Vulkan palçığı təbii müalicəvi preparatdır
Azərbaycan ərazisi palçıq vulkanlarının yayıldığı
unikal regiondur. Şərqi Azərbaycanda
və həmsərhəd
Xəzər dənizi
akvatoriyasında 350-dən çox
palçıq vulkanı
mövcuddur. Onlar geoloqlara
çox dərin kəşfiyyat quyusu kimi neft və
qaz yataqlarının Yerin təkindəki axtarışında kömək
edir. Bununla yanaşı, vulkan
palçığı təbabətdə
qiymətli müalicə
vasitəsi kimi geniş tətbiq edilir. Spesifik komponentlərlə - mineral duzlar, üzvi birləşmələr, mikroelementlərlə
zənginləşmiş müalicəvi
xassələrə malik
olub, insan orqanizminə faydalı təsir edir.
Palçıq vulkanlarının yerləşdiyi
ölkələrdə onun
istifadə olunmasının
qədim tarixi var. İtaliyada bu palçığı hələ
XVI əsrdə, Rusiyada
Taman yarımadasında XIX əsrin
ortalarından başlayaraq
tətbiq edirdilər. 13 palçıq vulkanı olan Gürcüstanda isə keçmiş
SSRİ məkanında Ümumittifaq
“Axtala” kurortu fəaliyyət göstərirdi.
Vulkan palçığı müalicə
üçün xammal
kimi kurortdankənar şəraitdə Krımın
poliklinika və xəstəxanalarında, Saxalin
adasında da tətbiq edilir.
Keçən əsrin 60-cı illərində
Azərbaycan Kurortologiya
və Fiziki Metodlarla Müalicə
ETİ-də (indiki Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) tibb elmləri doktoru Fəridə Əfəndiyeva tərəfindən
vulkan palçığının
klinik tədqiqi başlanıb və nəticədə onun müalicə üçün
istifadəsinin vacibliyi
sübut olunub.
Azərbaycan ərazisində - Xəzərin
qərb sahillərində
vulkan palçığı
geniş yayılmışdır. Burada
200-dən artıq palçıq
vulkanı və onun çox böyük ehtiyatı
var. AMEA Geologiya və
Geofizika İnstitutu uzun illər ərzində Kurortologiya İnstitutu və akademiyanın digər institutları, xüsusilə
Torpaqşünaslıq və
Aqrokimya İnstitutu ilə Azərbaycanın vulkan palçıqlarında
bioloji aktiv maddələrin (duzlar, qazlar, vitaminlər, fermentlər, hormonlar, biogen stimulyatorlar) aşkar edilməsi uçün müştərək
elmi tədqiqatlar aparmışdır. Nəticədə
bu palçığın
ölkənin 15 tibb müəssisəsində müalicə
təcrübəsində tətbiqinə
nail olunmuşdur. Keçən
əsrin 70-ci illərinin
sonu və 80-ci illər ərzində Abşeron yarımadasının
Şorbulaq və Axtarma-Qaradağ, Qobustanın
Pirəkəşkül və
Daşgil vulkanlarının
palçığı terapevtik
təmayüllü xəstələrin
müalicəsində Bakının
poliklinikalarında, 3 saylı
qadın məsləhətxanasında,
8-ci Kilometr yaşayış
sahəsinin kosmetoloji müalicəxanasında, Abşeron
yarımadasının sanatoriya-profilaktoriyalarında,
Bahar vulkanının palçığı Ələt
liman stansiyasının
qovşaq xəstəxanasında,
Babazənən palçığı
Salyanın mərkəzi
xəstəxanasında, Qaynarca
vulkanının palçığı
isə Qalaaltı kurortunda müvəffəqiyyətlə
tətbiq olunmuşdur.
Vulkan palçığının yer
üzərində olan
palçıqlarla müqayisədə
üstünlüyü öncə
onun tərkibinin unikallığıdır: xırdalanmış,
qaymağa bənzər,
yumşaq gil
kütləsi, yalnız
özünə xas olan mineral birləşmələr,
üzvi maddələr,
bioloji aktiv komponentlərdən və
buna uyğun xüsusi terapevtik təsirdən ibarətdir.
Vulkan palçıqları neftli-qazlı
rayonlarda yerləşdiyindən
onların kimyəvi tərkibi, müalicəvi
xassələri yerüstü
mənşəli lil,
torf, sapropel palçıqlarından fərqlənir.
Dərinliklərdən çıxan vulkan
palçığı yüksək
biostimullaşdırıcı təsirə malik kimyəvi mikroelementlər
və üzvi maddələrlə zənginləşir.
Digər tərəfdən, böyük
dərinliklərdə antropogen
təsirin olmadığı
şəraitdə formalaşan
vulkan palçığı
daim yer səthinə çıxır
və təbii ki, yüksək ekoloji təmizliyilə fərqlənir. Vulkan palçığında yod,
bor, brom, manqan, litium, vanadium, mis, dəmir və s. müalicəvi cəhətdən faydalı
inqrediyentlər müəyyən
edilib. Onun tərkibində üzvi
maddələrdən singenetik
bitum, qatranlar, asfaltenlər, humin və fulvoturşular, eləcə də bəzi fermentlər aşkar edilib. Bundan əlavə, bu palçıqlarda müalicə
zamanı orqanizmə səmərəli təsir
göstərən bakterisid
maddələr və başqa birləşmələr
vardır. Bəzi göstəricilərə
görə, vulkan palçıqlarının üzvi
maddəsi müalicəvi
Naftalan neftinə yaxındır.
