Zəngilanlılar
doğma torpaqlarının həsrəti ilə
yaşayırlar
Zəngilanlılar 1993-cü il oktyabrın 29-nu kədərli və qəmli gün, başlarının üstünü qara bulud almış kimi xatırlayırlar. Həmin gün Zəngilanın tarixinə qara hərflərlə yazılıb. O anları xatırlayarkən insanların mərdliyinin, doğma torpaqlara bağlılığının, onu son dəqiqəyədək qorumaq niyyətinin şahidi olursan. Məhz həmin gün 35 min nəfərə yaxın zəngilanlı öz dədə-baba yurdlarından ayrı düşdü, üstündən keçən 23 il onların doğma torpaqlara qayıtmaq arzusunu bir qətrə qədər də azaltmayıb.
Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. Rayonun ərazisi
707 kvadratkilometr idi və bunun böyük hissəsini meşə
və yaşıl zolaq təşkil edirdi. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə,
bir qəsəbə, 81 kənd var idi. Rayonun
əsrarəngiz təbiəti buraya təşrif buyuran hər
bir kəsin marağına səbəb olur, bu gözəllikləri
seyr etməkdən doymurdular. Sovet dönəmində
Zəngilan turistlərin ən çox gəldiyi ərazilərdən
idi. Onun ərazisi ən qədim
insanların yaşayış məskənlərindən hesab
olunur. Sovet arxeoloqları bura ekspedisiyalar təşkil
edir, insanın yaranışı barədə maraqlı məlumatlar
toplayırdılar. Həmin dövrlərdə
keçmiş SSRİ-nin müxtəlif ali
məktəblərində Zəngilanın tarixinə həsr
olunan tədbirlər, konfranslar keçirilmişdir. Bölgə ərazisində mövcud olan bir
neçə mağara da (Əsgülüm və Süsən
dağlarında) qədim insan qalıqlarının
tapılması barədə xüsusi kitablar
yazılmışdı. Adları çəkilən
ərazilərdə ibtidai insanların yaşayışı,
adət-ənənələri barədə məlumatlar Zəngilanın
qədim tarixindən xəbər verir.
Rayonun bərəkətli düzləri, dağları, kəndləri,
yaşayış evləri, səhiyyə, ticarət, mədəniyyət,
idman obyektləri düşmənin işğalı
altındadır. Burada dünyada ikinci, Avropada birinci olan
nadir çinar meşələri var (hazırda həmin
ağaclar erməni qəsbkarları tərəfindən kəsilir,
məhv edilir). 67 məktəb, 56 kitabxana,
34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana düşmən
tapdağı altındadır. Ölkə
iqtisadiyyatının vacib sahələrindən olan 6 iri dəmir
yolu stansiyası, 2 şərab zavodu, Dağlıq
Qarabağın ən iri dəmir yolu deposu... Bu
siyahını nə qədər desək uzada bilərik.
Hazırda rayonun yeraltı, yerüstü sərvətləri
erməni işğalçıları tərəfindən
talan, tar-mar edilməkdədir.
Düşmənlə üz-üzə dayanan Zəngilan
müharibə alovunu 1990-cı ildən hiss etməyə
başladı.
Vaxtaşırı ermənilər dəmir
yolunu bağlayır, qatarları saxlayır, adamları girov
götürürdülər. Elə həmin
günlərdən rayonun sərhəd kəndləri
döyüş zonasına çevrilmişdi. Yerli əhali ov tüfəngləri ilə
torpaqlarımızı qoruyurdular. Ermənilər
isə xarici havadarlarının köməyi ilə mükəmməl
silahlanmışdılar. Zəngilanın
işğalı artıq 1992-ci ildə faktiki olaraq
reallaşmışdı. Hərbi işdən
az-çox başı çıxan adam bu
reallığı görürdü. İlk günlər
heç kim inanmırdı ki, ermənilər
yedikləri duz-çörəyi yadlarından çıxara
bilərlər. Amma sonralar baş verən hadisələr
göstərdi ki, namərdlər onlara edilən
yaxşılıqları unudublar. Buna
görə yerli camaat dinclik üzünə həsrət
qaldı. İstili-soyuqlu səngərlərə
sinə gərdilər. Ancaq yurd, el-oba qeyrətini
çəkən insanların, təəssüf ki,
düşmənə cavab vermək üçün
silahsursatı yox idi. Ermənilər
müasir raketlərdən atəş açır,
kompüterlə idarə olunan tanklarla hücuma keçir, zəngilanlıların
özünümüdafiə dəstələri isə ov
tüfəngi ilə cavab verməyə
çalışırdılar.
1993-cü ilin oktyabrında vəziyyət daha da gərginləşdi. Həmin
ayın 29-da Zəngilan erməni qəsbkarlar tərəfindən
işğal edildi. 35351 nəfər zəngilanlı
məcburi köçkün həyatı yaşamağa məhkum
oldu.
