Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb
02 Sentyabr 2016
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar.
Dövlət başçısı görüşdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Əziz idmançılar, əziz dostlar.
Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm və tarixi qələbə qazanmışdır. Bu qələbə münasibətilə idmançılarımızı və bütün Azərbaycan xalqını bir daha təbrik edirəm.
Bu, doğrudan da tarixi qələbədir. Azərbaycan
idmançıları Rio Olimpiya Oyunlarında 18 medal
qazanmışlar. Bu, rekord göstəricidir.
Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u
isə bürünc medaldır. Bu, onu
göstərir ki, Azərbaycan doğrudan da idman dövlətidir.
Mən bunu dəfələrlə bildirmişəm.
Bir daha demək istəyirəm, həyat və
idmançılarımızın nəticələri bunu bir
daha təsdiqləyir. Medalların
sayına görə Azərbaycan komandası 14-15-ci yerləri
bölüşür. Avropa ölkələri
arasında 7-ci, keçmiş Sovet İttifaqı
respublikaları arasında 2-ci, müsəlman ölkələri
arasında isə 1-ci yerdədir. Bu
möhtəşəm qələbə bütün Azərbaycan
xalqını sevindirir. Azərbaycan
xalqı öz idmançıları ilə fəxr edir və
mən sizi bu gözəl qələbə münasibətilə
bir daha ürəkdən təbrik edirəm.
Azərbaycan idman dövlətidir. Biz məqsədyönlü
şəkildə idman siyasətimizi apararaq, bu gözəl nəticələrə
nail ola bilmişik. İlk dəfə
Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildə
yay olimpiya oyunlarında iştirak etmişdir. O vaxt bizim cəmi
1 medalımız var idi. Ondan sonra hər
olimpiadada biz nəticələrimizi artırırdıq -
2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7 və
2012-ci ildə 10 medal qazanmışdıq. Biz hesab edirdik ki, bu, böyük nəticədir və
doğrudan da belədir. Çünki yay
olimpiya oyunlarında dünyanın ən qabaqcıl
idmançıları iştirak edirlər və orada medal
qazanmaq o qədər də asan deyil. Ancaq bu dəfə 18
medal əldə etməyimiz, əlbəttə, onu göstərir
ki, son 4 ildə də Azərbaycan idmanı sürətlə
inkişaf edib.
Biz güclü idman dövlətləri
arasındayıq. Biz bütün dünyaya göstəririk
ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil
yetişir və idman hər bir ölkənin ümumi
inkişafının təzahürüdür. Əgər qabaqcıl idman ölkələrinə nəzər
salsaq görərik ki, onların mütləq əksəriyyəti
inkişaf etmiş ölkələrdir. Çünki
inkişaf etmiş ölkələrdə idmana daha da
böyük dəstək göstərilir, bunun
üçün daha da böyük maliyyə imkanları var,
idmançılar üçün şərait daha da
yaxşıdır və əlbəttə ki, nəticələr
də özünü göstərir. Uğurlu
iqtisadi inkişafımız və
düşünülmüş siyasətimiz Azərbaycanı
da dünya idman elitasının sıralarına daxil edib.
Bu, məni çox sevindirir.
Çünki bilirsiniz ki, idman mənim həyatımda
mühüm rol oynayır. Mən 19 ildir ki, Milli
Olimpiya Komitəsinin prezidentiyəm və bu missiyanı icra
edirəm. Yadımdadır, 1997-ci ildə
Azərbaycan idman ictimaiyyəti mənə bu etimadı
göstərəndə ölkə idmanı o qədər də
yaxşı vəziyyətdə deyildi. İdmançılarımız
ölkəmizi tərk edirdi, bəzi
idmançılarımız düz yolda deyildilər. Bu da həqiqətdir. İdmana
qayğı göstərmək üçün bizim o qədər
də maliyyə imkanlarımız yox idi. Bundan
əlavə, idmana rəhbərlik edən qurumlar arasında da
birlik yox idi.
Mənim yadımdadır, o vaxt Milli Olimpiya Komitəsi ilə
İdman Nazirliyi arasında demək olar ki, intriqalar gedirdi,
qarşıdurma yaranmışdı.
