşalarından, lətifə söyləmək
qaydalarından lazımınca bəhrələnirdi. Çıxış etdiyi hər bir əsərin məzmununa,
mövzusuna, bədii dəyərlərinə tam yiyələnməyə
nail olur, tipik xarakterlər yaratmağı bacarır, hər
bir obrazın forma ilə məzmununun vəhdətini vacib
sayırdı. Mütəxəssislər,
eləcə də obrazın xarakterini hərəkətlə,
yəni yerişi, oturuşu-duruşu ilə
çatdırmaqda musiqili komediya sahəsində Nəsibə
xanım kimi mahir bir sənətkar olmadığını
söyləyirlər.
Nəsibə Zeynalovanın böyük istedadı ona digər
xalqların qadın obrazlarını da müvəffəqiyyətlə
canlandırmağa imkan vermişdir. Vladimir Dolidzenin “Keto və Kote”sində
Kabato və Barbale, Karlo Haldoninin “İki ağanın bir
nökəri”ndə Ziraldina, Muxtar Hüseynovun “Məhəbbət
gülü”ndə Zivər xanım, Levon Cubabiriya və
Şota Miloravanın “Tiflis nəğməsi”ndə Qesiya və
başqaları buna misal ola bilər.
Nəsibə Zeynalovanın istedadı kinoda da, ekran əsərlərində
də əbədiləşib. O, “Ögey ana”da Fatmanisə,
“Böyük dayaq”da Telli, “Ulduz”da Züleyxa, “Qayınana”da Cənnət
xala, “Molla Fətəlinin sərgüzəştləri”ndə
Gülüstan, “Bəyin oğurlanması”nda Əsli xala
obrazlarını böyük ustalıqla yaradıb. Aktrisa eləcə də saysız-hesabsız
televiziya tamaşalarında, yumoristik səhnəciklərdə,
intermedialarda çıxış edib. Bundan
əlavə, “Azərbaycanfilm” kinostudiyasının
çoxsaylı ekran əsərlərində çəkilib.
Nəsibə xanımın bir aktrisa kimi xoşbəxtliyi
həm də onda idi ki, böyük bir əsərdə
kiçik, hətta epizodik rol oynasa belə, yadda
qalırdı.
Onun ifası o qədər təbii, duzlu-məzəli
idi ki, tamaşaçının xatirinə həmişəlik
həkk olunurdu. Aktrisanın dilindən
qopan bir çox fikirlər, sözlər sonralar hətta zərbi-məsələ
çevrilirdi. İnsanlar bu gün də
yeri gəldikcə onları “Nəsibə demişkən” deyərək
dilə gətirir, müəyyən məqamlarda bununla həm
vəziyyətdən çıxış yolu tapır, həm
də yumor, gülüş yaradırlar.
Nəsibə Zeynalova yaradıcılığının
mahiyyəti onda idi ki, məişət yumorunu incə
ştrixlərlə ictimai-sosial mahiyyətə istiqamətləndirə
bilirdi. Aktrisa satirik boyaları müəyyən rollarda
qrotesk səviyyəsinə qaldırır, onlardan bol-bol istifadə
edirdi. Bununla belə, janrın estetik prinsip
və meyarlarına heç bir xələl gətirmirdi.
Deyilənlərə görə, Nəsibə xanım
sözə çox həssas imiş. Klassik operettalarda
oynayarkən obrazın sözlərinə bir kəlmə də
əlavə etməz, yaxud təhrifə yol verməz, xələl
gətirməzdi. Ancaq müasir musiqili
komediyalarda oynayarkən vəziyyətə uyğun olaraq bəzi
əlavə sözlər işlədər, müəyyən
ifadələrdən istifadə edərdi. Bunu
xüsusilə librettosu nisbətən zəif olan əsərlərdə
edir, obrazın sözlərinin məntiqini gücləndirirdi.
Daim axtarışlar aparan aktrisa roldan-rola püxtələşir,
tamaşaçısı tərəfindən daha çox
sevilirdi. Maraqlıdır ki, sadəcə “Nəsibə”
adı gələndə hər kəsin üzündə
işıqlı bir təbəssüm
görünürdü.
Qeyd etdiyimiz kimi, böyük aktrisanın uğurları
bir çox səbəblərdən qaynaqlanırdı. Onlardan biri də
Nəsibə xanımın daim xalqın arasında olması,
bölgələrdə çoxlu çıxışlar etməsi
idi. Hər zaman insanlarla sıx ünsiyyətdə
olardı. İstedadını xalqına bəxş
edən sənətkar onlardan da çox şey əxz edərdi.
Demək olar ki, bütün bölgələrin
dialektini, danışıq tərzini mənimsəmişdi,
folklor bilicisinə çevrilmişdi. Xalqın
adət-ənənələrini, ən başlıcası,
xarakterik xüsusiyyətlərini öyrənmişdi və
yeri gəldikcə onlardan müvəffəqiyyətlə
istifadə edərdi. Nəsibə
xanımın adi bir hərəkəti də gülüş
doğururdu. Yumor onun qanında-canında
idi. Deyirlər, “Qayınana”nın
ssenarisində Cənnət xalanın büdrəməsi səhnəsi
olmayıb. Çəkiliş zamanı nə isə
belə bir vəziyyət yaranıb və aktrisa çəkilişin
gedişini pozmayıb, personajın nitqinə “Ay qız,
yıxmışdın məni” sözlərini əlavə edərək
maraqlı bir məqam yaradıb.
Təsadüfi deyil ki, Azərbaycanın ən
tanınmış aktyorları ilə bir səhnəni
bölüşən aktrisa onlara ən yaxşı tərəf-müqabil
olmağı da bacarıb.
