Azərbaycan-Xorvatiya
münasibətlərində yeni mərhələ
başlayır
İki ölkənin bütün
sahələrdə, xüsusən iqtisadi
sahədə əlaqələrinin genişləndirilməsi üçün böyük
potensial var
Xorvatiya geostrateji mövqeyi, iqtisadiyyatı, təbii sərvətləri, mədəniyyəti baxımından Cənub-Şərqi Avropanın önəmli ölkələrindən biridir. Azərbaycanla bu ölkənin istənilən qlobal məsələdə mövqeləri üst-üstə düşür və hər iki tərəfin maraqlarına cavab verən siyasi münasibətləri mövcuddur. Hələ üç il əvvəl imzalanmış “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi” iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, turizm, nəqliyyat, elmi və texniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər və idman sahələrində münasibətlərin inkişafını nəzərdə tutur.
Yüksək səviyyəli
siyasi dialoq
Xatırladaq ki, bu gün münasibətləri strateji səviyyəyə çatdıran Azərbaycan və Xorvatiyanın tarixən keçdikləri yollar oxşardır. Bu ölkələr tarix boyu xarici təsirlərə məruz qalıb, nəhayət, hər iki ölkə 1991-ci ildə müstəqilliyini elan edib. Xorvatiya 1991-ci il dekabrın 28-də Azərbaycanın müstəqilliyini tanıyıb. 1995-ci ildən isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Təbii ki, Azərbaycanla Xorvatiya arasında münasibətlərin strateji səviyyəyə çatmasında dövlət rəsmilərinin qarşılıqlı səfərləri əsas rol oynayıb. Prezident İlham Əliyev indiyədək iki dəfə - 2005-ci ilin iyun və 2013-cü ilin mart aylarında Xorvatiyaya rəsmi səfər edib. Eləcə də Xorvatiyanın eks-prezidentlərindən Stefan Mesiç 2007-ci ilin oktyabr ayında, İvo Yosipoviç isə 2012-ci ilin mart ayında Azərbaycana rəsmi səfərdə olublar. Hər iki ölkənin parlament sədrləri, nazirləri qarşılıqlı səfərlər ediblər. Bu mənada hazırda hər iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir. Müxtəlif sahələri əhatə edən 20-dək sənədin imzalanması da bunun bariz nümunəsidir.
Xorvatiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib və bu, Zaqreb Bəyannaməsində əksini tapıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyə malikdir və münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında nizamlanmasını dəstəkləyir.
Bu günlərdə Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi. Oktyabrın 24-də mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bu barədə deyib: “Bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq barədə bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir”.
İqtisadi əməkdaşlıq üçün imkanlar genişdir
Avropa İttifaqı üzvləri ilə çoxtərəfli əsaslarda əməkdaşlıq quran Azərbaycan iqtisadi inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır. Bu sırada ölkəmiz Cənub-Şərqi Avropa ölkələri ilə də siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə önəm verir. Qeyd olunduğu kimi, Zaqreb Bəyannaməsi Azərbaycanla Xorvatiya arasında digər sahələrlə yanaşı, iqtisadi münasibətlərin inkişafını da nəzərdə tutur.
Bu mənada Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində əsas müzakirə mövzularından biri iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri idi. Hər iki Prezidentin bəyan etdiyi kimi, siyasi əlaqələr yüksək səviyyədədir. Eyni zamanda dövlət başçıları digər sahələrdə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini və bunun üçün geniş imkanların olduğunu qeyd etdilər. Xüsusilə qarşılıqlı investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.
Qeyd edək ki, son bir neçə il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi əsasən neft və neft məhsulları hesabına xeyli artıb. Lakin Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həmçinin qarşılıqlı maraq doğuran digər sahələrdə də iqtisadiyyatın şaxələndirilməsini və əməkdaşlığın inkişafını vacib hesab edir. Həm Azərbaycanda, həm də Xorvatiyada ikitərəfli əmtəə dövriyyəsinin həcminin artırılması üçün böyük imkanlar var. Odur ki, keçirilən görüşlərdə, o cümlədən biznes forumunda yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, əczaçılıq sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.