Əlbəttə ki, bu, idmanın inkişafına
çox mənfi təsir göstərmişdir. Mənim əsas
vəzifəm, - o vaxt mən bunu açıq şəkildə
ifadə etdim, - ondan ibarət idi ki, idmana rəhbərlik edən
qurumlar arasında birlik yaransın, biz vahid komanda kimi fəaliyyət
göstərək, idmançılara şərait yaradaq və
ondan sonra idmançılardan nəticə gözləyək.
Çünki əgər şərait yoxdursa, nəticə
gözləmək mümkün deyil və biz bu siyasəti
ardıcıl şəkildə apararaq bugünkü gözəl
nəticələrə gəlib çatmışıq.
Bizim idmançılarımız müxtəlif beynəlxalq
yarışlarda, dünya, Avropa çempionatlarında həmişə
böyük nəticələr qazanırlar. Gənc
idmançılarımız bizi sevindirir, gənc nəsil
yetişir. Bu da çox vacib məsələdir.
Çünki əgər gənc nəsil idmana
meyilli olmasa, idmanla məşğul olmasa, onda, əlbəttə
ki, böyük uğurlardan söhbət gedə bilməz.
Gənc nəsli idmana cəlb etmək
üçün ilk növbədə şərait
olmalıdır. Biz bunu yaradırıq.
Qırxdan çox şəhərimizdə
müasir olimpiya kompleksi açılıbdır. Digər stimul, əlbəttə ki,
tanınmış idmançılarımızın qələbələridir.
Uşaqlar, yeniyetmələr, idmanla məşğul
olanlar, yaxud da ki, olmaq istəyənlər indi bizim
çempionlarımıza baxırlar, onların
uğurlarına sevinirlər və onlar kimi olmaq istəyirlər.
Yəni bütün bu amillər idmanın
inkişafına xidmət göstərir. Ona
görə biz öz siyasətimizi apararkən bütün bu
amilləri nəzərə alırdıq. İdmançılara şərait
yaradılmalı, idmançının ləyaqətli adı
cəmiyyətdə bərpa edilməli idi, onu da biz etdik.
İdmançılarımızın təlim-məşq
toplanışlarının təşkili məsələlərində
lazımi addımlar atılmışdır. İdman mütəxəssisləri cəlb edildi, məşqçi
heyət gücləndirildi və əlbəttə ki, nəticə
də göz qabağındadır. Əgər
bütün bu tədbirlər olmasaydı, nəticə
gözləmək, əlbəttə ki, mümkün
olmazdı.
Bu gün isə Azərbaycan özünü dünyada
idman dövləti kimi göstərir. Rio Olimpiya Oyunları
eyni zamanda onu göstərib ki, əvvəlki dövrlərdə
qazandığımız uğurlar təsadüfi deyildir.
Keçən il Bakıda tarixdə ilk dəfə
olaraq I Avropa Oyunları keçirilmişdir. Azərbaycan
atletləri komanda hesabında ikinci yeri tutmuşlar. Bəziləri buna təəccüblə
yanaşırdılar. Yəni bəzi idman
mütəxəssisləri üçün bu, bir sürpriz
idi. Hesab edirdilər ki, doğma divarlar
arasında bizim idmançılara, yəqin, hansısa
xüsusi bir şərait yaradılmışdı. Halbuki bu, belə deyil. Hətta
Bakıda keçirilmiş Avropa Oyunlarında da hakimlərin ədalətsizliyi
bəzi hallarda idmançılarımıza mane olurdu. Necə ki, bu dəfə Rioda bizim qızıl
medallarımızın sayı daha çox olmalı idi.
Bunu siz də yaxşı bilirsiniz, Azərbaycan
ictimaiyyəti də və idmanla maraqlananlar da bilirlər.
Rio Olimpiya Oyunlarının nəticələri
onu göstərir ki, Avropa Oyunlarındakı nailiyyət təsadüfi
deyildir.
Biz, doğrudan da, idman dövlətiyik. Biz
bütün reytinqlərə görə qabaqcıl yerlərdəyik.
