Ürək
loğmanı
İnsanın ən həssas, ən işlək orqanıdır ürək. Biz dincəldikdə, yuxuya gedib hər şeydən xəbərsiz olduğumuz vaxtlarda belə keşiyimizi çəkir, yaşayaq deyə fəaliyyətini bir an da olsun dayandırmır. Öz ahəngi, ritmi ilə döyünərək bədənin müxtəlif nöqtələrinə qədər hər tərəfinə damarlar vasitəsilə qan ötürür. Mütəxəssislərin dediyinə görə, gün ərzində orta hesabla 7-10 ton arasında qan vurur bir insan ürəyi. Bu rəqəm hər birimizdə heyrət doğurur. Sinəmizdə gəzdirdiyimiz bu kiçik orqanın qüdrətinə, gücünə təəccüblənməyə bilmirik. Günəş öz hərarəti və işığı ilə bütün cahanı yaşatdığı kimi, ürək də insanın bütün orqanlarına qan vurmaqla ona can verir. Ürək dayandısa, demək, həmin insan üçün həyat da bitdi. Deyirlər, hər insanın ürəyi öz yumruğu boydadır. Yumruq boyda ürəyimiz eyni zamanda bizim mənəvi dünyamızın, arzularımızın, sevgi və məhəbbətimizin, nifrətimizin məkanıdır, yuvasıdır. Elə buna görə də hər bir insanın dəyəri, qədir-qiyməti onun ağlı, zəkası ilə bərabər, hansı ürəyə sahib olması ilə də ölçülür.
Təsadüfən demirlər ki, filankəs ürəyitəmiz adamdır və ya filankəsin qəlbi qaradır. Gəlin etiraf edək ki, bizə təmənnasız xidmət edən ürəyimizin qədrini çox vaxt lazımınca bilmirik. Onu həddən artıq yükləyirik. Həkimlərin dediyi kimi, yeyib-içməyimizin fərqinə o qədər də varmamağımız, oturaq həyat tərzi, az fiziki hərəkət etməyimiz, bəzilərinin nikotin və spirtli içkilərə aludəliyi də ürəyin fəaliyyətini çətinləşdirir. Həssas, incə orqan olan ürək isə buna dözə bilməyib ağrıyır, xəstəliyə tutulur. Bu zaman ümidimizi həkimlərə bağlayırıq. Həmin həkimlərdən biri ürək-damar xəstəlikləri üzrə tanınmış cərrah Rəşad Mahmudovdur. Onun haqqında dildə-ağızda gəzən çox sözlər eşitmişik.
9 il bundan öncə Lənkərandakı Müalicə Diaqnostika Mərkəzində bir neçə vətəndaşın üzərində təmənnasız olaraq açıq ürək əməliyyatı apardığını eşidəndə qəlbimdə həkim R.Mahmudov haqqında xoş duyğular baş qaldırdı. Həmin xəstələrlə elə o vaxt müalicə mərkəzində görüşüb söhbət etdim. Onları yenidən həyata qaytaran cərraha minnətdar olduqlarını, bu yaxşılığı heç vaxt unutmayacaqlarını bildirdilər. Gənc həkimin sonrakı uğurları haqqında eşitdiklərim məndə fəxarət hissi yaratdı. Onunla görüşmək, haqqında yazmaq istədim. Bilirdim ki, Mərkəzi Neftçilər Xəstəxanasında çalışır. Telefon nömrəsini əldə etmək məqsədilə qardaşı, çoxdan tanıdığım Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudova müraciət etdim. Telefon nömrəsini öyrənəndən sonra zəng çaldım, özümü təqdim edib fikrimi söylədim.
- Sabah Türkiyəyə, İstanbula uçuram. Qayıdandan sonra, inşallah, görüşərik, - dedi.
Təxminən 20 gündən sonra yenidən
telefon açdım. Səsimi
tanıyıb, dərhal hal-əhval tutdu:
- Sabah
yox, birisi gün Astarada olacağam, istəyirsiniz, orada
görüşüb söhbətləşək.
Ardınızca maşın göndərə bilərəm, -
dedi.
