Azərbaycan multikulturalizmi və
etnopsixologiya amili
Qədim türklər Turan imperiyasını qurarkən
zor vasitəsi olan silahdan - o dövrün ənənəvi
silahı olan qılıncdan daha çox mədəniyyətə
əsaslandılar. Qılınc, zor edə bilmədiyini əmin-amanlıq
vasitəsi olan söz öz missiyasını əməli-praktik
yaşam tərzi forması olaraq mədəni davranış
timsalında həyata keçirə bildi. Beləcə,
mədəniyyət faktoru Türk dünyasına - Turan məmləkətinə
qılıncdan da kəsərli-yetərli bir qüvvət
oldu. Bəşər nəsli mədəni
sivilizasiyaya tabe oldu. Qədim Şərq -
qədim türk elləri bütün dünyaya, bəşəriyyətə
mədəniyyət yayıcıları kimi özünü,
sözünü, gücünü diqtə etdirdi. Türk öz əsirinə də insanlıq,
böyük mədəniyyət nümunəsi göstərdi.
Buna görə də xalqımızın
filosof-şairi Hüseyn Cavid Turana qılıncdan daha kəskin,
ulu qüvvətin məhz onun mədəniyyəti olduğunu
bəyan edirdi. Bəli, türklər mədəni
dəyərlərə tapınmaqla, mədəniyyəti əldə
bayraq etməklə bütün dünyaya öz iradəsini
yeridə bildi.
Qədim türklərin mənəvi varisləri olan Azərbaycan
dünyası da - Azərbaycan türkləri də nə qədər
böyük ictimai-siyasi nüfuz yiyələri olsalar da, digər
xalqlarla qılınc davasına qalxmadılar. Çünki
“Azərbaycan türklərinin birləşdiricilik
yönümlü münasibətləri” - yəni zəngin mənəvi
mədəniyyəti var idi ki, bu mədəni davranış,
yüksək əxlaq tipi yad etnosları da özləri ilə
mehriban ünsiyyətə çəkərək, onları Azərbaycan
cəmiyyətinin könüllü, bərabərhüquqlu
üzvləri olmağa vadar etdilər.
Bəs, bu mədəni davranışın əsasında
dayanan mədəniyyət özünü hansı formalarda təzahür
etdirirdi? Hər şeydən əvvəl, bunu xalqın milli-mənəvi
dəyərlərində axtarıb tapmaq, görmək
lazımdır.
Bu milli-mənəvi
dəyərlərin bariz ifadəsi isə xalqın folklor
dünyasında öz əksini tapır!
Folklorumuzun ən kiçik ölçülü, lakin
böyük hikmətlər, dərin mənalar ifadə edən
janrlarından olan atalar sözlərimiz birbaşa
xalqımızın etnik psixologiyasının ifadəçisi
olmaqla yaşam dünyamıza - həyat amalımıza
güzgü tutur. Bu baxımdan səciyyəvi bir nümunə
üstündə dayanmaqla fikirlərimizin davamını vermək
istərdik: “Söymə nökər dədəmi, söyməyim
bəy dədəni”, yaxud: “özünə
qıymadığını özgəsinə qıyma”
(özünə rəva görmədiyini başqasına rəva
bilmə).
Bu, xalqımızın - azərbaycanlıların həyata
baxış tərzinin ifadəsidir. Söymə nökər
dədəmi deməklə özündən
aşağıda olana münasibətdə onun dilindən cəmiyyətə
səslənir, mesaj verir ki, əks təqdirdə
cavabını da danışığına - rəftarına
müqabil tərzdə alacaqsan. Yəni
burada, başqa sözlə, cəmiyyətin sosial
ierarxiyası arasında tarazlıq prinsipini qoruması məsələsi
var. Aşağı təbəqə ilə (nökərlə)
yuxarı təbəqə (bəy) nümayəndəsi
arasında sosial harmoniyanın gözlənilməsi tələbi
irəli sürülür. Bu, azərbaycanlıların
əxlaq kodeksidir, təbəqələr, insanlar,
ayrı-ayrı irqlər, millətlər arasındakı birləşdiricilik
yönümlü münasibətidir,
barışdırıcılıq, geniş mənada xalqlar
arasında həmrəylik duyğularının etnopsixoloji
ifadəsidir, xalqlararası sülh siyasətidir. Məhz belə bir müdrik xalq düşüncəsi
tarixən vətənimizdə multikultural bir məkanın
olmasına münbit zəmin yaratmış oldu və ona
görədir ki, respublikamızın ərazisi müxtəlif
çeşnilərdən toxunmuş, əsrarəngiz ilmələrlə
bəzədilmiş nəhəng xalını xatırladan
ayrı-ayrı etnos və millətlərin həmrəylik və
qardaşlıq ittifaqında birləşən ümumi vətənə
dönübdür. “Bizim
hamımızın bir vətəni var - bu, Azərbaycandır”
- deyən xalqımızın ümummilli lideri Heydər
Əliyev də məhz bu məqamı beləcə aforizm
şəklində ifadə etmişdir. Bu
birliyə, bu qardaşlığa dünyanın sivil ölkələri
həsəd aparırlar. Bu cür
multikulturallığın azərbaycançılıq
modelinin sirlərinə bəlkə də heyran qalırlar.
