Mahir Məmmədov: “Şahmatçılarımızdan uğur gözləyirik”

 

Bu gün Bakıdakı möhtəşəm “Kristal Zalda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürür. Dünən isə Milli Gimnastika Arenasında yarışların açılış mərasimi keçirilmişdir.

Oxucuların marağını nəzərə alaraq, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədovun qəzetimizə verdiyi müsahibəni təqdim edirik.

- Bakı Şahmat Olimpiadası dünyanın ən nüfuzlu yarışlarından biridir. Bu mötəbər turniri keçirmək üçün hansı işlər görülmüşdür?

- Azərbaycanda şahmat oyununun qədim kökləri mövcuddurbu oyuna olan maraq gündən-günə daha da artmaqdadır. Azərbaycan dünyada məşhur olan şahmatçıları yetişdirir və yetişdirməkdədir.

Azərbaycan 42-ci Şahmat Olimpiadasının keçirilməsi hüququnu 2012-ci ildə İstanbul şəhərində baş tutan 40-cı Şahmat Olimpiadası zamanı qazanmışdır. Bu münasibətlə “2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 14 fevral tarixli 2719 nömrəli sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır.

Təşkilat Komitəsinin əsas məqsədi 2015-ci ildə Şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının, habelə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 87-ci Konqresinin Bakı şəhərində keçirilməsinin təşkili və bu beynəlxalq tədbirlərin idarə edilməsidir.

Təşkilat Komitəsinin əsas vəzifəsi 42-ci Şahmat Olimpiadasının uğurla həyata keçirilməsi və bu tədbirin Azərbaycanın idman tarixinə mötəbər bir hadisə kimi yazılmasından ibarətdir.

Qeyd edim ki, “Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli 1955 nömrəli sərəncamı ilə 42-ci Şahmat Olimpiadası və 87-ci FIDE Konqresinə gələn qonaqlar üçün ölkəmizin beynəlxalq hava limanlarında yerləşən Xarici İşlər Nazirliyinin strukturları vasitəsilə viza ala bilmələri asanlaşdırılmışdır.

- Bildirilir ki, Bakı Şahmat Olimpiadasında rekord sayda ölkə və komanda iştirak edəcək...

- Ümumdünya Şahmat Olimpiadasında 3000-dən çox qonaqlar, eləcə də 181 kişi və 142 qadın komandaları, 150-dən artıq FIDE-nin rəsmi nümayəndəsi, 193 hakim, 200-dən artıq mətbuat təmsilçisi iştirak edəcək.

- Olimpiadada yarışla yanaşı bir sıra tədbirlərin, o cümlədən FIDE-nin 87-ci Konqresinin keçirilməsi nəzərdə tutulmuşdur. Konqresdə hansı məsələlərə baxılacaq? Şahmat həvəskarları və şəhərimizin qonaqları üçün hansı tədbirlər təşkil olunacaq?

- Olimpiada ilə yanaşı, FIDE-nin 87-ci Konqresində 358 nəfər iştirakçı, eləcə də 24 nəfər FIDE komissiyalarının sədrləri olacaq.

42-ci Şahmat Olimpiadasına gələcək bütün iştirakçılar və qonaqlar şəhərimizin ən yaxşı 12 mehmanxanası, o cümlədən “Marriot”, “Hilton”, “Boulevard”, “Intourist”, “Holiday Inn”, “Park Inn” və digər hotellərdə yerləşdirilmişlər.

FIDE-nin 87-ci Konqresinə gələn qonaqlar isə “Fairmont” mehmanxanasında məskunlaşmışlar.

Yarışların keçiriləcəyi məkan - “Kristal Zalbundan öncə Azərbaycanın evsahibliyi etdiyi bir sıra beynəlxalq tədbirlərin (“Eurovision”, I Avropa Oyunları və s.) yüksək səviyyədə baş tutduğu məkan kimi seçilmişdir. Bu cəhətdən “Kristal ZalÜmumdünya Şahmat Olimpiadasının keçirilməsinə tam hazır və unikal bir məkandır.

