Ağ evin “qara demokratiya”sı
ABŞ unutmamalıdır ki, bu
gün dünyada demokratiyaya və ədalətli, şəffaf
seçkilərə ən çox ehtiyacı olan məhz onun
özüdür
ABŞ-da
prezident seçkiləri hər dörd ildən bir
dünyanın diqqət mərkəzində olan hadisəyə
çevrilir, əsas qlobal siyasi proses kimi qəbul olunur. 12 gün sonra bu fövqəldövlətdə
baş tutacaq 58-ci seçki barədə beynəlxalq
müzakirələr isə heç də hansı namizədin
qalib gələcəyi ilə bağlı deyil. Çünki gələcək prezidentin məhz
Hillari Klinton olacağı hətta onun rəqibinə də
aydındır. İndi əsas mövzu bu
seçkilərin gedişində ABŞ seçki sisteminin
nöqsanlarının, kobud pozuntuların, korrupsiya
hallarının artmasının daha qabarıq görünməsidir.
D.Trampa olan etimad əslində
ABŞ-ın xarici və daxili siyasətinə
amerikalıların duyduğu etimadsızlıqdır
Ağ ev özünü “demokratiyanın beşiyi”
adlandırır və azadlıq, insan hüquqları kimi dəyərləri
bütün dünyada yaymağı əsas vəzifələrindən
biri kimi elan edir. Rəsmi Vaşinqtonun özünü necə
adlandırmasından asılı olmayaraq müasir reallıq, ən
əsası isə “azadlıq ixracı” pərdəsi
altında Şərq-müsəlman dünyasına gətirdiyi
savaş və iflas ABŞ-ın demokratiyanın təməl
prinsiplərindən tam uzaqlaşdığını, həmçinin
xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini
göstərir. “Demokratikləşmə dalğası”nın əslində yeni ekspansiya hərəkatı
və müasir müstəmləkəçilik siyasəti
olduğunu bilmək üçün hansısa xüsusi
araşdırmalara da lüzum yoxdur.
Misirdən
Suriyaya, Liviyadan İraqadək partlayan hər bir bomba, qətlə
yetirilən hər bir insan məhz ABŞ
“demokratiyasının” nəticəsidir, məhsuludur...
Son 25 ildə
postsovet məkanını, Şərq coğrafiyasını
“azadlıq”, “insan hüquqları” nağılı ilə nəzarətə
götürməyə çalışan və buna əsasən
də nail olan ABŞ-ın Avrasiya bölgəsinə bəxş
etdiyi “demokratiya” nə qədər qanlı və faciəlidirsə,
öz ölkəsində tətbiq etdiyi “demokratiya” rejimi bir o
qədər nöqsanlı, problemlidir. Dünya
xalqlarını öz müqəddəratını təyinetmə
hüququndan zorakılıqla məhrum edən bu fövqəlgüc
elə öz vətəndaşlarının da normal
seçim etmə imkanını minimuma endirib.
Və bu real fikri səsləndirən, konkret faktları
təqdim edən insanlar artıq okeanın bu tayında
yaşayanlar deyillər. ABŞ-ın seçki sistemini ifşa edən,
bu ölkədə demokratiya elementlərinin tam olaraq iflasa
uğradığını təsdiqləyən şəxs
bu fövqəldövlətin prezidentliyi uğrunda
yarışan Donald Trampdır.
Ağ ev bu şəxsin qeyri-ciddi obrazını
yaratmağa çalışsa da, D.Tramp özünün ciddi
siyasi liderlik keyfiyyətlərini, birləşdiricilik
xüsusiyyətlərini, Amerika üçün yeni ümid
ola bilmək ehtimalını ötən bir il ərzində
dönə-dönə sübut etdi. O, “mafiyalaşmış dövlət
aparatı” dediyi siyasi sistemə qarşı mübarizə
apardığını söylədiyindən elə
özünün mənsub olduğu Respublikaçılar
Partiyasının da arzuolunmayan namizədidir. Yəni siyasətdə
cəmi bir il ərzində peyda olan, öz
partiyasının nəinki dəstəyini, əksinə, maneəsini
görən, heç bir siyasi təşkilatlanmaya, ənənəvi
siyasi elektorata malik olmayan bu milyarder qısa müddət ərzində
ali vəzifə uğrunda iki namizəddən birinə
çevrilirsə və hazırda amerikalıların 41
faizinin etimadını qazanırsa, ona qeyri-ciddi adam deməyin
özü qeyri-ciddi səslənir.