Yay olimpiya oyunlarından sonra bir neçə
parametr üzrə təhlil aparılmışdır - ölkələrin
əhalisinin sayına görə medalların sayı və
ölkələrin ümumi daxili məhsulunun həcminə
görə medalların sayı. Hər iki
reytinqdə biz birinci onluqdayıq. İştirak
edən idmançıların medallarının sayına
görə isə biz birinci yerdəyik. Biz olimpiadada 56
idmançı ilə təmsil olunmuşuq, 18 medal
qazanmışıq. Yəni bu meyar üzrə
biz dünyada birinciyik. Bir daha sizi bu gözəl
hadisə, gözəl nəticələr münasibətilə
təbrik edirəm.
Əlbəttə, oyunların nəticələri təhlil
ediləcək ki, gələcəkdə biz daha da
yaxşı nəticə gözləyə bilək. Düzdür,
hər yay olimpiya oyunlarından sonra idmançılarla
görüşlər zamanı mən qeyd edirəm ki, bu,
çox böyük nəticədir, bundan böyük nəticə
əldə etmək çətin olacaq.
Xatırlayıram, 4 il bundan əvvəl
idmançılarımız Londondan qaydandan sonra da demişdim
ki, 10 medal qazanmışıq, gələn dəfə ondan
çox medal qazanmaq çətin olacaq. Amma indi 18 medal
qazanmışıq və əlbəttə ki, bu, bizim
işimizi Tokioda bir az çətinləşdirəcək.
Amma buna baxmayaraq, əminəm ki, Tokioda da Azərbaycan
idmançıları ölkəmizi ləyaqətlə təmsil
edəcəklər.
Əlbəttə, hər bir ölkə, hər bir
ölkənin əhalisi, xalqı istəyir ki, onun
idmançıları daha çox medal qazansın. Biz də bunu
istəyirik. Ancaq bununla bərabər biz
istəyirik ki, Azərbaycanda idman kütləvi xarakter
alsın. Artıq bu istiqamətdə
çox önəmli addımlar atılıbdır. İdmanın kütləviliyi insanların
sağlamlığı, sağlam həyat tərzi deməkdir.
Bizim idmançılarımız, - mən
görkəmli idmançılarımızı, çempionlarımızı
nəzərdə tuturam, - özlərini məişətdə
də, döyüş meydanlarında da ləyaqətlə
aparırlar. Rio Olimpiya Oyunlarında bəzi
hallarda hakimlərin ədalətsizliyi və deyə bilərəm
ki, saxtakarlığı ilə üzləşərək
onlar emosiyalara yol vermədilər, özlərini ləyaqətlə
apardılar. Onlar üçün bu, ən
ağır mənəvi zərbə idi. Çünki
onların qələbəsi bütün dünyanın
gözü qarşısında kobudcasına, həyasızcasına,
biabırcasına əllərindən alınıb. Amma görün bizim idmançılarımız
özlərini necə ləyaqətlə aparırlar. Bu, onu göstərir ki, bizim
idmançılarımızın çox güclü mənəvi
dayaqları var. Onlar gənc nəsil üçün də
nümunədirlər və onların davranışı, - mən
onların fəaliyyətini də, həyatını da izləyirəm,
- cəmiyyətdəki hərəkətləri bizi çox
sevindirir. Onlar bizim gənc
idmançılar üçün nümunədir, örnəkdir.
Əminəm ki, gənc idmançılar burada
oturan idmançılardan nümunə götürərək
çalışacaqlar ki, onlar kimi olsunlar. Ona görə idmanın cəmiyyətdə
çox böyük rolu var. Bu, təkcə fiziki idman
yarışı deyil. Bu, mənəviyyatdır.
Bu, sağlam həyat tərzidir. Bu, ləyaqətdir. Öz
gücünə əmin olan insan heç vaxt ondan
gücsüzə qarşı zor tətbiq etməz. Bəli, özünü müdafiə etmək
üçün lazımi cavab verə bilər və verməlidir.
İdmanda da, həyatda da eynidir. Ancaq özü bunun təşəbbüskarı
olmamalıdır və şadam ki, bizim
idmançılarımız bax belə
idmançılardır.
Siz Azərbaycan xalqını sevindirmisiniz. Rioda müstəqil
Azərbaycan bayrağı 18 dəfə dalğalanıb.
Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz
müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik,
bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan
idmançıları tərəfindən gözəl hədiyyədir.
Bütün Azərbaycan xalqı sizinlə fəxr
edir. Mən sizinlə fəxr edirəm.
Sizə minnətdaram, sizə uğurlar arzulayıram, sizi
öpürəm, bağrıma basıram! Eşq olsun Azərbaycan
idmançılarına!
***
Sonra mükafatlandırma mərasimi oldu.
Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya
komandasının üzvlərinin təltif edilməsi ilə
bağlı sərəncamları elan edildi.
Dövlət
başçısı Azərbaycan idmanının
inkişafındakı xidmətlərinə və XXXI Yay
Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə
görə təltif edilmiş idmançılara və
onların məşqçilərinə “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi”
medallarını, “Şöhrət”, “Vətənə xidmətə
görə” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar
arzuladı.
* * *
Sərbəst
güləş üzrə Azərbaycan yığma
komandasının böyük məşqçisi Firdovsi
UMUDOV idmançılara göstərdiyi diqqət və
qayğıya görə Prezident İlham Əliyevə təşəkkür
edərək dedi:
- Möhtərəm
cənab Prezident.
Əziz dostlar, idmançılar, hər birinizi salamlayıram. Mən də
öz adımdan, komandamız adından bu gözəl qələbəmiz
münasibətilə xalqımızı təbrik edirəm.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan, bu gün möhtərəm cənab Prezidentimiz
İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti
ölkəmizi olimpiya oyunlarının ən yüksək zirvəsinə
qaldırmışdır. Olimpiya oyunları
idmanın ən yüksək zirvəsində olan
yarışlardan biridir. Möhtərəm
cənab Prezident, Siz olimpiya oyunlarına yolasalma mərasimində
idmançılarımıza öz tövsiyələrinizi
vermişdiniz. Hər zaman olduğu kimi, Sizin
tövsiyələriniz bizim yaddaşımıza
yazılıb. Yolasalma mərasimində
idmançılarımıza müvəffəqiyyətlə,
ləyaqətlə çıxış edib ölkəmizə
uğurlu nəticələrlə, yüksək əyarlı
medallarla qayıtmağı arzu etmişdiniz. Bu gün biz idmançılar, məşqçilər
Sizin qarşınızdayıq. Möhtəşəm
qələbə ilə hüzurunuzda durmuşuq. Fəxr,
qürur hissi keçiririk ki, bu gün Sizin
etimadınızı doğrultmuşuq.
Bu qələbələr münasibətilə Sizi,
bütün Azərbaycan xalqını təbrik edirik. Bu, Sizin
qələbənizdir. Bu, bütün
xalqımızın qələbəsidir. Sözsüz
ki, bu qələbələrə gedən yol asan
olmamışdır. Dövlətimizin bizə
göstərdiyi diqqət və qayğı sayəsində,
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi,
federasiyanın rəhbərliyi altında biz yarışlara
hazırlaşdıq və bu möhtəşəm qələbəni
qazandıq.
Mən bir güləş mütəxəssisi, məşqçisi
kimi pəhləvanlarımızın, güləşçilərimizin
olimpiya oyunlarında çıxışlarını da qeyd
etmək istəyirəm. Güləşçilərimiz 9 medal
qazandılar. Sərbəst güləşçilərimiz
6 çəki dərəcəsində mübarizə
aparırdılar, 5 medal qazanaraq komanda hesabında birinci yerə
layiq görüldülər. Bu da idman tariximizə
yeni bir səhifə yazdı. Bu, ölkəmizdə
güləşçilərimizin potensialının nə qədər
böyük olmasından xəbər verir.
Cənab
Prezident, biz bundan sonra da çalışacağıq ki, Sizin bizə göstərdiyiniz etimadı
doğruldaq. Gələcək yarışlarda,
IV İslam Həmrəyliyi Oyunlarında, Tokioda keçiriləcək
olimpiya oyunlarında imkan verməyəcəyik ki, hakim ədalətsizliyi
olsun. İnşallah, elə hazırlaşacağıq
ki, qazandığımız o 9 medalı - gümüş,
bürünc medalları qızıla çevirək və
bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan
dövləti güclü dövlətdir, Azərbaycanın
İlham Əliyev kimi güclü və qüdrətli
Prezidenti var.
