Azərbaycan dünyada ilk beş dövlətdən biridir
Dünya Bankının “Doing
Business 2017” hesabatında
respublikamızın biznes mühiti
yüksək qiymətləndirilir
Azərbaycanda son 13 ildə əldə olunmuş iqtisadi nailiyyətlərin əsasında müasir çağırışlara cavab verməklə həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin düşünülmüş, gələcəyə hesablanmış, xalqın və dövlətin milli maraqlarına xidmət edən məqsədyönlü və praqmatik siyasəti dayanır. Bu siyasətin nəticəsi olaraq respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərib.
Dünyada qəbul olunan innovativ və novator inkişaf
Yeni neft strategiyasının öz bəhrəsini verdiyi dövrdə geridə qoyduğumuz hər bir il ölkəmizin davamlı yüksəlişi,
dinamik və kompleks tərəqqisi kimi əlamətdar olub. Ötən hər bir ildə milli iqtisadiyyatımızın rəqabət
qabiliyyəti artaraq respublikamızın ixrac potensialının möhkəmlənməsinə
müsbət təsir
edib. İqtisadiyyatda baş verən
bu keyfiyyət dəyişiklikləri paralel
şəkildə cəmiyyət
həyatının digər
sahələrinin inkişafı,
xüsusən əhalinin
sosial rifahının davamlı olaraq yaxşılaşması ilə
müşayiət olunub.
Xüsusilə qeyd etməliyik ki, respublikamız 2008-2009-cu illərdə
bütün bəşəriyyəti
əhatə edən iqtisadi kataklizmlərlə
müşayiət olunan
proseslərə, o cümlədən
qloballaşmanın təsirindən
irəli gələn müəyyən mənfi
fəsadlara baxmayaraq, iqtisadi, sosial və digər sahədə böyük nailiyyətlər əldə
edib, regionun liderinə, beynəlxalq aləmdə mövqeyini, imicini, reytinqini ildən-ilə möhkəmləndirən
dövlətə çevrilib.
Ölkəmizin inkişaf prosesinin kompleks xarakter daşıması, ən müxtəlif sferaları
özündə ehtiva
etməsi, innovativ və novatorçu xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir olunub. Elə bunun nəticəsidir
ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının
araşdırmalarında, hesabatlarında
Azərbaycana böyük
diqqət yetirilib, ölkəmizlə bağlı
göstəricilər mütəmadi
olaraq müsbətə
doğru dəyişib.
Dünya İqtisadi Forumu, Dünya Bankı və digər mötəbər
ünvanların hər
il hazırladıqları
hesabatlar bunu təsdiqləyən mühüm
sənədlər kimi
çıxış ediblər.
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Ona görə qlobal
səviyyədə yaşanan
hansısa prosesin Azərbaycana da təsiri təbii və başadüşüləndir.
Xüsusən son iki ildə
dünya bazarında neftin qiymətinin aşağı düşməsi
neft ixrac edən ölkələrin
iqtisadiyyatına təsirsiz
ötüşməyib. Belə ki, bunun nəticəsində
bir sıra layihələr ixtisara salınıb, ümumi daxili məhsulda azalma baş verib. Bütün bunları nəzərə
alan Azərbaycan
dövləti artıq
ötən ilin sonlarından başlayaraq yeni iqtisadi islahatlara
start verib. Dünyada mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə Azərbaycan
Prezidenti İlham Əliyevin iqtisadi strategiyası çərçivəsində
qeyri-neft sektorunun inkişafına yönəlmiş
sistemli tədbirlər,
aparılan islahatlar ölkənin dayanıqlı
inkişafı, ötən
illərdə əldə
olunmuş uğurların
davam etdirilməsi baxımından strateji əhəmiyyət kəsb
edir.
Sahibkarlığın inkişafı yeni
iqtisadi siyasətin prioritetlərindəndir
Azərbaycanın iqtisadi strategiyasının
prioritet istiqamətlərindən
biri sahibkarlığın
inkişafı, əlverişli
biznes mühitinin təmin olunmasıdır. Odur ki, Azərbaycanda sahibkarlığın
inkişafına xüsusi
diqqət göstərilir,
sistemli və kompleks tədbirlər həyata keçirilir.
Ötən illərdə biznes
və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması,
bu sahədə qanunvericilik bazasının
təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli
fəaliyyət göstərən
dövlət dəstəyi,
o cümlədən vergi
güzəştlərinin tətbiqi,
subsidiyaların verilməsi,
aqrolizinq xidmətlərinin
şəbəkəsinin genişləndirilməsi
öz bəhrəsini
verib. İnvestisiya
layihələrinin güzəştli
şərtlərlə kreditləşdirilməsi,
dövlətlə birgə
maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye parkları və məhəllələrinin,
aqroparkların, biznes-inkubatorların
yaradılması, maarifləndirici
tədbirlərin, biznes
forumların, sərgilərin
təşkili və digər tədbirlər sayəsində ölkəmizdə
güclü sahibkarlar
ordusu formalaşıb,
sahibkarlıq iqtisadi inkişafın aparıcı
qüvvəsinə çevrilib.