D.Trampın qısa müddətdə belə möhtəşəm
rəğbət qazanması elə Amerika cəmiyyətinin
öz hakimiyyətlərinin siyasətindən, Ağ evin
transmilli korporasiyaların lobbi mərkəzinə çevrilməsindən
duyduqları narahatlıqdır. Yəni D.Trampa olan etimad əslində
ABŞ-ın xarici və daxili siyasətinə
amerikalıların duyduğu etimadsızlıqdır!
Ağ evə kim nəzarət
edir
D.Tramp rəqibi Hillari Klintonu oliqarxların təmsilçisi
sayır, onu sadə vətəndaşların
maraqlarını qorumamaqda günahlandırır,
korrupsiyalaşmış sistemin mənafeyini ifadə etdiyini
faktlarla göstərir. Respublikaçı namizədin “mən
H.Klintona qarşı mübarizə aparmıram, mən bu
qadının simasında oliqarxlara, hərbi-sənaye
korporasiyalarına, enerji şirkətlərinə, xalqı
soyan banklara, Sorosun siyasi fırıldaqçılarına
qarşı döyüşürəm və bu
döyüşdə xalqım mənimlədir” - bəyanatı
onun məğlubiyyətini əvvəlcədən məlum
edir.
“ABŞ sərhədlərindən kənarda
apardığımız savaşlar milli
maraqlarımızın qorunmasına, beynəlxalq terrorizmin ləğvinə,
təhlükəsizliyimizin təmininə yönəlməyib. Bu savaşlar
yalnız iri korporasiyaların dünyanın sərvətlərini
bölüşdürməsinə, onların varlanmasına
yönəlib. Amerikalıların cibindən
savaşlara axan milyonlar dayandırılmalıdır. Bizə savaş yox, sabitlik və Rusiya ilə
müttəfiqlik lazımdır” - deyən namizədin qələbəsinə
imkan verərlərmi?
“Mən bu sistemin nə olduğunu, hansı rəzalətdə
olduğunu çox yaxşı bilirəm, çünki uzun
illər özüm onun tərkib hissəsi olmuşam. Yaxşı
bilirəm ki, bu sistem sadə amerikalılara qənim kəsilib
və onlarla pis oyun oynayır. Biz birlikdə
Vaşinqtondakı bataqlığı, çirkabı
qurudacağıq” - bəyanatını səsləndirən
siyasətçinin özünü çirkaba bürüməzlərmi?!.
“Biz
korrupsiyalaşmış dövlət aparatına, rüşvətxor
məhkəmə-hüquq sisteminə, saxtakar seçki
prosesinə, fırıldaqçıların əlaltısı
olan KİV-ə qarşı mübarizə aparırıq və
qələbə çalmaqla onları aradan
qaldıracağıq” - söyləyən şəxsin
sağ qalması özü möcüzədir...
Dünyaya
nəzarəti əldən verməyən,
qarşılarına çıxan dövlətləri,
xalqları məhvə məhkum edən bu iqtisadi-maliyyə-hərbi-siyasi
qüvvələr Ağ evi heç nəzarətsiz
qoyarlarmı?..
ABŞ demokratiyasının ən
“parlaq” göstəricisi: Barak Obamanın 141 faizlik qələbəsi
və 158 faizlik seçici fəallığı
Milyarder
namizədin ABŞ-ın seçki sistemindəki
qüsurları, daha doğrusu total saxtakarlığa əlverişli
şərait yaradan boşluqları gündəmə gətirməsi
əslində yenilik olmadı. Çünki bu
faktlar dünya ictimaiyyətinə məlumdur. Hər bir
ölkədə keçirilən seçkiləri təftiş
etməyi, onu qiymətləndirməyi özünə “müqəddəs
borc” bilən Ağ ev rəhbərliyi
öz dövlətində baş verən seçki
pozuntularını, nöqsanları gizlədir. Bunları
açıqlayanlar isə dərhal “qara siyahı”ya
salınır.