Məcburi
köçkünlərə yüksək dövlət himayəsini
artıq 23 ildir doğma torpaqlarının həsrəti ilə
yaşayan Zəngilan sakinləri öz üzərlərində
hiss edirlər. Prezident İlham Əliyev ölkənin
artan iqtisadi imkanları fonunda qaçqın və məcburi
köçkünlərin yaşayış səviyyəsinin
daha da yaxşılaşdırılması istiqamətində
genişmiqyaslı fəaliyyət göstərir.
Məcburi köçkünlərin sosial problemlərinin
həlli, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə yanaşı,
onların məşğulluq məsələləri istiqamətində
də komplesk addımlar atılır. Bu kontekstdə Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə məcburi
köçkünlərin sosial durumunun, yaşayış
şəraitinin daha da yaxşılaşdırılması məqsədilə
xeyli sayda tədbirlər həyata keçirilib. 2013-cü ildə ölkə
başçısının birbaşa diqqət və
qayğısı nəticəsində Abşeron rayonunda zəngilanlı
məcburi köçkünlər üçün qəsəbə
salındı. Hazırda 760 ailə həmin
yaşayış massivində yaşayır. Rayonun icra strukturları, dövlət təşkilatları
da burada fəaliyyət göstərirlər.
Hazırda zəngilanlılar respublikanın 46 rayon və
şəhərində, əhalinin əksər hissəsi isə
Bakı və Sumqayıt şəhərlərində məskunlaşıb. Belə bir böyük əraziyə
səpələnmiş zəngilanlıların sosial, kommunal,
səhiyyə, təhsil və digər məsələləri
ilə məşğul olmaq, onların üzləşdikləri
problemləri vaxtında həll etmək üçün icra
strukturları xüsusi iş rejimi ilə işləyirlər.
İndi respublika sənayesinin müxtəlif sahələrində
- tikinti, neft sektoru, kənd təsərrüfatında və
digər istehsalat müəssisələrində
çalışan xeyli zəngilanlı soydaşımız
var. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların sayı da ilbəil artır. Bunlar
sözün həqiqi mənasında onların həyat səviyyəsinə
müsbət mənada təsir edir.
Hazırda rayonun 33 məktəbi fəaliyyət göstərir
ki, onlardan yalnız biri orta məktəbdir. 31 tam orta məktəbin
demək olar ki, hamısı respublikamızda
sayılıb-seçilən təhsil ocaqlarındandır.
4937 şagirdin təlim-tərbiyəsində 840
nəfər müəllim çalışır. Bu il tələbə adını qazanan 192 nəfərin
17-si 600-dən yuxarı bal toplayıb. Ləman Həsənli,
Məhyəddin Qasımzadə, Cəlal Məmmədli, Pakizə
Əliyeva, Turqay Həsənzadə, Vüsal Əlili kimi gənclərin
adları zəngilanlıların fəxr duyduqları
imzalardır.
23 illik zaman kəsiyi aranı kəssə də zəngilanlılar
öz tarixi torpaqlarını unutmur, oralara qayıdacaqları
günü səbirsizliklə gözləyirlər. Azərbaycanın
qədim yaşayış məskənlərindən olan Zəngilanın
tarixi bu gün məcburi köçkünlük şəraitində
belə öyrənilir, araşdırılır.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2004-cü ildə
imzaladığı “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində
əsasən Zəngilan rayonundan olan ailələr
üçün yeni salınmış şəhərcikdə
tarix muzeyinin fəaliyyəti bərpa olunub.
Respublikanın müxtəlif ərazilərinə səpələnmiş
zəngilanlılardan eksponatların yığılmasına
başlanıldı. Sakinlərin köməyi nəticəsində az bir vaxtda muzeyə xeyli maraqlı şəkillər,
əşyalar toplamaq mümkün oldu. Hazırda burada uzaq
keçmişdən bu günümüzə yol açan, əhalinin
həyat tərzi, məişəti və mədəniyyətini
özündə yaşadan 181 ədəd əsas fonda daxil olan eksponat var. Onlar iki geniş və
işıqlı otaqda yerləşdirilib.
Muzeyin dəhlizində rayonun inzibati xəritəsi, kəndlərin,
sosial müəssisələrin, ecazkar təbiət nümunələrinin
şəkilləri asılıb. Buraya daxil olan hər kəs
həmin şəkillər vasitəsilə sanki Zəngilana səyahət
edir, rayon barədə qiyabi təəssürata malik olur.
Burada həmçinin ümummilli lider Heydər
Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin
apardıqları siyasət və respublikamızın
inkişafında əvəzsiz xidmətlərini əks etdirən
foto qalereya da var. Ölkə başçısının
qaçqınların və məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılmasına xidmət edən sərəncam
və fərmanları da tamaşaçıların diqqətinə
çatdırılır.
