Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 317 Bakı
şəhəri, 24 avqust 2016-cı il
“Qanunsuz miqrantların
saxlanılması mərkəzlərinin daxili intizam
Qaydaları”nın təsdiq edilməsi barədə
“Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununun tətbiqi
və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 435 nömrəli
Fərmanının 1.4-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Qanunsuz
miqrantların saxlanılması mərkəzlərinin daxili
intizam Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 24 avqust
tarixli 317 nömrəli qərarı ilə təsdiq
edilmişdir.
Qanunsuz miqrantların saxlanılması
mərkəzlərinin daxili intizam
Q A Y D A L A R I
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
(bundan sonra – Məcəllə) 85.2-ci maddəsinə əsasən,
həmin Məcəllənin 86-cı maddəsinin tələbləri
nəzərə alınmaqla hazırlanmışdır və
qanunsuz miqrantların saxlanılması mərkəzlərində
(bundan sonra - Mərkəz) Məcəllə ilə müəyyən
edilmiş qaydada Mərkəzdə yerləşdirilmişəcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin
(bundan sonra - əcnəbilər)Məcəllədə və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarında nəzərdə tutulmuş
hüquqlarının və qanuni mənafelərinin
qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin
yerinə yetirilməsinə və saxlanılması şəraitinə
yönəldilmiş qaydaları təmin edən rejimi müəyyən
edir.
1.2. Mərkəzdə
rejim Mərkəzin rəisi və
işçiləri tərəfindən təmin edilir. Onlar
qulluq vəzifələrini yerinə yetirmədikdə və
ya lazımınca yerinə yetirmədikdə, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
1.3. Bu
Qaydalar Mərkəzin işçiləri, orada saxlanılan əcnəbilər
və bu Mərkəzlərə baş çəkən
şəxslər üçün məcburidir.
1.4. Mərkəzdə
yerləşdirilmişəcnəbilərin Məcəllə
ilə müəyyən edilmiş hüquqları daxili intizam
qaydaları ilə məhdudlaşdırıla bilməz.
1.5. Mərkəzdə
yerləşdirilmişəcnəbilər Məcəllə ilə
onların üzərinə qoyulmuş vəzifələri
yerinə yetirməyə və davranış qaydalarına
riayət etməyə borcludurlar.
1.6. Mərkəzdə
əcnəbilərin yerləşdirilməsi həddi Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin (bundan sonra –
Xidmət) rəisi (Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
rəisi) tərəfindən müəyyən edilir.
1.7. Mərkəzin
fəaliyyətinin kompleks yoxlanılması ən azı iki
ildə bir dəfə həyata keçirilir. Yoxlamaya Mərkəzin
tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri
ilə təyin edilmiş işçilər cəlb olunurlar.
2. Mərkəzin quruluşuna dair
ümumi tələblər
2.1. Mərkəz
orada yerləşdiriləcək əcnəbilərin
hüquqi vəziyyəti nəzərə alınmaqla,
xüsusi layihələr üzrə tikilir və ərazisində
Mərkəzin inzibati binası, nəzarət
buraxılış məntəqəsi, ziyarətçilər
üçün gözləmə otağı,
görüş otağı, fotoçəkilişlərin və
daktiloskopik qeydiyyatın aparıldığı otaq,
axtarış otağı, yataqxana tipli adi yaşayış
binaları, müsahibə otağı, sanitar-təmizləmə
otağı, Mərkəzə yeni qəbul edilmiş əcnəbilər
üçün ilkin (müvəqqəti) saxlanılma
otaqları (karantin yerləri), yeməkxana, kitabxana, istirahət
otağı, idman meydançası, uşaqlar
üçün oyun meydançası, camaşırxana və
hamam, bərbərxana, tibb məntəqəsi, gəzinti
üçün yerlər, anbar, qaraj, nəqliyyat vasitələrinin
dayanacaq yeri və digər yardımçı xidməti
tikililər yerləşir, zəruri avadanlıqlarla və ləvazimatlarla
təchiz edilir.
2.2.
İdman oyunları üçün lazımi əşyalarla
təchiz olunmuş idman meydançası, uşaqlar üçün
oyun meydançası və gəzinti üçün yerlər
təmiz havada və ya təmiz havanın daxil olduğu yerlərdə
təşkil edilir.
2.3. Mərkəzin
anbarı yataq ləvazimatlarının, geyim formasının,
gündəlik istifadə olunan şəxsi əşyaların
və ərzaq məhsullarının, o cümlədən Mərkəzdə
saxlanılan əcnəbilərin anbara təhvil verdikləri əşyaların
saxlanılması üçün nəzərdə tutulur.
2.4. Mərkəzin
ərazisi hündürlüyü 3 metrdən az olmayan hasarla
hasarlanır.
3. Əcnəbilərin Mərkəzdə
saxlanıldıqları binaların yaşayış
otaqlarının quruluşu
3.1. Mərkəzdə
yerləşdirilən əcnəbilər Mərkəzdə
saxlanıldıqları binaların yaşayış
otaqlarında hər əcnəbi üçün 4 kv.m-dən
az olmayaraq yaşayış sahəsi ilə təmin olunurlar.
3.2.
Əcnəbilərin Mərkəzdə
saxlanıldıqları binalarda yaşayış
otaqlarının pəncərələri zərbəyədavamlı
materialdan hazırlanır və orada saxlanılan əcnəbinin
normal təbii işıqlanma şəraitində oxuması və
təmiz hava ilə təmin edilməsi üçün kifayət
qədər böyük (0.25 m2-dən az olmayaraq)
olmalıdır.
3.3.
Yaşayış otaqlarının döşəmələri
taxta ilə örtülür, divarları sement
qatışığı ilə malalanır və rənglənir.
Yaşayış otaqları sanitar qovşağı, istilik
sistemi, hər saxlanılan əcnəbi üçün
yaşayış sahəsinin normasına uyğun
çarpayı, yataq ləvazimatları, stol, oturacaq və
dolabla təchiz olunur.
3.4. Mərkəzdə
yaşayış otaqlarının qapıları 6 sm
qalınlığında olmalıdır. Mərkəzdə məcburi
yerləşdirilən və bir nəfərlik xüsusi otaqda
saxlanılan əcnəbilərin davranışına nəzarət
etmək məqsədi ilə onların
saxlanıldığı otaqların qapılarının mərkəzi
hissəsində döşəmədən 1,2-1,4 metr
hündürlüyündə 28x28 sm ölçüdə pəncərə
qoyulur.
3.5.
Yaşayış otaqları siqnalizasiya ilə təchiz edilir,
radioreproduktor və nəzarətçilərin
çağırılması üçün siqnal düymələri
quraşdırılır.
3.6.
İşıqlandırma avadanlıqları,
qızdırıcı radiatorlar Mərkəzdə saxlanılan
əcnəbilərin toxunması mümkün olmayan dəmir
konstruksiyalarla əhatə olunur, həmçinin elektrik və
kommunikasiya xətləri onlar üçün əlçatmayan
yerlərdə quraşdırılır.
3.7.
Əcnəbilərin Mərkəzdə
saxlanıldıqları binaların dəhlizlərində
daxili intizam qaydaları, Mərkəzdə yerləşdirilən
əcnəbilərin hüquq və azadlıqları,
müvafiq dövlət orqanlarının, habelə təşkilatların
ünvanları barədə məlumatları əks etdirən
lövhələr asılır.
3.8. Daxili
intizam qaydalarını pozan Mərkəzdə yerləşdirilən
əcnəbilərin saxlanılması üçün
bir nəfərlik xüsusi
otaqlar (bundan sonra - bir nəfərlik
xüsusi otaqlar) bu Qaydaların 3.2-3.6-cı bəndlərinin tələblərinə
uyğun təşkil edilir. Bir
nəfərlik xüsusi otaqların pəncərələri
qaynaq olunmuş metal barmaqlıqla təchiz olunur,
qapıları isə xüsusi tipli mexaniki və ya
elektromexaniki qıfıllarla təchiz olunmaqla içəri tərəfdən
polad təbəqə ilə örtülür.
4. Əcnəbinin Mərkəzə qəbul
edilərək yerləşdirilməsi, onun qeydiyyatının
və şəxsi axtarışının aparılması, əşyalarının
yoxlanılması, tibbi müayinədən keçirilməsi
və Mərkəzdən azad edilməsi (və ya
buraxılması)
4.1. Mərkəzdə
yerləşdirilməsi üçün gətirilən və
ya gələn əcnəbilər Mərkəzin mühafizə
heyətinin rəhbəri – Mərkəz növbətçisi
(bundan sonra - Mərkəz növbətçisi), tibb məntəqəsinin
həkimi və psixoloq tərəfindən qəbul edilirlər.
4.2. Mərkəzə
gətirilmiş əcnəbinin şəxsiyyətini təsdiq
edən sənədin (mövcud olduqda) və onun Mərkəzə
yerləşdirilməsinə əsas verən sənədlərin
yoxlanılması, o cümlədən Mərkəzdə
saxlanılan əcnəbilərin uçotu kitabında (1 nömrəli
əlavə) qeydiyyatının aparılması və
uçot vərəqinin (2 nömrəli əlavə)
doldurulması Mərkəz növbətçisinin rəhbərliyi
ilə digər növbətçilər tərəfindən
həyata keçirilir. Uçot vərəqi Mərkəzdə
saxlanılan əcnəbinin şəxsi işinə əlavə
edilir.
4.3.
Əcnəbinin Mərkəzdə saxlanılması müddəti
onun Mərkəzdə yerləşdirilməsi barədə qərara
uyğun olaraq, Mərkəzə qəbul edildiyi vaxtdan
hesablanır.
4.4.
Yanında 3 yaşınadək uşağı olan
qadının Mərkəzə qəbul edilməsi
üçün uşağın doğum haqqında şəhadətnaməsi
və ya qadının həmin uşağın valideyni
olduğunu təsdiq edən digər sənədlər, bu sənədlər
olmadıqda isə məhkəmənin müvafiq qərarı
olmalıdır.
4.5.
Əcnəbilərin Mərkəzə yerləşdirilməsinə
əsas verən sənədlərdə göstərilən məlumatlarla
onun şəxsiyyətini təsdiq edən sənədlərdəki
(mövcud olduqda) məlumatlar uyğun gəlmədikdə və
ya Mərkəzə yerləşdirilməsinə əsas verən
sənədlərin düzgünlüyünə şübhə
yarandıqda, yaxud çatışmazlıq olduqda, Mərkəz
növbətçisi dərhal bu haqda Mərkəzin rəisinə
məruzə etməklə həmin əcnəbinin Mərkəzə
qəbulunu dayandırır və onun Mərkəzə qəbulunun
dayandırılmasına səbəb olan halın dəqiqləşdirilməsi
istiqamətində tədbir görür. Əcnəbinin Mərkəzə
qəbulunun dayandırılmasına səbəb olan hal aradan
qalxdıqdan sonra onun Mərkəzdə yerləşdirilməsi
barədə qərarda göstərilən müddət nəzərə
alınmaqla həmin əcnəbi Mərkəzə qəbul
edilir.
4.6. Mərkəzə
yeni qəbul edilmiş əcnəbilərin fotoşəkilləri
çəkilir və əl-barmaq izlərinin
götürülməsi təmin edilir. Fotoşəkillər
və izlərin bir nüsxəsi Mərkəzə yeni qəbul
edilmiş əcnəbinin şəxsi işinə əlavə
olunur və bu barədə müvafiq kitabda qeydlər edilir (3
nömrəli əlavə).
4.7. Mərkəzə
yeni qəbul edilmiş əcnəbilər barəsində
toplanılmış məlumatlar kompüter məlumat
bazasına daxil edilir.
4.8. Mərkəzə
yeni qəbul edilmiş əcnəbilər Məcəllə ilə
və bu Qaydalarla tanış edilirlər və bu barədə müvafiq qeydlər
aparılır. Bu normativ hüquqi aktların müddəaları
(Mərkəzdə saxlanılma rejimi, Mərkəzdə
saxlanılan əcnəbilərin
hüquqları və s.) əcnəbilərə
onların başa düşdükləri və ya başa
düşmələri ehtimal olunan dildə (zərurət
olduqda tərcüməçi vasitəsilə) izah olunur.
4.9. Mərkəzdə
saxlanılan əcnəbilərə siyahısı bu Qaydalarla
(4 nömrəli əlavə) müəyyən edilmiş
qadağan olunmuş əşyaların (bundan sonra – qadağan
olunmuş əşyalar) hazırlanmasının,
saxlanılmasının, gəzdirilməsinin,
daşınmasının və ya istifadəsinin, o cümlədən
onlar tərəfindən daxili intizam qaydalarının
pozulmasının tənbeh tədbirlərinin tətbiqinə
səbəb olacağı barədə yazılı iltizam (5
nömrəli əlavə) alınmaqla məlumat verilir, sonra
onların üstləri axtarılır və yanlarında olan
əşyaları yoxlanılır. Həmin şəxs
iltizamı imzalamaqdan imtina edərsə, Mərkəz növbətçisi
tərəfindən imtinanın səbəbləri göstərilməklə,
akt tərtib edilir. İltizam və ya onun imzalanmasından
imtina barədə akt Mərkəzə yeni qəbul edilmiş
əcnəbinin şəxsi işinə əlavə edilir.
4.10. Qəbul
zamanı əcnəbilərin üzərində şəxsi
axtarış, onlara məxsus əşyalara isə
baxış keçirilir.
4.11.
Əcnəbilər üzərində şəxsi
axtarış paltarları soyunmaqla keçirilən tam və
ya paltarları soyunmadan keçirilən natamam axtarış
formalarda aparılır. Axtarış zamanı xüsusi
texniki avadanlıqdan istifadə etmək olar. Rentgen
avadanlığından yalnız paltar və əşyaların
yoxlanılmasında istifadə olunur.
4.12.
Axtarış əcnəbilərin fərdi surətdə
üstlərinin axtarılması, eləcə də
onların yanında olan əşyaların yoxlanılması
ilə həyata keçirilir. Bu axtarış və yoxlamalar
onlar hər dəfə Mərkəzə daxil olarkən, Mərkəzdən
gedərkən və ya azad edilərkən, habelə təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə Mərkəzin rəisi,
Mərkəz növbətçisi və ya yoxlama aparan şəxsin
göstərişi ilə həyata keçirilir.
Axtarış zamanı əcnəbiyə ilk növbədə
qadağan olunmuş əşyaları təhvil vermək təklif
edilir.
4.13. Mərkəzdə
saxlanılan əcnəbi özü ilə hər hansı dərman
preparatları gətirdiyi halda, onlardan istifadə olunması ilə
əlaqədar qərarı həkim qəbul edir.
4.14. Tam
axtarış üstü axtarılanla eyni cinsdən olan şəxs
tərəfindən onların bədənini, paltarını,
ayaqqabısını diqqətlə nəzərdən
keçirməklə yerinə yetirilir. Axtarılan şəxsə
üst paltarını, ayaqqabısını, yüngül
paltarlarını (alt paltarı istisna olmaqla) çıxarmaq
barədə göstəriş verilir. Bundan sonra əl və
ayaq barmaqlarının arası, əllərin içi və
üstü, dəri örtüyü, qulağın içi,
qoltuq altları, ağızın içi, bədəndəki
cərrahi tikişlər, həmçinin protezlər nəzərdən
keçirilir. Başın saçı daranır. Üstü
axtarılan əcnəbinin paltarı, paltarların tikiş
yerləri, astarı və digər qat yerləri əllə
diqqətlə yoxlanılır. Paltara tikilmiş əşya
varsa, həmin yerdən bizlə deşilib
çıxarılır. Paltarın ciblərinin,
qollarının, eləcə də şalvarların və
corabların astarı üzünə çevrilir.
Ayaqqabının iç və çöl tərəflərinə
baxılır, ayaqqabının dabanları xüsusi olaraq
yoxlanılır. Yaşayış otaqlarında saxlamağa icazə
verilmiş əşyalar, mallar
və ərzaq məhsulları, həmçinin saxlanmaq
üçün anbara təhvil
verilməsi nəzərdə tutulmuş əşyalar diqqətlə
yoxlanılır (6 nömrəli əlavə). Axtarış
zamanı üstü axtarılan əcnəbi tərəfindən
hər hansı bir əşyanın gizlədilməsinin,
tullanılmasının və udulmasının
qarşısının alınması məqsədi ilə
onun hərəkətlərinə ciddi nəzarət
olunmalıdır.
