O, xalqın
düşməni deyil, böyük sənətkarı idi
1937-ci il iyulun 22-də Azərbaycan Xalq Daxili İşlər Komissarının (XDİK) müavini Gerasimov, şöbə müdiri Sinmanın üstünə belə bir dərkənar yazır: “Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar”.
1937-ci il dekabrın 3-də Azərbaycan SSR XDİK DTİ-nin üçüncü bölməsinin rəis müavini, baş leytenant Borisov arayış tərtib edir: “Şərifov Abbas Mirzə Rəsul oğlu 1891-ci ildə anadan olub, azərbaycanlıdır. Azərbaycan Dövlət Dram Teatrının artistidir. Əldə olunmuş məlumatlara görə, o, bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunub. Qeyd edilənlərə əsasən, Şərifov A.M. həbs olunub Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”. Həmin “əldə edilmiş məlumatlar” isə artıq güllələnmiş Ruhulla Axundovun ifadələrindən götürülmüşdü.
Bu, üç cümlə ilə də böyük teatr ustadı, görkəmli səhnə xadimi, xalq artisti Abbas Mirzə Şərifzadənin həyatına son qoyulur. 1935-ci ildə xalq artisti adına layiq görülən görkəmli sənətkar iki ildən sonra 1937-ci ildə xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilir. Bu adların birincisi nə qədər zəhmətlə qazanılmışdısa, ikinci ad yüz qat şər, böhtan, iftira idi.
Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlardan idi. İlk gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. Azərbaycanın xalq artisti kimi şərəfli ada layiq görülmüşdü.
O, xalq düşməni ola bilməzdi. Çünki xalqın içərisindən çıxmışdı. Əsil-nəcabəti, aldığı tərbiyə, xalqına xidmət etmək məramı, bir sözlə, keçdiyi həyat yolu buna imkan verməzdi. Digər tərəfdən A.M.Şərifzadə orijinal siması olan sənətkar idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Təbii ki, xalqın yüksəlişinə çalışan bir sənətkar dövrün sərt rejimi tərəfindən təqib olunmaya, ədalətsiz hücumlara məruz qalmaya bilməzdi. Bütün bunlara rəğmən isə Şərifzadə yeni ruhlu novatorluq cəbhəsində əzmlə irəliləməyi bacarırdı. Həyatın, inkişafın zəruri tələbi olan prinsipləri böyük iradə ilə müdafiə edirdi.
Abbas Mirzə 1891-ci ildə Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailədə anadan olmuşdur. Atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid”məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.
1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.
A.M.Şərifzadənin teatr aləmində ilk müəllimi əmisi Mirzə Məmməd Tağı olur desək, səhv etmərik. Çünki o zaman Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayır və bu tamaşalarda qardaşı oğluna kiçik rollar həvalə edirdi. İlk dəfə əmisi ona “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu tapşırır. Özü isə Şümür rolunda çıxış edir. Tamaşanın ən qızğın çağında Şümür əlində qılınc əsir qızcığazın üstünə yeriyir. Rolu ifa edən Abbas Mirzə bu hərəkətdən möhkəm qorxur, qışqırıb səhnədən çıxır. İlk rolda “ayağı daşa dəyən” balaca aktyor dindarların mərasimini pozduğu üçün onların qəzəbinə tuş gəlir.
Abbas Mirzənin sənət yolundakı ikinci maneə atasının onun aktyorluq etməsinə etirazı olur. Mirzə Rəsul bu sənətin xalq arasında həqarətlə qarşılandığını bilirdi. O, ziyalı olsa da, hər halda dövrünün adamı idi. Ona görə də oğluna tez-tez camaatın aktyorluq sənətinə necə münasibət bəslədiyini xatırladırdı. Abbasa ya məmur, ya da tacir olmağı tövsiyə edirdi.
İlk addımdan belə maneələrə rast gəlməsinə baxmayaraq, Abbas Mirzənin sonrakı sənət yolu işıqlı olur. Belə ki, o, teatr və kino sahəsində coşqun fəaliyyət göstərərək əvvəlcə aktyorluq, sonra isə rejissorluq sənətinin zirvəsinə çatır.
