Azərbaycan daha bir möhtəşəm
beynəlxalq tədbirə evsahibliyi edir
Bu gün
paytaxtımızda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start
verilir
Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcəkdir.
Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcəkdir.
İlham ƏLİYEV
Nəhayət, gözlənilən gün gəlib çatdı. Paytaxtımız daha bir mötəbər idman tədbirinə - sayca 42-ci Ümumdünya Şahmat Olimpiadasına evsahibliyi edir. Sentyabrın 14-dək davam edəcək Beynəlxalq Şahmat Federasiyasının (FİDE) ən nüfuzlu yarışında rekord sayda - 176 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparacaq.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi haqda qərar 2012-ci ildə FİDE-nin Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub. Olimpiadanın keçirilməsinə Albena və Tallinn şəhərləri də iddialı olub, lakin Bolqarıstan və Estoniyanın müraciətləri qəbul edilməyib.
Sevindirici haldır ki, ötən 4 il müddətində Azərbaycan ən böyük şahmat tədbirinə yüksək səviyyədə hazırlıq görüb. 2013-cü il 14 fevral tarixində Prezident İlham Əliyevin sərəncamına əsasən 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Turnirin Təşkilat Komitəsi yarışın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün bütün tədbirləri həyata keçirib.
Dünyanı heyran edəcək açılış mərasimi
Bu gün Milli Gimnastika Arenasında sayca 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək. Tədbirin təşkilində ölkənin tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri iştirak edir. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı “Amapola Exclusive Events” şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiya və lazımi texniki avadanlıqlar quraşdırılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.
Mərasimin xoreoqrafı xalq artisti Təranə Muradova, rejissoru və tərtibatçısı Viktor Knış, musiqi tərtibatçısı əməkdar artist Rəşad Haşımovdur. Açılış mərasimi üçün klassik musiqiyə yaxın bir janrda musiqi tərtibatı təqdim olunacaq. Dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin əsərləri səslənəcək. Tədbirdə həm müasir texnologiya vasitəsilə şou, həm də tanınmış sənətkarların ifası təqdim ediləcək. Layihə üzərində 400-ə yaxın əməkdaş çalışıb. Burada milli və klassik rəqslərin nümayişləri də olacaq. 177 nağaraçının ifasında bayraqların paradı təşkil olunacaq. Bir saatlıq tədbir ərzində həm müasir Azərbaycan mədəniyyəti, həm də ölkəmizin klassik ornamentləri tamaşaçılara göstəriləcək.
Tarixi eksponatlar nümayiş olunacaq
Olimpiada çərçivəsində Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi təşkil olunacaq. Tamaşaçılara “Baku Crystall Hall”da təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan yaradılır. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq. Sərgidə hind çaturanqa, İran şətrənc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar təqdim ediləcək.
Xatırladaq ki, 1956-cı il avqustun 18-də Moskvanın Qoqol bulvarında Şahmat Mərkəzi, 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk şahmat muzeyi açılıb. Muzey eksponatlarının bir hissəsini keçmiş SSRİ-nin tanınmış şahmat kolleksioneri, peterburqlu Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil edib. Kolleksiya 40 il ərzində yığılıb və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdir.
Kolleksiyanı həmçinin nadir əntiq eksponatlar da fərqləndirir. Misal üçün, muzeyin kolleksiyasındakı rus avanqardının nadir nümunəsi “Şimal heyvanları Cənub heyvanlarına qarşı” adlı çini dəst hətta xüsusi incəsənət muzeylərində belə yoxdur. Blokada zamanı Leninqraddan (indiki Sankt-Peterburq) aparılmış şahmat dəsti, birinci “Kosmos-Yer” matçı zamanı istifadə olunmuş şahmat dəsti kimi dəyərli dəstlər də kolleksiyanın vacib hissəsidir.
Muzeyi fərqləndirən xüsusiyyətlərdən biri də burada sovet və rusiyalı şahmatçıların qazandıqları mükafatların mühafizə olunmasıdır. Belə çoxsaylı mükafatlar dünyanın heç bir muzeyində mövcud deyil. Qonaqlar üçün ən maraqlı eksponatlardan biri də 1984-cü ildə Anatoli Karpov-Harri Kasparov matçı zamanı istifadə olunan masadır.
