Bakıda 42-ci
Ümumdünya Şahmat Olimpiadasının təntənəli
açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham
Əliyev mərasimdə iştirak edib
Bakıda,
Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat
Olimpiadasının təntənəli açılış
mərasimi keçirilib.
Mərasimdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və ailə üzvləri,
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan
İlyumjinov və təşkilatın digər nümayəndələri,
şahmat üzrə dünya çempionları, dövlət
və hökumət rəsmiləri iştirak ediblər.
Şahmat
Olimpiadası hazırda 150-dən çox ölkəni, 3 minədək
idmançını və rəsmiləri əhatə edən
əsas idman yarışlarından biridir. FIDE 1927-ci ildə
Londonda birinci rəsmi Olimpiadanı (“Olimpiada” adı yalnız
1952-ci ildə təsdiqlənib) təşkil edib. Bundan sonra
olimpiadalar İkinci Dünya müharibəsinə qədər
bəzən hər il, bəzən isə qeyri-müntəzəm
intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində
1939-cu ildən 1950-ci ilədək uzun fasilə olub. 1950-ci ildən
isə olimpiadalar mütəmadi olaraq, hər iki ildən bir
keçirilməyə başlayıb. 1927-ci ildən indiyədək
41 Ümumdünya Şahmat Olimpiadası təşkil olunub.
Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.
Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.
Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edirlər.
Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.
Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.
Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il fevralın 14-də imzaladığı Sərəncama əsasən yaradılan Təşkilat Komitəsi yarışlara hazırlıq işlərini uğurla həyata keçirib. Aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün ideal vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.
Dövlətimizin başçısı İlham Əliyevin Olimpiada iştirakçılarına məktubunda əminliklə bildirilir ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaq. Məktubda deyilir ki, Rio-de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilib. XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter alıb, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlayıb. İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan verib. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılan mühüm addımdır. Bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək.
Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edərək dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident.
Çox hörmətli Mehriban xanım.
Hörmətli Kirsan Nikolayeviç.
Hörmətli qonaqlar, xanımlar və cənablar, dünyanın ən güclü və adlı-sanlı şahmatçıları.
Bu gün qədim Azərbaycanın paytaxtı Bakı şəhərinə şahmat aləminin ən böyük idman tədbirində - 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün gələn bütün qonaqlara Təşkilat Komitəsi adından “Xoş gəlmisiniz!” deyirəm. Ümidvaram ki, iki həftə ərzində siz şahmat taxtası arxasında mübarizə aparmaqla yanaşı, həm də imkan tapıb şəhərimizi gəzəcək, onun gözəlliyindən ilham alaraq yeni zirvələri fəth edəcəksiniz.
Möhtərəm cənab Prezident, Ümumdünya Şahmat Olimpiadası Təşkilat Komitəsi tərəfindən görülən işlərdən danışmazdan əvvəl, icazə verin, bütün Azərbaycan xalqını və şəxsən Sizi Azərbaycan idmançılarının Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarındakı möhtəşəm çıxışları və tarixi qələbələri münasibətilə təbrik edim. Azərbaycan idmançıları idmanın 17 növündə çıxış edərək 5 növ üzrə 18 medal qazanmış, 207 ölkə arasında medalların sayına görə 15-ci yeri tutmuş və hər bir idmançıya düşən medal sayına görə dünyanın ən effektli komandası olmuşdur. Bu uğur məhz dövlətimizin və Milli Olimpiya Komitəsinin prezidenti kimi şəxsən Sizin idmançılarımıza göstərdiyiniz yüksək diqqət və qayğı nəticəsində əldə edilmişdir. Azərbaycan idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut etdi və bu gün start götürəcək Ümumdünya Şahmat Olimpiadası da bu silsiləvi nailiyyətlərimizin bir davamıdır. Bu il bu möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsi üçün 2013-cü ildə Sizin xüsusi Sərəncamınız ilə Şahmat Olimpiadasının Təşkilat Komitəsi yaradılmışdır. İcazə verin, bu dövr ərzində Təşkilat Komitəsi tərəfindən görülmüş işlər haqqında qısa məlumat verim.