Məsələn, sonuncu prezident seçkilərində
Barak Obamanın qazandığı qələbəni
şübhə altına alacaq, yaxud da seçkilərin nəticələrinin
tanınmaması üçün hüquqi zəmin yaradacaq
yetərincə faktlar olsa da, onlar heç
araşdırılmaya da qəbul edilmədi. Amerikasayağı
ört-basdır edildi.
Belə ki, bəzi seçki məntəqələrində
Respublikaçılar Partiyasının nümayəndələri
heç bir əsas gətirilmədən seçki prosesinin
izlənməsindən kənarlaşdırılmış və
nəticədə həmin məntəqələrdə
B.Obamanın qələbəsi 95-99 faiz aralığında
olmuşdu.
Yaxud da Klivlendin 21 məntəqəsində o, səslərin
100 faizini qazanmışdı ki, burada da respublikaçı
müşahidəçilərin fəaliyyətinə
qadağa qoyulmuşdu.
Ohaya
ştatının Vud şəhərində qeydə
alınmış 98213 seçicinin nəinki hamısı, hətta
daha artığı - 106258 nəfər seçkidə
iştirak etmiş və onların hamısı məhz
B.Obamaya səs vermişlər. Yəni
demokratların namizədi 108 faizlik “xalis qələbə”
qazanmışdı.
Amma ABŞ demokratiyasının ən “parlaq” göstəricisi
Floridada olmuşdu. Bu ştatın bir seçki dairəsində
seçicilərin 113 faizi (nəzərə alaq ki, ABŞ -da
seçici fəallığının ən yüksək
göstəricisi 55-60 faizdir) səsverməyə gəlmişdi.
Amma ən maraqlısı bundan sonra baş verib: 175554
seçicinin rəsmən səs verməsinə baxmayaraq,
elektron səs hesablayıcı (bu mövzuya - Sorosun “elektorat
möcüzəsinə” sonra qayıdacağıq) 247713 nəfərin
bülleten atdığını qeydə almış və
B.Obamaya 141,1 faizlik qələbə
yazılmışdı. Sent-Lyus şəhərinin SEAL milli
muzeyində yerləşən məntəqədə isə
seçicilərin 158,85 faizi “fəallıq”
göstərmişdi. Ən qəribəsi isə
odur ki, bütün bu fövqəladə seçici “fəallığı”
fonunda federal seçici siyahısına vətəndaşların
20 faizinin adı salınmamışdı.
C.Buş
və A.Qor arasında 16 il öncəki
seçki yarışı da unudulmayıb. C.Buşun
məğlubiyyətinin qaçılmaz olduğu
anlaşılarkən, onun qardaşının qubernator
olduğu Florida ştatında səslər yenidən
sayılmağa başlanılmış və o, nisbi səs
üstünlüyü qazanan məqamda ştatın məhkəməsi
səslərin sayılma prosesini yarımçıq
dayandırmışdı. Səslərin
sayılmasının yekunlaşmadan dayandırılması
barədə şikayətlər nəzərə
alınmamış və rəqibindən 560 min artıq səs
almasına baxmayaraq, Albert Qor ABŞ-ın “ədalət”
sistemi tərəfindən Corc Buşa uduzdurulmuşdur.
Göründüyü
kimi, ABŞ tək öz sərhədlərindən kənarda
deyil, elə öz içində də qalibi məğlub
duruma sala bilir!
ABŞ-da 2 milyon “ölü can”
seçkilərdə “dirilir”
“Soros-Rotşild hegemonluğu” adını almış
iqtisadi-siyasi fövqəlgüc yeni namizədinin qələbəsini
təmin etmək üçün budəfəki seçkilərə
xüsusi “maya qoyur”. Seçki qanunvericiliyində məqsədli
şəkildə yaradılan süni boşluqlar perspektiv
saxtakarlıqlar üçün münbit şərait
yaradır.