4.15.
Natamam axtarış üstü axtarılanla eyni cinsdən
olan şəxs tərəfindən və paltarlar soyunulmamaqla
diqqətlə yerinə yetirilir.
4.16.
Axtarış qurtardıqdan sonra yoxlamanı aparan şəxs
tərəfindən yoxlamanın nəticəsi haqqında
protokol (7 nömrəli əlavə) tərtib olunur və imza
edilməsi üçün yoxlanılan şəxsə təqdim
edilir. Şəxs imzalamaqdan imtina etdikdə, bu barədə və
onların irəli sürdükləri iddialar barədə
axtarış protokolunda qeyd aparılır.
4.17. Mərkəzdə
saxlanılan əcnəbilərdə qadağan olunmuş əşyalar
aşkar edildikdə, həmin əşyalar tərtib
edilmiş axtarış protokolunda müvafiq qeydlər
aparılmaqla götürülür və anbara təhvil
verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış
qərarına əsasən məhv edilir. Bununla əlaqədar
əcnəbilərə Məcəllənin 90.1-ci və
90.2-ci maddələrində nəzərdə tutulan tənbeh
tədbirlərindən biri tətbiq edilir. Protokol və əşyanın
məhv edilməsi barədə Mərkəz rəisinin qərarı
əcnəbinin şəxsi işinə əlavə olunur.
4.18.
Qadağan edilmiş əşyalar istisna olmaqla, əcnəbilər
könüllü olaraq anbarda saxlanılması
üçün öz şəxsi əşyalarını, ərzaq
məhsullarını və digər malları müvafiq təhvil-təslim
aktı əsasında təhvil verə bilərlər. Tərtib
edilmiş akt əcnəbinin şəxsi işinə əlavə
edilir.
4.19. Mərkəzdə
saxlanılan əcnəbilərdən götürülüb
anbara təhvil verilmiş əşyalar və ya ərzaq məhsulları
yaxşı vəziyyətdə saxlanılmalıdır. Təhvil
verilmiş əşyaların və ya ərzaq məhsullarının
təbii səbəblərdən anbarda saxlanılması
mümkün olmadıqda, onların məhv edilməsi barədə
qərar qəbul edilir və bu barədə Mərkəzdə
saxlanılan əcnəbiyə məlumat verilir.
4.20. Mərkəzdə
saxlanılan əcnəbi bir Mərkəzdən başqa Mərkəzə
keçirildikdə, həmin əcnəbilərdən
götürülmüş əşyalar və
könüllü olaraq anbarda saxlanılması
üçün təhvil verdikləri əşyalar
siyahıya alınaraq, onları qəbul edən Mərkəzə
göndərilir.
4.21. Mərkəzdə
saxlanılan əcnəbilərin könüllü olaraq anbara
təhvil verdikləri əşyaları və ya ərzaq məhsullarını
onların öz vəsatətləri ilə Mərkəz rəisinin
qərarı əsasında yaxın qohumlarına və ya digər
şəxslərə onların razılığı olduqda
verilir.
4.22. Mərkəzdə
saxlanılan əcnəbilər vəfat etdikdə, ona məxsus
əşyalar Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə uyğun olaraq həmin şəxsin varisinə
verilir və bu barədə təhvil-təslim aktı tərtib
olunur. Akt vəfat etmiş əcnəbinin şəxsi işinə
əlavə edilir.
4.23. Mərkəzə
yeni qəbul edilmiş əcnəbilər mövcud
sanitar-epidemioloji normalarla müəyyən edilmiş qaydada
tibbi müayinədən və eynicinsli şəxslər tərəfindən
sanitar təmizləmədən keçirilir, münasib
paltarları olmadıqda iqlimə və insan ləyaqətinə
uyğun paltarla təmin edilirlər. Kompleks sanitar təmizləmə
zamanı əcnəbilərin (kişilərin)
razılığı ilə onların saçları və
saqqalları qırxılır.
4.24. Mərkəzdə
əcnəbilərin tibbi müayinəsi bu Qaydaların 19-cu
hissəsinə uyğun olaraq həyata keçirilir və bu
barədə müvafiq qeydiyyat aparılır (8, 9 nömrəli
əlavələr və nümunəsi Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq edilmiş tibbi kitabça (bundan sonra – tibbi
kitabça).
4.25. Mərkəzdə
məcburi yerləşdirilmiş əcnəbi
üçün yaxın qohumlarına və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərə bu barədə məlumat vermək məqsədi
ilə telefonla zəng etmək şəraiti yaradılır.
Bu barədə müvafiq kitabda (11 nömrəli əlavə)
lazımi qeydlər aparılır. Müdafiəçisi ilə
telefon danışıqları istisna olmaqla, Mərkəzdə
saxlanılan əcnəbinin telefonla zəng etmək hüququ
hazırlanan cinayətlərin qarşısını almaq,
cinayət təqibini və şəxslərin təhlükəsizliyini
təmin etmək məqsədi ilə cinayət prosesinin
araşdırılmasını həyata keçirən
orqanın və ya Mərkəzdə rejimi təmin etmək zərurəti
yarandıqda, Mərkəz rəisinin əsaslandırılmış
qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla
bilər. Belə qərar qəbul edildikdə, Mərkəzdə
saxlanılan əcnəbi həmin hüquqlardan yalnız
müvafiq qərarı qəbul etmiş orqanın və ya vəzifəli
şəxsin yazılı razılığı olduqda istifadə
edir. Bu bənddə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına
dair qərardan inzibati və ya məhkəmə qaydasında
şikayət verilə bilər.
4.26. Mərkəzdə
saxlanılan əcnəbilər onların Mərkəzdə
yerləşdirilməsi barədə qəbul edilmiş qərarda
göstərilən vaxtdan artıq Mərkəzdə
saxlanıla bilməzlər. Bu müddət bitənədək
həmin əcnəbilərin Mərkəzdə
saxlanılması müddətinin uzadılması, yaxud azad
edilməsi (və ya buraxılması) məsələsi həll
olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin
Mərkəzdə yerləşdirilməsi müddətinin
başa çatmasına 1 iş günü qalmış Mərkəzin
tabe olduğu dövlət orqanının rəhbərliyinə
şifahi və ya yazılı qaydada məlumat verir.
4.27. Mərkəzdə
saxlanılan əcnəbinin azad edilməsi (və ya
buraxılması) haqqında qərar Mərkəzə daxil
olduqda bu Qaydaların 4.29-cu bəndi nəzərə
alınmaqla, dərhal icra edilməlidir.
4.28. Mərkəzdə
saxlanılan əcnəbinin Mərkəzdə yerləşdirilməsi
müddətinin uzadılması və ya Mərkəzdən
azad edilməsi barədə qərar Mərkəzə daxil
olduqda, Mərkəz növbətçisi həmin qərarın
düzgün tərtib edilməsini və şəxsi işin
materiallarına uyğunluğunu diqqətlə yoxlayır. Barəsində
yeni qərar qəbul edilmiş əcnəbinin şəxsiyyəti
dəqiqləşdirildikdən sonra həmin əcnəbi onun
barəsində qəbul edilmiş qərarla yazılı surətdə
tanış edilir.
4.29. Daxil
olmuş qərarda göstərilən məlumatlarla şəxsi
işdəki məlumatlar uyğun gəlmədikdə və
ya qərarın düzgünlüyünə şübhə
yarandıqda, Mərkəz növbətçisi dərhal bu
haqda Mərkəzin rəisinə məruzə edir və qərarın
icrasını dayandırır.
4.30.
Əcnəbilərin Mərkəzdə yerləşdirilməsimüddətinin
uzadılması və ya Mərkəzdən azad edilməsi barədə
qərarın icrasının dayandırılması barədə
Mərkəzin rəisi Mərkəzin tabe olduğu dövlət
orqanının rəhbərliyinə məlumat verir.
4.31. Bu
Qaydaların 4.29-cu bəndində nəzərdə tutulan
hallarda, həmin qərar əlavə olaraq
yoxlanılmalıdır. Bu barədə Mərkəzin tabe
olduğu dövlət orqanının rəhbərliyinə məlumat
verilməklə, qərarı çıxarmış orqandan
telefaksla və ya teleqrafla təcili olaraq müvafiq təsdiq tələb
edilir.
4.32. Mərkəzdən
azad olunan əcnəbilər barədə Mərkəzdən
azad edilmə haqqında arayış (12 nömrəli əlavə)
tərtib edilir. Azad edilmə barədə arayışda əcnəbinin
Mərkəzdə saxlanıldığı zaman
hüquqlarının təmin olunması, ona qarşı
qanunazidd hərəkətlərə yol verilib-verilməməsi
barədə müvafiq qeydlər aparılır. Azad edilmə
barədə arayış aydın şəkildə, səliqə
ilə doldurulmalı, imzalar və fotoşəkil Mərkəzin
gerbli möhürü ilə təsdiq edilməlidir. Azad edilmə
barədə arayış Mərkəzdən azad olunan əcnəbinin
şəxsi işinə əlavə olunur. Mərkəzdən
azad edilmiş əcnəbilərə onların xahişi ilə
azad olunma barədə arayışın surəti verilir.
4.33. Mərkəzin
rəisi aşağıdakı hallarda müvafiq qərar
olmadan protokol tərtib edir və bu barədə əcnəbinin
Mərkəzdə məcburi yerləşdirilməsi barədə
qərar qəbul etmiş vəzifəli şəxsə və
ya hakimə məlumat verməklə, Mərkəzdə yerləşdirilmiş
əcnəbini azad edir (13 və 14 nömrəli əlavələr):
4.33.1. əcnəbinin
Mərkəzdə yerləşdirilməsi barədə qəbul
edilmiş qərarla müəyyən olunmuş müddət
başa çatdıqda və bu müddət
uzadılmadıqda;
4.33.2. əcnəbilərin
Mərkəzdə yerləşdirilməsinin Məcəllədə
nəzərdə tutulmuş son müddəti başa
çatdıqda.
4.34. Mərkəzdən
azad edilmiş əcnəbilərlə təhvil-təslim
işinin vaxtında aparılması məqsədi ilə Mərkəz
növbətçisi lazımi tədbirlər görür. Mərkəzdən
azad edilən əcnəbilər anbara verdikləri əmlakı
geri alır və əmlakın alınmasını
imzaları ilə təsdiq edirlər (15 nömrəli əlavə).
4.35.
Əcnəbilərlə təhvil-təslim işinin
vaxtında aparılmaması və ya digər səbəblər
əcnəbinin Mərkəzdən azad edilməsiningecikdirilməsi
üçün əsas ola bilməz.
4.36.
Əcnəbilərin Mərkəzdən azad edilməsinin
tarixi və vaxtı müvafiq kitabda qeyd edilir (1 nömrəli
əlavə).
4.37. Mərkəzdən
azad edilən əcnəbilərin Mərkəzdə
saxlanılan şəxsi işləri və müvafiq məlumatlar
kompüter məlumat bazasına daxil edildikdən bir il sonra akt
üzrə məhv edilir.
4.38.
Əcnəbilər Mərkəzdən azad edildikdə, bu barədə
onların vətəndaşı olduğu və ya daimi
yaşadığı dövlətin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəliyinə və
ya konsulluğuna və ya onlara himayədarlığı
öz üzərinə götürmüş milli, yaxud beynəlxalq
təşkilatlara məlumatın verilməsi üçün
Mərkəzin tabe olduğu dövlət orqanının beynəlxalq
əməkdaşlıq idarəsinə məlumat verilir və
bu barədə uçot vərəqində (2 nömrəli əlavə)
lazımi qeydlər aparılır.
5. Əcnəbinin Mərkəzdə
saxlanılması şəraiti və şərtləri,
mühafizəsi və müşayiəti, o cümlədən
bir Mərkəzdən digər Mərkəzə
köçürülməsi
5.1. Mərkəzdə
saxlanılan əcnəbilər Mərkəzdə mühafizə
olunur və nəzarət altında saxlanılırlar. Mərkəzdə
saxlanılan əcnəbilər Mərkəzin ərazisində
işçilərin nəzarəti ilə hərəkət
edirlər. Nəzarət həyata keçirilərkən,
foto-video və ya digər texniki vasitələrdən istifadə
edilə bilər.
5.2. Mərkəzin
işçilərinin əcnəbilərlə
qarşılıqlı münasibətləri bu Qaydalara ciddi
riayət edilməklə və etik davranışa uyğun rəftar
gözlənilməklə həyata keçirilir.
5.3. Mərkəzin
işçiləri əcnəbilərlə münasibətdə
özlərinin əxlaqi və vəzifə borclarının
yerinə yetirilməsi ilə yüksək nümunə
göstərməli, əcnəbilərin rəğbətini
qazanmalıdırlar. Mərkəzin işçilərinə
orada saxlanılan əcnəbilərə hər hansı bir əşyanı,
malları və ərzaq məhsullarını vermək və
ya ötürmək, Mərkəzdə saxlanılan əcnəbilərlə
onların qohumları və yaxınları ilə qulluqdan kənar
əlaqə yaratmaq, habelə onların xidmətlərindən
istifadə etmək qadağandır.
5.4. Mərkəzdə
saxlanılan əcnəbilər heç bir halda işgəncə
və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər.
5.5. Mərkəzdə
saxlanılan əcnəbilər Mərkəzin işçiləri
ilə münasibətdə nəzakətli olmağa,
onların qanuni tələblərini yerinə yetirməyə
borcludurlar.
5.6. Mərkəzdə
saxlanılan əcnəbilər Mərkəzin işçilərinə
“siz” sözü və ya rütbəsi, yaxud tutduğu vəzifənin
adı ilə müraciət edirlər. Mərkəzin
işçiləri Mərkəzdə saxlanılan əcnəbilərə
“siz” və ya onların soyadı ilə müraciət edirlər.
5.7.
Əcnəbilər Mərkəzdə 2, 6 və daha çox nəfərlik
xüsusi yaşayış otaqlarında bir ailəyə mənsub
olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə
alınmaqla saxlanılırlar.
5.8.
Aşağıdakı əcnəbilər Mərkəzdə
ayrı saxlanılırlar:
5.8.1. məcburi
saxlanılanlar könüllü saxlanılanlardan;
5.8.2.
qadınlar kişilərdən (ailə üzvləri istisna
olmaqla);
5.8.3.
yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına
çatanlardan (ailə üzvləri istisna olmaqla);
5.8.4. Mərkəzdə
saxlanılan əcnəbilər onların həyat və ya
sağlamlığına təhlükə törədən
Mərkəzdə saxlanılan digər əcnəbilərdən
(Mərkəzin rəisinin qərarı ilə).
5.9. Qadınlar
kişi cinsindən olan 12 yaşınadək uşaqları
öz yanlarında saxlaya bilərlər.
5.10. Hamilə
və ya yanında uşağı olan qadınlar, yetkinlik
yaşına çatmayanlar, habelə tibbi nəzarətə
ehtiyacı olan əcnəbilər
yaxşılaşdırılmış maddi-məişət
şəraiti olan yaşayış otaqlarında yerləşdirilirlər,
xüsusi tibbi yardım və xüsusi yemək normaları ilə
təmin edilirlər.
5.11. Mərkəzdə
yerləşdirilən əcnəbilərin
saxlanıldığı yerdə axtarış aparıla,
onların əşyaları, bağlamaları, sovqatları və
banderolları yoxlanıla bilər.
5.12. Mərkəzdə
mühafizənin təşkil edilməsi məqsədi ilə
Mərkəzdə yerləşdirilən əcnəbilərin
üzərində, Mərkəzin ərazisindəki tikililərdə,
yaşayış otaqlarında və digər obyektlərdə
axtarış, o cümlədən əcnəbilərin əşyalarına
baxış tədbirləri həm planlı, həm də qəflətən
keçirilir. Axtarış-baxış tədbirləri
keçirilərkən yataq ləvazimatlarına, inventarlara,
daşınan və digər əşyalara ziyan vurulmasına
yol verilmir. Axtarış-baxış tədbirləri
zamanı texniki vasitələrdən istifadə edilir.
5.13.
Qadağan edilmiş əşyalar aşkar edildikdə, Mərkəzin
işçiləri tərəfindən bu Qaydaların 4.17-ci
bəndində nəzərdə tutulan müvafiq tədbirlər
həyata keçirilir.
