Heydər Əliyev Mərkəzində
Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir
keçirilib.
Heydər Əliyev Fondunun
vitse-prezidenti, FAO-nun xoşməramlı səfiri Leyla
Əliyeva tədbirdə iştirak edib
Oktyabrın
27-də Heydər Əliyev Mərkəzində IDEA İctimai
Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun
birgə təşkilatçılığı ilə
Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri,
FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva iştirak
edib.
Leyla
Əliyeva çıxışında qeyd edib ki, bu tədbir
dünyanın diqqətini aclıq və ərzaq təhlükəsizliyi
kimi çağırışlara cəlb etmək
üçün böyük imkandır. Builki ərzaq
gününün mövzusuna toxunan Leyla Əliyeva
vurğulayıb ki, FAO-nun xoşməramlı səfiri və ətraf
mühitin qorunması sahəsində yorulmaz fəal, ən əsası
dünyanın sakini kimi bu məsələyə çox həssas
yanaşır. “Dəyişən iqlimin yeni reallığı
ilə əlaqədar biz ərzağı istehsal və istehlak
etməyimizin tərzini əsaslı şəkildə dəyişməliyik”,
- deyən Leyla Əliyeva Paris İqlim Sazişinin və 2030-cu
ilə qədər olan dövrdə Davamlı İnkişaf
Gündəliyinin əhəmiyyətini vurğulayıb.
“Əgər
biz tədricən artan dünya əhalisinin ərzaq təhlükəsizliyini
təmin etmək istəyiriksə, kənd təsərrüfatında
dayanıqlılıq, məhsuldarlıq və davamlı
inkişafa nail olmalıyıq”, - deyən IDEA İctimai
Birliyinin rəhbəri iqlim dəyişikliyinin ekosistemə və
kənd əhalisinə daha çox təsir etdiyini söyləyib.
Bu mənada, kənd təsərrüfatı sistemlərini dəyişdirmək
və onlara yeni istiqamət vermək üçün FAO-nun
iqlim əsaslı ağıllı kənd təsərrüfatı
yanaşmasının bütün dünyada tətbiqinin
vacibliyini qeyd edib. Leyla Əliyeva rəhbərlik etdiyi IDEA
İctimai Birliyinin fəaliyyətindən, ötən beş
ildə görülən tədbirlərdən
danışıb, ərzaq təhlükəsizliyi və ətraf
mühitin qorunmasında xüsusi əhəmiyyət kəsb
edən yeni layihə barədə məlumat verib.
Heydər
Əliyev Fondunun vitse-prezidenti deyib: “Dəniz mühitini
yaşatmağa və ondan asılı olan kənd icmalarına
yardım göstərilməsinə töhfə vermək məqsədilə
göstərdiyimiz səylər sayəsində IDEA bu
yaxınlarda Kür çayının deltasının
çoxtərəfli təmizlənməsi layihəsini irəli
sürüb. Bu layihə nəyə görə çox
vacibdir? İlk olaraq onu bildirmək istərdim ki, Kür qərb
sərhədlərimizdən başlayaraq Xəzər dənizinə
qədər təxminən min kilometri qət edir və onun
sahillərində yaşayan insanların həyatı
üçün böyük əhəmiyyət
daşıyır. Bundan əlavə, Kür çayı
dünyada ən qədim və nadir balıq növü olan Xəzər
nərə balığının artmasının əsas sahəsidir”.
Yeni
layihənin ətraf mühit və yerli əhali
üçün faydalı olacaq balıq ehtiyatlarının,
suyun keyfiyyətinin və bütövlükdə
ekologiyanın yaxşılaşdırılması məqsədini
güddüyünü bildirən Heydər Əliyev Fondunun
vitse-prezidenti ərzaq çatışmazlığından
çox sayda insanın əziyyət çəkdiyini, bunun
QİÇS, malyariya və vərəm kimi xəstəliklərin
ümumi sayından daha çox insanı tələf etdiyini
vurğulayıb.