Yarışların keçiriləcəyi yer olaraq, əvvəllər “Eurovision” mahnı müsabiqəsinə və ilk Avropa Oyunlarına ev sahibliyi etmiş “Baku Crystal Hall” təyin edilmişdir. Bütün idmançılar və məşqçilər Bakı şəhərinin ən gözəl və yüksək səviyyəli otellərində yerləşdirilmişlər. Bakı Olimpiadasında dünyanın 175 ölkəsini təmsil edən və heyətində dünyanın ən güclü şahmatçıları olan 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edəcəklər. Yarışları 193 hakim idarə edəcək. Olimpiada ilə yanaşı, sentyabr ayının 4-dən 13-dək Bakı şəhərində, “Fairmont” otelində FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək. Konqresdə FIDE-nin bütün üzv dövlətlərini təmsil edən 359 nümayəndənin və FIDE komissiyalarının 24 sədrinin iştirakı gözlənilir. Ümumdünya Şahmat Olimpiadasında iştirak məqsədilə Azərbaycan Respublikasına gələn qonaqların viza prosedurlarının sadələşdirilməsi ilə bağlı Sizin imzaladığınız Sərəncama əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi viza məntəqələri yaradılmışdır ki, bu da idmançıların ölkəmizə giriş-çıxış işlərini tam rahatlaşdırmışdır.
Hörmətli qonaqlar, Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də nailiyyətləri ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırmışdır. Azərbaycan şahmatının yüksək inkişafının bünövrəsi də məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Xalqın intellektual inkişafında şahmatın çox mühüm əhəmiyyətini yüksək qiymətləndirən və ölkənin beynəlxalq aləmdə tanıdılması işində şahmatın oynaya biləcəyi rolu zamanında layiqincə dəyərləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və qoyduğu bünövrə bu gün öz bəhrəsini verməkdədir. Hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin təşəbbüsü ilə və ölkədə şahmatın inkişafı istiqamətində aparılan düşünülmüş və ardıcıl siyasət sayəsində Azərbaycanda güclü şahmat məktəbi yaradılmış, ölkə şahmatı yüksək səviyyələrə qalxmış, Azərbaycan şahmatçılarının uğurlu çıxışları bir-birini sıralamağa başlamışdır. Bu prosesi bu gün respublikamızın Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Möhtərəm cənab Prezident, Sizin imzaladığınız “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramı dünya ölkələri praktikasında şahmat idman növünün inkişafına yönəldilmiş ilk və yeganə proqramdır. Bu, Azərbaycanda şahmata dövlət səviyyəsində göstərilən qayğının ən bariz nümunəsidir. Bunun qarşısında şahmatçılarımız da öz nailiyyətləri ilə xalqımızı sevindirirlər. Kişilərdən ibarət yığma komandanın 2009-cu və 2013-cü illərdə Avropa çempionu adını, 2007-ci və 2011-ci illərdə Avropa çempionatlarının müvafiq olaraq bürünc və gümüş medallarını qazanmaları, qadın yığmamızın isə 2009-cu ildə Avropa çempionatında dördüncü yerə çıxması, kişilərdən ibarət “SOCAR Azərbaycan” klubunun iki dəfə Avropa çempionu adını və ilk dəfə keçirilmiş şəhərlərarası dünya çempionatında Bakının komandasının gümüş medal qazanması buna əyani sübutdur. İnanırıq ki, şahmatçılarımız bundan sonra da xalqımızı sevindirməyə davam edəcəklər.
Mən Şahmat Olimpiadasının Təşkilat Komitəsi və bütün idmançılar adından, möhtərəm cənab Prezident, Sizə, hörmətli Mehriban xanıma idmançılar üçün yaratdığınız şəraitə, onlara göstərdiyiniz yüksək diqqət və qayğıya görə bir daha dərin təşəkkürümü bildirirəm. Təşkilat Komitəsi adından bildirmək istəyirəm ki, Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsi üçün FIDE-nin bütün tələbləri tam yerinə yetirilmişdir. Biz bu möhtəşəm yarışın keçirilməsinə tam hazırıq. Biz çalışacağıq ki, Bakı Olimpiadası dünya şahmat tarixində ən yaddaqalan tədbirlərdən biri olsun və bütün şahmat həvəskarlarının hafizəsində daim xoş təəssüratla xatırlanan bir şahmat bayramı kimi həkk olunsun.