5.14. Bu
Qaydaları pozan Mərkəzdə saxlanılan əcnəbi
barəsində tənbeh tədbiri yol verilmiş pozuntu
haqqında onlardan izahat alındıqdan və yoxlanıldıqdan
sonra pozuntunun xarakteri və saxlanılan şəxsin
davranışı nəzərə alınmaqla, Mərkəz
rəisinin əsaslandırılmış qərarı ilə
(16 nömrəli əlavə) aşağıdakı müddətlərə
tətbiq edilir:
5.14.1. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilər barəsində:
5.14.1.1.
bir nəfərlik xüsusi otaqda saxlanılması – bir
gün;
5.14.1.2.
telefon əlaqəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması
– iki günədək;
5.14.1.3.
yaxın qohumları ilə görüşmək hüququnun
məhdudlaşdırılması – üç günədək;
5.14.1.4. gəzintiyə
çıxarılmaq hüququnun məhdudlaşdırılması–
beş günədək;
5.14.1.5.
televiziya verilişlərinə baxmaq hüququnun məhdudlaşdırılması
– yeddi günədək;
5.14.1.6.
idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq
hüquqlarının məhdudlaşdırılması – on
günədək.
5.14.2. Mərkəzdə
könüllü yerləşdirilən əcnəbilər
barəsində:
5.14.2.1.
bu Qaydaların 5.14.1.1-ci, 5.14.1.2-ci, 5.14.1.5-ci və
5.14.1.6-cı yarımbəndlərində nəzərdə
tutulan tənbeh tədbirləri;
5.14.2.2. Mərkəzdən
xaric olunma.
5.14.3. Bu
Qaydaları pozan Mərkəzdə saxlanılan əcnəbi
izahat verməkdən imtina etdikdə, bu barədə
imtinanın səbəbləri göstərilməklə, akt
tərtib edilir və həmin akt əcnəbinin şəxsi
işinə əlavə olunur.
5.15. Bir
pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq
edilir.
5.16. Tənbeh
tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5
gün keçənədək, pozuntu ilə əlaqədar
yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda,
lakin pozuntu törədildiyi gündən ən geci 1 ay
keçənədək tətbiq edilir.
5.17. Tənbeh
tədbiri barədə qərar əcnəbiyə Mərkəzin
rəisi və ya onun tapşırığı ilə Mərkəzin
digər işçisi tərəfindən şikayət etmək
hüququ ona izah olunmaqla elan edilir və həmin qərar əcnəbinin
şəxsi işinə əlavə edilir.
5.18.
Şəxs tənbeh tədbirindən yuxarı vəzifəli
şəxsə və ya məhkəməyə şikayət
edə bilər. Bu Qaydaların 5.19-cu bəndinə əsasən
tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə
qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin
verilməsi tənbeh tədbirinin tətbiqini
dayandırmır.
5.19.
Şikayətin verildiyi hallarda, şikayət olunan tənbeh tədbirinin
tətbiqinin dayandırılması ilə bağlı məsələyə
maraqlı şəxsin ərizəsinə əsasən və
ya xidməti vəzifəsinə görə şikayət
instansiyasının öz təşəbbüsü ilə
şikayət instansiyası tərəfindən dərhal
baxılır və bu barədə müvafiq qərar qəbul
edilir.
5.20. Barəsində
bir nəfərlik xüsusi otaqda saxlanılması
növündə tənbeh tədbiri tətbiq edilmiş əcnəbilərin
bir nəfərlik xüsusi otaqlara qəbulu və oradan azad
edilməsi Mərkəz növbətçisinin rəhbərliyi
altında nəzarətçilər tərəfindən həyata
keçirilir və bu barədə müvafiq kitabda (17 nömrəli
əlavə) qeyd edilir. Bir nəfərlik xüsusi otaqlara yerləşdirilərkən,
əcnəbilərin üzərində tam axtarış
aparılır.
5.21.
Əcnəbilər bir nəfərlik xüsusi otaqda
olduqları müddətdə, onların anbara təhvil verdikləri
əşyaların və ərzaq məhsullarının
qorunub saxlanılması təmin edilir və onlar azad edildikdən
sonra onlara geri qaytarılır. Təbii səbəblərdən
xarab olmuş ərzaq məhsulları əcnəbilərin
iştirakı ilə anbardan götürülür və məhv
edilir. Bu barədə akt tərtib olunur və Mərkəzin
növbətçisi, bir nəfərlik xüsusi otaq üzrə
nəzarətçi və əcnəbi tərəfindən
imzalanır.
5.22. Bir nəfərlik
xüsusi otaqda olduğu müddətdə könüllü
yerləşdirilən əcnəbinin Mərkəzi tərk
etməsi qadağandır.
5.23. Bir nəfərlik
xüsusi otaqda saxlanıldıqları müddətdə rejim
pozuntusuna yol vermiş əcnəbilərə bir nəfərlik
xüsusi otaqda saxlanılma təkrarən tətbiq edilir. Bu
halda tənbehin yeni müddəti əvvəlki tənbehin
müddəti başa çatdıqdan sonra hesablanır.
5.24. Bir nəfərlik
xüsusi otaqda özünə xəsarət yetirmə və
özünü xəstəliyə vurma halları istisna olmaqla,
Mərkəzin tibb məntəqələrinə
keçirilmiş əcnəbilərin burada saxlanılma
vaxtı verilən tənbehin çəkilmə müddətinə
hesablanır.
5.25. Bir nəfərlik
xüsusi otaqda saxlanılan əcnəbilərin səhhətinə
tibb məntəqəsinin tibb işçiləri tərəfindən
gündəlik nəzarət edilir. Bu barədə əcnəbinin
tibb kitabçasında müvafiq qeydlər aparılır.
5.26. Səhhəti
ilə əlaqədar bir nəfərlik xüsusi otaqda
saxlanılmasının qeyri-mümkünlüyü barədə
tibbi rəy olduqda, əcnəbi bir nəfərlik xüsusi
otaqdan Mərkəzin rəisinin qərarı ilə azad edilir.
5.27. Bir nəfərlik
xüsusi otaqda saxlanılma növündə tənbehin
müddəti başa çatdıqda, əcnəbi oradan dərhal
azad edilir.
5.28. Bu
Qaydaların 5.26-cı bəndində qeyd edilən hallar istisna
olmaqla, əcnəbilərin bir nəfərlik xüsusi otaqdan
vaxtından əvvəl azad edilməsinə yol verilmir.
5.29. Hamilə
və ya yanında 3 yaşınadək uşağı olan
qadınlar, yetkinlik yaşına çatmayan əcnəbilər
bir nəfərlik xüsusi otaqlarda saxlanıla bilməzlər.
5.30. Mərkəzdə
ilin fəsli və yerli şərait nəzərə
alınmaqla, ciddi nizamlanmış gün bölgüsü
müəyyən olunur. Gün bölgüsü bu Qaydalarla
müəyyən edilmiş nümunəyə (18 nömrəli
əlavə) uyğun hazırlanaraq, Mərkəzin tabe
olduğu dövlət orqanının rəhbərliyi tərəfindən
təsdiq edilir, əcnəbilərin, Mərkəzin
işçilərinin nəzərinə
çatdırılır və diqqəti cəlb edən yerdə
asılır.
5.31. Bu
Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan əcnəbilər
üçün bu Qaydalarla müəyyən edilmiş
nümunəyə uyğun olaraq xüsusi gün
bölgüsü müəyyənləşdirilir.
5.32.
İstirahət, bayram, ümumxalq hüzn və digər əlamətdar
günlərdə gücləndirilmiş iş rejimində
xidmət aparılır. Mərkəzdə saxlanılan əcnəbilərin
davranışına və onlar tərəfindən gün
bölgüsünə riayət edilməsinə nəzarət
prosesinə Mərkəz növbətçisi rəhbərlik
edir.
5.33. Mərkəzdə
saxlanılan əcnəbilər tərəfindən gün
bölgüsünə riayət olunmasını təmin etmək
məqsədi ilə onların yaşadığı
binalarda siqnal və
komandaların verilməsi üçün texniki vasitələrdən
istifadə edilir.
5.34. Mərkəzdə
saxlanılan əcnəbilərə nümunəvi
davranışına görə aşağıdakı həvəsləndirmə
tədbirləri tətbiq edilir:
5.34.1. təşəkkür
elan etmək;
5.34.2.
verilmiş tənbeh tədbirini vaxtından əvvəl
götürmək.
5.35. Mərkəzdə
saxlanılan əcnəbilərə həvəsləndirmə
tədbirləri Mərkəzin rəisinin və ya onu əvəz
edən şəxsin qərarı ilə tətbiq edilir.
5.36. Təhlükəsizliyin
təmin edilməsi, tikililərin
texniki vəziyyətinin öyrənilməsi məqsədi
ilə Mərkəzin rəisi tərəfindən təsdiq
edilmiş cədvələ əsasən yaşayış
otaqlarında və digər obyektlərdə Mərkəz
növbətçisinin rəhbərliyi ilə mühafizə
heyəti tərəfindən həftədə bir dəfə,
Mərkəz rəisinin rəhbərliyi ilə ayda bir dəfə
ümumi baxış tədbirləri keçirilir.
Keçirilən tədbirlərin nəticələri aktla rəsmiləşdirilir.
Bu tədbirlər keçirilərkən, əcnəbilər
gəzinti yerlərinə çıxarılırlar.
5.37. Nəzarətçilər
tərəfindən hər gün Mərkəzdə
saxlanılan əcnəbilərin saxlanılma şəraiti
yoxlanılır, ehtiyacı olan əcnəbilərə tibbi
yardım göstərilməsi, müəyyən edilmiş
nöqsanların aradan qaldırılması və əcnəbilərin
əsaslı şikayətlərinin təmin edilməsi
üçün tədbirlər görülür və bu barədə
müvafiq qeydlər aparılır (19 nömrəli əlavə).
5.38. Mərkəzdə
saxlanılan əcnəbinin həyatına,
sağlamlığına, yaxud şəxsiyyətinə
qarşı Mərkəzdə saxlanılan digər əcnəbilər
və ya başqa şəxslər tərəfindən təhlükə
yaranarsa, o, Mərkəzin rəhbərliyinə təhlükəsizliyinin
təmin olunması üçün ərizə ilə və
ya şifahi müraciət etmək hüququna malikdir. Mərkəzin
rəhbərliyi belə təhlükəyə məruz qalan əcnəbilərin
təhlükəsizliyini təmin etmək üçün
lazımi tədbirlər görməlidir.
5.39. Təhlükənin
qarşısının alınması məqsədi ilə
ehtiyac olduqda, əcnəbilərin bir nəfərlik xüsusi
otaqlarda müvəqqəti yerləşdirilməsinə yol
verilir.
5.40. Mərkəzdə
saxlanılan əcnəbinin təhlükəsizliyini təmin
etmək məqsədi ilə onun bir nəfərlik xüsusi
otaqda yerləşdirilməsi tənbeh tədbiri hesab edilmir və
ona belə yerlərə tənbeh tədbiri qaydasında
keçirilmiş əcnəbilər üçün tətbiq
olunan qaydalar və məhdudiyyətlər şamil olunmur.
5.41. Mərkəzdə
saxlanılan əcnəbilərin həyatına və
sağlamlığına qarşı Mərkəzin
işçiləri tərəfindən təhlükə
yaranarsa, Mərkəzin rəhbərliyi belə təhlükəyə
məruz qalan əcnəbilərin təhlükəsizliyini təmin
etmək üçün lazımi tədbirlər görməli
və bu barədə Mərkəzin tabe olduğu dövlət
orqanının rəhbərliyini məlumatlandırmalıdır.
5.42. Mərkəzin
mühafizəsi və müdafiəsi, habelə buraya
buraxılış rejimi Mərkəzin mühafizə heyəti
tərəfindən həyata keçirilir və bu məqsədlə
Mərkəz mühəndis-texniki mühafizə,
müşahidə vasitələri, qurğu və
avadanlıqlarla təchiz olunur. Mühafizə heyəti
növbətçilərdən və nəzarətçilərdən
ibarət olmaqla, Mərkəz növbətçisi tərəfindən
idarə edilir.
5.43. Mərkəzin
mühafizə heyəti Mərkəzdə saxlanılan əcnəbilərin
Mərkəzdə mühafizəsini təşkil etməklə
yanaşı, Mərkəzdə məcburi yerləşdirilən
əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə
köçürülməsi və Mərkəzdən kənarda
digər hərəkətləri zamanı onları
müşayiət edirlər.
5.44. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilərin
müşayiəti xüsusi vasitələrin mühafizəsi
altında və müşayiət vərəqi (20 nömrəli
əlavə) əsasında həyata keçirilir. Onların
müşayiəti dövlət hesabına həyata
keçirilir və daşınma zamanı anonimliyin və
konfidensiallığın təmin edilməsi üçün
tədbirlər görülür.
5.45. Mərkəzdə
saxlanılan əcnəbilərin bir Mərkəzdən digər
Mərkəzə köçürülməsi Mərkəzin
tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri
əsasında həyata keçirilir və əcnəbi
köçürüldüyü Mərkəzə qəbul
edilərkən, onun üzərində bu Qaydalarda nəzərdə
tutulmuş tələblərə uyğun olaraq tam
axtarış aparılır və ona məxsus əşyalara
baxış keçirilir.
5.46. Mərkəzin
fəaliyyətinə nəzarət Xidmət tərəfindən
həyata keçirilir.
6. Mərkəzdə saxlanılan əcnəbilərin
daktiloskopik qeydiyyatının aparılması
6.1. Mərkəzdə
saxlanılan əcnəbilərin daktiloskopik qeydiyyatı
aparılır və fotoşəkilləri çəkilir.
Onların hər birinə bir ədəd daktiloskopik qeydiyyat vərəqi
(21 nömrəli əlavə) və altı ədəd
(üç ədəd anfas və üç ədəd
profil) 4,5x6 sm və 6x9 sm ölçüdə fotoşəkil
hazırlanır. Daktiloskopik qeydiyyat vərəqi şəxsi
işin birinci hissəsinə əlavə edilir. İki
fotoşəkil (anfas və profil) Mərkəzdə
saxlanılan əcnəbinin anketinə, iki fotoşəkil
şəxs digər Mərkəzə keçirilməyə
hazırlandıqda onun şəxsi işi üzrə
arayışa yapışdırılır, iki fotoşəkil
isə şəxsi işin üzlüyünün iç tərəfinə
yapışdırılmış zərfə qoyulur. Həmin
zərfə fotoşəkillərin neqativləri də qoyulur.
6.2. Mərkəzdə
saxlanılan əcnəbinin şəxsi işi itdikdə,
şəxsi iş bərpa olunur. Bunun üçün əcnəbi
daktiloskopiya edilir, onun fotoşəkli çəkilir və
cavablar uçot sənədlərində olan məlumatlarla
tutuşdurulmaqla, onunla ətraflı sorğu-sual
aparılır. Əcnəbinin Mərkəzdə yerləşdirilməsi
ilə bağlı qərar qəbul etmiş orqandan və ya məhkəmədən
qərarın surəti tələb edilir.
7. Bağlamaların, sovqatların və
banderolların Mərkəzə gətirilməsi vəonların
qəbulu, o cümlədən Mərkəzdə saxlanılan əcnəbinin
şəxsi hesabları vasitəsilə pul baratları
alması və ya göndərməsi
7.1. Mərkəzdə
saxlanılan əcnəbilər iş günlərində
bağlama, sovqat və banderol qəbul etmək, o cümlədən
şəxsi hesabları vasitəsilə pul baratları almaq və
ya göndərmək hüququna malikdirlər.
7.2. Bir
bağlama və ya banderolun yuxarı çəkisi mövcud
poçt göndərişləri qaydaları ilə müəyyən
edilir. Bir sovqatın çəkisi bir bağlama
üçün müəyyən olunmuş çəkidən
artıq olmamalıdır. Yetkinlik yaşına
çatmayanlar, ağır xəstəlikdən əziyyət
çəkənlər (bu barədə tibbi rəy olduqda), I
və ya II qrup əlillər, hamilə qadınlar və ya
yanında 3 yaşınadək uşağı olan qadınlar
say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol qəbul
etmək hüququna malikdirlər.