On yaşında ikən gimnaziyaya daxil olur. Bu zaman o,
daxili dünyasında səhnəyə marağı
olduğunu hiss edir. Əlbəttə ki,
gimnaziya şəraitində özünün bu həvəsini
yalnız şagirdlərin keçirdikləri tədbirlərdə
reallaşdıra bilərdi. Əla qiymətlərlə
oxuduğundan və gimnaziyanın ictimai həyatında fəal
iştirak etdiyindən Abbas artıq necə deyərlər,
açılışmışdı. İndi
o, heç kəsdən çəkinmir, əksinə,
insanların onu dinləməsindən zövq alırdı.
Tədbirlərin birində müəllimindən
xahiş edib səhnəyə çıxaraq Lermontovun
“Şairin ölümü” şeirini əzbərdən
söyləyir. Sonralar özü həmin günü belə
xatırlayırdı: “Şeiri söyləyəndə elə
bilirdim dilim ağzımda şişib. Bədənim
gah qızır, gah soyuyurdu. Ancaq
bütün diqqətim şeirin sözlərində, məna
və məzmununda idi. Bu məni bir tərəfdən
sakit edir, bir tərəfdən daha da coşdururdu.
Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.
1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki
epizodik rolla ilk dəfə səhnəyə
çıxır. İki il sonra “Maarif” cəmiyyəti
nəzdində yaradılmış teatr kollektivinə qəbul
olunur. Qısa müddət ərzində
bir-birinin ardınca yeni rollarda çıxış edir.
1911-ci ildə Əbdürrəhim bəy
Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin
əsas qəhrəmanı olan Qacarın obrazını
yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq
edir. Cəfər Cabbarlı Abbas Mirzənin
o dövrdəki fəaliyyəti barədə yazırdı
ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən
gəncin içində çox güclü, odlu mənəvi
bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu
“Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.
Abbas Mirzə aktyorluq sənətinə doğrudan da
böyük hörmət, ehtiram hissi gətirməkdə və
ona baxan tamaşaçıya bu sənətin nə qədər
qüdrətli olduğunu dərk etdirməkdə idi. Yeri gəlmişkən
qeyd edək ki, C.Cabbarlı Abbas Mirzə Şərifzadə sənətini
yüksək dəyərləndirirdi. O, Azərbaycan
teatrının yubileyi ilə bağlı yazdığı “Sərt
yollarla” məqaləsində bunu aydın göstərmişdi.
Məqalədə Azərbaycan teatrının
keçdiyi 50 illik yolun yarısını çox
ağır, məşəqqətli, çətin yol
adlandırır və bu zaman tarixin iki böyük şəxsiyyət
yetirdiyini qeyd edirdi. Onlardan biri Hüseyn
Ərəblinski, ikincisi Abbas Mirzə Şərifzadə idi.
Cabbarlının fikrincə, bu iki tarixi şəxsiyyət
Azərbaycan teatrını - “dizin-dizin sürünən o kimsəsiz
cocuğun qollarından tutub ayaq üstə qoydular və
qarşıdakı yolların ən
işıqlısını göstərdilər”.
Onu da deyək ki, Hüseyn Ərəblinski vəhşicəsinə
qətlə yetiriləndən sonra Abbas Mirzə tarixin onun
üzərinə çox böyük missiya qoyduğunu
başa düşürdü. Dərk edirdi ki, bu
missiya ona zaman tərəfindən verilib və o yerinə
yetirilməlidir.
Odur ki, Cəfər
Cabbarlı: “Abbas Mirzə məktəb görməmiş, sənət
və onun üsullarını öyrənməmişdir. Lakin o, başdan-ayağa istedaddır. Sənət onunla bərabər doğulmuşdur.
Sənət onun qanında və iliyindədir “, - deməkdə
haqlı idi. 30 yaşına çatmamış
artıq müqtədir səhnə ustaları sırasında
öndə yer almışdı. Teatr tənqidi,
görkəmli sənətkarlar “Abbas Mirzə fenomeni”
haqqında danışır, fikir söyləyir, məqalələr
yazırdılar.