Bunun sirrini öyrənmək üçünsə gərəkdir
ki, Azərbaycan türklərinin mental dəyərlərinə,
zəngin mənəvi dünyasına bələd ola bilsinlər. Bunsuz heç nəyə nail ola bilməzlər. Bəli, Azərbaycan
diyarının multikulturallığın orijinal
ünvanına dönməsinin ilkin sosial-psixoloji əsasları
məhz hər şeydən öncə xalqımızın
etnopsixologiyasından, zəngin mənəviyyatından, milli-mədəni
dəyərlərindən rişələnir. Xalqımız bölgədəki, regiondakı
böyük ictimai-siyasi nüfuzundan sui-istifadə etmədi,
öz təbəəsinə, öz müttəfiqinə həqarətedici
nəzərlərlə baxmadı, hörmətlə
yanaşdı ki, ona da eyni qaydada hörmətlə
yanaşılsın və nəticədə səmimi,
istiqanlı münasibətlər formalaşsın. Bəli,
bu, dünyanın lider dövlətlərinin, həmin dövləti
təmsil edən və özlərini ali
irq sayan millətlərin əxz etməli olduğu həyat dərsi,
insanlıq fəlsəfəsidir. Əks təqdirdə,
dünyadakı öz hegemon mövqelərindən sui-istifadə
etmək bəşəriyyəti məhvə - fəlakətə
doğru sürükləyər. Bunu H.Cavid başqa bir məqamda
belə ifadə etmişdir: “Təməddünün (mədəniyyətin)
sonu vəhşətmidir (vəhşilikdirmi), nədir, əcəba?”
Bax, bu cür ittiham edirdi bəşəriyyəti
dahi filosof. Görürdü,
anlayırdı ki, mədəniyyət adı altında antimədəniyyət
tüğyan edərək, insanlıq dünyası mənəvi
iflas həddinə yetişəcəkdir. Nüvə
silahları, reaktiv bombalar və s. alimlər tərəfindən
bəşəriyyətə xeyirxah məqsədlərlə
xidmət etmək üçün icad edildiyi halda, bundan
antihumanist zorakılıq əməlləri törədilirsə,
bu, bəşər mədəniyyətinin sonda vəhşiliyə
doğru yuvarlanması deyilmi?
Bəli, insan ağlı, insan zəkası
insanlığa xidmət etməlidir. İnsan isə sosial
varlıq olmaqla mənəvi varlıqdır, belə olduqda isə
insanlıq anlayışı altında mənəvi varlıq
- mənəviyyat məfhumu dayanır. Mənəviyyat
isə öz həyati ifadəsini, real
görüntüsünü mədəniyyət hadisəsində
tapır. “Qızım, sənə deyirəm,
gəlinim, sən eşit”-deyən xalqımız mədəniyyəti
özündən başlayıb, tənbehi əvvəlcə
özününkünə edib, bundan da başqasının -
yadın ibrət götürməsini istəyib. Bax,
budur azərbaycanlı milli mentalitetinin özünəməxsus
ifadə forması və başqalarına öz əməllərindən
nümunə göstərmək mədəniyyəti!
Biz azərbaycanlılar təbiət etibarilə qədim
Şərq mədəniyyəti, qədim türk təfəkkürü
və müasir islamın şəriət və
ehkamlarını sintez edib, birləşdirməklə bu
gün sivil dünyaya multikulturalizmin Azərbaycan modelini
açıq şəkildə (və hətta dövlət səviyyəsində)
göstəririk. Qafqaz regionunda və ölkəmizdə
etnoslararası münasibətlərdə Azərbaycan
xalqının milli-mental dəyərlərinin
dominantlığı da bu baxımdan təbii
qarşılanmalıdır.