Xorvatiya iqtisadiyyatı son 6 ildə müşahidə edilən tənəzzüldən sonra inkişaf mərhələsinə qədəm qoyub. İndiyədək qlobal iqtisadi böhranın fəsadları ilə mübarizə aparan bu ölkə iqtisadiyyatda dönüş yaradılmasında, xüsusən xarici investisiyaların cəlb olunması məsələsində Avropa İttifaqının üzvlüyündən maksimum istifadə edib. Lakin iqtisadiyyatın canlandırılması prosesini fəallaşdırmaq məqsədilə Xorvatiya təkcə Aİ və qonşu ölkələrlə deyil, həm də tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığa maraqlıdır. Bunu Azərbaycana rəsmi səfər zamanı Prezident Kolinda Qrabar-Kitaroviçi 50-dən artıq xorvat şirkətinin nümayəndəsinin müşayiət etməsi də təsdiqləyir.
Bakıda keçirilən biznes forumunda Azərbaycanın biznes və investisiya imkanları xorvat iş adamlarına təqdim edilib, energetika, tikinti, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb və Xorvatiya iş adamları bu sahədə fəaliyyət göstərməyə dəvət edilib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşan sənaye parkları yaradılıb və xorvat iş adamları burada investorlar üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər. Biznes forumunda iş adamları arasında əsas müzakirə mövzularından biri də ticarət əlaqələrinin genişləndirilməsi olub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə şirələrinin, kimya sənayesi məhsullarının Xorvatiyaya ixracı, Xorvatiyadan gübrə idxalı məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Xorvatiyada da cəlbedici investisiya layihələri mövcuddur. Bunlara turizm, neft hasilatı sahələrində
və digər gəlirli potensial layihələrini misal göstərmək olar.
Azərbaycanın iş
adamları Xorvatiyanın
geniş iqtisadi imkanlarından istifadə edərək bu ölkədə öz biznes fəaliyyətlərini
həyata keçirə
bilərlər.
Xorvatiya TANAP və TAP layihələrinin
tamamlanmasını səbirsizliklə
gözləyir
Azərbaycan-Xorvatiya əməkdaşlığının digər mühüm komponentini enerji təhlükəsizliyi məsələsi
təşkil edir. Xorvatiya Azərbaycan
qazının Avropaya çatdırılması kontekstində
Transadriatik qaz kəməri (TAP) layihəsinin
həyata keçirilməsində
maraqlıdır. Eyni
zamanda həm TAP, həm də İon-Adriatik qaz kəmərlərinin tikintisi
üzrə qarşılıqlı
anlaşma, dəstək
və əməkdaşlıq
haqqında memorandum imzalayan
dövlətlərdən biridir.
Gələcəkdə “Cənub
qaz dəhlizi”nin genişləndirilməsi, İon
və Adriatik dənizləri arasında
kəmərin inşası
Azərbaycana imkan yaradacaq ki, Xorvatiya
bazarına, eyni zamanda geniş Balkan bazarına daxil olsun və həmin
ölkələr də
təbii qaz alaraq yeni mənbə
əldə etsinlər.
“Xorvatiya enerji sektorunda əməkdaşlığa
sadiqdir və bu sahəyə diqqəti yönəltməyə
davam edəcəkdir. Bildiyiniz kimi,
enerji təhlükəsizliyi
təkcə bizim üçün deyil, bütün qonşularımız
üçün olduqca
vacibdir. Mənim irəli
sürdüyüm “3 dəniz”
təşəbbüsü də Cənub-Şərqi
Avropada olduqca vacibdir. Orada qaz şəbəkələrinin
yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcəkdir və insanların yaşayış
səviyyəsini artıracaqdır.
Əminəm ki, İon-Adriatik
dənizi layihəsi, Krk şəhərində
maye qaz terminalının inşası
- bunlar perspektivli layihələrdir. Bunlar da
Azərbaycan şirkətlərinin
bizimlə əməkdaşlıq
etmələri üçün
gözəl imkandır”,
- deyə biznes forumunda Prezident Kolinda Qrabar-Kitaroviç bildirib.
Enerji təhlükəsizliyi
Avropa İttifaqının
digər üzvləri
kimi Xorvatiya üçün də böyük əhəmiyyət
kəsb edir. Bu ölkə həm neft, həm də qaz idxalında
mənbələrin sayının
artırılmasında maraqlıdır.
Ona görə Prezident Kolinda Qrabar-Kitaroviçin
qeyd etdiyi kimi, Xorvatiya TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin
bu şəbəkəyə
qoşulmasını səbirsizliklə
gözləyir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 1, 2.