Ən böyük problem odur ki, ABŞ-da seçkilər
mərkəzləşdirilmiş qaydada baş vermir. Hər bir
ştatın özünəməxsus seçki komissiyası
yaratma qaydası, səsvermə və səssayma proseduru var
ki, onlar da demək olar ki, hər dörd ildən bir “lazımi
düzəlişlərə” ehtiyac duyur. Yəni
hər bir qubernator ştatındakı seçki prosedurunu mənsub
olduğu partiyanın namizədinin mənafeyi
üçün mütəmadi “tənzimləyir”.
Yuxarıda xatırlatdığımız kimi, ABŞ-da
vətəndaşların 20 faizə yaxın hissəsinin
adı seçici siyahısına düşmür. 3 milyondan
artıq seçici isə bir neçə fərqli şəhərdə
qeydiyyatdadır ki, onların da hər birində səs verə
bilər. Bundan əlavə, vəfat
etmiş 2 milyondan artıq seçicinin adı hələ də
siyahılardadır və müstəqil ekspertlərin fikrincə,
bu “ölü canlar” saxtakarlıq üçün mükəmməl
vasitədir. Məsələn, ötən prezident
seçkilərində Cənubi Karolinanın cəmi 11 min
seçicisi olan bir şəhərində vəfat etmiş
915 şəxs “səs” verib. Həmçinin ABŞ-dan kənarda
yaşayan 4,1 milyon vətəndaşın
və ölkədə həbsxanada olan 5,3 milyon sakinin
seçici hüququ tamamilə əlindən alınıb.
ABŞ-ın 19 ştatında vətəndaşlardan
seçki məntəqəsində yalnız adı öyrənilir
və adın şəxsiyyəti təsdiq edən vəsiqə
vasitəsilə təsdiqinə ehtiyac duyulmur. 16 ştatda isə
vəsiqəyə baxılır, amma bu sənəddə
şəklin olması mütləq deyil. Qalan
15 ştatda isə şəkilli sənəd tələb
olunsa da, seçki məntəqəsinə həmin vətəndaşı
səsvermədən kənarlaşdırmaq səlahiyyəti
verilib.
Seçki saxtakarlığının daha geniş miqyas
aldığı məqam erkən səsvermə ilə
bağlıdır. Vətəndaşlar bu hüquqdan 32
ştatda yararlana bilərlər, 27 ştatda seçicilər
poçt vasitəsilə öz seçimlərini göndərmək
imkanındadırlar. Bu prosedur isə ciddi
pozuntularla müşayiət olunur. Onu da
qeyd edək ki, ABŞ-da seçkilərin qəribəliyinin
biri də Oreqon və Vaşinqton ştatlarında səsvermənin
yalnız poçt vasitəsilə aparılmasıdır.
Yəni vətəndaşlar seçkilərdən
1 həftə öncədən etibarən məktub vasitəsilə
seçki məntəqəsinə öz seçimlərini
yollayır. Məktubların necə
qorunması və oxunması isə Amerika “ədalətinin”
öhdəsindədir.
Səsləri yenə də Sorosun
“elektorat möcüzəsi” sayacaq
Missisipi ştatının dövlət katibi (hüquqi məsələlər
üzrə vəzifəli şəxs) D.Hausmanın
apardığı araşdırmaya görə, ştatın
21 dairəsində erkən səsvermədə iştirak edən
vətəndaşların sayı ümumi seçici
sayından 2 dəfə artıq olub. Ekspertlər
amerikalı hərbçilərin öz komandirlərinin nəzarəti
altında səs verməsini və seçicilərin etibarnamə
əsasında öz səsvermə hüququnu başqa şəxsə
həvalə etməsini də ciddi hüquq pozuntusu kimi qəbul
edirlər.
ABŞ-da səsvermə prosesi əsasən elektron
üsulla keçirilir. Xüsusi elektron maşına təqdim
olunan bülletenin necə oxunacağı, səslərin nəticələrinin
düzgün hesablanması kimi ən əsas məsələ
də şübhə altındadır. Çünki
bu prosesin elektron təminatı ciddi nəzarət altında
olmur, onları hazırlayan şirkətlərin namizədlər
üçün saxta elektoral baza yaradacağı istisna deyil.