Azərbaycanlıların ailə-məişət mədəniyyəti
özü bütün dünyaya ta əzəl
çağlardan bir örnəkdir. Azərbaycanlı ailəsi
bütöv sarsılmaz bir dünyanın ictimai formadakı
özək qatıdır. Ta qədimdən azərbaycanlılarda
monoqam ailə tipi mövcud olub. Bu, nə deməkdir?
Bu, qadına olan hörmətin, verilən dəyərin
yüksək təzahür formasıdır. 13 əsrdir
ki, islam dinini qəbul etmiş olsaq belə,
islam şəriətinin buyurduğu yolla bir neçə arvad
almağın mümkünlüyü məsələsi qədim
türk etnosu olaraq azərbaycanlılara təsir etməyib. Azərbaycan xalqı monoqam ailə tipinə
sadiqliyini qoruyub saxlayıb. Hətta son
zamanlar bu məsələ Milli Məclisdə müzakirə
olundusa da xalqımızın milli-mental dəyərlərinə
uyğun olaraq qanuniləşmədi. Ona
görə ki, azərbaycanlı etnosunun düşüncəsinə
görə qadın-qız ailənin, nəslin, tayfanın
namusu-şərəfidir, qadın-ana müqəddəsdir.
Ailə isə cəmiyyətin, dövlətin əsası
deməkdir. Bir yerdə ki, anaya, ailəyə
- kiçik dövlət olan ailəyə hörmət var, o
yerdə dövlət də möhkəm əllərdə
olar, dövlətçilik də inkişaf, tərəqqi edər.
Eyni zamanda orada - ailə daxilində də
mehribanlıq hökm sürər, bu mehribanlıq telləri isə
qonşuya, qonşudan da ətraflara - yad etnoslara da münasibətdə
bərqərar olub, möhkəmlənər. Bax, budur azərbaycanlı
ailə -məişət mədəniyyəti və o mədəniyyətdən
multikultural dəyərlərə çıxış
nöqtəsi!
Azərbaycan
xalqının ailə-məisət mədəniyyəti
öz tipinə görə elə dominant nüfuza malikdir ki,
bu mədəni amil nəinki təkcə ölkəmizin
dinbir, məzhəbbir vətəndaşları - islam dininin
daşıyıcıları olan qeyri-etnik xalqların
nümayəndələrinə, eləcə də dinayrı,
məzhəbayrı olan digər din
daşıyıcılarına da müsbət mənada öz
hegemon təsirini yeritmişdir. Məsələn, deyək ki,
talışlar, ləzgilər və s. bu qəbildən olan
müsəlman etnosların bizim ailə-məişət mədəniyyətimizi
mənimsəmələri ilk baxışda bir islam
dininin, müsəlman mədəniyyətinin
daşıyıcısı olmaqla təbii görünəndir.
Bəs xristian dininin
daşıyıcıları olan slavyandilli rusların, malakanların,
qonşu gürcülərin bizim etnik mədəniyyətimizə
uyğunlaşmalarını hansı amillə izah etmək
olar?
Yenə də bunun cavabını xalqımızın əski
çağlardan - özü ilə yaşıd olan yüksək
mədəni səviyyə etalonu ilə bağlamaq
lazımdır. Azərbaycanda elə rus, gürcü, ləzgi və s.
ailələri var ki, qızı, gəlini evə bir az gec gələndə narahatçılıq
keçirir. Yəni ruslar da qızlarının
evlərinə bir qədər gec gəlməsindən narahat
olarlarmı? - deyə
düşünüb, xəyala dalardım. Yaxud,
mən digər millətlərdən olan elə ailələr
tanıyıram ki, nikahsız, kəbinsiz ailə həyatı
qurmağı kəskin şəkildə qəbul etmirlər.
Bayramlarımızın yüksək səviyyədə
keçirilməsi, dəfn, yas mərasimlərinin
bütün adət-ənənələrə uyğun
aparılması və s. bütün bunlar nəyin göstəricisidir?
Azərbaycan ərazisində uzun müddət qalıb
məskunlaşan, yaşayan Azərbaycan vətəndaşları
dinindən, irqindən, milli mənsubiyyətindən
asılı olmayaraq xalqımızın milli mədəniyyətinin
təsiri altına düşüb, yaxşı mənada
assimilyasiya olunurlar. Bunun da səbəbi Azərbaycanın
milli-mental dəyərlərinin yüksək əxlaqi amillərə,
humanizmə, uca mənəviyyata bağlı olmasından irəli
gəlir.