7.3. Tibbi
rəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilərin
aldığı dərman vasitələri bağlama, sovqat və
ya banderolların sayına daxil edilmir. Belə dərman vasitələri
Mərkəzin müvafiq kitabında (22 nömrəli əlavə)
qeydiyyata alınır və həkimlərin təyinatı əsasında
Mərkəzdə saxlanılan həmin əcnəbilərin
ambulator və stasionar müalicəsi zamanı istifadə
olunur.
7.4. Sovqat
gətirmiş şəxs və ya şəxslərdən
biri bu Qaydalarla müəyyən edilmiş formada iki nüsxədən
ibarət ərizə blankını (23 nömrəli əlavə)
doldurur və imzalayır. Həmin şəxslər bu
blankın arxa tərəfində qadağan olunmuş əşyaların
siyahısı ilə, habelə bu siyahıda göstərilən
əşyaların hər hansı bir üsulla verilməsinin
və ya ötürülməsinin məsuliyyətə səbəb
olacağı barədə məlumatlandırılırlar.
Ərizənin hər iki nüsxəsi sovqat gətirmiş
şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq
edən sənədlə birlikdə görüş
otağına təhkim olunmuş nəzarətçiyə təqdim
edilir. Nəzarətçi ilk növbədə Mərkəzdə
saxlanılan əcnəbinin sovqat almaq hüququnun
olub-olmamasını yoxlayır, belə hüququ varsa, sovqat gətirmiş
şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq
edən sənədini və ərizənin hər iki nüsxəsinin
tələb edilən qaydada tərtib edilməsini yoxlayır.
Əgər ərizənin arxa tərəfində göstərilən
məlumatlar imza ilə təsdiq olunmayıbsa, habelə şəxsiyyətini
təsdiq edən sənədlə ərizələrdəki
imzalar bir-birindən fərqlidirsə, nəzarətçi
sovqatı gətirmiş şəxsə bir daha bu barədə
məlumat verir, ərizələri yenidən düzgün tərtib
edilməsi və imzalaması üçün sovqatı gətirmiş
şəxsə qaytarır. Əgər sovqat gətirmiş
şəxs (şəxslər) ərizənin arxa tərəfində
göstərilmiş məlumatı imzalamaqdan imtina edərsə
və ya sovqat gətirmiş şəxsin (şəxslərin)
təqdim etdiyi sənədlə onun şəxsiyyətinin
uyğun gəlmədiyi müəyyən olunarsa, nəzarətçi
bu barədə Mərkəzin rəhbərliyinə məlumat
verir və səbəbi bildirilməklə, sovqatın qəbul
edilməsindən imtina edilir. Bu barədə müvafiq akt tərtib
olunur. Aktın surəti sovqatın ünvanlandığı Mərkəzdə
saxlanılan əcnəbinin şəxsi işinə əlavə
edilir.
7.5. Nəzarətçi
sovqatı gətirən şəxsin iştirakı ilə
sovqatın içindəki məhsulların çeşidini və
çəkisini yoxlayır, sovqatın qəbul edilməsi barədə
ərizənin birinci nüsxəsini imzalayır və həmin
nüsxəni şəxsiyyəti təsdiq edən sənədlə
birlikdə sovqatı gətirmiş şəxsə
qaytarır. Ərizənin ikinci nüsxəsi sovqatın qəbul
edilməsi barədə Mərkəzdə saxlanılan əcnəbi
tərəfindən imzalandıqdan sonra əcnəbinin şəxsi
işinə tikilir. Mərkəzdə saxlanılan əcnəbi
ərizəni imzalamaqdan imtina edərsə, bu barədə ərizədə
müvafiq qeydiyyat aparılır.
7.6. Mərkəzdə
saxlanılan əcnəbilərə gətirilmiş sovqatda,
bağlamada və banderolda olan mallar və onların əcnəbilər
tərəfindən qəbul edilməsi və ya qəbulundan
imtina olunması barədə bu Qaydalarla müəyyən
edilmiş xüsusi kitabda qeydiyyat aparılır (22 nömrəli
əlavə).
7.7. Mərkəzdə
saxlanılan əcnəbilərə qadağan olunmuş əşyaların
ötürülməsinin qarşısını almaq məqsədi
ilə sovqata onu gətirmiş şəxsin, bağlama və
banderollara isə Mərkəzdə saxlanılan əcnəbilərin
iştirakı ilə və Mərkəz növbətçisinin
rəhbərliyi ilə baxış keçirilir.
7.8.
Mövsümi sanitar-epidemioloji vəziyyətdən
asılı olaraq, ərzaq məhsullarının qəbulu
müvafiq dövlət sanitar orqanlarının qərarı
ilə müvəqqəti dayandırıla bilər.
7.9. Mərkəzdə
saxlanılan əcnəbilərin adına göndərilən
bağlama və banderollarda, gətirilən sovqatlarda
qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin
əşyalar tərtib edilmiş axtarış protokolunda
müvafiq qeydlər aparılmaqla götürülür və
anbara təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış
qərarına əsasən məhv edilir. Protokol və əşyanın
məhv edildiyi halda, Mərkəz rəisinin qərarı əcnəbinin
şəxsi işinə əlavə olunur.
7.10.
Sovqat aşağıdakı hallarda səbəbi izah edilməklə
qəbul olunmur (həkimin rəyi əsasında dərman
preparatları istisna olmaqla) və onu gətirmiş şəxsə
qaytarılır:
7.10.1. Mərkəzdə
saxlanılan əcnəbi Mərkəzdən azad edildikdə;
7.10.2. Mərkəzdə
saxlanılan əcnəbi vəfat etdikdə;
7.10.3. Mərkəzdə
saxlanılan əcnəbinin sovqatı şəxsən qəbul
etmək imkanı olmadıqda (huşsuz vəziyyətdə
tibb məntəqəsinə yerləşdirildikdə);
7.10.4.
sovqatın çəkisi bu Qaydaların 7.2-ci bəndinə əsasən
müəyyən edilmiş çəkidən artıq
olduqda;
7.10.5.
sovqatı gətirmiş şəxs şəxsiyyətini təsdiq
edən sənədi təqdim etmədikdə;
7.10.6. Mərkəzdə
saxlanılan əcnəbi sovqatı qəbul etməkdən
yazılı imtina etdikdə.
7.11.
Bağlama və banderollar bu Qaydaların 7.10.1-ci, 7.10.2-ci,
7.10.4-cü və 7.10.6-cı yarımbəndlərində nəzərdə
tutulmuş hallarda onları göndərmiş şəxsə
geri qaytarılır. Bağlama və banderollar onları
göndərmiş şəxslərə geri qaytarılarkən,
içindəki məhsulların keyfiyyətinin itirilməsinə
görə Mərkəzin rəhbərliyi məsuliyyət
daşımır.
7.12.
Poçtla göndərilmiş bağlama və banderollar
başqa Mərkəzə köçürülmüş əcnəbilərə
ünvanlandığı halda, həmin poçt göndərişləri
Mərkəzin hesabına onların
köçürüldüyü Mərkəzə göndərilir.
7.13.
Bağlama və banderollar qəbul olunduğu vaxtdan
üç saat ərzində Mərkəzdə saxlanılan əcnəbilərə
təqdim edilir.
7.14. Bir nəfərlik
xüsusi otaqda saxlanılan əcnəbinin adına gəlmiş
bağlama və banderollar Mərkəzin anbarına təhvil
verilir və əcnəbinin bir nəfərlik xüsusi otaqda
saxlanılma müddəti başa çatdıqdan sonra onlara
təqdim edilir.
7.15. Mərkəzdə
saxlanılan əcnəbilər yaxın qohumlarına
bağlama və ya banderol göndərmək, həmçinin
öz şəxsi hesabları vasitəsilə pul baratları əldə
etmək və ya göndərmək hüququna malikdirlər.
7.16. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilər bu
Qaydaların 7.15-ci bəndində nəzərdə tutulan
hüquqlarını Mərkəzin rəhbərliyinin
razılığı ilə və Mərkəzin
işçilərinin müşayiəti ilə poçtda,
bankda və sair bu kimi yerlərdə həyata keçirirlər.
8. Mərkəzdə məcburi yerləşdirilən
əcnəbinin Mərkəzə yerləşdirilməsindən
dərhal sonra bu barədə yaxın qohumlarına və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərə telefonla məlumat verməsi
8.1. Mərkəzə
məcburi yerləşdirilən əcnəbi Mərkəzə
qəbul edildikdən dərhal sonra Mərkəzdə
saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərə telefonla bu barədəməlumat verməsi
bu Qaydaların 8.2-ci bəndinin tələbləri gözlənilməklə
həyata keçirilir.
8.2. Mərkəzin
işçiləri Mərkəzdə məcburi yerləşdirilən
əcnəbinin qocalığı, yetkinlik yaşına
çatmaması, sağlamlıq və psixoloji vəziyyəti
ilə bağlı hallar istisna olmaqla, belə məlumatları
öz təşəbbüsləri ilə verə bilməzlər.
8.3. Mərkəzə
məcburi yerləşdirilən əcnəbi Mərkəzdə
saxlanılması barədə məlumat verməkdən imtina
edərsə, bu barədə akt tərtib olunur və həmin
akt onun şəxsi işinə əlavə edilir.
9. Əcnəbinin öz dövlətinin
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi
və ya konsulluğu ilə, habelə ona himayədarlığı
öz üzərinə götürmüş milli, yaxud beynəlxalq
təşkilatlarla əlaqə yaratması
9.1. Mərkəzdə
yerləşdirilən şəxsin Mərkəzdə
saxlanıldığı (tutularaq gətirilən şəxslər
barədə isə harada tutulduğu) barədə onun vətəndaşı
olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəliyinə və
ya konsulluğuna dərhal məlumat verilir və belə məlumatın
verildiyi qeydə alınır (2 nömrəli əlavə).
9.2. Mərkəzdə
saxlanılan əcnəbilərə öz dövlətinin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəliyi və ya
konsulluğu ilə, habelə himayədarlığı öz
üzərinə götürmüş milli, yaxud beynəlxalq
təşkilatlarla təxirə salınmadan əlaqəyə
girmək imkanı yaradılır.
9.3.
Əcnəbilərin Mərkəzdə saxlanılması barədə
onların vətəndaşı olduğu və ya daimi
yaşadığı dövlətin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəliyi və ya
konsulluğu ilə, habelə himayədarlığı öz
üzərinə götürmüş milli, yaxud beynəlxalq
təşkilatlarla məlumat mübadiləsi Mərkəzin
tabe olduğu dövlət orqanının beynəlxalq əlaqələr
idarəsi vasitəsilə aparılır.
10. Mərkəzdə saxlanılan
şəxsin ərzaq məhsulları və ən zəruri
malları əldə etməsi, yazışması, telefon əlaqəsindən
istifadə etməsi
10.1. Mərkəzdə
saxlanılan əcnəbilər gigiyena, daxili intizam
qaydaları və təhlükəsizlik tələbləri nəzərə
alınmaqla, şəxsi istifadə məqsədi ilə
öz vəsaitləri hesabına ərzaq məhsulları və
ən zəruri mallar əldə edə bilərlər. Mərkəzdə
saxlanılan əcnəbilərə öz vəsaitləri
hesabına ticarət şəbəkəsindən əldə
etməyə icazə verilən ərzaq məhsulları və
ən zəruri mallar bu Qaydaların 6 nömrəli əlavəsindəki
siyahı üzrə müəyyənləşdirilir.
10.2. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilər, o cümlədən
bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbilər
nəzarətçi vasitəsilə ticarət şəbəkəsindən
ərzaq məhsulları və ən zəruri mallar əldə
edirlər. Bununla əlaqədar, bu Qaydalarla müəyyən
edilmiş ərzaq məhsullarının və ən zəruri
malların ticarət şəbəkəsində satış
qiymətləri göstərilməklə, siyahısı Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilərin, o
cümlədən bir nəfərlik xüsusi otaqda
saxlanılan əcnəbilərin yaşayış
otaqlarına paylanılır.
10.3. Mərkəzdə
məcburi yerləşdirilən və ya bir nəfərlik
xüsusi otaqda saxlanılan əcnəbi ticarət şəbəkəsindən
siyahısı bu Qaydalarla müəyyən edilmiş ərzaq
məhsulları və ya ən zəruri mallar əldə etmək
üçün Mərkəzin rəisinə ərizə (24
nömrəli əlavə) ilə müraciət edir və ərizədə
əldə etmək istədiyi məhsul və malların
adını, miqdarını (çəkisini) qeyd edir.
Alınmış ərzaq məhsulları və digər
mallar əcnəbiyə ərizədə imza etdirilməklə
verilir, ərizə əcnəbinin şəxsi işinə əlavə
olunur.
10.4. Mərkəzdə
saxlanılan əcnəbiyə xərcləməyə icazə
verilən məbləğ məhdudlaşdırılmır.
Ödəniş nağd və nağdsız qaydada şəxsi
hesabında olan vəsaitlə aparılır. Nağdsız
qaydada ödəniş Mərkəzdə saxlanılan əcnəbinin
hesabında vəsaitin kifayət qədər
olub-olmamasıyoxlanıldıqdan sonra aparılır.
10.5.
Saxlanılma müddəti bitmiş və ya həkimin əsaslandırılmış
rəyi olduqda, ərzaq məhsullarının və ya ən zəruri
malların əldə edilməsinə icazə verilmir.
10.6. Mərkəzdə
saxlanılan əcnəbilər bu Qaydaların 10.10-cu bəndində
nəzərdə tutulan hallardan başqa, məhdudiyyətsiz
sayda məktub, teleqram almaq və ya öz vəsaitləri
hesabına göndərmək hüququna malikdirlər.
10.7. Mərkəzdə
saxlanılan əcnəbilər dövlət hesabına bir ay ərzində
iki dəfə məktub və ya teleqram göndərmək
hüququna malikdirlər.
10.8. Mərkəzdə
saxlanılan əcnəbilər poçt ləvazimatlarını
(konvert, marka, teleqram blankları) ticarət şəbəkəsindən
ərzaq məhsulları və ən zəruri malların
alınması qaydasında əldə edirlər.
10.9. Mərkəzdə
saxlanılan əcnəbilərin məktub və teleqram
göndərməsi bu Qaydaların 18-ci hissəsinə
uyğun olaraq həyata keçirilir.
10.10. Mərkəzdə
saxlanılan əcnəbilərin müdafiəçi və
ya hüquqi yardım göstərən digər şəxslərlə
yazışmaları istisna olmaqla, onların aldıqları və
göndərdikləri digər yazışmalar hazırlanan
cinayətlərin qarşısını almaq, cinayət təqibini
və şəxslərin təhlükəsizliyini təmin etmək
məqsədi ilə cinayət prosesini həyata keçirən
orqanın və ya Mərkəzdə rejimi təmin etmək
üçün Mərkəz rəhbərliyinin əsaslandırılmış
qərarı ilə məhdudlaşdırıla və ya
senzuradan keçirilə bilər. Bu bənddə nəzərdə
tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan
inzibati və ya məhkəmə qaydasında şikayət
verilə bilər.
10.11.
Qadağan olunmuş əşyaların ötürülməsinin
qarşısını almaq məqsədi ilə Mərkəzdə
saxlanılan əcnəbilərin adına gələn və
onlar tərəfindən göndərilən məktublar
onların iştirakı ilə Mərkəzin növbətçisi
tərəfindən açıla bilər. Bu halda həmin məktubların
oxunmasına yol verilmir.
10.12. Mərkəzdə
saxlanılan əcnəbilərin aldıqları və
göndərdikləri yazışmalar daxil olduğu və
göndərildiyi vaxt göstərilməklə, xüsusi
qeydiyyat kitablarında (25 və 26 nömrəli əlavələr)
qeydiyyata alınır.
10.13. Mərkəzdən
azad edilmiş əcnəbilərin ünvanına daxil olan məktublar
Mərkəzin rəhbərliyi tərəfindən ən
gecibir iş günü müddətində həmin əcnəbilərin
yaşadığı ünvana (yerə) göndərilir.
10.14. Azərbaycan
Respublikasının ərazisini tərk etmiş əcnəbilərin
ünvanına gələn məktub və teleqramlar həmin məktubu
və ya teleqramı göndərən şəxsə
qaytarılır.
