Cənubi Sudan Respublikası ilə əlaqələrin
genişləndirilməsi nəzərdən keçirilir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də
Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Telar Rinq Denqin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Telar Rinq Denq fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Telar Rinq Denq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycanın Cənubi Sudanla əlaqələrinin başlanğıc mərhələdə olduğunu deyən dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərin nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün imkanların olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imkanların araşdırılmasının önəmini qeyd etdi.
Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu
ifadə edən Telar Rinq
Denq bunun ölkəmiz
ilə daha yaxından tanış olmaq üçün
yaxşı fürsət yaratdığını bildirdi. Azərbaycana ilk dəfədir səfər etdiyini
deyən səfir Bakının gözəl şəhər olduğunu vurğuladı. Cənubi Sudanın
dünya xəritəsində ən yeni ölkələrdən biri
olduğunu xatırladan səfir Telar Rinq Denq
ölkəsinin Azərbaycan ilə yaxşı ikitərəfli
əlaqələr quracağına ümidvar
olduğunu bildirdi.
Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 1.