Naxçıvandakı
Qarabağlar Türbə Kompleksi
bərpa edilir
Naxçıvan
Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində
yerləşən Qarabağlar Türbə Kompleksində bərpa
işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, regionun tarixi baxımından böyük əhəmiyyət kəsb edən abidədə bərpa işlərinə bu il iyulun 15-dən start verilib.
Qarabağlar Türbə Kompleksi qoşa minarə, onların arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Aparılan işlər zamanı türbə və qoşa minarə hissələri bərpa ediləcək, bunlar arasındakı bölüm, habelə dörd təndir konservasiya olunacaq. Ötən zaman ərzində baş verən proseslər nəticəsində türbənin daha çox aşınma və dağılmaya məruz qalmış dam örtüyü hissəsinin, giriş qapılarının bərpası təmin ediləcək.
Həyata keçirilən bərpa işləri çərçivəsində kompleksin ətrafı abadlaşdırılacaq, Qarabağlar kəndinin girişindən buraya yeni yol çəkiləcək.
İş icraçısı Ziya Əliyev bu mühüm abidənin bərpasının uğurla başa çatacağına əminliyini bildirərək qeyd edib ki, muxtar respublika rəhbərinin tarixi abidələrin qorunmasına göstərdiyi böyük diqqət və qayğı, Naxçıvandakı digər tarixi əsərlərin bərpası zamanı əldə olunmuş təcrübə bunu deməyə əsas verir.
Ziya Əliyev deyib: “Tarixi abidələrin bərpası daha çox zehni iş tələb edir. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri Arif Əzizov və Qoçəli Əliyevin bu işlərin öhdəsindən layiqincə gələcəyinə inanırıq”.
Qarabağlar türbəsi və Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir. Bu gün ərsəyə gətirilən əsərlər kimi, min il əvvəl yaradılmış bütün maddi və mədəni sərvətlərimizə də sahib çıxılması, onlara qayğı göstərilməsi bugünkü iqtisadi-mədəni gücümüzün yaratdığı tarixi bir fürsətdir.
Naxçıvanda mövcud
olan digər tarixi abidələr
kimi, Qarabağlar
türbəsi də memarlıq üslubu,
inşasına sərf olunmuş
materialların orijinallığı və digər bənzərsizliklərlə
təkcə tarixçiləri deyil, eyni zamanda hər kəsi
maraqlandıran sirli bir
kitabədir. Şərq tarixinin mühüm bir hissəsi
olan Naxçıvanda
formalaşmış qədim şəhər mədəniyyəti,
burada Qarabağların yeri
və əhəmiyyəti kimi sualların
bir çoxunun
cavabı məhz bu türbənin öyrənilməsi
ilə tapıla bilər. Buna görə də “Qarabağlar
Türbə Kompleksinin bərpası və
tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2016-cı il iyunun
4-də imzaladığı sərəncamı sahib olduğumuz tarixi zənginliklərin qorunaraq
gələcək nəsillərə ötürülməsi,
onların dünya mədəni irsi sırasında yer
alması yolunda mühüm
addımdır.
Azərbaycan.- 2016.- 2 sentyabr.- S. 8.