Onu da
bildirək ki, ətraf şəhər və rayonların
nümayəndələri də muzeyə gəlir, ecazkar təbiətə
malik olan Zəngilanla yaxından tanış
olurlar. Burada 117 hektar möhtəşəm
çinar meşəsi, açıq səma altında sərgilənən
daş heykəllər muzeyi barədə fotolar,
videoçarxlar nümayiş olunur. Bu ilin
aprelində ordumuzun uğurlu əməliyyatından sonra muzeyə
gələnlərin sayı fərqli şəkildə
artıb.
Tariximizin yaşadılması və unudulmamasında gənc
nəslin rolu xüsusi əhəmiyyət kəsb edir. Rayon təhsil
şöbəsi ilə birlikdə xüsusi proqram da
hazırlanıb. Muzeyin kollektivi rayon məktəblərində
açıq dərslər təşkil edir, Zəngilanın
keçmişi və bu günü barədə informasiyalarla
insanların yaddaşlarını zənginləşdirirlər.
Bu gün zəngilanlılar köçkünlük
dövrü yaşasalar da, ölkənin iqtisadi-sosial həyatında
fəal iştirak edirlər. Respublika
iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada zəngilanlılar
çalışmasın, öz köməklərini əsirgəməsinlər.
Bu baxımdan rayon gəncləri xüsusi fəallıq
göstərirlər. Rayon icra hakimiyyətində
vətənpərvərlik ruhunun gənclər arasında
yüksəldilməsi sahəsində aparılan işlərlə
bağlı xüsusi proqram da hazırlanıb.
Zəngilanlı gənclərin idmana marağı
böyükdür. Boks, voleybol, karate, yunan-roma güləşi,
taekvando, futbol və şahmat üzrə 599 nəfər məşğul
olur. Rayon idmançılarının
qazandıqları uğurları sadalamaqla bitmir. Səyavuş Bayramov 5 qat Avropa çempionu, əməkdar
məşqçidir. Keçmiş
idmançı bu gün karatenin sirlərini gənclərə
öyrədir. Xasay Məmmədov, İmdad
Tanrıverdiyev, Asiman Qurbanlı, Elşən İbrahimov və
digərləri təmsil etdikləri idman növünü Avropa
və dünya çempionatlarında qalib kimi fərqlənmiş,
Azərbaycan bayrağını ən yüksək zirvədə
dalğalandırmışlar.
Gələcəyimiz olan gənclik böyük enerji,
axtarış, həyata yeni baxış deməkdir. Onlar bizim adət-ənənələrimizin
daşıyıcısı, milli-mənəvi dəyərlərimizin
gələcəyə nizamlanmış yaşam qüvvəsidir.
Gələcəyin varlığı gənclərin
çiyninə düşdüyü üçün
sözün əsl mənasında onlara diqqət və
qayğı ilə yanaşılması tələb olunur.
Bu gün Azərbaycanın hansı bölgəsində
yaşamasından asılı olmayaraq zəngilanlı gənclərin
problemləri araşdırılır, yerindəcə həmin
məsələlərin həlli yolları
axtarılır.
Bir məqamı da xüsusilə vurğulamaq vacibdir. Respublikamızda gənclər
arasında bağlanan nikahın ən az
pozulması məhz Zəngilan rayonuna mənsubdur. Bu da ailənin onlar üçün müqəddəs
olduğunu sübut edən göstəricidir.
Müasir dövrdə ən çətin və əsas
məsələlərdən biri müalicə, insanların
sağlamlığı məsələləridir. “Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”nda bu
sahəyə geniş yer verilmiş, uğurlu nəticələr
əldə edilmişdir. Zəngilan Rayon Mərkəzi
Poliklinikasında 5 həkim kabineti fəaliyyət göstərir.
Daha bir həkim məntəqəsi Sabirabad
rayonunda yaradılan Zəngilan qəsəbəsində
insanların sağlamlığının keşiyində durur.
Onu da qeyd
edək ki, bu il 27470 nəfər rayon sakini
tibbi müayinədən keçmişdir. Rayon
üzrə 167 şəkərli diabet xəstəsinə dərman
vasitələri pulsuz paylanır və onların müalicəsi
üçün bütün şərait yaradılıb.
Prezident İlham Əliyevin daxili və xarici siyasətini
birmənalı şəkildə dəstəkləyən zəngilanlılar
doğma torpaqlarına qayıdacaqları günün də
uzaqda olmadığını yaxşı bilirlər.
Ölkə başçısının ətrafında
sıx birləşən zəngilanlılar qarşıya
qoyulan vəzifələrin uğurla yerinə yetrilməsində
öz sözlərini deməyə hazırdırlar. Onların qəlblərindəki
vətən sevgisi, dövlətimizə olan inam, bir də
torpaq həsrəti zəngilanlıların qələbə əzmindən
xəbər verir.
Akif ƏLİYEV,
Azərbaycan.- 2016.- 29 oktyabr.- S. 7.