Yaşasın
möhtərəm cənab Prezidentimiz İlham Əliyev!
Yaşasın Azərbaycan!
* * *
XXXI Yay
Olimpiya Oyunlarının gümüş medalçısı
Toğrul Əsgərovun şəxsi məşqçisi
Elçin ZEYNALOV çıxış edərək dedi:
- Hörmətli
Prezidentimiz.
Hörmətli Mehriban xanım.
Mən ulu öndərimizin bir kəlmə
sözünü idmançıların nəzərinə
çatdırmaq istəyirəm. 1996-cı ildə mən Azərbaycanın
ən güclü məşqçisi seçiləndə
Əl Oyunları Sarayında möhtərəm ulu öndərimiz
demişdi: “Vətənin idman şərəfini qorumaq səngərdə
vətənin torpağını qorumaq kimi şərəfli
bir işdir”.
Bütün Azərbaycan xalqı kimi, mən də
Prezidentimizlə fəxr edirəm. Yaşasın Azərbaycan Prezidenti
İlham Əliyev!
* * *
Taekvondo
üzrə kişilərdən ibarət Azərbaycan
yığma komandasının böyük məşqçisi
Elnur AMANOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, mən bu görüşdə iştirak
etdiyim üçün çox sevinirəm. İdmançılarımız
XXXI Yay Olimpiya Oyunlarında uğurla çıxış
edib, Azərbaycan bayrağını yüksəklərə
qaldırıb, vətənə qələbə ilə
qayıdıblar. Sizi əmin etmək istərdim
ki, idmançılarımızın zəfər səsləri
dünyanın bütün ölkələrindən gələcək.
Azərbaycan
gənclərinin fiziki cəhətdən sağlam olması Sizin bizlərə göstərdiyiniz diqqət
və qayğının sayəsində mümkün olub. Bir sözlə, möhtərəm Prezident, Sizin
hakimiyyətdə olduğunuz illərdə Azərbaycan
dünyanın ən qüdrətli idman dövlətinə
çevrilib.
Mən bu gün sevincli günlərimdən birini
yaşayıram. XXXI Yay Olimpiya Oyunlarında
idmançılarımız yüksək nəticə
göstərərək 1 qızıl, 7 gümüş və
10 bürünc medal əldə ediblər. Mənim üçün ikiqat sevincdir.
Çünki tələbəm Radik İsayev olimpiya
oyunlarının qızıl medalını qazanaraq Sizin etimadınızı doğruldub. Bir məşqçi kimi deyə bilərəm ki,
bu, təkcə idman ictimaiyyətinin deyil, bütün
xalqımızın sevincinə səbəb olub.
Bütün
bu nailiyyətlərin qazanılmasına səbəb Sizin rəhbərliyinizlə
idmanın maddi-texniki bazasının əsaslı şəkildə
yenidən qurulması, biz məşqçilərə və
idmançılara, bütün idman ictimaiyyətinə
göstərdiyiniz diqqət və qayğı, bir sözlə,
bizim bütün sosial-məişət problemlərimizin
çevik şəkildə həlli, möhtərəm cənab
Prezident, bizə göstərdiyiniz sözün əsl mənasında
atalıq qayğısıdır. Bütün
yarış iştirakçıları adından Sizi təbrik
etmək istərdim. Diqqətinizə
görə sağ olun.
* * *
Prezident
İlham ƏLİYEV: Cəbrayıl Həsənovun
döyüşünə hamımız baxmışıq. Hamımız da bilirik ki, o, finalda
yarışmalı idi. Ən azı onun gümüş
medalı olmalı idi.
* * *
Olimpiya
oyunlarının gümüş mükafatçısı,
cüdoçu Elmar QASIMOV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident, bu gün Sizin
qarşınızda çıxış etdiyimə görə
böyük qürur hissi keçirirəm. Bizimlə
görüşünüz biz idmançılara Sizin ən dəyərli hədiyyənizdir.