A.M.Şərifzadə Azərbaycanın o zamankı teatr
həyatının məhvəri sayılırdı. O, mahir aktyor olmaqla
yanaşı, həm də təşkilatçılıq
bacarığı ilə fərqlənirdi. İstedadını
düzgün istiqamətləndirə bilmişdi və onu
ardıcıllıqla xalqa xidmətə həsr edirdi. Bir aktyor kimi üzərinə düşən vəzifəni
yerinə yetirməkdə ona istedadı ilə yanaşı,
savadı və intellekti də kömək edirdi. Bütün bu xüsusiyyətlər Abbas Mirzəyə
müxtəlif obrazlar vasitəsilə insan faciəsini göstərməyə,
həm də dövrünün qabaqcıl ideyalarını tərənnüm
etməyə imkan verirdi.
Şərifzadənin
obrazlar qalereyasına ötəri nəzər salaq: Otello,
Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur
Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən
obrazlardır. O, bunların hər birini fərdi
yanaşma ilə yaradırdı. Lakin
bütün bu müxtəlifliyi birləşdirən yeganə
oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə
özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən
gəncə çevrilirdi.
A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə
Hamleti oynayan ilk aktyor kimi daxil olmuşdur. Əsər
1926-cı ildə Dram Teatrının səhnəsində
qoyulmuşdu. Tamaşanı Cəfər
Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.
Ümumiyyətlə, C.Cabbarlı
yaradıcılığı Abbas Mirzə sənətindən
qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin
20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini
təqdim edir. Yazır ki, burada
yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın
Abbasdır. İkinizin həyatda qayəsi
birdir. Sonra Abbas Mirzəyə
işıqlı yol və bu yolda zirvələr fəth etməyi
arzulayır.
Şərifzadə geniş diapazona malik bir sənətkar
idi. Yaşadığı dövrün
tamaşaçısını tam qane edə bilir, hətta
zamanı qabaqlamağı belə bacarırdı. Fəaliyyət göstərdiyi illərdə istər
ictimaiyyət, istərsə də dövri mətbuat onu həmişə
yüksək dəyərləndirmişdir. Abbas Mirzə
haqqında yazılan məqalələrə “Milli səhnəmizin
qəhrəmanı”, “Şərq teatrının böyük
qəhrəmanı”, “Avropa səviyyəli aktyor” kimi
başlıqlar verilmişdir.
Azərbaycan teatrı Moskvada çıxış edərkən
görkəmli teatrşünaslar Abbas Mirzənin oyunundan
heyranlıqlarını gizlədə bilməmişdilər. Hətta
görkəmli rus teatrşünas-alimi Markov Abbas Mirzə
haqqında məqalə yazır və onu məşhur aktyor
Mixail Aleksandroviç Çexova bənzədir. Əbdürrəhim bəy Haqverdiyev, Mustafa Mərdanov
və digər görkəmli insanlar da Şərifzadə sənətkarlığına
çox yüksək dəyər vermişdilər.
Abbas Mirzənin yaradıcılıq imkanları çox
geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət
tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi
daxil olub. Görkəmli sənətkar “Şeyx Sənan”,
“Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah
Qacar”, “Qaçaq Kərəm” kimi tamaşalara rejissorluq edib,
“Leyli və Məcnun”, “Əsli və Kərəm”,
“Aşıq Qərib”, “Şah İsmayıl” operalarına
quruluş verib.
Çox ilklərə imza atıb Abbas Mirzə. İlk kino
rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”,
“Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini
çəkib.
O, kinoda əvvəlcə
özünü aktyor kimi də göstərib. 1924-cü
ildə çəkilən “Bayquş” filmində Azərbaycan
kəndlisinin yerli feodallara qarşı mübarizəsi əks
olunurdu. Filmdə ruhanilər, onların
acgözlüyü, avam camaatı aldatması ifşa edilirdi.
Şərifzadə “Bayquş” filmində xan
rolunda çəkilib. Bu, onun kinoda ilk
böyük çıxışı idi. Dövrün tələbinə görə bu xan əzazil
kimi təqdim edilməli idi. Aktyor bu tələbi
yerinə yetirərək xan qəddarlığını
qabarıq göstərə bilmişdi. Bu
da onun geniş yaradıcılıq imkanlarından irəli gəlirdi.