Yarış yerinə dəfələrlə baxış keçirən FIDE rəsmiləri yekunda hazırlığın yüksək səviyyədə olduğunu və Bakıda keçiriləcək olimpiadanın şahmat tarixində ən uğurlu hadisə kimi yaddaşlarda qalacağını xüsusilə vurğulamışlar.

Kristal Zalda paralel tədbirlər üçün nəzərdə tutulmuş şahmat sərgisi və şahmata dair əyləncəli zonalar, o cümlədən “Qonaqpərvərlik Zona”sı və uşaqlar üçün zona təşkil olunmuşdur. Sərginin keçirildiyi dövr ərzində Rusiyadan xüsusi olaraq gətirilən şahmata aid muzey eksponatları da qonaqlar üçün nümayiş etdiriləcək.

Ümumdünya Şahmat Olimpiadasına gələn bütün qonaqlar Təşkilat Komitəsi tərəfindən nəqliyyat vasitələri ilə təmin olunmuşlar.

Olimpiada zamanı oynanılan partiyaların, habelə videoçəkilişlərin canlı olaraq yayımlanması yarışların rəsmi internet səhifəsi vasitəsilə həyata keçiriləcək.

Təcrübəyə əsasən dünyada bir sıra mühüm beynəlxalq tədbirlər könüllü qüvvələr - volontyorlar olmadan keçirilmir. Ümumilikdə 42-ci Şahmat Olimpiadasına I Avropa Oyunları, “Formula-1” yarışlarında böyük təcrübə qazanmış 500-dən artıq könüllü cəlb olunmuşdur.

Tam əminliklə söyləyə bilərik ki, Bakı Şahmat Olimpiadası bu vaxta qədər keçirilən şahmat olimpiadaları arasında 183 təmsil olunan federasiyalar və 175 iştirakçı ölkələrin sayına görə rekorda imza atacaq.

- İki dəfə komanda hesabında Avropa çempionatının qalibi olmuş Azərbaycan yığmasından hansı nəticəni gözləmək olar?

- Bu mötəbər yarışa hazırlıq yüksək səviyyədə aparılmışdır. Kişilərin və qadınların yarışında ölkəmizi 6 komanda təmsil edəcək. Uğurlu nəticə əldə etmək üçün şahmatçılarımıza hər cür şərait yaradılmışdır. İndi onlardan medallar gözləyirik. Xüsusən iki dəfə Avropa çempionu olmuş və Norveçdə keçirilmiş ötən olimpiadada 2-5-ci yerləri bölüşmüş kişilərdən ibarət yığma komandamızdan ən yaxşı nəticə gözləmək olar.

- Bakı Olimpiadasına iştirakçı, yaxud qonaq kimi hansı dünya çempionları gələcək?

- Kişilər arasında hazırkı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen, qadınlar arasında dünyanın ən güclü şahmatçısı, çinli qrossmeyster Hou Yifan komandaların kapitanlarıdır. Bundan əlavə, keçmiş dünya çempionları Mariya Muzıçuk, Vladimir Kramnik, Veselin Topalovşahmat dünyasının digər məşhur simaları olimpiadada iştirak edəcəklər. Eyni zamanda Nona Qaprindaşvili, Anatoli Karpov, Maya Çiburdanidze, Ruslan Ponomaryov və başqaları qonaq qismində Bakıya dəvət olunmuşlar.

- Son anda Ermənistan yığması Bakıya gəlməkdən imtina etmişdir. Halbuki əvvəlcə olimpiadada iştirak etməyə razılıq vermişdi. FIDE ermənilərin bu addımına münasibət bildirəcəkmi?

- Təşkilat Komitəsi tərəfindən bütün iştirakçı ölkələrin nümayəndələri, o cümlədən qonaqlar üçün hər cür şərait yaradılmışdır. Hər hansı bir ölkənin olimpiadada iştirak etmək hüququndan imtina etməsi, düşünürəm ki, federasiyadaxili, yaxud digər səbəblərlə əlaqədardır.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2016.- 2 sentyabr.- S. 8.