Bütün yarış iştirakçılarını və qonaqlarımızı bir daha salamlayır və şahmatçılara rəqabətlə dolu mübarizə meydanında müvəffəqiyyətlər arzulayıram. Qoy, güclü qalib gəlsin. Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra
FIDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edərək
dedi:
-Hörmətli
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab
İlham Əliyev.
Əziz
dostlar.
Mən
böyük məmnuniyyətlə Bakıda keçirilən
42-ci Ümumdünya Şahmat Olimpiadasının çox
hörmətli qonaqları, oyunçuları və
kapitanları, federasiyaların prezidentlərini və nümayəndə
heyətlərinin üzvlərini, media nümayəndələrini
ürəkdən salamlayıram.
Dörd
il bundan əvvəl Bakı şəhəri FIDE tərəfindən
şahmat dünyasında ən vacib və ən çox
gözlənilən şahmat hadisələrindən biri olan
bu böyük tədbirin keçirilməsi üçün ən
uyğun şəhər kimi seçilmişdir. Tədbir
öz geniş ənənələri ilə çoxlu sayda
ölkələri və mədəniyyətləri əhatə
edir. Bakı nəinki bütün lazımi infrastruktura,
yüksək qonaqpərvərliyə, eyni zamanda, Azərbaycanın
mənzərəli və görməli yerlərinə malik
bir şəhərdir.
Olimpiadanın
keçiriləcəyi məkan eyni dərəcədə
çox böyük bir əhəmiyyət kəsb edir. Bu məkan
artıq “Eurovision” mahnı müsabiqəsi və eyni zamanda,
birinci Avropa Oyunları kimi əhəmiyyətli tədbirlərə
ev sahibliyi etmişdir. Şübhəsiz ki, bu gözəl məkan
– “Baku Crystal Hall” oyunçular üçün çox
böyük ruh yüksəkliyinə şərait yaradaraq illərdən
bəri iştirak edənlərin yaddaşlarına ən
möhtəşəm yarış məkanı kimi həkk
olunacaq.
On
dörd gün ərzində Bakı dünyada ən əsas
şahmat mərkəzi kimi fəaliyyət göstərəcək.
Milyonlarla şahmatsevərin diqqəti heyranedici Bakıya
yönələcək. Olimpiada ilə yanaşı, FIDE-nin
87-ci Konqresi də Bakıda keçiriləcək. Bu idman
növündə nəzərəçarpan dərin irs və
verilən töhfələr hələ 1924-cü ildən bəri
- FIDE-nin əsasının qoyulduğu andan mövcuddur.
İndi
isə bu tədbirdə iştirak edən və əməyi
olan hər bir kəsə dərin təşəkkürümü
bildirmək istərdim. İcazənizlə Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə, Azərbaycan Hökumətinə, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə,
Azərbaycan Şahmat Federasiyasına, Bakı Şahmat
Olimpiadasının Təşkilat Komitəsinə göstərilən
dəstəyə görə, eyni zamanda, bütün
könüllülərə, media nümayəndələrinə
və sponsorlara səmimi qəlbdən öz dərin minnətdarlığımı
bildirmək istərdim.
42-ci
Ümumdünya Şahmat Olimpiadası start götürməmişdən
öncə artıq kişi və qadın komandalarının
iştirakçı sayına görə yeni rekorda imza
atmışdır. Eyni zamanda, 42-ci Şahmat Olimpiadası və
FIDE-nin 87-ci Konqresində iştirakçı qismində təmsil
olunan federasiyaların sayına görə də bu
Olimpiadanın əsl şahmat bayramı olacağına tam
inanıram.
Gens una
sumus! - Biz bir ailəyik!
Əlbəttə,
dünyanın 188 ölkəsindən olan milyonlarla şahmat həvəskarı
üçün bu təntənəli gündə Azərbaycanın
görkəmli dövlət xadimi Heydər Əlirza oğlu
Əliyevi xatırlamamaq olmaz. O, təkcə Azərbaycanda və
keçmiş Sovet İttifaqında deyil, dünyanın bir
çox ölkələrində şahmatın
inkişafına və populyarlaşmasına çox
böyük töhfə verib. Heydər Əlirza oğlu
uşaqlar arasında şahmatı dəstəkləyirdi.