Ölkəmizdə elan olunan yeni
iqtisadi siyasətin də prioritetlərindən
biri biznes mühitinin inkişafı,
iqtisadiyyata sərmayə
qoyuluşunun stimullaşdırılmasıdır. Çünki məhz bu qeyri-neft
sektorunun inkişafında,
iqtisadiyyatın ixrac imkanlarının artırılmasında
xüsusilə mühüm
əhəmiyyət kəsb
edən faktordur.
Odur ki, ilin əvvəlindən
həyata keçirilən
islahatlarda biznes mühitinin inkişafı
ilə bağlı məqamlar da öz əksini tapıb. Belə ki, sahibkarlıq
sahəsində aparılan
yoxlamalar dayandırılıb,
lisenziyalaşdırma sistemi
təkmilləşdirilib, investisiyaların
təşviqi və qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması
sahəsində mühüm
qərarlar qəbul edilib. Atılmış addımlar özəl
bölmənin inkişafında
mühüm əhəmiyyət
kəsb etməklə
yanaşı, biznes və investisiya mühitinin yaxşılaşdırılması
baxımından da mühüm əhəmiyyət
daşıyır.
Təkcə lisenziyalaşdırma sisteminin
təkmilləşdirilməsi nəticəsində lisenziya
tələb olunan fəaliyyət növlərinin
sayı, o cümlədən
lisenziyanın verilməsinə
görə ödənilən
dövlət rüsumunun
məbləği azaldılıb.
Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş
dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə
investisiya fəaliyyəti
həyata keçirən
sahibkarların investisiya
təşviqi sənədini
aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il
müddətinə gömrük
rüsumlarından azad
olunub. Eyni zamanda sahibkarlar investisiya təşviqi sənədinə əsasən
7 il müddətinə
fiziki şəxslərin
gəlirinin və hüquqi şəxslərin
mənfəətinin 50 faizinə
görə vergidən,
həmçinin əmlak
və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın,
texnoloji avadanlıqların
və qurğuların
idxalına görə
ƏDV-dən azaddır.
İslahatların bir istiqamətini də neqativ hallara qarşı mübarizənin gücləndirilməsi
təşkil edir. Azərbaycan Prezidenti
yanında Apelyasiya Şurasının yaradılması
bu məqsədə xidmət edən addımlardan biridir. Apelyasiya Şurasının yaradılmasında
məqsəd sahibkarlıq
fəaliyyəti göstərən
fiziki və hüquqi şəxslərin
müraciətlərinə baxılmasının təmin
edilməsi, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının qərarlarından,
hərəkət və
ya hərəkətsizliyindən
yuxarı orqana şikayətlərin verilməsi
mexanizminin təkmilləşdirilməsidir.
Üç və daha çox islahat aparan 29 ölkədən biri
Azərbaycanda il ərzində aparılan iqtisadi islahatlar dünyadakı inkişaf proseslərini yaxından izləyən təşkilatların
diqqətindən yayınmır.
Bunu Dünya Bankının 190
ölkənin biznes mühitini qiymətləndirən
“Doing Business 2017” hesabatı da təsdiq edir. Öncə qeyd edək
ki, Azərbaycanla Dünya Bankı arasında əlaqələr
çoxşaxəlidir. Belə ki, bu
mötəbər qurumla
nəqliyyat, kənd təsərrüfatı, sosial,
su təsərrüfatı
və s. sahələrdə
uğurlu əməkdaşlıq
həyata keçirilir.
Dünya Bankı ilə birgə bir sıra layihələr,
o cümlədən “Bərk
məişət tullantılarının
vahid idarəçiliyi”
layihəsi ölkəmizdə
uğurla icra olunub, “Abşeron göllərinin bərpası”
layihəsinə hazırlıq
üzrə Dünya Bankı və yerli mütəxəssislərlə
birgə iş aparılır. Ümumilikdə Dünya Bankı
ilə birgə 40 layihə icra olunub, 11 layihə üzrə işlər davam etdirilir.
Əlbəttə, bank Azərbaycanla əməkdaşlığında ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü, islahatların məhz inkişafa xidmət etdiyini nəzərə alır. 190 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanan “Doing Business 2017” hesabatda Dünya Bankı ölkəmizdə həyata keçirilən islahatları və əldə olunan nəticələri obyektiv qiymətləndirir. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi dəyərləndirilib.
Bundan başqa, “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.
İqtisadi sahədə yüksək göstəriciləri şərtləndirən amillərdən başlıcası aparılan mütərəqqi islahatlar və onların nəticələridır. “Doing Business 2017” hesabatı bir daha göstərir ki, Azərbaycan inkişaf yolundadır və həyata keçirilən islahatlar öz nəticəsini verir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 1,
2.