Azərbaycanın gördüyü böyük işlər möhkəm bünövrəyə əsaslanır

03 Sentyabr 2016

 

“Şahdəniz-2” platforması da məhz belə özül - dayaq bloku üzərində qərar tutacaq

 

Dünya Azərbaycanın iqtisadi inkişaf yolunda atdığı daha bir uğurlu addımın şahidi oldu. Xəzərin sahilində yerləşən Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) yanalma körpüsünə yaxınlaşan STB-1 daşıma barjı “Şahdəniz” yatağında quraşdırılacaq yeni platformanın əsas hissələrindən birini - dayaq blokunu dənizə apardı. O zavoddan ki, keçən əsrin 70-80-ci illərində onun məhz Azərbaycanda tikilməsi ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliyi və mübarizəsi ilə gerçəkləşmişdi. O zavoddan ki, bu gün ulu öndərin adını şərəflə daşıyır və ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir.

Dayaq blokunun dənizə yola salınmasında iştirak edən Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Çünki bu qurğunun keyfiyyətlə, ən müasir dünya standartları səviyyəsində tikilməsi və təhlükəsiz şəkildə öz daimi yerinə göndərilməsi sıradan bir hadisə deyil. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qazı hasil edən platformanın üst hissəsi məhz bu dayaq üzərində qərar tutacaq. “Şahdəniz” yatağı isə “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyidir. Bu baxımdan tikilməkdə olan platformanın dayağının hazır olmasını, əslində, elə “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində Xəzərdən, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq İtaliya torpağınadək 3500 kilometrlik bir məsafədə geniş vüsət alan böyük işlərin möhkəm özülü hesab etmək olar.

Prezident İlham Əliyev “Şahdəniz”də quraşdırılacaq yeni platformanın dayaq hissəsinin müvəffəqiyyətlə inşa edilib dənizə yola salınmasına böyük əhəmiyyət verərək demişdir: Bu, tarixi hadisədir. “Şahdəniz” layihəsi üzrə saziş 20 il bundan əvvəl imzalanmışdır və bu illər ərzində uğurla icra edilir, bütün vəzifələr yerinə yetirilir. “Şahdəniz-2” layihəsinin ölkəmiz üçün əhəmiyyəti çox böyükdür. Bu gün yola saldığımız dayaq bloku onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir. Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.

Son 22 ildə, yəni, “Əsrin müqaviləsi” imzalanandan bəri BDÖZ-də neçə-neçə müasir platformanın ya bütün, ya da ayrı-ayrı mühüm hissələri araya-ərsəyə gəlib. İndi bu qurğular Xəzərdə fasiləsiz və təhlükəsiz işləyir, onların vasitəsilə dənizin dərinliyindən neftqaz çıxarılır.

Bu nəhəng qurğular zahirən bir-birinə bənzəsə də, əsas funksiyaları eyni olsa da, hər biri özəlliyi ilə fərqlənir. Başqa sözlə, BDÖZ-də hər dəfə yeni platformanın tikintisində bir yeniliyə, yeni nailiyyətə və uğura imza atılır. Yeni dayaq bloku da bu baxımdan istisna təşkil etmir. Bu, Xəzərdə ən çox dikboru sayına malik dayaq blokudur. Onun çəkisi 13 min 150 ton, hündürlüyü 105 metrdir. Qurğunun 12 hasilat, 3 ixrac və 1 idxal dikborusu var. O, dənizin 94 metr dərinliyində qərar tutacaq.

Önəmli faktdır ki, blok bütövlükdə ölkə daxilində inşa edilibonun tikintisi üçün zavodun ərazisində yeni infrastruktur yaradılıb. Subpodratçılar və ixtisaslaşdırılmış təchizatçılar da daxil olmaqla tikintiyə 5 mindən çox işçi cəlb edilib ki, onların təxminən 90 faizi Azərbaycan vətəndaşıdır.

Bu, dövlət başçısının qeyd etdiyi kimi, mühüm nailiyyətlərdən biridir. Çünki vaxtilə xarici şirkətlərlə birgə həyata keçirilən layihələrdə az sayda yerli sakinlər çalışırdı. Azərbaycan dövləti həmin layihələrdə işləyənlərin əksəriyyətinin yerli vətəndaşların olmasını qarşıya məqsəd qoymuşdu ki, indi bu, artıq reallığa çevrilib.

Ümumiyyətlə, “Şahdəniz-2” layihəsi uğurla irəliləyir. Hazırda mühəndis-layihə, təchizat-tədarük və tikinti işlərinin ümumilikdə 77 faizi tamamlanıb. Xatırladaq ki, bu layihə çərçivəsində ildə 16 milyard kubmetr qaz və gündə 120 min barelədək kondensat əldə ediləcəyi gözlənilir. Çıxarılan qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropadakı alıcılara çatdırılacaq.

“Şahdəniz-2” genişmiqyaslı layihədir. Onun həyata keçirilməsi üçün Xəzərdə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması quraşdırılacaq ki, bu günlərdə dənizə yola salınan dayaq bloku həmin qurğulardan birinin özül hissəsidir. Layihəyə eləcə də “Heydər Əliyev” və “İstiqlal” yarımdalma qazma qurğuları ilə qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda boru xətləri və alınan mavi yanacağı qəbul etmək üçün Səngəçal terminalında tikiləcək əlavə qurğular daxildir.

BDÖZ-də dayaq blokunun tikintisinin müvəffəqiyyətlə başa çatdırılması “Şahdəniz-2”də işlərin rəvan getdiyini göstərir. Əslində, bu, mühüm nailiyyətdir və Azərbaycanın həqiqətən də böyük işlər görməyə qadir ölkə olduğunu bir daha təsdiqləyir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş işlər inamla irəliləyir, getdikcə daha geniş miqyas alır. Əgər “Əsrin müqaviləsi” imzalananda dünya Azərbaycanın neft diyarı olduğunu bilirdisə, həmin vaxtdan bəri keçən qısa zamanda ölkəmiz özünü həmqaz ixracatçısı kimi tanıdıb və bu gün “Cənub qaz dəhlizi” kimi qlobal bir layihəni həyata keçirir.

Prezident İlham Əliyev BDÖZ-də keçirilən tədbir zamanı bu barədə demişdir: “Cənub qaz dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilmişdir. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi - Monteneqro, BosniyaHerseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqdır. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır”.

Əldə etdiyimiz bu və digər nailiyyət həm də bədxahlarımıza tutarlı cavabdır. Zaman bir vaxtlar “Əsrin müqaviləsi”nin imzalanmasına əngəl törətmək, Bakı-Tbilisi-Ceyhan kəmərinin qarşısına sədd çəkmək istəyənlərin, “Şahdəniz” yatağının perspektivli olacağına şübhə yaratmağa çalışanların necə böyük səhv etdiyini göstərdi.

Təşəbbüskarı və əsas iştirakçısı olduğu nəhəng layihələr Azərbaycanı dünyada həm də etibarlı tərəfdaş kimi tanıdıb. Azərbaycana elə bir imic qazandırıb ki, indi bizimlə nəinki neft-qaz layihələrində, bir çox digər sahələrdə, o cümlədən qeyri-neft sektorunda da əməkdaşlıq etməyə hamı böyük inamla yanaşır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 1.