10.15. Mərkəzdə
saxlanılan əcnəbi digər Mərkəzə
köçürüldükdə, onun ünvanına gələn
məktub və teleqramlar köçürüldüyü Mərkəzə
göndərilir.
10.16.
Əcnəbi Mərkəzə məcburi yerləşdirildikdən
sonra yaxın qohumlarına və ya əlaqə saxlaması
onun üçün qanuni maraq doğuran digər şəxslərə
bu barədə məlumat vermək üçün bir dəfə,
sonradan isə həftədə dörd dəfə 25 dəqiqəyədək
müddətinə telefonla danışmaq hüququna malikdir.
Şəhərlərarası və mobil telefon
danışıqlarının haqqı Mərkəzdə
saxlanılan əcnəbinin, onun yaxın qohumlarının və
ya əlaqə saxlaması onun üçün qanuni maraq
doğuran digər şəxslərin vəsaiti hesabına
ödənilir.
10.17.
Müstəsna hallarda (yaxın qohumunun ölümü, həyatını
təhlükə altına alan ağır xəstəliyi, təbii
fəlakətlə əlaqədar), Mərkəzdə məcburi
saxlanılan və ya məcburi yerləşdirilənəcnəbilərə
Mərkəzin rəisi tərəfindən əlavə telefon
danışığına icazə verilir.
10.18. Mərkəzdə
saxlanılan əcnəbilərin telefon
danışıqlarının uçotu, onların adına
açılmış xüsusi vərəqdə (27 nömrəli əlavə) qeydə
alınır və əcnəbinin şəxsi işinə əlavə
edilir.
10.19.
Müdafiəçisi və ya hüquqi yardım göstərən
digər şəxslərlə telefon
danışıqları istisna olmaqla, Mərkəzdə
saxlanılan əcnəbinin telefon danışıqlarından
istifadə etmək hüququ hazırlanan cinayətlərin
qarşısını almaq, cinayət təqibini və şəxslərin
təhlükəsizliyini təmin etmək məqsədi ilə
cinayət prosesini həyata keçirən orqanın və ya
Mərkəzdə rejimi təmin etmək zərurəti
yarandıqda, Mərkəzin rəhbərliyinin əsaslandırılmış
qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla
bilər. Belə qərar qəbul edildikdə, Mərkəzdə
saxlanılan əcnəbi həmin hüquqlardan yalnız
müvafiq qərarı qəbul etmiş vəzifəli şəxsin
yazılı razılığı olduqda istifadə edir. Bu bənddə
nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına
dair qərardan inzibati qaydada və məhkəmə
qaydasında şikayət verilə bilər.
10.20. Mərkəzdə
saxlanılan əcnəbilərin telefon
danışıqları Mərkəz növbətçisinin
nəzarəti altında həyata
keçirilir.
11. Mərkəzdə məcburi yerləşdirilən
şəxsin gəzintiyə çıxarılması
11.1. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilər hər
gün üç saatdan az olmayaraq, gündəlik gəzintiyə
çıxarılmaq hüququna malikdirlər. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilər gəzintiyə
gün bölgüsünə uyğun olaraq və bu
Qaydaların 5.8-ci bəndinin tələbləri gözlənilməklə,
sutkanın yalnız gündüz vaxtı
çıxarılırlar.
11.2. Hamilə
və ya yanında 3 yaşınadək uşağı olan
qadınların müəyyən edilmiş gündəlik gəzintisi
5 saatdan az olmamalıdır.
11.3.
Yetkinlik yaşına çatmayanların müəyyən
edilmiş gündəlik gəzintisi 4 saatdan az
olmamalıdır.
11.4. Bir nəfərlik
xüsusi otaqda saxlanılan əcnəbilər hər gün ən
çoxu 2 saat gəzinti hüququna malikdirlər.
11.5. Barəsində
müvafiq tibbi rəy olan əcnəbilər gəzintiyə
çıxarılmırlar.
11.6. Gəzintiyə
çıxarılan əcnəbilər Mərkəz tərəfindən
mövsümə uyğun geyimlə təmin edilirlər.
11.7. Gəzintinin
keçirilməsinə nəzarət Mərkəz növbətçisinin
rəhbərliyi ilə nəzarətçilər tərəfindən
həyata keçirilir. Gəzintidən əvvəl Mərkəz
növbətçisi gəzinti yerlərinə diqqətlə
baxış keçirir və oranın vəziyyətini
yoxlayır.
11.8. Gəzintinin
keçirilməsi üçün Mərkəzin mühafizə
olunan ərazisində xüsusi gəzinti həyəti nəzərdə
tutulur. Gəzintinin keçirilməsi əlverişsiz hava
şəraiti, fövqəladə hadisə, təbii fəlakət,
yanğının baş verməsi ilə əlaqədar Mərkəz
rəisinin göstərişi ilə ləğv edilir.
11.9. Gəzinti
yerləri bu Qaydaların 2.2-ci bəndində nəzərdə
tutulmuş qaydada təşkil edilir və oturacaqlarla
(skamyalarla) təchiz olunur. Gəzinti yerlərinin
üstünün bir hissəsi gündən və
yağışdan qorunmaq üçün dam
örtüyü ilə bağlanılır.
11.10. Mərkəzdə
könüllü yerləşdirilən əcnəbilərin
gün bölgüsünə uyğun olaraq, Mərkəzin ərazisini
müvəqqəti tərk etmək və geri qayıtmaq, o
cümlədən Mərkəzin ərazisində (xidməti
istifadə üçün nəzərdə tutulan ərazilər
istisna olmaqla) sərbəst hərəkət etmək
hüquqları vardır.
12. Mərkəzə girişin və
çıxışın tənzimlənməsi
12.1. Mərkəzə
girişin və çıxışın tənzimlənməsi
məqsədi ilə buraxılış rejimi tətbiq olunur.
Buraxılış rejiminin tətbiqinin məqsədi Mərkəzdə
saxlanılan əcnəbilərin təhlükəsizliyinin,
onların etibarlı mühafizəsinin təmin edilməsi, Mərkəzə
nəzarətsiz daxil olmanın, qadağan olunmuş əşyaların
gətirilməsinin, müvafiq icazə olmadan xidməti sənəd
və əşyaların Mərkəzin ərazisindən
çıxarılmasının qarşısını
almaqdır.
12.2. Mərkəzdə
buraxılış rejiminin təmin olunması Mərkəzin
mühafizə heyəti tərəfindən təmin edilir.
12.3. Mərkəzin
ərazisinə giriş və ya bu ərazidən
çıxış zamanı Mərkəzin nəzarət-buraxılış
məntəqəsi üzrə növbətçisi tərəfindən
gələn və gedən şəxslərin əşyaları
və geyimi, o cümlədən daxil olan və çıxan
nəqliyyat vasitələri yoxlanılır, qadağan
olunmuş əşyalar aşkar edildikdə, həmin əşyaların
Mərkəzin ərazisinə buraxılmasına yol verilmir və
qanunla bu əmələ görə məsuliyyət nəzərdə
tutulmamışdırsa, belə əşyalar onları gətirmiş
şəxslərə geri
qaytarılır.
12.4. Mərkəzin
ərazisinə giriş və ya bu ərazidən
çıxış zamanı Mərkəzdə saxlanılan
əcnəbilərdə qadağan olunmuş əşyalar
aşkar edildikdə, bu Qaydaların 4.17-ci bəndində nəzərdə
tutulan müvafiq tədbirlər həyata keçirilir.
12.5.
Yalnız aşağıdakı sənədlər əsasında
Mərkəzə girişə və oradan
çıxışa icazə verilir:
12.5.1.
xidməti vəsiqə;
12.5.2.
buraxılış vərəqi (28 nömrəli əlavə);
12.5.3. Mərkəzdə
könüllü yerləşdirilən əcnəbilərin
giriş və çıxışı üçün
buraxılış vərəqi (29 nömrəli əlavə).
12.6. Bu
Qaydaların 12.5-ci bəndində nəzərdə tutulan
buraxılış vərəqləri Mərkəzin rəisi
tərəfindən təsdiq edilir və müvafiq kitabda
qeydiyyata alınır (30 nömrəli əlavə).
12.7. Mərkəzə
giriş və oradan çıxışa icazə verən sənədlər
şəxsiyyəti təsdiq edən sənədlərlə
birlikdə təqdim olunmalıdır. Mərkəzə
girişə icazə verən sənədlər şübhə
doğurduqda və ya etibarlılıq müddəti başa
çatdıqda, yaxud başqa çatışmazlıq
aşkar edildikdə, bu barədə dərhal Mərkəz rəhbərliyinə
məlumat verilməklə, həmin şəxsin Mərkəzə
girişi çatışmazlıq aradan qalxanadək məhdudlaşdırılır.
12.8. Mərkəzin
işçilərindən başqa, Mərkəzə daxil
olan şəxslərin müvafiq kitabda (31 nömrəli əlavə)
qeydiyyatı aparılır.
12.9. Mərkəzdə
könüllü yerləşdirilən əcnəbilərə
verilən buraxılış vərəqədə əcnəbinin
Mərkəzdən gedə biləcəyi və Mərkəzə
qayıtmalı olduğu vaxt göstərilir.
12.10.
Üzərində xidməti silah olan kənar şəxslər
Mərkəzə daxil olarkən, xidməti silahı Mərkəzin
nəzarət-buraxılış məntəqəsi üzrə
növbətçisinə təhvil verir. Mərkəzin
növbətçisi təhvil aldığı xidməti
silahları müəyyən olunmuş yerdə qorunub
saxlanılmasını təmin edir və bu barədə
müvafiq kitabda qeydlər aparır (32 nömrəli əlavə).
13. Mərkəzdə saxlanılan əcnəbinin
idmanla məşğul olması, stolüstü oyunlar
oynaması və televiziya verilişlərinə baxması
13.1. Mərkəzdə
saxlanılan əcnəbilər gün bölgüsünə
uyğun olaraq, Mərkəzdə idmanla məşğul olmaq
və stolüstü oyunlar (şahmat, dama, domino, nərdtaxta)
oynamaq, habelə televiziya verilişlərinə baxmaq
hüququna malikdirlər.
13.2. Mərkəzdə
saxlanılan əcnəbilər bədən tərbiyəsi ilə
yataq otaqlarında, idmanla isə gəzinti yerlərində və
ya idman ləvazimatları ilə təchiz edilmiş idman
zallarında, meydançalarda məşğul ola bilərlər.
13.3.
Yaşayış binalarında Mərkəzdə saxlanılan
əcnəbilərin asudə vaxtlarının maraqlı
keçməsi üçün stolüstü oyun ləvazimatları
ilə təchiz edilmiş otaqlar və televiziya verilişlərinə
baxmaq üçün mərkəzləşdirilmiş
qoşucu qurğu ilə idarə olunan televizor
quraşdırılmış istirahət otaqları nəzərdə
tutulur.
14. Mərkəzdə saxlanılan əcnəbinin
müdafiəçisi, qanuni nümayəndəsi,
qohumları, hüquqi yardım göstərən və ya əlaqələri
onun üçün maraq doğuran digər şəxslərlə
görüşlərinin təmin edilməsi
14.1. Mərkəzdə
saxlanılan əcnəbiyə Mərkəzdə yerləşdirilməsi
barədə qərarın ona elan olunduğu andan
görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan
müdafiəçisi və qanuni nümayəndəsi ilə
təklikdə görüşməsinə və konfidensial
ünsiyyət saxlamasına şərait yaradılır.
14.2.
Hüquqi yardım almaq üçün Mərkəzdə
saxlanılan əcnəbiyə özlərinin, yaxın
qohumlarının və ya onların qanuni nümayəndələrinin
ərizəsinə əsasən vəkillərlə
görüş verilir. Görüşlər Mərkəzdə
saxlanılan əcnəbilərə Mərkəzin iş
vaxtı (9:00-dan 18:00-dək) ərzində təqdim edilir.
14.3.
Müdafiəçi Mərkəzə onun şəxsiyyətini
və səlahiyyətlərini təsdiq edən sənədi,
qanuni nümayəndə isə əcnəbinin qanuni nümayəndəsi
olduğunu təsdiq edən müvafiq sənədi və
şəxsiyyətini təsdiq edən sənədi təqdim
etdikdə buraxılır. Belə görüşlər tərəflərin
arzusu ilə təklikdə və bu Qaydalara riayət edilməklə
keçirilir.
14.4. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) və Milli Preventiv Qrup
üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən
xəbərdarlıq etmədən Mərkəzə daxil
olmaq, orada könüllü və ya məcburi yerləşdirilən
əcnəbilərlə, habelə müvafiq məlumatı
verə biləcək istənilən digər şəxslə
təkbətək və ya zəruri saydığı halda
mütəxəssisin, yaxud tərcüməçinin
iştirakı ilə görüşmək və söhbət
etmək, onların həmin yerlərdə yerləşdirilməsinin
və saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə
də həmin əcnəbilərlə rəftara və
onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə
tanış olmaq və surətlərini almaq, akt tərtib etmək,
həyata keçirdikləri tədbirlərin gedişini və
nəticələrini protokollaşdırmaq hüquqları
vardır.
14.5. Mərkəzin
rəisi İnsan Hüquqları üzrə Müvəkkilin
(Ombudsmanın) və Milli Preventiv Qrupun üzvlərinin təxirə
salınmadan Mərkəzə daxil olmasını, orada
könüllü və ya məcburi yerləşdirilən əcnəbilərlə,
habelə müvafiq məlumatı verə biləcək istənilən
digər şəxslə təkbətək görüşmələrini
və söhbət etmələrini, habelə onların həmin
yerlərdə yerləşdirilməsinin və
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə
də həmin əcnəbilərlə rəftara və
onların saxlanılma şəraitinə aid olan bütün
sənədlərlə tanış olmalarını və surətlərini
almalarını dərhal təmin etməlidir.
14.6.
Görüşün keçirilməsi üçün Mərkəzdə
xüsusi otaq ayrılır. Mərkəzdə saxlanılan əcnəbinin
İnsan Hüquqları üzrə Müvəkkillə
(Ombudsmanla), Milli Preventiv Qrupun nümayəndələri ilə,
müdafiəçisi və ya qanuni nümayəndəsi ilə
keçirilən görüşləri zamanı onların
danışıqlarına qulaq asmaq yolverilməzdir.
14.7. Beynəlxalq
təşkilatların və respublikada akkreditə olunmuş
diplomatik missiyaların nümayəndələrinin Mərkəzdə
saxlanılan əcnəbilərlə görüşlərinin
keçirilməsi beynəlxalq normalara uyğun olaraq, diplomatik
kanallar vasitəsilə onların müraciətlərinə əsasən
təmin edilir.
14.8. Mərkəzdə
saxlanılan əcnəbilərlə təklikdə
keçirilən görüşlər Mərkəzin
işçisinə görmək imkanı verən, lakin
eşitməyi istisna edən şəraitdə həyata
keçirilir.
14.9. Mərkəzdə
saxlanılan əcnəbi yaxın qohumları ilə və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərlə ayda dörd dəfə və hər dəfədə
4 saatadək müddətə müvafiq şəraitdə və
nəzarət altında görüşmək hüququna
malikdir.
14.10. Mərkəzdə
saxlanılan əcnəbinin qohumları ilə, hüquqi
yardım göstərən və ya əlaqələri onun
üçün maraq doğuran digər şəxslərlə
görüşünə icazə Mərkəzin rəisi tərəfindən
həmin əcnəbinin, yaxud görüşə gəlmiş
şəxsin ərizəsi, şəxsiyyətini (şəxsiyyət
vəsiqəsi, pasport, hərbi qulluqçuların və
hüquq mühafizə orqanları əməkdaşlarının
xidməti vəsiqəsi və qəyyumluq orqanlarının sənədləri)
və qohumluq əlaqəsini təsdiq edən sənəd əsasında
verilir. Mərkəzdə saxlanılan əcnəbilər və
görüşə gəlmiş şəxslər Mərkəzin
rəisinə müraciət etmək üçün ərizə
blankları (33 nömrəli əlavə) ilə təmin
edilirlər.
14.11.