Yəni bu sistemin operatorları istənilən
namizəd üçün səsi artıra, ya əskildə
bilər. Verilən əsl səsin -
bülletenin qeydiyyatı aparılmır. Merilend
ştatında bununla bağlı eksperiment aparılıb.
Kompüter mütəxəssisləri “Diebold”
şirkətinin istehsal etdiyi səssayma
maşınının proqram bazasına müdaxilə edərək
onu sındırmış və əlavə səslər qeydə
aldırmışlar.
Hətta ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosunun rəyində də elektron səsvermə
qüsurlu sayılmış, seçkilərin ədalətliliyinə
və şəffaflığına kölgə salması qeyd
olunmuşdur.
Ancaq bu irad nəinki nəzərə
alınıb, hətta bu seçkilərdə elektron səsverməyə
kütləvi meydan verilib. Özü də Corc Sorosun nəzarəti
altında...
C.Sorosa bağlı olan İngiltərənin “Smartmatic”
şirkətinin istehsalı olan elektron maşınlar
ABŞ-ın 16 ştatında səs hesablanmasını həyata
keçirir. Orta hesabla 35 milyondan artıq seçicinin səsinin
Sorosun “elektorat möcüzəsi” müəyyənləşdirir.
Şirkətin rəhbəri Mark Mellok-Braun vaxtilə
Soros Açıq Cəmiyyət Fondunda
çalışıb və Klintonlar ailəsi ilə
işgüzar münasibətlərdə olub. Məlum olduğu kimi, C.Soros Hillari Klintonun əsas
sponsorlarından və məsləhətçilərindəndir.
Wikileaks-ın məlumatına görə isə
xarici siyasət məsələləri ilə bağlı
onun yol göstərəni, istiqamət verənidir.
Xarici müşahidəçilərə
növbəti qadağa
ABŞ-da seçkilərə müşahidəçi
nəzarəti də problemli olaraq qalır. Onların iştirakı istənilən
an dayandırıla, məhdudlaşdırıla
bilər. Nəzərə alsaq ki, seçki məntəqələri
hər bir ştatın özü tərəfindən
formalaşdırılır, onun tərkibi bu ştatda hakimiyyətdə
olan partiyanın namizədlərinin nəzarətində olur və
rəqib partiyanın müşahidəçiləri səsvermə
və səssayma proseslərindən təcrid edilir, onda
seçkilərin şəffaflığından
danışmağa belə dəyməz.
Vətəndaş cəmiyyəti, QHT-lər vasitəsilə
seçkilərə nəzarət tam olaraq
mümkünsüzdür. Seçkilərdəki
nöqsanlar barədə qeydə alınmış faktlar isə
yuxarı instansiyalar tərəfindən yoxlanılmır,
ümumiyyətlə, protokollaşdırılmır. Çox inad edənləri isə sadəcə, cəzalandırırlar.
Məsələn, Şimali Karolina
ştatında müşahidəçi C.Okif şübhəli
şəxslərin məntəqəyə gələrək
seçki pozuntusu törətmələrini və
saxtakarlıq etmələrini videoya çəkib sosial şəbəkələrdə
yerləşdirdiyinə görə cinayət məsuliyyətinə
cəlb olunub.
ABŞ-da seçkilərə beynəlxalş
müşahidəçi dəvət edilməsi praktikası
da demək olar ki, yoxdur. Xaricdən gəlmələrinə icazə verilən
müşahidəçilərin sayı həddən artıq
az olur. Ümumilikdə cəmi
4 ştatda xarici müşahidəçilərin fəaliyyətinə
icazə var. Qalan ştatlarda isə buna yalnız qubernator icazə
verə bilər ki, adətən bu, baş tutmur.