-
Çox sağ olun, doktor, zəhmət çəkməyin,
özüm gələrəm - dedim. Açığı,
jurnalistin işi telefonsuz keçmir. Elə
Astaranın özündə də həkimi telefonla bir
neçə dəfə aramalı oldum. Öyrəndim
ki, rayonun Ərçivan qəsəbəsində seçiciləri
ilə görüş keçirir. Məni
də ora dəvət etdi. Görkəmli
rejissor, bu yaxınlarda Üzeyir Hacıbəylinin “Leyli və
Məcnun” operasına İstanbulda səhnə həyatı
verən, əslən Astaradan olan Əflatun Nemətzadə də
onunla birlikdə idi. Hər ikisi həmyerliləri
qarşısında Azərbaycanın, onun bir parçası
olan Astaranın inkişafından, Prezident
İlham Əliyevin ulu öndər Heydər Əliyev
ideyalarını və siyasətini uğurla davam və
inkişaf etdirməsindən, respublikamızın dünya
ölkələri sırasında boy verdiyindən,
sayılıb-seçildiyindən ətraflı söhbət
açdılar. Qəsəbə mədəniyyət evində
keçirilən görüş isti, səmimi bir şəraitdə
başa çatdı. Hiss olunurdu ki, adamlar
adlı-sanlı həmyerliləri ilə fəxr edir, bəzi
problem xarakterli məsələlərin həlli ilə
bağlı öz ürək sözlərini məhrəmanə
şəkildə ona çatdırırdılar. Həkim isə onları bir-bir səbirlə, təmkinlə
dinləyir, imkanı daxilində qaldırılan məsələlərin
həllinə çalışacağını bildirirdi.
Görüş başa çatandan sonra geri
dönərkən qəsəbə məscidinin yanında o,
sürücüsündən maşını
saxlamasını xahiş etdi. Qəsəbə
qəbiristanlığı da elə burada, məscidin ətrafında,
daş hasarın içərisində yerləşirdi. Həkim və rejissor Ə.Nemətzadə qəbiristanlığa
baş çəkib, dünyadan köçənlərin
ruhuna salavat çevirdilər, dua oxudular.
Artıq gündüz saat 2 radələri idi. Rayon mərkəzinə
gəlib çay süfrəsi arxasında ordan-burdan etdiyimiz
qısa söhbətdən sonra əsas mətləbə
keçdik. “Necə oldu, həkimlik peşəsini
seçdiniz”- sualıma belə cavab verdi:
- Hələ
orta məktəbin 6-cı sinfində oxuyarkən ürəymdə
gələcəkdə həkim olmaq arzusu yarandı. Bu, bəlkə də, ona görə idi ki, ailəmizdə
məndən böyük bacım və qardaşım həkim
idilər.
Nemət
müəllim onun sözünə əlavə etdi:
- Doktor Rəşad yaşda məndən kiçikdir. Bunların nəsil
şəcərəsini yaxşı tanıyıram. Rəşad Mahmudova həkimlik genlə gəlib, irsən
keçib desəm, məncə, yanılmaram. Ana babasının atası Mirzə Mütəllim o
zaman Almaniyada tibb təhsili alıb və dövrünün
görkəmli ziyalılarından biri olub. İyirminci əsrin
əvvəllərində ailəsi ilə birlikdə Ərdəbildən
köçüb bu tay Astaranın
Ərçivan kəndinə gəlib. O eyni zamanda şeir-sənət
vurğunu olub. Cənubi Azərbaycanın
böyük şairi M.Şəhriyarla dostluq edib. Mirzə Mütəllimin oğlu Mirzəli, hansı
ki doktorun babası olur, o da həkim idi. Sonralar
onlar Ərçivandan Təngərüd kəndinə
köçüblər.