Görüşə gəlmiş şəxs və ya şəxslərdən
biri bu Qaydalarla müəyyən edilmiş formada ərizə
yazır, bu ərizənin arxa tərəfində göstərilmiş
qadağan olunmuş əşyaların Mərkəzdə
saxlanılan əcnəbilərə hər hansı bir
üsulla verilməsinin və ya ötürülməsinin məsuliyyətə
səbəb olacağı barədə məlumat verilir və
onu imzalayır. Əgər görüşə bir neçə
şəxs gəlmişdirsə, onların hər birinin
adı və soyadı ərizədə göstərilir,
şəxsiyyəti təsdiq edən sənədlər qeyd
edilir, hər birinə ayrılıqda xəbərdar olunaraq,
bu barədə imza edirlər. Ərizə görüşə
gəlmiş şəxsin (şəxslərin) şəxsiyyətini
təsdiq edən sənədlə birlikdə görüş
otağına təhkim edilmiş nəzarətçiyə təqdim
edilir. Nəzarətçi ilk növbədə Mərkəzdə
saxlanılan əcnəbinin görüş almaq hüququna
malik olub-olmamasını yoxlayır, belə hüquq müəyyən
edildikdə, nəzarətçi görüşə gəlmiş
şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq
edən sənədini və ərizənin hər iki nüsxəsinin
tələb edilən qaydada yazılmasını yoxlayır.
14.12.
Ərizənin arxa tərəfində məlumatla tanış
olmaq barədə imza olmadıqda və ya imza onu imzalayan şəxsin
şəxsiyyətini təsdiq edən sənəddəki
imzadan fərqləndikdə, nəzarətçi bu barədə
görüşə gəlmiş şəxsə (şəxslərə)
bir daha xəbərdarlıq edir və ərizələri
imzalamaq üçün şəxsə qaytarır. Əgər
görüşə gəlmiş şəxs (şəxslər)
ərizənin arxa tərəfində göstərilmiş məlumatları,
habelə ərizələri tələb olunan qaydada
imzalamaqdan imtina edərsə və ya görüşə gəlmiş
şəxsin (şəxslərin) təqdim etdiyi sənədlə
onun şəxsiyyətinin uyğun gəlmədiyi müəyyən
edilərsə, bu halda nəzarətçi dərhal Mərkəzin
rəhbərliyinə məlumat verir və səbəbi
bildirilməklə, görüşün verilməsindən
imtina olunaraq, bu barədə müvafiq akt tərtib edilir.
Aktın surəti Mərkəzdə saxlanılan əcnəbinin
şəxsi işinə əlavə edilir.
14.13.
Görüş verilməzdən əvvəl görüşə
gəlmiş şəxsə (şəxslərə) və Mərkəzdə
saxlanılan əcnəbiyə görüşdən əvvəl
görüş zamanı davranış qaydaları izah olunur,
bu qaydalar pozulduqda, ona görüşün dərhal
dayandırılacağı barədə xəbərdarlıq
edilir.
14.14. Mərkəzdə
saxlanılan əcnəbilərlə görüşə gəlmiş
şəxsin (şəxslərin) üst-başına və əşyalarına
baxış keçirilir. Görüşə gəlmiş
şəxslərin üzərinə və ona məxsus əşyalara
axtarış-baxış eyni cinsdən olan nəzarətçi
tərəfindən həyata keçirilir.
14.15.
Görüşə gəlmiş şəxsin (şəxslərin)
qadağan olunan əşyaları Mərkəzdə
saxlanılan əcnəbilərə verməsini və ya Mərkəzdə
saxlanılan əcnəbilərdən hər hansı əşyanı
almasını ehtimal etməyə kifayət qədər əsaslar
olduqda, Mərkəzin rəisi görüşə gəlmiş
şəxsə, onun üst-başına və əşyalarına
görüşdən əvvəl və sonra
baxışın keçirilməsinə razılıq verəcəyi
təqdirdə, görüşün təqdim ediləcəyini
elan edir.
14.16.
Görüşə gəlmiş şəxs baxışdan
imtina etdikdə, ona Mərkəzdə saxlanılan əcnəbi
ilə görüşə icazə verilmir. Qadağan
olunmuş əşyaları yoxlamadan gizlətməyə və
ya bu əşyaları Mərkəzdə saxlanılan əcnəbilərə
verməyə cəhd edən şəxslər aşkar
edildikdə, bu barədə protokol tərtib edilərək
qanunvericiliyin tələblərinə uyğun tədbirlər
həyata keçirilir.
14.17. Mərkəzdə
saxlanılan əcnəbi ilə görüşdə yetkinlik
yaşına çatmış üç nəfərədək
şəxsin və Mərkəzdə saxlanılan əcnəbinin
övladlarının sayı məhdudlaşdırılmadan
iştirakına icazə verilir.
14.18. Mərkəzdə
saxlanılan əcnəbilər görüşə səliqəli
görkəmdə gəlməlidirlər. Onların üzərində
görüşdən əvvəl və sonra tam
axtarış aparılır.
14.19.
Görüşə gəlmiş şəxslərə
özləri ilə görüş otağına ərzaq məhsulları
və əşyalar keçirmələrinə icazə
verilmir. Onlarda aşkar olunmuş pulun, qiymətli
kağızların və əşyaların müvəqqəti
saxlanca təhvil verilməsi və görüş başa
çatdıqdan sonra geriyə alınması barədə
xüsusi kitabda (34 nömrəli əlavə) qeydlər
aparılır, əməkdaş və əşyaların
sahibi tərəfindən həmin kitabda imza edilir.
14.20.
Görüş zamanı Mərkəzdə saxlanılan əcnəbilərə
və ya onlar tərəfindən görüşə gəlmiş
şəxslərə icazəsiz hər hansı sənədlərin,
sxemlərin, yazıların və digər əşyaların
verilməsinə icazə verilmir.
14.21. Mərkəzdə
saxlanılan əcnəbilərə qohumları ilə və əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərlə görüşləri nəzarətçinin
iştirakı ilə həyata keçirilir.
14.22.
Görüş zamanı danışıq görüşə
gəlmiş şəxslər tərəfindən seçilən
dildə aparılır. Nəzarətçinin bilmədiyi
dildə danışıq aparıldıqda, tərcüməçi
dəvət oluna bilər. Tərcüməçi qismində
Mərkəzdə saxlanılan digər əcnəbiləri cəlb
etmək qadağandır.
14.23.
Görüşlərin keçirilməsi zamanı Mərkəzdə
saxlanılan əcnəbilərlə görüşə gələn
şəxslərin təhlükəsizliyi Mərkəzin
mühafizə heyəti tərəfindən təmin edilir.
14.24.
Görüşdə davranış qaydaları pozulduqda, nəzarətçi
dərhal görüşü dayandırır və bu barədə
Mərkəz növbətçisinə məlumat verir. Bu
halda həmin fakt protokollaşdırılır və Mərkəzdə
saxlanılan əcnəbinin şəxsi işinə əlavə
edilir.
14.25. Mərkəzdə
saxlanılan əcnəbilərin müdafiəçisi, qanuni
nümayəndəsi, qohumları, hüquqi yardım göstərən
və ya əlaqələri onun üçün maraq
doğuran digər şəxslərlə görüşmələri
müvafiq kitabda qeyd olunur (35 nömrəli əlavə).
14.26. Bir
görüşün hissə-hissə verilməsinə icazə
yoxdur.
14.27. Həkimin
rəyinə əsasən ağır xəstəliyi ilə əlaqədar
həyatı üçün təhlükə yaranan Mərkəzdə
saxlanılan əcnəbinin yaxın qohumlarına ona baş
çəkmək üçün Mərkəz rəhbərliyi
tərəfindən imkan yaradılmalıdır.
14.28.
Görüş lazımi avadanlıqlarla təchiz olunmuş
xüsusi otaqda təşkil edilir. Həmin otaq üzərində
yazı ləvazimatları olan masa, oturacaq, ərizə və
şikayətlər üçün qutu ilə və digər
zəruri avadanlıqlarla təchiz edilir. Həmin otaqların
görünən yerlərində sovqatların qəbulu,
sovqatların təqdimetmə qaydaları, Mərkəzdə
saxlanılan əcnəbilərə verilməsi və ya
ötürülməsi, sovqatlarda gətirilməsi, bağlama
və banderollarda göndərilməsi qadağan olunmuş əşyaların
siyahısı barədə məlumat, habelə bu siyahıda
göstərilən əşyaların yoxlamadan gizlətməklə
və ya hər hansı digər üsulla verilməsi (göndərilməsi
və ya ötürülməsi) ilə bağlı məsuliyyəti
müəyyən edən normativ hüquqi aktların mətni,
habelə həmin otaqların iş rejimi və müraciət
edən şəxslərin qəbul günləri barədə
məlumat lövhələri asılır.
14.29.
Epidemioloji və ağır yoluxucu xəstəliklər, təbii
fəlakətlər və Mərkəzin normal fəaliyyət
göstərməsinə mane olan digər fövqəladə
hallar zamanı görüşlərin təqdim edilməsi
müvəqqəti dayandırılır.
14.30. Mərkəzdə
saxlanılan əcnəbinin
müdafiəçisi istisna olmaqla, digər şəxslərlə
görüşmək hüququ hazırlanan cinayətlərin
qarşısını almaq, cinayət təqibini və şəxslərin
təhlükəsizliyini təmin etmək məqsədi ilə
cinayət prosesini həyata keçirən orqanın və ya
Mərkəzdə rejimi təmin etmək üçün Mərkəz
rəhbərliyinin əsaslandırılmış qərarı
ilə müəyyən müddətə məhdudlaşdırıla
bilər. Belə qərar qəbul edildikdə Mərkəzdə
saxlanılan əcnəbi həmin hüquqlardan yalnız
müvafiq qərarı qəbul etmiş vəzifəli şəxsin
yazılı razılığı olduqda istifadə edir. Bu bənddə
nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına
dair qərardan inzibati qaydada və məhkəmə
qaydasında şikayət verilə bilər.
15. Mərkəzdə saxlanılan əcnəbinin
Mərkəzin rəisi tərəfindən qəbul edilməsi
15.1. Mərkəzin
rəisi Mərkəzdə saxlanılan əcnəbilərin
yazılı, yaxud şifahi müraciətləri əsasında
onları iş günü ərzində qəbul edir.
15.2. Mərkəzdə
saxlanılan əcnəbi tərəfindən qaldırılan
məsələnin Mərkəzin rəisinin səlahiyyəti
çərçivəsində həll edilməsi
mümkün olduqda, həmin məsələ yerində həll
olunur, digər müraciətlərlə bağlı
müvafiq tədbirlər görülür. Qəbul edilənlərin
qeydiyyatı xüsusi kitabda aparılır (36 nömrəli əlavə).
16. Mərkəzdə saxlanılan əcnəbi
tərəfindən dini ayinlərin yerinə yetirilməsi
16.1. Rejim
qaydalarına riayət etmək şərtilə Mərkəzdə
saxlanılan əcnəbilərə Mərkəzdə dini
ayinlərin yerinə yetirilməsinə icazə verilir.
16.2. Mərkəzdə
saxlanılan əcnəbilərə dini ayinlərin icrası
üçün fərdi əşyaların və dini ədəbiyyatın
saxlanılmasına icazə verilir. Tarixi və mədəni sərvət
hesab edilən qiymətli metal və daşlardan hazırlanan, həmçinin
kəsici-deşici alət şəklində olan dini əşyaların
saxlanılması qadağandır.
16.3. Mərkəzdə
saxlanılan əcnəbilərin vicdan və din
azadlığına təminat verilir. Onlar Mərkəzlərdə
dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan
istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin
yerinə yetirilməsi üçün Mərkəzin rəhbərliyi
tərəfindən müvafiq şərait yaradılır. Mərkəzdə
saxlanılan əcnəbilərin saxlandıqları
yaşayış otaqlarında və yaxud bu məqsədlər
üçün nəzərdə tutulmuş xüsusi
otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə
saxlanılan digər əcnəbilərin hüquqlarını
pozmamalıdır.
16.4. Mərkəzdə
saxlanılan əcnəbilərin xahişi ilə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatından keçmiş
dini birliklərdən onlara mənəvi yardım göstərilməsi
və dini ayinləri icra edilməsi üçün din xadimləri
dəvət oluna bilərlər.
17. Mərkəzdə saxlanılan
şəxsin yemək və maddi-məişət təminatı
və normaları
17.1. Mərkəzdə
saxlanılan əcnəbilər gündə üç dəfə
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunmuş yemək və maddi-məişət
normalarına (37, 38, 39, 40, 41 və 42 nömrəli əlavələr)
uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə
və qida normalarına cavab verən pulsuz, Mərkəzdə
hazırlanmış isti yeməklə təmin edilirlər.
17.2. Yeməklər
hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin
yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri
nəzərə alınır.
17.3.
Yetkinlik yaşına çatmayanlar, hamilə və ya
yanında 3 yaşınadək uşağı olan qadınlar
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunmuş xüsusi yemək normaları (38 və
39 nömrəli əlavələr) ilə təmin edilirlər.
17.4. Mərkəzdə
saxlanılan əcnəbilər yeməkdən imtina etdikdə,
Mərkəzin rəisi və ya onu əvəz edən şəxs,
həkimin iştirakı ilə onun səbəbini
aydınlaşdırmalı, bu barədə Mərkəzin
tabe olduğu dövlət orqanının rəhbərliyinə
yazılı formada məlumat verməlidir.
17.5. Yeməkdən
imtina etmənin səbəbləri əsaslı olduqda, Mərkəzin
rəisi Mərkəzdə saxlanılan əcnəbi tərəfindən
irəli sürülən qanuni tələblərin təmin
edilməsi üçün təcili tədbirlər
görür. İrəli sürülmüş tələblərin
dərhal təmin edilməsi mümkün olmadıqda, Mərkəzdə
saxlanılan əcnəbiyə müvafiq izahat verilir və həmin
tələblərin təmin edilməsi üçün tədbirlər
görülür.
17.6. Yeməkdən
imtina edən Mərkəzdə saxlanılan əcnəbi Mərkəzin
rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış
qərarı ilə Mərkəzdə saxlanılan digər əcnəbilərdən
ayrı saxlanılır və ona həkim nəzarəti təyin
edilir.
17.7. Yeməkdən
imtina edən Mərkəzdə saxlanılan əcnəbinin Mərkəzdə
saxlanılma rejiminin öhdəliklərindən
azad edilməsi həkimin tibbi rəyi əsasında həyata
keçirilir.
17.8. Yeməkdən
imtina edən Mərkəzdə saxlanılan əcnəbiyə
bu Qaydalarla müəyyən edilmiş normalar üzrə bu
barədə müvafiq qeydiyyat aparılmaqla səhər,
günorta və şam yeməyi verilir və ona yeməyi qəbul
etmək təklif olunur. Bu təklif rədd edildikdə, yeməkdən
imtina yeməklərin gətirilməsi haqqında
qeydiyyatın aparıldığı vərəqdə qeyd
olunur və həmin vərəq əcnəbinin şəxsi
işinə əlavə edilir (43 nömrəli əlavə).
17.9. Mərkəzin
rəisi Mərkəzdə saxlanılan əcnəbinin yeməkdən
imtina etməsi anından 24 saat keçdikdə yemək qəbulundan
imtina edən əcnəbinin axırıncı psixi və
somatik vəziyyətini müəyyən etmək məqsədi
ilə tibbi müayinəsinin keçirilməsinə göstəriş
verir.
17.10. Yemək
qəbulundan imtina edən Mərkəzdə saxlanılan əcnəbi
hər gün həkim tərəfindən müayinə
edilir, onun psixi və somatik vəziyyəti, o cümlədən
fizioloji göstəriciləri qeydə alınır və bu
barədə Mərkəzdə saxlanılan əcnəbinin
tibbi kitabçalarında (8 və 9 nömrəli əlavə)
qeydlər aparılır.
17.11. Yeməkdən
imtina edən Mərkəzdə saxlanılan əcnəbinin həyatı
üçün təhlükə yarandıqda və o,
özü haqqında real qərar qəbul etmək qabiliyyətini
itirdikdə, həkimin yazılı rəyinə əsasən
və onun iştirakı ilə yeməkdən imtina edən Mərkəzdə
saxlanılan əcnəbinin səhhətinin
yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər
həyata keçirilir.