O
dövrdə filmlərin bədii keyfiyyəti getdikcə
yüksəlirdi. 1925-ci ildə Şərifzadə
artıq “Bismillah” filmi üzərində işləyirdi.
İş prosesində yaradıcı qrup Abbas
Mirzənin tapdığı orijinal detallara heyran
qalırdı. Ortaya qiymətli bir kino əsərinin
çıxmasını da onlar məhz bununla
bağlayırdı. “Bismillah” filmi o zaman dəbdə
olan dini xurafat mövzusuna həsr olunmuşdu. Şərifzadənin rəhbərliyi ilə çəkiliş
prosesi çox maraqlı gedirdi. Təbiiliyi
vacib sayan rejissor işi tələsmədən aparır və
çəkilişlərin məhərrəm ayına
düşməsini gözləyirdi. Beləliklə,
təziyələr, şaxsey-vaxseylər, digər dini rituallar
canlı şəkildə ekrana köçürüldü.
Aşura günündə şəbeh
çıxaranlar kameralara düşdü. Din xadimlərinin
etirazına baxmayaraq, rejissor istəyinə nail oldu, şəbehi
təbii şəkildə çəkdi.
1920-ci illərin
ortalarından başlayaraq Abbas Mirzə digər istedadlı həmkarları
Mirzağa Əliyev, Kazım Ziya, Sidqi Ruhulla, Mustafa Mərdanov,
İsmayıl Hidayətzadə, Möhsün Sənani ilə
birgə çalışmışdır.
Görkəmli teatr xadimi təkcə istedadına güvənən
sənətkar deyildi. Daim öz üzərində işləyirdi, irəliyə
can atırdı. Yenilikləri sevir və onlara həvəslə
yiyələnirdi. Bu, onun aktyor və
rejissor ustalığını artırır,
uğurlarının, qələbələrinin sayını
çoxaldırdı. Kinolarda bəzən
montaj işini də öz üzərinə
götürürdü. Çünki
montajı aktyor və rejissor işinin yekunu sayırdı.
Daim mütaliə edirdi. Baxdığı,
hətta baxmadığı filmlər haqqında
resenziyaları oxuyurdu. Moskvadakı rəsm qalereyası
ilə tanış olmuşdu. Tez-tez Əzim Əzimzadə ilə
görüşür, maraqlı söhbətlər edirdi.
Bütün bunlar çəkdiyi filmlərin bədii
tərtibatında da özünü göstərirdi.
Beləliklə,
qısa bir ömürdə çox böyük, çox zəngin
sənət yolu keçən, təkrarsız obrazlar yaradan,
monoloqları ilə teatr salonlarını lərzəyə gətirən
Abbas Mirzə o dövrün yüzlərlə günahsız
ziyalısı, sənətkarı, sadə vətəndaşı
kimi repressiya qurbanı taleyi də yaşamalı olub. Əlbəttə ki, ona qarşı əsassız
ittihamlar irəli sürülüb. Bu
ittihamlar o dərəcədə saxta, yalan, uydurma idi ki,
onların müəlliflərinin yazdıqları tarixin “gizlətdiyi”
sənədlərdə dolaşıq düşür, yəni
biri digərini inkar edirdi.
İttiham
belə idi: “Əldə edilmiş məlumatlara görə,
Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin
xeyrinə casusluqda ifşa olunur. Qeyd olunanlara əsasən,
o, həbsə alınıb Azərbaycan SSR Cinayət Məcəlləsinin
68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”.
Bəs “əldə edilmiş məlumatlar” nədən
ibarət idi?