Söhbət
əsnasında öyrənirəm ki,
R.Mahmudov 1974-cü ildə Astaranın Təngərüd
kəndində dünyaya göz açıb. Atası Məmmədqulu
Mahmudov Astaranın zabitəli kişilərindən olub. Cavan ikən rayon komsomol komitəsinin birinci katibi,
rayon icraiyyə komitəsinin sədri, daha sonra sədrin
müavini, rayon partiya komitəsinin ikinci katibi, sovxoz direktoru vəzifələrində
çalışıb. O, çöldə,
ömür-gün yoldaşı Şərqiyyə xanım isə
evdə olub. Ailədə dünyaya göz açan 10
uşağın hamısını böyük diqqət və
qayğı ilə əhatə etmək, onlara ali
təhsil vermək, cəmiyyət üçün yararlı
insanlar kimi yetişdirmək ata-ananın nəciblik və alicənablığından
xəbər verir. Övladları ailə həyatı
quranda bütün valideynlər kimi sonsuz dərəcədə
seviniblər, fərəh hissi keçiriblər. Cəmiyyətə faydalı olmaq bu ailənin
alın yazısıdır. R.Mahmudov da hələ
kiçik yaşlarından qərara gəlir ki, böyüyəndə
həkim olub insanlara şəfa versin, doğma xalqının
sağlamlığı keşiyində dayansın. Arzusuna çatmaq üçün səylə
oxuyur, bir gün də olsun dərsdən qalmır. Müəllimlərinin keçdiyi dərsləri,
verdiyi tapşırıqları, öyüd-nəsihətləri
məsuliyyət və ciddiliklə yerinə yetirir. Çalışqanlığı, zehni,
düşüncəsi ilə yaşıdlarından, sinif
yoldaşlarından xeyli fərqlənir.
Günlər, aylar, illər bir-birini əvəz edir. R. Mahmudov orta məktəbi
qızıl medalla başa vurur. Bu o zaman idi ki, 70 il hökmranlıq edən imperiya
dağılmış, Azərbaycan yenidən öz müstəqilliyinə
qovuşmuşdu. İnsanların, xüsusən
gənc nəslin düşüncəsində yeni bir fikir
cücərməyə başlamışdı. Onlar üçün artıq dəmir pərdələr,
qadağalar, sərhədlər aradan
götürülmüşdü. Digər
bir məsələ ondan ibarət idi ki, həmin illərdə
respublikamızda xaos, özbaşınalıq, hərc-mərclik
baş alıb gedirdi. Hakimiyyət,
kürsü davası yüksək həddə
çatmışdı. Yaranan belə bir mühitdə
gənc R.Mahmudov qardaş Türkiyə Respublikasında ali təhsil almağa üstünlük verir və
1991-1997-ci illər arasında İzmir şəhərindəki
9 Eylül Universitetinin tibb fakültəsində oxumağa
başlayır. Arzudan arzu doğur deyirlər.
Nəzərdə tutduğu məqsədə çatmaq
üçün bu dəfə Ankara mərkəzləşdirilmiş
ixtisasartırma imtahanından keçərək
1997-2003-cü illərdə Ege Universitetində “Ürək və
damar cərrahiyyəsi üzrə üst ixtisaslaşma və
doktor proqramı”nı tamamlayır. Bundan sonra həkim kimi fəaliyyətə
başlayır. 2003-2005-ci illərdə
“Şifa” və İzmir şəhərindəki “KENT” xəstəxanalarında
ürək-damar cərrahı işləyir. Eyni zamanda elmi fəaliyyətini davam etdirməyi də
unutmur. 2003-cü ildə Türkiyə
Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq
olunmuş “Damar xəstəliklərində genetikanın rolu”
mövzusunda elmi işini müdafiə edərək tibb elmləri
namizədi alimlik dərəcəsi alır.
Türkiyə, onun gözəl, abad məkanları,
Ankara, İstanbul, İzmir şəhərləri nə qədər
cazibədar, rahat olsa da, doğma Azərbaycan, Bakı, Astara həsrəti
onu Vətənə səsləyirdi. Doğmaları, əzizləri
yadına düşəndə ürəyi onların
yanında olurdu. Ən başlıcası
isə üstündə ayaq açıb yeridiyi,
havasını udub, çörəyini yeyib, suyunu içdiyi
torpağın insanlarına xidmət etmək, xəstələrinə
şəfa vermək bir həkim, bir ziyalı olaraq onu Vətənə
çağırırdı.
2005-ci ildə Azərbaycana qayıdır və Mərkəzi
Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri
şöbəsinin müdiri kimi fəaliyyətini doğma
torpaqda davam etdirir. Artıq o vaxtdan 11 il
keçmişdir. Həkim R. Mahmudovun iti zəkası,
şəfalı əlləri ilə neçə-neçə
xəstə ikinci ömür qazanmış, sağlam həyata
qovuşmuşdur. Heydər Əliyev Fondunun dəstəyi
və Mərkəzi Neftçilər Xəstəxanasının
təşkilatçılığı ilə son illər Azərbaycanın
regionlarında 1000-ə qədər xəstə üzərində
aparılan açıq ürək əməliyyatına və
10 minə yaxın adam üzərində
kardioloji müayinə aksiyalarına o, rəhbərlik
etmişdir.