Dünyaya görkəmli şahmatçılar, o cümlədən
13-cü dünya çempionu bəxş etmiş Bakı
Şahmat məktəbinin banisi məhz Heydər Əliyev olub.
Biz indi də Heydər Əlirza oğlu Əliyevin ənənələrini
davam etdiririk. Sağ olun.
X X X
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 42-ci
Ümumdünya Şahmat Olimpiadasını açıq elan
etdi.
X X X
Açılış
mərasiminin təşkilatçısı - Bakı
Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı
olan “Amapola Exclusive Events” şirkəti layihə üzrə tərəfdaşlarla
birlikdə tamaşaçılara parlaq video-meppinq
proyeksiyaları, milli və müasir rəqslər, 176
nağaraçının müşayiət etdiyi bayraqlar
paradından ibarət möhtəşəm və heyrətamiz
tamaşa təqdim etdi.
Video-meppinq
proyeksiyasında şahmatın yaranması rəngarəng səhnələrlə
canlandırılır, şahmat fiqurları ölkəmizin rəmzlərinə
və Azərbaycanın görməli yerlərinə
çevrilirdi.
Tamaşaçılar
improvizə olunmuş şahmat dünyasına “səyahət
edərək” Azərbaycan musiqisinin korifeyləri, böyük
bəstəkarlar Qara Qarayevin və Fikrət Əmirovun musiqilərinin
sədaları altında canlı ağ və qara fiqurların
oyunda qızğın rəqabət və əbədi
mübarizə ilə teatrlaşdırılmış rəqs
şousunu izlədilər.
Azərbaycanın
qədim xalçaçılıq sənəti prosesində
yaradılmış “Dünya kimi əbədi oyun” meppinqi Milli
Gimnastika Arenasının meydançasını nəhəng
rəsm əsərinə çevirdi. Onların
canlanmış ornamentləri keçmişimizin və bu
günümüzün tarixi və gözəl ənənələrini
təcəssüm etdirirdi.
Şahmat
Olimpiadasında iştirakçı ölkələrin
bayraqları “Biz bir dünyayıq” devizi altında arenaya gətirildi.
Bu vaxt səhnə kompleksi Olimpiadanın iştirakçı
ölkələrinin sərhəd cizgilərinin əks
olunduğu nəhəng xəritəyə çevrildi. Yer
Kürəsinin sürətli fırlanması paralel olaraq,
coşqun musiqi ritmləri və Azərbaycanın ənənəvi
musiqi aləti - nağara zərbələrinin sədaları
altında 176 nağaraçının iştirakı ilə
bayraqların paradı oldu.
Bütün
olimpiadalarda ən həyəcanlı anlardan biri də
püşkatmadır. Olimpiadanın baş hakimi, Azərbaycan
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov,
onunla birlikdə qadınlar arasında şahmat üzrə
dünya çempionu, çinli qrossmeyster Hou Yifan,
keçmiş dünya çempionu, rusiyalı qrossmeyster
Vladimir Kramnik içərisində qara və ya ağ fiqurun olduğu
imitasiya olunmuş şahmat fiqurunun içərisindən
iştirakçıların siyahısında sıra nömrələri
cüt olan yığma komandalar sırasında oyunun hansı
fiqurla başlanacağını müəyyən etdilər.
Mərasim
Azərbaycan estradasının beş populyar nümayəndəsinin
improvizə edilmiş caz, rok və muğam sintezinin ifası
ilə başa çatdı.
Həmişəcavan
Bakıda əbədi oyun başlayır. Şaquli ekranda
şahmat saatı təsvir edilib. Piyada ilk gedişi (Å2-Å4) edir və göstərir ki, qalan
gedişləri qrossmeysterlər etməlidir. Saatın düyməsi
basılır və bununla da Olimpiada açıq elan edilir.
Ümumdünya
Şahmat Olimpiadasının işıqlandırılması
üçün 250-dən çox yerli və xarici media
nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın
keçirildiyi günlərdə Bakı həm də FIDE-nin
növbəti konqresinə ev sahibliyi edəcək. Həmin
konqresdə 183 ölkə təmsil olunacaq.
Mötəbər
yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb
edilib.
İlk
tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir
turdan ibarət yarışlar sentyabrın 13-də
yekunlaşacaq.
Azərbaycan.- 2016.- 2 sentyabr.- S. 1, 3.