Azərbaycanın
Lütfəli Abdullayev, Bəşir Səfəroğlu,
Hacıbaba Bağırov, Siyavuş Aslan kimi korifey sənətkarları
səhnədə Nəsibə Zeynalova ilə tərəf-müqabili
olublar. Hər biri ilə də Nəsibə
xanım bənzərsiz ifa nümayiş etdirib. Vaxt olub
ki, Lütfəli Abdullayev və Bəşir Səfəroğlu
ilə bir həftədə beş dəfə
səhnəyə çıxıb və sonralar həmin
günləri xoş duyğularla anıb. “Sevindik qız
axtarır”da Xeyransa, “Həmişəxanım”da Həmişəxanım,
“Beşmanatlıq gəlin”də Gülnaz, “Gözün
aydın”da Nargilə, “Keto və Kote”də Kabato,
“Qızılaxtaranlar”da Rəxşəndə kimi yaddaqalan
obrazları məhz həmin adlı-sanlı tərəf-müqabilləri
ilə birgə iştirak etdiyi səhnədə yaradıb.
Azərbaycanın çağdaş teatr tarixində Nəsibə
Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan
üçlüyünün də özünəməxsus
yeri görünür. Səhnə taleyi bu
üçlüyü çox sıx birləşdirmişdi.
Bu vəhdət oynanılan əsərin
uğuru ilə nəticələnirdi. Ən
uğurlu teatr tamaşalarından biri olan “Hicran”ın nailiyyətləri
məhz bu üçlüyün istedad və əməyindən
qaynaqlanıb. Siyavuş Aslan sonralar həmin dövrü
xatırlayarkən deyirdi: “O, yaxşı bir xatirədir. Necə ki, yaşlı nəsillərdən bizə
yaxşı xatirə qalıb, “Hicran” tamaşası da bizim nəsildən
qalan yadigardır”.
Təkrarsız
səhnə yaradıcılığına görə Nəsibə
Zeynalova 1960-cı ildə respublikanın əməkdar, 1967-ci
ildə xalq artisti adına, 1974-cü ildə
Azərbaycan SSR Dövlət Mükafatına layiq
görülüb.
Müasirləri Nəsibə xanımı təkcə
görkəmli aktrisa kimi deyil, həm də gözəl insan
kimi xatırlayırlar. Belə ki, o, atası Kərbəlayı
Cahangirdən irsən təkcə istedad deyil, həm də
xeyirxahlıq, xeyriyyəçilik əxz etmişdi. Həm sənət uğurlarına, həm mərd
xasiyyətinə görə o dövrün rəhbər vəzifəli
şəxsləri də Nəsibə xanıma hörmətlə
yanaşırdılar. O isə bu münasibətdən
özünün deyil, sənət dostlarının xeyrinə
istifadə etməyə çalışırdı. Bir dəfə
Bakı Şəhər İcraiyyə Komitəsinin sədrinə
müraciət edərkən Hacıbaba Bağırova ev almışdı. Belə
xeyirxahlıqları çox olmuşdu.
Gözəl əl qabiliyyəti vardı, milli Azərbaycan
xörəklərini ustalıqla bişirən aktrisa istədiyi
aktyor dostlarını, həmkarlarını tez-tez qonaq dəvət
edərdi.
Nəsibə xanımın yeganə övladı olan oğlu da babasının və anasının yolu ilə getmişdir. Babasının adını daşıyan Cahangir Novruzov İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirmişdir. Hazırda Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan Cahangir müəllim uzun müddət Musiqili Komediya Teatrında və Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor vəzifəsində işləmişdir.
Cahangir Novruzov ailənin yeganə və sevimli övladı olmasına baxmayaraq, valideynləri tərəfindən heç də ərköyün böyüdülmədiyini həmişə söyləyir. Ona ciddi və bəzən hətta rəsmi münasibət bəsləyiblər. Məsləhət bilmədikləri addımlarına qətiyyətlə “olmaz” deyiblər.
C.Novruzov görkəmli sənətkar haqqında xatirələrində deyirdi ki, bir neçə dəfə Ali Sovetin deputatı seçilən N.Zeynalova ictimai fəaliyyətində də öz prinsiplərini qoruyub saxlayırdı. Başladığı işi mükəmməlcəsinə sona yetirməyi həmişə bacarırdı. İstər ailədə, istərsə də səhnədə... Onun səhnədəki gülüşü ailədəki gülüşündən tamamilə fərqlənirdi. Qayınana kimi də Nəsibə xanım yaratdığı obrazdan fərqli qayınana idi. “Bizim ailədə gözəl bir harmoniya hökm sürürdü. Atamın vəfat etməsi bu harmoniyanı pozdu və Nəsibə xanımın xəstələnməsinə səbəb oldu...”
Əsl istedad atadan övlada, övladdan da nəvəyə-nəticəyə keçərək nəsil-nəsil yaşayır. Bunu əbədiyaşar aktrisamız Nəsibə Zeynalovanın həyatının timsalında aydın görmək olar. Kərbəlayı Cahangir, onun qızı Nəsibə Zeynalova, nəvəsi Cahangir Novruzov və indi artıq nəticəsi Nəsibə Novruzova...
Lakin bu sənətkar sülaləsinin, onun parlaq ulduzu Nəsibə xanım Zeynalovanın yaratdıqları təkcə bir ailəyə, bir nəslə, bir soyada məxsus deyil. Bu, Azərbaycan xalqının sərvətidir. Bu əvəzsiz, çox dəyərli sərvətdən bəhrələnmək, onu qorumaq və artırmaq isə xalqımızın yeni-yeni aktyor nəsillərinin borcu və vəzifəsidir.
İradə ƏLİYEVA,
Azərbaycan.-
2016.- 26 oktyabr.- S. 7.