Oqtay Qədir oğlu
Zülfüqarov
Azərbaycanın
musiqi mədəniyyətinə ağır itki üz
vermişdir. Tanınmış bəstəkar, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il
avqustun 31-də ömrünün 88-ci ilində vəfat
etmişdir.
Oqtay
Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı
şəhərində anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf
Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə
Azərbaycan Dövlət Konservatoriyasının violonçel
sinfində oxumuş, 1952–1958-ci illərdə isə burada bəstəkarlıq
ixtisası üzrə ali musiqi təhsili almışdır.
Əmək
fəaliyyətinə hələ tələbə ikən
1949-cu ildə 1 saylı musiqi məktəbində
violonçel müəllimi kimi başlayan Oqtay
Zülfüqarov, eyni zamanda, müxtəlif mədəniyyət
evlərində də xormeyster kimi
çalışmış, 1958–1962-ci illərdə Azərbaycan
Dövlət Radio və Televiziya Komitəsində musiqi
redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə Respublika Xalq
Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə
isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi,
baş məsləhətçi, redaktor, şöbə
müdiri vəzifələrində işləmişdir.
1991–2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq
Filarmoniyasının direktoru və bədii rəhbəri
olmuşdur.
Oqtay
Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik
illərində işıq üzü görmüşdür.
Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti
müxtəlif janrları əhatə edir. Bəstəkarın
əsərləri arasında konsert, simfoniya, kantata,
kamera-instrumental musiqi və romanslar vardır. Oqtay
Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət
nümunəsi olan yaradıcılığı gənc nəslin
milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə
olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan
bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən
biri olan Oqtay Zülfüqarov rəngarəng
yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti
xəzinəsini daha da zənginləşdirmişdir.
Müasir
Azərbaycan musiqisində mahnı janrının
inkişafında Oqtay Zülfüqarovun böyük xidmətləri
olmuşdur. Onun öz sadəliyi və rahat qavranılması
ilə seçilən əsərləri, eyni zamanda, dərin
milli-mənəvi ruh, zəngin kolorit və yaddaqalan ritmləri
ilə səciyyələnir. Geniş yaradıcılıq
diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə
sədaqət müasirliklə harmonik vəhdət təşkil
edir. Onun kino və teatr musiqisi sahəsində fəaliyyəti
də təqdirə layiqdir. Sənətkarın müxtəlif
dövrlərdə yaratdığı əsərlər musiqişünaslar
tərəfindən yüksək qiymətləndirilmişdir.
Oqtay
Zülfüqarovun bəstələdiyi uşaq mahnıları
ona xüsusi şöhrət qazandırmışdır. Onun
“Telefon”, “Qatar”, “Kim sevirsə idmanı” və başqa
mahnıları bir neçə nəslin dillər əzbəri
olmuşdur. Uşaqlar üçün yazdığı balet,
nağıl-opera və digər əsərləri ilə o, gənc
musiqi həvəskarlarının sevimlisinə
çevrilmişdir. Bəstəkarın rəhbərliyi
altında yaranan uşaq kollektivləri, o cümlədən Azərbaycan
Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik
tərbiyəsində böyük rol oynamışdır.
Azərbaycanın
müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində
Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən
layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə
musiqi sənəti sahəsində nailiyyətlərinə
görə o, bir sıra fəxri adlara, orden və medallara
layiq görülmüş, müstəqil Azərbaycan
Respublikasının ali mükafatlarından “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Tanınmış
bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Qədir
oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah
rəhmət eləsin!
İlham
Əliyev
Artur
Rasizadə
Oqtay
Əsədov
Ramiz
Mehdiyev
Elçin
Əfəndiyev
Hacıbala
Abutalıbov
Fatma
Abdullazadə
Əbülfəs
Qarayev
Arif
Məlikov
Firəngiz
Əlizadə
Fərhad
Bədəlbəyli
Siyavuş
Kərimi
Tofiq
Bakıxanov
Xəyyam
Mirzəzadə
Ramiz
Zöhrabov
Azərbaycan.- 2016.- 1 sentyabr.- S.2.