R.Mahmudov səhiyyə işinin təşkili, onun təkmilləşdirilməsi,
dünya standartlarına cavab verməsi üçün
yorulmaq bilmədən çalışır, əlindən gələni
əsirgəmir. O, 28 sentyabr 2006-cı ildə “Azərbaycan Ürək və
Sağlamlıq Assosiasiyası” İctimai Birliyini təşkil
etmişdir. Birliyin xətti ilə Bakıda, Naxçıvanda
və regionlarda 20-yə yaxın beynəlxalq elmi-praktik
konfransların keçirilməsinə nail olmuşdur. Avropa,
Amerika, Türkiyə və Özbəkistan kardioloqları və
ürək-damar cərrahları cəmiyyətlərinin
üzvüdür. Son 10 ildə 40-dan çox
elmi konfransda 80-dən artıq məruzə ilə ölkəmizi
təmsil etmişdir. Gərgin əməyin
nəticəsi olan 35-dən çox elmi məqaləsi yerli və
xarici ölkələrin jurnallarında dərc olunmuşdur.
Türkiyədə nəşr olunmuş “Aort cərrahiyyəsi”
kitabının müəlliflərindən biridir. İndiyə qədər 8 mindən artıq ürək
və damar cərrahiyyəsi əməliyyatı həyata
keçirmişdir. Gənc kadrların
hazırlanması R. Mahmudovun fəaliyyətində xüsusi
yer tutur. İndiyədək 8 yerli ürək-damar
xəstəlikləri cərrahı yetişdirmişdir.
Gənc alim, ürək-damar xəstəlikləri
üzrə görkəmli mütəxəssis R.Mahmudovun əməyi
dövlətimiz tərəfindən lazımınca qiymətləndirilmişdir. Ölkə
başçısı İlham Əliyevin müvafiq sərəncamları
ilə 2006-cı ildə “Tərəqqi” medalı, 10 may 2009-cu
ildə Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl
çinar” mükafatı ilə təltif edilmiş,
2014-cü ildə Azərbaycan Respublikasının “Əməkdar
həkimi” fəxri adına layiq görülmüşdür.
Oğlanları
Taha, Turan, qızı İlayda hələ uşaqdırlar.
Səhiyyəmizin
dünəni, bu günü və sabahı haqqında
danışanda belə dedi:
-
Görülən işlər göz qabağındadır. Son illər nə qədər
ixtisaslaşdırılmış mərkəzlər, xəstəxanalar
tikilib. Bölgələrimizdə
müalicə diaqnostika mərkəzləri inşa edilərək
istifadəyə verilib. Rayonlardakı mərkəzi
xəstəxanaların, qəsəbə və kəndlərdəki
tibb məntəqələrinin, demək olar ki, hamısı əsaslı
şəkildə yenidən qurulub, səhiyyə
ocaqlarının hər biri inkişaf etmiş ölkələrin
ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Kadr sahəsindəki çatışmazlıq
get-gedə aradan qaldırılır. Xarici ölkələrdə
tibb təhsili alan həkimlərin əksəri
vətənə qayıdıb, burada işləməyə
üstünlük verməyə başlamışlar. İndi
regionlardakı tibb müəssisələrinin özündə
də gənc, bacarıqlı həkimlərimiz az deyil. Hazırda tibbin ən
çətin sahələri sayılan onkologiya, ürək-damar
xəstəlikləri, qaraciyər, böyrək
köçürmələri üzrə yüksək
ixtisaslı mütəxəssislərimiz vardır. Bütün bunların nəticəsidir ki,
ağır xəstələrimiz əvvəlki illərdə
olduğu kimi xarici ölkələrə üz tutmurlar.
Cənab Prezidentin tapşırığına əsasən hər
il əhalinin tibbi müayinədən
keçirilməsi xəstəliklərin erkən aşkar
edilməsinə və insanlarımızın vaxtında
müalicəsinə öz müsbət təsirini göstərməkdədir.