17.12. Mərkəzdə
saxlanılan əcnəbinin yemək qəbulundan imtina etməsi
onun digər Mərkəzlərə göndərilməsinə
mane olmur. Yemək qəbulundan imtina edən Mərkəzdə
saxlanılan əcnəbinin digər Mərkəzlərə
göndərilməsi tibb işçisinin müşayiəti
ilə həyata keçirilir.
17.13. Mərkəzdə
saxlanılan əcnəbilər Mərkəzdə
sanitariya-gigiyena və yanğın təhlükəsizliyi
qaydalarının tələblərinə uyğun olaraq zəruri
maddi-məişət şəraiti ilə təmin olunurlar.
Onlar Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə
saxlanıla bilməzlər.
17.14. Mərkəzdə
əcnəbilərin saxlanıldığı
yaşayış otaqarı 1 və ya 2 yaruslu fərdi
çarpayılarla, adambaşına 0,4 paq.metr hesabı ilə
masa və oturacaqlarla, 10 nəfərə 1 paq.metr hesabı ilə
üst paltarlarının asılması üçün
asılqanla, divar şkafı və çarpayıyanı
tumbalarla, əlüzyuyanla, sanitar qovşağı ilə təchiz
olunurlar.
17.15. Mərkəzdə
saxlanılan əcnəbilər istifadə sahəsi hər nəfərə
4 kv.m-dən az olmayan yaşayış otaqlarında
saxlanılır və yataq ləvazimatları ilə
(yastıq, döşək, adyal, döşəkağı,
balışüzü) təmin olunurlar.
17.16.
Hamilə və ya yanında 3 yaşınadək
uşağı olan qadınlar, yetkinlik yaşına
çatmayanlar daha işıqlı yaşayış
otaqlarında yerləşdirilirlər.
17.17.
İlin soyuq mövsümündə yaşayış
otaqlarında havanın hərarətinin müsbət 18 dərəcədən
az olması yolverilməzdir.
17.18. Mərkəzdə
əcnəbilərin saxlanıldığı hər bir
yaşayış binasında içməli su
üçün plastik kütlədən
hazırlanmış dolça və stəkan, zibil vedrəsi
qoyulur, yaşayış otaqlarının
yığışdırılması zamanı süpürgə
və plastik kütlədən hazırlanmış xəkəndaz
verilir.
17.19. Mərkəzdə
saxlanılan əcnəbilərin münasib paltarı
olmadıqda, onlar mövsümə uyğun paltarla təmin
edilirlər. Belə paltar insan ləyaqətinə uyğun
olmalı, habelə azadlıqdan məhrumetmə növündə
cəza çəkən şəxslərə verilən
paltardan fərqlənməlidir.
17.20. Yeməklər
üçün qab-qacağın yuyulması,
yuyucu-dezinfeksiyaedici vasitələrdən mütləq istifadə
edilməklə, mətbəxdə həyata keçirilir.
17.21.
Yaşayış binalarında, o cümlədən
yaşayış otaqlarında hər gün təmizlik
işləri aparılır. Əsaslı təmizlik işləri
yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə,
həftədə 1 dəfədən gec olmayaraq
aparılır.
17.22. Həftədə
1 dəfədən az olmayaraq yaşayış
binalarının, kommunal-məişət otaqlarının,
yeməkxananın, mətbəxin, anbarların, xidməti və
digər otaqların dezinfeksiyası, dezinseksiyası və
deratizasiyası keçirilir.
17.23. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilərə həftədə
1 dəfədən az olmayaraq, yataq ləvazimatları (mələfə,
balışüzü, adyal, adyalüzü, əl-üz dəsmalı)
dəyişdirilməkləMərkəzin duşxanasında çimmək
üçün müvafiq şərait yaradılır.
Havaların isti keçdiyi günlərdə Mərkəzdə
saxlanılan əcnəbilərə həftədə ən
azı iki dəfə yuyunmaq imkanı verilir.
17.24.
Sanitar-epidemioloji nəzarət xidmətinin həkimi tərəfindən
Mərkəzin sanitar vəziyyətinin müayinəsinin nəticələri
və aşkar edilmiş nöqsanların aradan
qaldırılması barədə məlumatlar müvafiq
kitabda qeyd olunur (10 nömrəli əlavə).
17.25. Mərkəzdə
məcburi yerləşdirilən əcnəbi kişilər
üzqırxandan nəzarətçinin iştirakı ilə
istifadə edirlər.
18. Mərkəzdə saxlanılan əcnəbi
tərəfindən təkliflərin, şikayətlərin və
ərizələrin göndərilməsi
18.1. Mərkəzdə
saxlanılan əcnəbilər ərizə, şikayət və
təklifləri yazılı və şifahi verə bilərlər.
Bunun üçün Mərkəzdə saxlanılan əcnəbiyə
onun xahişi ilə kağız və qələm verilir.
18.2. Mərkəzdə
saxlanılan əcnəbilərin yazılı ərizə,
şikayət və təklifləri ünvan sahibinə Mərkəzin
dəftərxanasında qeydiyyata alınmaqla, bir iş
günü müddətində göndərilir. Şifahi ərizə,
şikayət və təkliflər isə xüsusi qeydiyyat
kitablarında (44 nömrəli əlavə) qeydiyyata
alınır.
18.3. Mərkəzdə
saxlanılan əcnəbilərin yazılı şikayət, ərizə
və təklifləri (Mərkəzdən kənara
ünvanlandıqda onların surətləri) şəxsi
işə tikilir.
18.4. Mərkəzdə
saxlanılan əcnəbilərin ərizə, şikayət və
təklifləri ilə əlaqədar Mərkəzin
ünvanına daxil olan cavab məktubları bir gündən
gec olmayaraq, teleqramlar isə dərhal
Mərkəzdə saxlanılan əcnəbilərə
imza etdirilməklə elan edilir və istəyi olduğu halda
cavab məktublarının və teleqramların surətləri onlara verilir.
18.5. Mərkəzdə
saxlanılan əcnəbilərin müstəntiqə,
prokurora, məhkəməyə, Mərkəzin fəaliyyətinə
nəzarəti həyata keçirən orqana, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinə (Ombudsmana) və Milli Preventiv Qrupuna 24 saat
müddətində, BMT-nin insan hüquqlarının və
azadlıqlarının müdafiəsi ilə məşğul
olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
və ya işgəncənin və ya digər qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və
ya cəzanın qarşısının alınması üzrə
Avropa Komitəsinə (CPT) ünvanladıqları təkliflər,
ərizələr və şikayətlər təxirə
salınmadan (istirahət və iş günü hesab edilməyən
bayram günləri, səsvermə və ümumxalq hüzn
günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir.
Bu təkliflər, ərizələr və şikayətlər,
habelə onlara verilən cavablar senzuradan keçirilmir.
18.6. Mərkəzdə
saxlanılan əcnəbilər təklif, ərizə və
ya şikayət göndərdiklərinə görə hər
hansı şəkildə təqib edilə bilməzlər.
18.7. Mərkəzdən
kənara ərizə, şikayət və təkliflərin
göndərilməsi məktubların və teleqramların göndərilməsi
qaydasında həyata keçirilir.
18.8. Mərkəzdə
saxlanılan əcnəbinin şəxsi hesabında kifayət
qədər vəsaitin olmadığı təqdirdə, bu
Qaydaların 18.5-ci bəndində nəzərdə tutulmuş
ünvanlara təkliflərin, ərizələrin və
şikayətlərin göndərilməsi xərcləri Mərkəzin
saxlanılması üçün smeta ilə nəzərdə
tutulmuş vəsaitlər hesabına ödənilir.
19. Mərkəzdə saxlanılan əcnəbiyə
tibbi və psixoloji yardım göstərilməsi,habelə
onun tibbi-sanitariya təminatı, tibbi-müayinəsi, tibb
müəssisələrində yerləşdirilməsi və
ya saxlanılması
19.1. Mərkəzdə
saxlanılan əcnəbilərin tibbi müayinədən
keçirilməsi və onlara tibbi yardım göstərilməsi
üçün orada tibb məntəqəsi yaradılır.
19.2. Mərkəzdə
saxlanılan əcnəbilər Mərkəzə qəbul
edildiyi andan 24 saat müddətində tibbi müayinədən
(rentgenoloji, laborator və s.) keçirilir, hər bir qəbul
edilən əcnəbiyə tibbi kitabça tərtib olunur.
Tibbi müayinə digər şəxslərin iştirakı
olmadan (təhlükəsizlik tədbirləri ilə
bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən
təklikdə aparılır. Tibb işçisi ixtisasca həkim
olmalıdır.
19.3. Mərkəzdə
saxlanılan əcnəbilər aşağıdakı
müayinələrdən keçirilir və nəticələrinə
dair tibbi kitabçada qeydiyyat aparılır:
19.3.1.
boyu, çəkisi, bədənin hərarəti, arterial qan təzyiqi,
nəbzi, huşu, dəri örtüyü;
19.3.2.
zöhrəvi xəstəliklərə, qan qrupuna, hepatit B və
C, o cümlədən İİV-yə (insanın
immunçatışmazlığı virusuna) görə
laboratoriya müayinəsi;
19.3.3.
döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi;
19.3.4.
anamnestik məlumatların toplanılması və obyektiv
müayinə;
19.3.5.
diaqnozun müəyyən edilməsi üçün göstərilən
müayinələr kifayət etmədikdə, əlavə
instrumental və digər müayinələr (EKQ, USM, bəlğəmin
bakterioloji müayinəsi, kliniki və biokimyəvi analizlər
və s.), həkim-mütəxəssislərin
baxışı (ftiziatr, narkoloq, psixiatr, nevropatoloq, ginekoloq və
s.).
19.4. Mərkəzdə
7 (yeddi) günədək yerləşdirilən əcnəbilər
barəsində bu Qaydaların yalnız 19.3.1-ci və
19.3.4-cü yarımbəndlərində nəzərdə
tutulmuş tədbirlər tətbiq olunur.
19.5. Tibbi
müayinə zamanı əcnəbidə bədən xəsarətləri
və ya Mərkəzə yerləşdirilənə qədər
onun hər hansı işgəncə və ya digər qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz
qalması müşahidə olunarsa, bu barədə tibb
işçisi tərəfindən dərhal Mərkəz
növbətçisinə məlumat verilir.
19.6.
İşgəncə və ya digər qəddar, qeyri-insani,
yaxud ləyaqəti alçaldan rəftarla əlaqədar
şikayətlər, habelə tibbi müayinə zamanı
müəyyən edilən işgəncə və ya digər
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar
nəticəsində törədildiyi güman edilən bədən
xəsarətləri barədə yazılı məlumatlar Mərkəzin
tabe olduğu dövlət orqanının rəhbərliyi
vasitəsilə müvafiq araşdırma aparılması
üçün dərhal müvafiq prokurorluq orqanına
göndərilir.
19.7. Mərkəzdə
saxlanılan əcnəbi xəstələndikdə və ya bədən
xəsarəti aldıqda, onun tibbi müayinəsi tibb işçiləri
tərəfindən dərhal həyata keçirilir. Tibbi
müayinənin nəticələri qeydə alınaraq, Mərkəzdə
saxlanılan əcnəbiyə, eləcə də müraciət
olduqda, həmin əcnəbinin müdafiəçisinə təqdim
edilir.
19.8. Zərurət
yarandıqda, Mərkəzdə saxlanılan əcnəbinin,
yaxud onun müdafiəçisinin vəsatəti ilə Mərkəzin
rəisinin qərarı əsasında tibbi müayinəyə
başqa tibb müəssisələrinin həkim mütəxəssisləri
cəlb edilə bilərlər. Bu halda, dəvət edilən
mütəxəssislər tərəfindən tibbi müayinənin
xərcləri bu barədə vəsatət verən şəxsin
vəsaiti hesabına ödənilir.
19.9. Mərkəzdə
saxlanılan əcnəbinin tibbi müayinəsi zamanı
aşağıdakılara xüsusi diqqət yetirilir:
19.9.1. həkim
sirrinin qorunması;
19.9.2.
fiziki və psixi xəstəliklərin müəyyən edilməsi
və onların müalicəsi üçün müvafiq tədbirlərin
görülməsi;
19.9.3. Mərkəzdə
saxlanılan əcnəbinin zorakılığa məruz
qaldığına işarə edən əlamətlərin təfərrüatı
ilə qeydiyyata alınması və Mərkəzin rəisinin
nəzərinə çatdırılması;
19.9.4. Mərkəzdə
saxlanma ilə əlaqədar yaranmış hər hansı
psixi və ya digər stress hallarının müəyyən
edilməsi;
19.9.5.
yoluxucu xəstəliyə tutulması ehtimal olunan Mərkəzdə
saxlanılan əcnəbinin tibbi rəy əsasında xəstəlik
müddətində digər şəxslərdən təcrid
edilməsi və müvafiq müalicə alması;
19.9.6. Mərkəzdə
saxlanılan əcnəbinin yalnız İİV-yə
(insanın immunçatışmazlığı virusu)
yoluxması səbəbinə görə təcrid
olunmamasının təmin edilməsi;
19.9.7. Mərkəzdə
saxlanılan əcnəbinin azad edildikdən sonra cəmiyyətə
reinteqrasiyası üçün maneə törədə bilən
fiziki və psixi pozuntuların qeydə alınması;
19.9.8. Mərkəzdə
saxlanılan əcnəbinin əməyə və fiziki məşqlərə
yararlı olmasının müəyyən edilməsi;
19.9.9. Mərkəzdə
saxlanılan əcnəbinin razılığı ilə onun
azad edilməsindən sonra zəruri tibbi və ya psixiatriya
müalicəsinin davam etdirilməsi ilə əlaqədar
ölkə daxilində müvafiq səhiyyə müəssisələrinə
məlumat verilməsi.
19.10. Mərkəzdə
saxlanılan əcnəbi Mərkəzdən azad edilməzdən
və ya digər Mərkəzə köçürülməzdən
əvvəl tibb işçiləri tərəfindən tibbi
müayinədən keçirilir və bu barədə tibbi
kitabçada qeydiyyat aparılır.
19.11.
Yoluxucu xəstəliklərinyayılmasının
qarşısını almaq və Mərkəzdə yerləşdirilməsini
mümkünsüz edən digər xəstəliklərin
aşkar edilməsi məqsədi ilə Mərkəzə yeni
qəbul edilmiş əcnəbilər xarici tibbi müayinədən
və kompleks sanitar təmizləmədən keçdikdən
sonra 24 saatadək müddətə ilkin saxlanılma yerində
(bundan sonra - karantin) Mərkəzdə saxlanılan digər
şəxslərdən ayrı yerləşdirilirlər.
Yoluxucu xəstəliklər və ya Mərkəzdə yerləşdirilməsini
mümkünsüz edən digər xəstəliklər
aşkar edilməzsə həmin əcnəbilər karantindən
çıxarılırlar və Mərkəzdə yerləşdirilən
digər əcnəbilərlə birlikdə
saxlanılırlar.
19.12.
Xarici tibbi müayinə zamanı və ya karantində
olduğu müddətdə yoluxucu xəstəlik yaxud Mərkəzdə
yerləşdirilməsini mümkünsüz edən digər
xəstəliklər aşkar edilmiş və ya həmin xəstəliklərə
tutulması şübhəli olan əcnəbi aşkar edildikdə
bu barədə Mərkəzin rəhbərliyinə məlumat
verilməklə həmin əcnəbilər digər şəxslərdən
təcili təcrid edilməklə Mərkəzdə yerləşdirilməsi
üçün əsas olan sənədlərinin surətləri
ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin müvafiq xəstəxanalarına göndərilirlər.
Mərkəzdə yerləşdirilməsini
mümkünsüz edən hal aradan qalxdıqdan sonra barəsində
Mərkəzdə yerləşdirilməsinə dair qəbul
edilmiş qərarda nəzərdə tutulmuş müddət
nəzərə alınmaqla həmin əcnəbilər Mərkəzə
qəbul edilirlər.
19.13.
Yoluxucu xəstəliyə tutulmuş şəxslə
epidemioloji təmasda olmuş Mərkəzdə saxlanılan
digər şəxslər üzərində tibbi nəzarət
həyata keçirilir. Həmin əcnəbi başqa yerə
köçürüldükdən dərhal sonra onun
saxlandığı otaqda müvafiq dezinfeksiya tədbirləri
aparılır. Sanitar-epidemioloji nəzarət xidməti tərəfindən
sanitar-dezinfeksiya işləri aparıldıqdan sonra nəticələri
Mərkəzin tibb işçisi tərəfindən
müvafiq kitabda qeyd olunur (10 nömrəli əlavə).