Hörmətli cənab Prezident, biz XXXI Yay Olimpiya
Oyunlarında yüksək nailiyyətlər qazanaraq, vətənimizi
beynəlxalq arenalarda idman ölkəsi kimi bir daha
tanıtdıq. Olimpiya oyunlarında çox böyük
dövlətləri geridə qoyaraq 18 medal qazandıq. Oyunlarda bizim uğurlu
çıxışımız Azərbaycanda idmanın
çox böyük sürətlə inkişaf etməsinin
daha bir göstəricisidir.
Hörmətli
cənab Prezident, bu gün qazandığımız
uğurlarla biz Sizin etimadınızı
doğrultmaqdan qürur duyuruq. Mən hər
birimizin adından Sizə bir daha böyük təşəkkürümü
bildirirəm. Daim Azərbaycan
idmanının adını ucaltmaq üçün əlimdən
gələni etməyə söz verirəm. Diqqətinizə görə sağ olun.
* * *
Prezident
İlham ƏLİYEV: Hamımız yaxşı
xatırlayırıq ki, Elmar bir neçə il
bundan əvvəl İrəvanda cüdo üzrə gənclərin
Avropa çempionatında Azərbaycan bayrağını
yüksəklərə qaldırmışdı. Onun şərəfinə İrəvanda Azərbaycanın
Dövlət himni səsləndirilmişdi. İndi də olimpiya
mükafatçısıdır. Əminəm
ki, gələcəkdə olimpiya çempionu da olacaq.
* * *
3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordenini Rio
Olimpiadasının gümüş medalçısı,
boksçu Lorenzo Sotomayora təqdim edən Prezident İlham
ƏLİYEV dedi: Lorenzo Sotomayor olimpiya çempionudur. Onun qələbəsi hakimlər tərəfindən
oğurlanıb. Ancaq əminəm ki, o,
Tokioda ədaləti bərpa edəcək.
Lorenzo
SOTOMAYOR: Çox sağ olun. İnşallah.
* * *
Rio
Olimpiadasının gümüş medalçısı,
güləşçi Mariya STADNİK çıxış
edərək dedi:
- Hörmətli cənab Prezident, bu gün bizim üçün çox mühüm tarixi andır. Olimpiyaçılarımız Rio Olimpiya Oyunlarında on yeddi idman növündə təmsil olunurdular. Əvvəlki uğurlarımıza baxmayaraq, biz daha qətiyyətli çıxış edə və yeni nailiyyətlər qazana bildik. Olimpiya oyunlarının fəxri mükafatını almış hər bir idmançını səmimi qəlbdən təbrik edirəm. Bu uğur hər bir idmançı üçün böyük sevincdir.
Hörmətli cənab Prezident, bütün idmançılar, bütün məşqçilər daim Sizin qayğınız və diqqətinizlə əhatə olunub. İdman sahəsində çalışan hər bir adam bunun nə qədər vacib olduğunu bilir. Olimpiya oyunlarında yüksək nailiyyətlər düzgün işin, dövlətimiz tərəfindən qayğının nəticəsidir. Mən bütün idmançılar adından Sizə minnətdarlıq etmək istəyirəm. Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Hamımız
Mariyanı çox sevirik. Mən və
bütün ailəm yarışları izləyir və sənə
azarkeşlik edirdik. Sənin
üçün səndən çox həyəcan
keçirirdik. Cəmi üç saniyə
çatmadı, amma eybi yox. Məncə,
bu da böyük nailiyyətdir, başlıcası isə, irəliyə
baxmaq lazımdır. Tokiodakı
çıxışı gözləyəcəyik.
* * *
Dövlət başçısı
olimpiyaçılarla və onların məşqçiləri
ilə xatirə şəkilləri çəkdirdi.
Sonra
Prezident İlham Əliyev Qroznıda Rusiya Federasiyasının
Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd
Kadırovun xatirəsinə həsr olunmuş peşəkar
kikboksinq turnirində qalib gələrək dünya
çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə
dünya çempionu Zabit Səmədov ilə
görüşdü, onu qazandığı qələbə
münasibətilə təbrik etdi.
Mərasim tanınmış incəsənət
ustalarının konsert proqramı ilə davam etdi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 3 sentyabr.- S.1, 2, 3.