Sonda bu palçıqların digər
bir mühüm xüsusiyyəti onunla bağlıdır ki, onların kimyəvi tərkibi sabit olur, su ilə
nəmlənən zaman
quru palçıq özünün bütün
faydalı xassələrini
saxlayaraq, asanlıqla bərpa olunur və öz əvvəlki vəziyyətinə
qayıdır. Beləliklə, müalicə üçün
təkcə yenicə
yer səthinə çıxmış deyil,
həmçinin vulkan
kraterində toplanmış
və qurumuş palçıqdan da istifadə oluna bilər.
Özünün müstəsna yüksək
balneoloji xassələrinə
görə, vulkan palçığı bir
çox xəstəliklərin
- hərəkət aparatı,
oynaqlar, onurğa sütunu, periferik-əsəb
sistemi, dəri, mədə-bağırsaq traktı,
şəkər diabeti,
ateroskleroz və boyun osteoxondrozunun, LOR xəstəliklərinin müalicəsi
zamanı, eləcə
də ginekologiya, urologiya və kosmetologiyada istifadə edilir. Bu illər
ərzində həkimlərə
bir neçə müalicə üsulu təklif edilmişdir.
Müalicədə üç
palçıq preparatı
istifadə edilir: maye (təbii palçıq məhlulu),
quru toz və quru torf
tozundan ibarət kombinə edilmiş palçıq preparatı.
Maye palçıq məhlulu
1983-cü ildə kompres,
vanna şəklində
və elektroforez metodu ilə istifadə edilmək üçün təklif
edilmişdir.
Uzun müddət
günəş və
kosmik şüalarla şüalandırılaraq aktiviəşdirilmiş
quru sopka palçığı ikinci
preparatdır. Həmin prosedur qurtardıqdan
sonra uzunmüddətli
təsiri təmin edən transdermal metod üçün nəzərdə tutulub.
Bu, xəstəliyin davamlı müalicəsi üçün mühüm
amildir.
Üçüncü palçıq preparatı
dörddə-üç hissəsi
palçıq tozu və dörddə-bir hissəsi üzvi maddələrlə zəngin
torf tozu qarışığından ibarətdir.
Azərbaycanda quru vulkan palçığının
istifadə edilməsinin
“quru palçıqla müalicə” adlandırılan
yeni üsulu yaradılıb. O, palçığın
nano - hissəciklərinin
dəri reseptorlarına
və mərkəzi əsəb sisteminə transdermal təsiri ilə həyata keçirilir. Üsul xüsusilə uzunmüddətli
xroniki xəstəliklər
zamanı özünün
yumşaldıcı və
müalicədən sonra
davamlı təsirinə
görə effektlidir.
Fototerapevtik şüalarla birləşmədə
seqmentar palçıq
təsiri aşağı
nahiyələrin trofik
xoralarının müalicəsi
zamanı özünü
doğruldub.
Azərbaycanda çoxlu sayda yüksək effektli vulkan palçığı
mənbələri var. Onlar
nadir hallarda ayrı-ayrı
fiziki şəxslər
tərəfindən istifadə
edilir ki, bu da iflic
olmuş azyaşlıların,
misal olaraq hazırda müalicə oluna bilən (Odessa və Krım palçıq kurortları)
xəstəliklər siyahısına
aid olan uşaq serebral iflic xəstəliyinin və ümumilikdə palçıq
terapiyası ilə müalicə olunan xəstələrin böyük
qismini təmin edə bilmir.
Azərbaycanın bəzi rayonlarında yay vaxtında yerli əhali öz təşəbbüsü
ilə birbaşa palçıq vulkanlarında
“Misir” metodu palçıq terapiyasından
istifadə edərək
palçıq vannası
qəbul edirlər. Belə xəstələr
Xəzərin sahilində
olan Ələt rayonunda yerləşən
Bahar vulkanında, dənizin yaxınlığından
istifadə edərək
palçıq terapiyasını
ortaqlı şəkildə
su prosedurları ilə birlikdə aparırlar.
Respublikada palçıq terapiyası
üçün müasir
bazanın genişmiqyaslı
istifadəsinə lazımi
şəraitin yaradılması
vaxtı çoxdan çatmışdır. Palçıq terapiya mərkəzini böyük vulkanların yerləşdiyi Xəzərin
sahilində belə təşkil etmək olar. “Palçıq
hamamı” təbii şəraitdə sanatoriya
kimi fəaliyyət göstərə bilər.
Öz “təbii laboratoriyalarında”
dəyərli müalicəvi
preparat yaradaraq, bir növ, həkimlərə
əl uzadan təbiətdən niyə
də yararlanmayaq?
Yarım
əsrlik müalicəvi
istifadəyə əsaslanaraq
yuxarıda qeyd olunanlar, dünyada tanınmış Krım
Evpatoriya təcrübəsindən
çıxış edərək
bizə deməyə əsas verir ki, Xəzərin sahilindəki vulkan palçığından il
ərzində istifadə
üçün palçıq
kurortunun tikintisinə
ehtiyac var.
Adil ƏLİYEV,
AMEA Geologiya və Geofizika İnstitutunun
Palçıq vulkanizmi şöbəsinin
rəhbəri, əməkdar
elm xadimi,
professor
Azərbaycan.- 2016.- 29 oktyabr.- S.7.