Adı artıq güllələnmiş repressiya qurbanları
sırasında olan Ruhulla Axundov 1937-ci il
iyulun 24-də verdiyi ifadədə guya demişdi ki, o, “Azdrama”nın
müdiri Əli Kərimovu özünün xidmət etdiyi təşkilatın
işinə qoşub. Əli Kərimov da öz
növbəsində Abbas Mirzə Şərifovu və
Mirzağa Əliyevi təşkilata cəlb edib. Əlbəttə ki, Ruhulla Axundov bu ifadələri
böyük təzyiqlər, işgəncələr
altında vermişdi. Soyuq, qaranlıq zirzəmilərdə
dəhşətli hadisələr baş verirdi. Ağlagəlməyən işgəncələr, təhqirlər,
təzyiqlər, qorxu, vahimə minlərlə insanın faciəsinə
qol qoyan dövrün eybəcərliklərini, yaşam tərzini
göstərirdi.
Yalanı ifşa edən digər fakt da odur ki, Abbas Mirzənin
“cinayət işi”ndə Əli Kərimovun heç bir ifadəsi
olmayıb. Ə.Kərimov 1937-ci ilin fevral ayında üç
gün dalbadal dindirilərkən onun adını belə
çəkməmiş, əksinqilabi millətçi təşkilata
Triniç tərəfindən qoşulduğunu demişdir.
Ümumiyyətlə, Ruhulla Axundovun
adlarını çəkdiyi insanların heç birinin ifadəsində
Abbas Mirzə barədə kəlmə belə yoxdur. Bu fakt təsdiq edir ki, “məhkumları” dindirən
müstəntiqlər bir-birilərindən xəbərsiz idilər.
Kim nə istəyir yazır, nəyi istəyir
“sübut edirdi”. Yalnız ümumi bir məqsəd var
idi: amansız cəza vermək və günahsızı
güllələmək!
O zaman
qarşısıalınmaz olan bu rejimə Abbas Mirzə də
qurban gedir. 1937-ci il dekabrın 3-də
Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü
şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun
məsuliyyətə cəlb edilib həbs olunması barədə
qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq
edilir. Böyük teatr xadimini ad
günü ərəfəsində həbsə alırlar.
Bakının Çadrovaya küçəsi,
115 ünvanda yerləşən evində axtarış
aparılır və müsadirə zamanı tapdıqları
bir teatr qılıncı və iki teatr tapançası (!)
olur.
Dekabrın 4-də həbs olunan Abbas Mirzədən nələr
soruşmurlar?
Xaricdə yaşayan qohumu, İran və
Türkiyə konsulluqları, əksinqilabçılarla əlaqəsinin
olub-olmadığı barədə sorğu-suala tuturlar.
O, bütün suallara vicdanının səsi ilə
düzgün və səmimi cavablar verir.
Tanınmış
bir aktyorun əlbəttə ki, pərəstişkarlarının,
çoxsaylı tanış və
dostlarının olması təbii bir haldır.
Əliheydər Qarayevlə bağlı sualı
cavablandırarkən aktyor onunla əvvəllər qonşu
olduğunu, 1920-ci illərin ortalarından Qubada, Tovuzda, digər
bölgələrdə birlikdə tamaşalar
hazırladığını və sonralar heç bir əlaqə
saxlamadığını bildirir.
Abbas Mirzəyə
Hüseyn Cavid, Cavad Axundzadə, Mikayıl Müşfiq, Seyid
Hüseynlə əlaqələri barədə də suallar
verirlər. Təbii ki, aldıqları cavablara
inanmır, daha doğrusu, inanmaq istəmirlər. “...Səmimi
deyilsiniz. Siz yaxşı artist
olmağınızdan istifadə edərək Cavid, Cavad və
Müşfiq kimi burjua antisovet yazıçılarını
tərənnüm edib onların pantürkist xəttini həyata
keçirirdiniz. Nə üçün siz
konsertlərdə və radioda repertuarınıza
Müşfiqin, Hüseyn Cavidin və Əhməd Cavadın əsərlərini
salırdınız?” - deyirlər. Abbas Mirzə bildirir ki, konsert proqramlarını
İncəsənət Komitəsi təsdiq edir və icazə
olmadan heç bir əsəri ifa etmək mümkün deyil.
Bir də ki radioda və konsertdə kimlərin əsərləri
səsləndirilməli imiş, görəsən?!
Siyasi görüşlərinə gəldikdə isə
aktyor deyir ki, “mən tamamilə sovet hökuməti və
kommunist partiyasının tərəfdarıyam. Onların
tapşırıqları mənim üçün qanundur”.