Sonda
Leyla Əliyeva deyib: “İşimizlə, ümidlə, inamla, nəzakətlə
və sevgi ilə biz bütün problemləri həll edə və
daha parlaq gələcək qura bilərik”.
Tədbirin
əhəmiyyətinə toxunan ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov iqlim dəyişikliyi, ərzaq
təhlükəsizliyi və təminatı məsələlərinin
indi hamını narahat etdiyini vurğulayıb. Nazir iqlim dəyişikliyindən
ən çox kənd təsərrüfatı sahəsinin
ziyan gördüyünü, ölkəmizdə son illərdə
investisiyalar sayəsində su ehtiyatlarının
artdığını deyib, ətraf mühitin çirkləndirilməsinin
qarşısını almaq üçün görülən
işlərdən danışıb, alternativ enerjidən
istifadə və ağacəkmə kampaniyaları nəticəsində
Azərbaycanda meşə sahələrinin ərazisinin xeyli
artdığını vurğulayıb. Nazir bildirib ki, ölkəmizdə
atmosferə atılan zərərli qazların miqdarı xeyli
azalıb. Dörd külək, dörd günəş elektrik
stansiyası quraşdırılıb. Hədəfimiz gələcəkdə
25 faiz enerjini alternativ mənbələrdən istehsal etməkdir.
H.Bağırov son on beş ildə ölkəmizdə 144 min
hektarda 100 milyondan çox ağac əkildiyini diqqətə
çatdırıb.
FAO-nun
Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə
Ofisinin rəhbəri Mələk Çakmak təmsil etdiyi
qurumun yaranma tarixi və missiyasından bəhs edib.
Vurğulayıb ki, iqlim dəyişikliyini həll etmədən
yoxsulluq və aclığa qalib gəlmək olmaz. Bu məsələdə
səyləri birləşdirmək vacibdir. O deyib ki, ehtimallara
görə, dünya əhalisinin sayı 2050-ci ilə qədər
9,6 milyard nəfərə çatacaq. Bununla əlaqədar
olaraq, FAO hesab edir ki, kənd təsərrüfatı məhsullarının
istehsalı 2050-ci ilədək 60 faiz artmalıdır. Bu məsələdə
ən böyük problemlərdən biri isə iqlim dəyişikliyi
ola bilər. Ona görə də builki Ümumdünya Ərzaq
Gününün mövzusu “İqlim dəyişir: ərzaq və
kənd təsərrüfatı da dəyişməlidir”
seçilib. Dünyada artıq 177 dövlət İqlim Dəyişikliyi
üzrə Paris Sazişini imzalayıb və 2016-cı il iqlim
üçün fəaliyyət ilidir. Eyni zamanda, dünyada
aclığın tamam aradan qaldırılmasına nail olmaq məqsədilə
hədəf il olaraq 2030-cu il müəyyən edilib.
Sonra
FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya
Ərzaq Gününə dair videomesajı nümayiş
olunub.
Tədbir
“İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və
kiçik ailə təsərrüfatları” mövzusunda
panel müzakirələrlə davam edib.
Kənd
təsərrüfatı nazirinin müavini Seyfəddin
Talıbovun sədrliyi ilə keçən panel iclasda Ekologiya
və Təbii Sərvətlər, Kənd Təsərrüfatı
nazirliklərinin, “ADA” Universitetinin və FAO-nun nümayəndələri
iştirak ediblər. Müzakirələr iqlim dəyişikliyinin
ölkədə ərzaq təhlükəsizliyinə və
kiçik ailə təsərrüfatlarına təsiri, iqlim
dəyişikliyinin kənd təsərrüfatına mənfi
təsirləri ilə mübarizədə dövlətin, vətəndaş
cəmiyyətinin və digər maraqlı tərəflərin
üzləşdiyi çətinliklərin müəyyən
edilməsi, FAO və digər əsas maraqlı tərəflərlə
əməkdaşlığın genişləndirilməsi
üzrə imkanların və mövzuların müəyyənləşdirilməsi
və s. məsələləri əhatə edib.
Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 3.