ATƏT-in
DTİHB vasitəsilə digər 200-ə yaxın dövlətdəki
seçkiləri daim təftiş edib, öz qərəz
süzgəcindən keçirən rəsmi Vaşinqton
maraqlıdır ki, bu qurumun ABŞ-da tam tərkibli missiya ilə
fəaliyyətinə qadağa qoyub! ATƏT-in bu barədə
çox zəif iradına isə Ağ ev
daim etinasız yanaşır.
Bu faktlar
ABŞ-da vətəndaşların seçki hüququnun
pozulmasının, şəffaflıq və ədalətlilik
prinsipinin qorunmamasının, çirkli seçki
texnologiyalarından total istifadənin təsdiqini göstərən
çoxsaylı faktlardan yalnız bir qismidir. Görünən
odur ki, 227 illik prezident seçkiləri təcrübəsi
mükəmməl deyil, ciddi nöqsanlıdır. Eyni zamanda seçki sistemi və qanunvericiliyi də
demokratik normalara cavab vermir.
Amerikalıların 73 faizi seçkilərin
saxtalaşdırılacağına əmindir
Artıq beynəlxalq miqyasda ABŞ-dakı seçki
prosesi ilə bağlı ciddi müzakirələr gedir. Bu kampaniyaya dərhal
qiymət verməsi barədə ATƏT-ə edilən
çoxsaylı çağırışlar, təəssüf
ki, nəticəsiz qalır.
Düzdür, iki gün öncə bu qurum ABŞ-ı qinayan açıqlama yayıb. Seçki sisteminə federal nəzarətin azaldılması nəticəsində prosesin ştatların öhdəsinə buraxılmasının ciddi pozuntular yaradacağı barədə narahatlığını nəhayət ki, dilə gətirən ATƏT erkən seçki və poçtla səsvermə kimi məqamları da tənqid edib. Beynəlxalq müşahidəçilərə lazımi şəraitin yaradılmaması, onların fəaliyyətinin məhdudlaşdırılması da əsas iradlardan olub.
Bu barədə müzakirələri daha da gərginləşdirən isə Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki prosesinin ədalətsiz, qeyri-şəffaf keçməsini deməsi, demokratik normalara cavab vermədiyini faktlarla göstərməsi olub. O, ciddi saxtakarlığın hazırlandığını, artıq ştatlara bu barədə gizli təlimatların getdiyini bildirib. 24 milyon seçici barədə məlumatın qeydə alınmadığını və onların adından seçki saxtakarlığında geniş istifadə olunacağını, həmçinin 2 milyon “ölü can”ın “dirilmə” ehtimalını səsləndirən D.Tramp ümumiyyətlə seçkilərin nəticələrini tanımayacağını da bəyan edib.
Xüsusi vurğulanası məqam odur ki, bu fikri artıq Amerika ictimaiyyətinin mühüm hissəsi də bölüşür. Politico-Morning Consult Sorğu mərkəzinin araşdırmasına görə, respondentlərin 30 faizi səslərinin düzgün hesablanmasına şübhə ilə yanaşır, cəmi 28 faiz bunun əksini düşünür. Respublikaçıların 73 faizi isə onların qazanacağı səslərin oğurlanacağına indidən əmindirlər. Demokratların 61 faizi səslərin hesablanması prosesində pozuntuların olacağını istisna etməyiblər.
Bir neçə il öncə ABŞ-ın keçmiş prezidenti C.Karter “ABŞ-da olan seçki sistemini ən adi inkişaf etməkdə olan ölkə belə qəbul etməz” demişdi. Əlavə şərhə ehtiyacı olmayan əsaslı faktdır. Həqiqətən də “demokratiya və insan hüquqları” mövzusunu inhisarına alan, özündən meyarlar formalaşdıran Ağ ev bu gün dünyanın ən nöqsanlı, qeyri-şəffaf seçki sistemlərindən birinə malikdir və bunu dəyişdirmək, yeniləşdirmək niyyətində deyil.
Və Ağ ev unutmamalıdır ki, bu gün dünyada demokratiyaya və ədalətli, şəffaf seçkilərə ən çox ehtiyacı olan məhz onun özüdür – Amerika Birləşmiş Ştatlarıdır...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 1, 3.