Milliyyətcə gürcü olan şair-publisist Giya
Paçxataşvilinin həyat yoldaşının vaxtsız
ölümü ilə bağlı qəzet məqaləsi məni
heyrətə gətirmişdi. Yazıda gürcü
Giyanın həyat yoldaşına olan sonsuz sevgisi bədii-publisistik
bir dillə elə təsirli verilmişdi ki, deyərdin, bəs
əfsanəvi Əsli-Kərəm, Qərib-Şahsənəm,
Leyli-Məcnun məhəbbətindən söz
açılır. Giya milliyyətcə
gürcü, dininə görə xristian olsa da, o da
atası-babası Azərbaycan torpağında
yaşamış olan azərbaycanlı gürcüdür və
bütün Azərbaycan vətəndaşları kimi, o da
xalqımıza xas olan milli-mənəvi keyfiyyətləri
öz təbiətində yaşadıb. Məhz
Azərbaycan milli mədəniyyətinin
daşıyıcısı olan bir gürcü kimi onun ailə
sevgisində də bu dərəcədə sədaqətli
olması və bunun ona həsr olunmuş yazıda əksini
tapması məntiqi baxımdan qəbul olunandır.
Bax, budur
qədim Azərbaycan torpağının yerli sakinlərini
birləşdirən əsrarəngiz qüvvənin sirri! Qədim Azərbaycan mədəniyyətinin
bayrağı altında birləşən millətlər,
etnoslar türk mədəniyyətini özlərinə yelkən
edib şadyana dövran sürüb, yaşayırlar.
Lakin bir təəssüfləndirici məqamın da üstündən sükutla keçmək olmaz. Xainlərin, satqınların milliyyəti olmur. Azərbaycan adlı cənnətməkan diyarda həmişə rahat yaşayıb, firavan gəzib-dolaşan nankor qonşularımız ermənilər isə hər məsələdə olduğu kimi, Azərbaycan etnomədəniyyətinin bəxş etdiyi interkultural iqlimdən öz mənafeləri naminə sui-istifadə ediblər. Mədəni dəyərlərimizi əxz edib mənimsədilər və bu milli dəyərlərimizi özlərinin adlarına çıxmağa başladılar. Məsələn, Azərbaycan musiqilərinin, “Sarı gəlin” və başqa milli mahnılarımızın ermənilər tərəfindən ifa olunması özü multikultural yaşamın bir inikasıdır; lakin bu milli-mənəvi dəyərləri, etnomədəniyyəti sonradan birbaşa öz adına çıxmaqla onu özəlləşdirməyə edilən cəhdlər isə həm də bir daha ermənilərin multikulturallıq amilindən də süni şəkildə bəhrələnmə hallarını açıq-aşkar göstərir. Plagiatlıqda səriştəli olan ermənilər Azərbaycan ölkəsindəki multikultural mühitdən geninə-boluna yararlanıb bu mədəni-mənəvi mirası mənimsədikdən sonra onu öz xalqlarının adına bağlamağa canfəşanlıq göstərdilər və hazırda da bu istiqamətdəki oyunbazlıqlarını davam etdirməkdədirlər.
Azərbaycan türkünün qapısı hər kəsin üzünə açıqdır, bu qapıdan gəlib-gedən qonaqlar özləri üçün nə isə apara bilərlər. Amma oradan oğurluq etmək yox, bu mədəni irsdən bəhrələnmək lazımdır. Mədəni miraslar bütün bəşəriyyət üçündür, siz də bu bəşəri irsdən qaydasınca faydalana bilərsiniz, əgər siz də bəşər övladısınızsa...
Bəli, Azərbaycan torpağı çoxmillətli bir diyardır. Zəngin florası, faunası olan vətənimiz ta əski dövrlərdən üzü bəri qonaqlı-qaralı olmuş, qapısını hər kəsin üzünə geniş açmışdır. Buraya gələn qonaqlar gördükləri xoş üzdən, isti münasibətdən, mehribanlıqdan xoşhal olmuş, “qonaq üz görən yerə” məsəlimizdə vurğulandığı kimi, burada üz gördükdə isə əbədi məskən salıb qalmışlar da. Ona görə də Azərbaycanımız tarixən müxtəlif etnik qrupların, milli azlıqların birgə, səmimi, mehriban yaşadığı bir cənnətməkana dönmüşdür. Bu səbəbdən də ölkəmiz multikulturallığın və tolerantlığın hökm sürdüyü bir məmləkət kimi dünyada seçilib tanınır.
Şakir ALBALIYEV,
AMEA Folklor
İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə
fəlsəfə doktoru, dosent
Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 5.