Lakin onun doğru-dürüst sözlərinə
məhəl qoyan olmur.
Müstəntiqlər
istədiklərinə nail olmaq üçün əsl
tamaşa qururlar. Elə bir tamaşa ki, Abbas Mirzə
onu heç vaxt ağlına belə gətirə bilməzdi.
Çünki ona atılan böhtanlardan tamamilə
uzaq idi. Dönə-dönə deyirdi: “Mən heç
vaxt sovet hakimiyyəti əleyhinə işləməmişəm
və əgər bir şey etsəydim, bu barədə xəbər
verərdim. Mən nəinki Müsavatın işləri ilə
məşğul olmamışam, hətta bu haqda belə
düşünməmişəm...”
Müstəntiqlər də öz dediklərini söyləyirdilər. Yenə də soruşurdular
ki, Ülvi Rəcəb, Hacıağa Abbasov, Mirzəağa
Əliyev, Əhməd Cavad, Hüseyn Cavid Abbas Mirzəyə
necə təsir göstəriblər? Əlbəttə
ki, adıçəkilən insanlar ona heç bir təsir, təzyiq
göstərməmişdilər. Abbas Mirzə istər həmin
şəxslərlə, istərsə də haqqında sual
verilən Ruhulla Axundov, Əli Kərimov, Hacıağa
Abbasovla münasibətləri barədə düzgün və
səmimi cavablar verirdi.
Dindirmələr 1938-ci ilin yanvarında da davam etdirildi. Müsavatın
əkskəşfiyyat idarəsi ilə münasibətdə
ittiham olunurdu. Müttəhim isə yenə
də bu idarə ilə heç bir əlaqəsi
olmadığını və idarənin heç bir məmurunu
tanımadığını bildirirdi. Altı
dəfə uzun sürən dindirilmələr, eyni suallara
verilən eyni cavablar, təzyiqlər, işgəncələr
davam edirdi.
Bütün bu proseslər görkəmli sənət
adamının həm də güclü iradəyə malik
olduğunu təsdiqləyirdi. Lakin bu iradə və
inad sənətkara çox baha başa gəldi. Abbas Mirzə Şərifzadənin işi gələcək
istintaq üçün Azərbaycan SSR XDİK-nın 4-cü
şöbəsinə göndərilir və fevralın 8-də
onun işi haqqında daha bir qərar
çıxarılır. Fevralın 16-da isə
Abbas Mirzəyə yeni ittiham təqdim edilir. Bu dəfə onu əksinqilabi burjua-millətçi
təşkilatın üzvü kimi məsuliyyətə cəlb
edirlər. Aprel ayında onunla daha bir
repressiya qurbanı - teatrın baş repertuar
komissiyasının rəhbəri Mahmud Mahmudov arasında
üzləşmə keçirirlər. Əslində,
belə bir üzləşmə heç keçirilməyib,
yalnız uydurulub. Əvvəla, üzləşmənin kim tərəfindən aparıldığı
məlum deyildi. İkincisi, bu zaman Abbas Mirzə
artıq güllələnməyə məhkum edilmişdi.
Nəhayət, Abbas Mirzənin üzünə duranlar da
tapılır.
Müttəhimlərdən biri - qəzet
köşkünün satıcısı, İran təəbəsi
Əli Həsən Abbas oğlu öz ifadələrində
müxtəlif “dəlil”lərlə Abbas Mirzənin İran
konsulluğu ilə sıx əlaqələrinin olduğunu
“sübut” edir və hətta onu da casusluğa cəlb etdiyini
söyləyir.
Məhkəməsi cəmi 15 dəqiqə çəkən
bir çox “qırmızı terror” qurbanlarından fərqli
olaraq Abbas Mirzə Şərifzadənin işi xeyli vaxt davam
edir. 1938-ci il oktyabrın 30-da onun casusluq fəaliyyətinə
görə güllələnməsi qərara alınır. Əmlakının müsadirə olunmasına da qərar
verilir (Bir teatr qılıncı və iki teatr
tapançası əvvəlcədən müsadirə ediləndən
sonra aktyorun evində görəsən, daha nə
qalmışdı?).