Hazırda Milli Məclisdə “Tibbi
sığorta haqqında” qanunun qəbulu ilə əlaqədar
ciddi müzakirələr gedir. Bu qanun
qüvvəyə mindikdən sonra əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsi daha da yaxşılaşacaq, səhiyyənin
ünvanına deyilən xoşagəlməz söz-söhbətlər
və neqativ hallar aradan qaldırılacaqdır.
Həkim R.Mahmudovla söhbət zamanı bir daha yəqin etdik ki, əsl istedad, zəka sahibləri insanlığın parlaq mücəssəmələridirlər. Onlar sadə, təvazökar, zəhmətkeş, humanist, vətənpərvər olmaqları ilə başqalarına nümunədirlər. Elə buna görə də Astara camaatı 2015-ci ildə ərazilərindəki 77 saylı dairədən onu Milli Məclisə deputat seçmişlər. Həkim vaxt tapan kimi rayona gəlib seçiciləri ilə görüşür, onların qaldırdıqları məsələlərin həllinə çalışır, doğma el-obasının sosial-iqtisadi tərəqqisi üçün əlindən gələni edir, lazım gəldikdə əlaqədar təşkilatlar qarşısında məsələlər qaldırır. Söhbət zamanı onu da öyrəndik ki, ürək loğmanının doğulub boya-başa çatdığı Astara haqqında arzu və istəkləri böyükdür, tükənməzdir. İstəyir ki, təbiətin səxavətini əsirgəmədiyi bu diyarda turizm sürətlə inkişaf etsin, yeni iş yerləri açılsın, əhalinin gəlirləri artsın, yaşayış səviyyəsi yüksəlsin. Böyük ümidlə, nikbin əhvali-ruhiyyə ilə bu sözləri vurğuladı:
- Keçən əsrin 90-cı illərində Türkiyədə təhsil aldığım zaman Antalyaya gedib oranı görmüşdüm. O vaxtkı Antalya ilə indiki Antalya arasında yerlə göy qədər fərq var. Əvvəllər orada dənizdən başqa, heç nə diqqəti özünə çəkmirdi. Boz dağlar, ətrafdakı kol-kos darıxdırıcı təsir bağışlayırdı. Amma indi Antalya dünyanın ən məşhur istirahət məkanlarından biridir. - Sonra o gülümsəyərək sözünə davam edir: - Nəyə görə Astara Azərbaycanın Antalyası olmasın? İkisinin də adı “A” hərfi ilə başlayır, elə “a” hərfi ilə də bitir. Hər ikisində maşınların qeydiyyat nömrəsi “07” ilə başlayır. İkisi də ölkələrinin cənub nöqtələrində yerləşir. Deməli, Astaranı da nümunəvi turizm məkanına çevirmək olar. Astaradakı qədim abidələr, qalalar daş yaddaşımız kimi hər kəs üçün çox maraqlı ola bilər. Bu torpağın limon, naringi, portağal, feyxoa bağlarını, ətirli çayını, mətbəxini, ən başlıcası isə qonaqpərvər insanlarını xüsusi olaraq qeyd etmək istəyirəm.
Vaxt heç bilmədik, necə keçdi. Payız günəşi artıq yavaş-yavaş qüruba enirdi. Rəşad həkim saatına baxdı. Həmyerlisi, Azərbaycanın bayrağını müxtəlif idman yarışları arenalarında dalğalandıran güləşçi Cəbrayıl Həsənovun xəstə anasına baş çəkməyə gedəcəyini dedi. Sağollaşıb ayrıldıq.
Geri qayıdarkən yol boyu ömrünün 42-ci payızını yaşayan kardioloq həkim, ürək-damar xəstəlikləri üzrə məşhur cərrah, tibb elmləri namizədi, Milli Məclisin deputatı, gözəl ailə başçısı, vətənpərvər insan R.Mahmudov haqqında yazacağım məqalənin konturlarını cızarkən fikrimdən bunlar keçdi: “Allah sevdiyi bəndəsindən heç nəyi əsirgəmir. Ona ağıl, zəka, istedadla yanaşı, gözəl boy-buxun, qədd-qamət, yaraşıq da verir”.
Seyran CAVADOV,
Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 7.