Beynəlxalq Caz Festivalı uğurla davam edir
Beynəlxalq Muğam Məktəbində
Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun
birgə təşkilatçılığı
ilə ənənəvi
Bakı Beynəlxalq Caz Festivalı böyük coşqu ilə davam edir. Festivalda 10-dan çox ölkədən
caz ifaçıları
iştirak edir. Geniş proqramı və mahiyyəti baxımından
əvvəlkilərdən xeyli
fərqlənən beynəlxalq
tədbirdə ustad dərslərinə xüsusi
önəm yetirilir.
Tədbir ərəfəsində gənc caz ifaçıları
üçün müsabiqə
keçirilməsi də
nəzərdə tutulub.
İlk dəfə olaraq bu festival çərçivəsində
caz mövzusuna aid bir neçə sərginin açılması
nəzərdə tutulub.
Burada eyni zamanda kinematoqrafiya
ilə musiqinin vəhdətinin eksperiment təqdimatı keçiriləcək.
Cazın
zəngin tarixi olan Azərbaycanda vaxtilə Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında
çoxlu caz kollektivləri fəaliyyət
göstərib. Azərbaycanın adı caz musiqisi
aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə məşhurlaşmışdı. Keçmiş SSRİ ərazisində Bakı ən qabaqcıl caz məkanlarından sayılırdı.
Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bu musiqiyə maraq daha da
artıb. Gənc nəsil
bu janrda istedadlarını sınamaq
üçün müxtəlif
müsabiqələrdə iştirak
edir. Azərbaycan ifaçıları dünyanın ən mötəbər caz yarışmasına qatılır.
Bu da onların
dünya miqyasında tanınmasına geniş imkan yaradır.
Bakı Caz Festivalı dünya musiqiçiləri arasında yaxşı tanınır. Yüzlərlə məşhur ifaçı ölkəmizdə olub, onlar Azərbaycanı artıq caz ölkələri qədər sevirlər.
Festivalın açılış konsertində Braziliyadan Qabriel Qrossi triosu çıxış edib. Cazsevərlər musiqi axşamından böyük zövq alıblar. Heydər Əliyev Sarayında gənc azərbaycanlı caz ifaçılarının konserti təşkil olunub. Sarayın mətbuat xidmətindən bildiriblər ki, “Azzeri Bands” caz musiqi axşamında ifaçılar öz repertuarlarında Azərbaycan caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər.
Bakı Caz Festivalı çərçivəsində Gürcüstanın tanınmış caz musiqiçisi İrakli Kolovanın konserti olub. İçərişəhərdə “Art Garden” məkanında çıxış edən musiqiçi deyib: “Mən Azərbaycan cazına yaxşı bələdəm. Rain Sultanov və Şahin Növrəsli ilə birlikdə buraxdığımız albomda musiqini, sevgi və dostluğu birləşdirməyə nail olmuşuq”.
Tanınmış Fransa cazmeni Pyer de Tregomenin kvarteti “Landmark Rotunda” caz klubunda konsert proqramı ilə çıxış edib. Pyerin vokal ifası, musiqiçilər Amo Qransak (fortepiano), Ble Şevalyö (kontrabas) və Simon Bemye (zərb alətləri) dinləyicilərə əsl sənət zövqü yaşadıb.
Pyer de Tregomen Azərbaycanın gənc caz müğənniləri üçün ustad dərsi keçib. O, Azərbaycan caz sənətində Vaqif Mustafazadənin, onun qızı Əzizə Mustafazadənin ifalarını bəyəndiyini, həmçinin “Bayatı-Şiraz” və “Bayatı-kürd” muğamlarından zövq aldığını söyləyib. Gənclərin xahişi ilə bir parça muğam oxuyan qonaq fransız musiqisini də gənclərlə birgə ifa edib.
Caz festivalı
oktyabrın 30-dək davam
edəcək.
Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 8.