Aktyorun
“cinayət işi”nin 51-ci vərəqəsində
qeyd olunub ki, onun güllələnməsi haqqında qərar
noyabrın 16-da yerinə yetirilib. Yəni
ölüm hökmünün icra edilməsi bir aya qədər
ləngidilib. Deməli, Abbas Mirzə lazımi ifadələri
verərsə, onu güllələməyəcəklərini
vəd ediblərmiş...
“Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən
başqa bir şey bilmirəm, vəssalam!” - deyən
aktyorun son sözləri belə olub. O, ömrünün
axır günlərini yaşadığını dərk
edib “vəssalam” desə də, həyat hekayəti bitməyib.
Görkəmli sənətkarın saxta, uydurma cinayət
işinin təsdiqi üçün Azərbaycan
xalqının qatı düşmənləri Sinman, Gerasimov,
Sumbatov, Borşev, Petrunin, Şneyder, Perelman, Borisov-Pavlov,
Qrekin, Savçenko və başqaları hər cür
ittihamlarla müxtəlif qərarlar çıxarıblar.
Akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında
yazırdı: “Görəsən, bu Savçenko indi harada ola bilər? Bu məlun bizim
günahsız adamlarımızın hamısının
güllələnməsində fəal iştirak edib”.
1955-ci il sentyabrın 17-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası SSRİ baş prokurorunun etirazı üzrə casusluq fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş A.M.Şərifovun işi ilə tanış olur. Prokurorun etirazında göstərilir ki, Şərifovun ittihamı onun etiraflı ifadələri ilə şahidlər Ruhulla Axundovun, Həsən Ərşadinin, Mahmud Mahmudovun və Əli Həsən Abbas oğlunun ifadələrinə əsaslanır. Sənəddə göstərilir ki, ifadələr Şərifovdan fitnə yolu ilə alınıb və onun güllələnməsindən sonra işinə əlavə edilib. Şahid Ruhulla Axundov Abbas Mirzənin əleyhinə ifadələrini dəhşətli döyülmələrdən, işgəncələrdən sonra verib. Əli Həsən Abbas oğlu fitnəkar, yalançı şahid olub və istintaq tərəfindən cinayət işlərinin saxtalaşdırılması üçün ondan istifadə edilib. Şahid Həsən Ərşadi Şərifovun əleyhinə verdiyi ifadələrdən imtina edib və göstərib ki, o, çoxlu günahsız adamlara böhtan atıb.
1955-ci il oktyabrın 15-də sənətkarın qızı, tanınmış aktrisa Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir.
Bir müddət bundan əvvəl SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv etmiş və iş xətm olunmuşdur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirmişdilər.
1957-ci ilin oktyabr ayında “hüququ özünə qaytarılmış” Şərifzadənin vaxtilə müsadirə edilmiş mülkünün qiyməti - 720 manat son qəpiyinədək (böyük “ədalət”lə) uşaqlarına qaytarılır.
Beləliklə, Şərifzadədən heç bir mal-mülk qalmayıb. Çox təəssüf ki, oynadığı bir çox rolların, çəkdiyi neçə-neçə filmin lentləri də qorunub saxlanılmayıb, hətta adı titrlərdən çıxarılıb. Amma böyük sənətkardan qalanlar da az deyil. Bu, əsl sənətkarlıq və sənətə sevgi nümunəsi, sənətkar kimi xalqa xidmət örnəyidir.
Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında qətlə yetirilən Şərifzadə kim bilir səhnəmiz üçün, Azərbaycan teatrı və kinosu üçün hələ nələr edərdi? Lakin elə bu qısa ömründə etdikləri də onun Azərbaycan mədəniyyəti tarixində bir ustad sənətkar kimi qalması üçün kifayətdir. Abbas Mirzə Şərifzadə öz işi, səhnə fəaliyyəti, dəst-xətti ilə bir çox ilklərə imza atmış, o cümlədən teatrımızın salnaməsində Hamleti yaradan ilk qüdrətli sənətkar olmuşdur.
İradə ƏLİYEVA,
Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 4.