Turniri milyonlarla insan izləyəcək
Paytaxtın ən gözəl guşələrinin birində yerləşən “Baku Crystall Hall” planetin adlı-sanlı şahmatçıları arasında zəka mübarizəsinə şahidlik edəcək. Olimpiadaya dünya mətbuatının marağı çox böyükdür. Qeydiyyatdan keçən 248 jurnalistdən 150-si yerli media nümayəndəsidir. Bütün jurnalistlərin rahat və operativ şəkildə çalışması üçün komitə tərəfindən yüksək şərait yaradılacaq. Media nümayəndələri üçün 3 dildə (Azərbaycan, İngilis və rus dilləri) məlumat kitabçası hazırlanıb. Jurnalistlərin yarış məkanına rahat daxil olmaları üçün ayrıca giriş qapıları xidmət göstərəcək. Mətbuat konfransları birbaşa yayımlanacaq. Turniri internet vasitəsilə milyonlarla insanın izləyəcəyi proqnozlaşdırılır. Gün ərzində ən az 4-5 mətbuat konfransı keçiriləcək. Bütün partiyalar 3 dildə canlı şəkildə şərh olunacaq. Mətbuat mərkəzi saat 10:00-dan 23:00-dək fasiləsiz çalışacaq. Arenada həmçinin Azərbaycanın bölgələrini təmsil edən otaqlar fəaliyyət göstərəcək ki, burada qonaqlara hər regionun özünə aid şirniyyatlar və çay təqdim olunacaq.
Azərbaycanı
6 komanda təmsil edəcək
Mötəbər yarışda Azərbaycanı 3 kişi və 3 qadın komandası təmsil edəcək. Kişi şahmatçılardan ibarət əsas milli komandanın kapitanı Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində üç dəfə (1992-ci, 1994-cü və 1996-cı illərdə) olimpiya çempionu olan A.Dreyev 1997-ci və 2005-ci illərdə komandalar arasında dünya birinciliyinin qalibi adını qazanıb. Onun rəhbərliyi altında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yarışacaqlar.
Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovskinin kapitanı olduğu 2-ci komandamızda isə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani mübarizə aparacaqlar.
Azər Mirzəyevin kapitanı olduğu 3-cü komandada isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəyli yer alıblar.
Fikrət Sideifzadənin rəhbərlik edəcəyi qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunublar.
İkinci komandada isə Sərxan Quliyevin rəhbərliyi altında Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar.
Rəsul İbrahimovun kapitanı olduğu 3-cü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edəcəklər.
Ümid edirik ki, şahmatçılarımız bu mötəbər turnirdə layiqli çıxışları ilə ölkəmizin idman ictimaiyyətini sevindirəcəklər.
Planetin ən məşhur zəka sahibləri
yarışacaq
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi saytında yarışlarda iştirak edəcək bütün komandaların heyəti açıqlanıb. Turnirin rəsmi saytında “Komandalar” bölməsində planetin nüfuzlu yarışında təmsil olunacaq 176 ölkənin şahmatçılarının adları qeyd olunub.
Ölkələrin komandalarında dünyanın aparıcı şahmatçıları yarışacaqlar. 42-ci Ümumdünya Şahmat Olimpiadasının reytinq-favoritində orta reytinqi 2700-dən çox olan kollektivlər - Azərbaycan, Rusiya, ABŞ və Çin komandaları yer alıb. Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Norveç komandasında yarışacaq.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadasının oyun günləri sentyabrın 2-6-da, 8-13-də olacaq.
Olimpiadanın maskotu - “Şah Oğlan”
42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu “Şah Oğlan”dır. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən elan olunan Milli Yaradıcılıq Müsabiqəsinə 600-dən çox müxtəlif rəsmlər daxil olub. Müsabiqə başa çatandan sonra Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi bütün rəsmləri müzakirə edərək, Musa Gənciyevin müəllifi olduğu maskotu qalib elan edib. Maskot milli üslubda geyinən gənc şahmatçı obrazıdır. Xalatın üzərində buta və xalçalarımızda tez-tez rast gəlinən naxışları görmək mümkündür.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2016.- 1 sentyabr.- S.1, 5.