19.14.
Yoluxma mənbəyi ola bilən məişət və digər
tullantıların zərərsizləşdirilməsi və
ya ərazidən uzaqlaşdırılması təmin edilir,
mövcud təlimatlara uyğun kimyəvi və ya digər
üsullarla sanitar təmizlənmə (dezinfeksiya, dezinseksiya və
deratizasiya) tədbirləri aparılır.
19.15.
Epidemiya təhlükəsi yarandıqda, bu barədə
müvafiq dövlət qurumları məlumatlandırılır
və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
müvafiq qurumları cəlb edilməklə, əks-epidemik tədbirlər
həyata keçirilir.
19.16. Mərkəzdə
saxlanılan əcnəbinin hər bir həkim
çağırışı təmin edilir, müvafiq tibbi
müayinənin və yardımın həyata keçirilməsinə
şərait yaradılır, zərurət yarandıqda isə
onun saxlanılma şəraitinin dəyişdirilməsi məsələsinə
həkim rəyinə uyğun olaraq Mərkəzin rəhbərliyi
tərəfindən baxılır.
19.17. Mərkəzdə
saxlanılan əcnəbiyə təxirəsalınmaz tibbi
yardım göstərilməsi üçün təcili tibbi
yardım briqadası çağırılır. Mərkəzdə
saxlanılan əcnəbiyə təcili tibbi yardım
briqadası tərəfindən göstərilmiş tibbi
yardım barədə verilmiş xəbərdarlıq vərəqi
tibbi sənədlərə əlavə edilir.
19.18. Mərkəzdə
yerləşdirilməsi nəzərdə tutulmuş əcnəbinin
Mərkəzdə göstərilməsi mümkün olmayan təcili
tibbi yardıma ehtiyacı olduğu halda, onun Mərkəzə
qəbul olunmasından imtina edilməsi və aidiyyəti
yardım göstərilə bilən müvafiq tibb müəssisəsinə
göndərilməsi barədə Mərkəzin tibb
işçisi öz rəyini Mərkəzin rəhbərliyinə
bildirir. Mərkəzdə yerləşdirilməsini
mümkünsüz edən hal aradan qalxdıqdan sonra barəsində
Mərkəzdə yerləşdirilməsinə dair qəbul
edilmiş qərarda nəzərdə tutulmuş müddət
nəzərə alınmaqla həmin əcnəbilər Mərkəzə
qəbul edilirlər.
19.19. Mərkəzdə
saxlanılan əcnəbilərdə özünə və ya
ətrafdakılara qarşı təhlükəli
davranışla müşahidə olunan psixi pozuntu halları
olduqda, onlar tibb işçisinin rəyinə əsasən ən
geci 24 saat müddətində təcili təcrid edilməklə
Mərkəzdə saxlanılan digər əcnəbilərdən
ayrı saxlanılırlar. Bu müddətdə aparılan
tibbi tədbirlər səmərəli olmadıqda, həmin əcnəbinin
psixiatriya yardımı almaq üçün müvafiq
ixtisaslaşdırılmış müəssisəyə
köçürülməsi istiqamətində tədbirlər
görülür.
19.20. Mərkəzdə
saxlanılan əcnəbilərə psixoloji yardım Mərkəzdə
saxlanılan əcnəbilərdə yaranmış və ya
müşahidə edilən mənəvi-psixoloji
sarsıntı, şok, depressiya, stress, böhranlı vəziyyət
və bu kimi digər psixoloji gərginlik hallarının aradan
qaldırılması üçün aparılan kompleks tədbirlərdir.
19.21. Mərkəzdə
saxlanılan əcnəbilərə psixoloji yardım Mərkəzin
psixoloqları tərəfindən göstərilir. Peşəkar
ehtiyac yarandıqda, Mərkəzin rəhbərliyinin icazəsi
ilə psixoloji yardım bu sahədə ixtisaslaşdırılmış
təşkilatların nümayəndələri tərəfindən
göstərilir.
19.22. Mərkəzdə
saxlanılan əcnəbilərə psixoloji yardım,
onların Mərkəzdə saxlanıldığı müddətdə
göstərilir.
19.23. Mərkəzdə
saxlanılan əcnəbilərə psixoloji yardım işi
qanunçuluq, obyektivlik, ayrı-seçkiliyə yol verməmək,
onların hüquq və azadlıqlarına, qanuni
maraqlarına hörmətlə yanaşmaq prinsipləri əsasında
həyata keçirilir.
19.24. Mərkəzdə
saxlanılan əcnəbilərə psixoloji yardım pulsuz
göstərilir.
19.25. Mərkəzdə
saxlanılan əcnəbilərə psixoloji yardım
onların müraciətləri və ya razılıqları əsasında
göstərilir.
19.26.
Psixoloji yardım Mərkəzin ərazisində, bunun
üçün ayrılmış xüsusi otaqlarda və fərdi
qaydada göstərilir. Mərkəzin rəhbərliyi belə
yardımdan səmərəli istifadə üçün zəruri
şərait yaratmalıdır.
19.27.
Psixoloji yardım göstərilən zaman anonimliyin hər iki
tərəfdən qorunmasının vacibliyi barədə Mərkəzdə
saxlanılan əcnəbiyə bildirilir.
19.28. Mərkəzdə
saxlanılan əcnəbi özünü qeyri-adekvat
apardıqda və ya psixoloji gərginlik yaratdıqda, Mərkəzin
rəhbərliyinin göstərişinə əsasən
psixoloq həmin şəxslə fərdi qaydada söhbət
aparır.
19.29. Risk
qrupuna aid olan şəxslər - intihara, özünəxəsarətə
və ya qaçmağa meyilli, potensial konfliktli şəxslər,
habelə yetkinlik yaşına çatmayanlar psixoloq tərəfindən
nəzarətə götürülür və onlarla mütəmadi
olaraq söhbətlər aparılır. Psixoloji gərginliyin
aradan qaldırılması ilə bağlı psixoloji seanslara
Mərkəzdə saxlanılan əcnəbilərin
yaxınları dəvət oluna bilərlər.
19.30.
Psixoloji yardım göstərilərkən, psixodiaqnostik
metodlardan istifadə edilir. Mərkəzdə saxlanılan əcnəbinin
həyata maraqları, sosial vəziyyəti öyrənilir. Mərkəzdə
saxlanılan hər əcnəbi ilə aparılan psixoloji
iş, o cümlədən şəxsə göstərilmiş
yardım işi, keçirilən metodlar və nəticələri,
şəxsin psixoloji xarakteristikası psixoloji yardım dəftərində
qeyd edilir.
19.31. Mərkəzdə
saxlanılan əcnəbilərin psixoloq tərəfindən qəbulu
ayrıca jurnalda qeyd olunur.
19.32.
Psixoloq tərəfindən Mərkəzdə saxlanılan əcnəbinin
ilkin psixoloji xarakteristikası tərtib edilir və işinə
əlavə olunur. Mərkəzdə saxlanılan əcnəbinin
ilkin psixoloji xarakteristikasında onun temperament tipi, aparılan
ilkin müşahidənin nəticələri, fərdi
söhbət zamanı davranışı, şəxsiyyətə
xas xüsusiyyətləri (xarakterin aksentuasiyası,
özünüqiymətləndirmə, kommunikativ xüsusiyyətləri,
kollektivdə qarşılıqlı münasibəti, sosial
adaptasiya səviyyəsi, intellektual səviyyəsi, təfəkkür
xüsusiyyətləri, təşkilatçılıq,
iş qabiliyyəti və s.), kriminalyönlü xüsusiyyətləri
(iradi özünənəzarət, emosional-psixi stabilliyi,
aqressiv tendensiyanın təzahürü, konfliktliliyinin
növü, impulsivliyi, digər şəxslərlə
ünsiyyət zamanı yaranan problemin səbəbləri və
adekvatlılıq dərəcəsi) əks olunur.
19.33. Mərkəzdə
saxlanılan əcnəbilərin stasionar müalicəsi müvafiq
müalicə müəssisələrində həyata
keçirilir. Mərkəzdə saxlanılan əcnəbilərin
stasionar müalicə üçün təcili və ya
planlı qaydada müalicə müəssisələrinə
köçürülməsi tibb işçisinin rəyinə
əsasən Mərkəzin müdiriyyəti tərəfindən
təmin edilir. Xəstənin (Mərkəzdə saxlanılan əcnəbinin)
vəziyyəti yaxşılaşdıqda,
saxlanıldığı Mərkəzə geri
köçürülür.
19.34. Mərkəzdə
saxlanılan xəstə əcnəbinin Mərkəzdən kənar
səhiyyə müəssisələrinə müayinəyə
və qısamüddətli müalicəyə göndərilməsi
Mərkəzin tibbi məntəqəsinin rəyi əsasında
Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin
qərarı ilə həyata keçirilir. Bu zaman Mərkəzdə
saxlanılan əcnəbinin Mərkəzdən kənarda
müşayiəti və mühafizəsi Mərkəzin
mühafizə heyəti tərəfindən təmin edilir.
19.35. Mərkəzdə
saxlanılan əcnəbilərin müalicə müəssisələrində
müalicəsi mövcud kliniki protokollara uyğun olaraq təşkil
edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün zərurət
yarandıqda müayinə və müalicə proseslərinə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri
və mütəxəssisləri cəlb olunurlar.
19.36. Mərkəzdə
saxlanılan əcnəbi ağır xəstəliyə
tutulduqda və ya vəfat etdikdə, bu barədə dərhal
həmin şəxsin yaxın qohumlarına və Mərkəzin
tabe olduğu dövlət orqanını tibb müəssisəsinə
və Mərkəzin rəhbərliyinə tibb işçisi
tərəfindən məlumat verilir.
19.37. Mərkəzdə
saxlanılan əcnəbi ona təklif olunmuş müayinə,
müalicə və hər hansı tibbi müdaxilədən
imtina etdikdə, tibbi sənədlərdə bu barədə
müvafiq qeydlər aparılır. Bununla bağlı səhhətində
gözlənilən fəsadlar və ya ağırlaşmalar
həmin şəxsə izah edilir və o, bunları anlayaraq
imtinasında israrlı olduqda, imtinanı imzası ilə təsdiq
edir. Mərkəzdə saxlanılan əcnəbi
imtinasını imzası ilə təsdiq etməkdən boyun
qaçırdıqda, Mərkəzin işçilərinin
iştirakı ilə akt tərtib edilir və onun şəxsi
işinə əlavə olunur.
19.38. Mərkəzdə
aşağıdakı sanitariya-gigiyena qaydalarına riayət
edilməlidir:
19.38.1.
mövcud normalara cavab verən, mövsümə uyğun
miqdarda içməli su təchizatı (hər adama mülayim
hava şəraitində - 2,5 litr, isti hava şəraitində
- 4,0 litr);
19.38.2.
rasionda müxtəlifliyə və pəhrizə riayət
edilməklə, gündə üç dəfə qidalanma;
19.38.3.
adambaşına 4 kv.m-dən az olmayan, kifayət qədər təbii
və süni işıqlanması olan və havası dəyişdirilən,
soyuq fəsillərdə adekvat isidilən yaşayış
sahəsi (payız-qış aylarında havanın temperaturu
18°C-dən aşağı olmamalıdır);
19.38.4. fərdi
çarpayı və yataq ləvazimatı, gigiyenik qaydalara
uyğun yuyulması şərtilə, həftədə bir dəfədən
az olmayaraq dəyişdirilən yataq əşyaları, fəslə
uyğun üst geyimləri;
19.38.5.
gigiyenik təmiz şəxsi ləvazimatlarla təmin edilməsi;
19.38.6.
dövri (bir aydan gec olmayaraq) olaraq yaşayış
otaqlarının sanitar təmizlənməsi (dezinfeksiya,
dezinseksiya, deratizasiya);
19.38.7.
sanitariya-gigiyena normalarına uyğun sanitar
qovşağının, isti-soyuq suyun, hamamın (duş),
camaşırxananın olması.
19.39. Mərkəzdə
sanitariya-gigiyena və əks-epidemik tədbirlər Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
müəyyən edilmiş qaydalara uyğun həyata
keçirilir. Sanitariya-gigiyena və əks-epidemik məqsədlə
aparılan yoxlamaların nəticələri müvafiq aktla rəsmiləşdirilərək, Mərkəzin rəhbərliyinə
təqdim edilir.
19.40. Mərkəzdə
saxlanılan əcnəbilərdən həkim, feldşer və
tibb bacısı kimi istifadə etmək qadağandır.
19.41.
Hamilə və ya yanında 3 yaşınadək
uşağı olan qadınlara xüsusi tibbi yardım
göstərilir.
19.42. Mərkəzdə
saxlanılan əcnəbi ağır xəstəliyə
tutulduqda və ya vəfat etdikdə bu barədə dərhal həmin
şəxsin yaxın qohumlarına məlumat verilir.
20. Mərkəzdə saxlanılan əcnəbinin
mülki-hüquq, ailə-hüquq münasibətlərində
iştirakı və notarius xidmətlərindənistifadə
etməsi
20.1. Mərkəzdə
saxlanılan əcnəbilər bu Qaydaların tələblərinə
riayət etməklə, şəxsən və ya öz
nümayəndələrinin vasitəsilə mülki hüquq
münasibətlərində iştirak edirlər.
20.2. Mərkəzdə
saxlanılan əcnəbilər ailə qanunvericiliyinin tələblərinə
uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər
ailə hüquq münasibətlərində iştirak edirlər.
20.3. Mərkəzdə
saxlanılan əcnəbilər notarius xidmətlərindən
istifadə etmək hüququna malikdirlər.
20.4.
Mülki-hüquq, ailə-hüquq münasibətlərində
iştirak etmək, yaxud notariusun xidmətlərindən istifadə
etmək məqsədi ilə Mərkəzdən kənara
çıxmaq zərurəti yarandıqda, Mərkəzdə
məcburi yerləşdirilən əcnəbilər və ya
onların nümayəndələri bu barədə Mərkəz
rəhbərliyinə əsaslandırılmış
yazılı müraciət edirlər. Mərkəzin rəisi
müraciətə baxır və Mərkəzin tabe olduğu
dövlət orqanının rəhbərliyinin
razılığı olduğu təqdirdə, həmin əcnəbilərə
Mərkəzin işçilərinin müşayiəti ilə
və müəyyənləşdirilmiş vaxt çərçivəsində
Mərkəzdən kənara çıxmağa icazə verir.
21. Mərkəzdə saxlanılan əcnəbi
vəfat etdikdə, meyitinin verilməsi
21.1. Mərkəzdə
saxlanılan əcnəbi vəfat etdikdə, Mərkəzin rəisi
bu barədə dərhal həmin şəxsin yaxın
qohumlarına (teleqram vasitəsilə), onların vətəndaşı
olduqları və ya daimi yaşadıqları dövlətin
Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq
nümayəndəliklərinə, habelə əcnəbiyə
himayədarlığı öz üzərinə
götürmüş beynəlxalq
təşkilatlara və aidiyyəti orqanlara məlumat
verilməsini təmin edir.
21.2. Mərkəzdə
saxlanılan əcnəbinin meyiti aidiyyəti üzrə təhvil
verilir.
21.3. Mərkəzdə
saxlanılan əcnəbinin meyiti məhkəmə-tibb
ekspertizası keçirildikdən və Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş digər prosessual hərəkətlər
aparıldıqdan sonra onun qohumlarına verilir. Mərkəzdə
saxlanılan əcnəbinin öldüyü vaxtdan 7 gün
müddətində meyitin verilməsi barədə müraciət
daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn
edilir. Həmin müddətdə meyitin daha uzun müddət
saxlanılması barədə müraciət daxil olduqda, meyit
müraciət edən şəxsin vəsaiti hesabına 30
günədək müddətdə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumunun
morqunda saxlanılır.
21.4. Meyit
ölüm faktı üzrə cinayət işi ilə əlaqədar
araşdırma aparan şəxsin və ya orqanın
razılığı ilə onun dəfn edilməsini öz
üzərinə götürmüş şəxsin
yazılı müraciəti əsasında verilir. Meyiti qəbul
edən şəxs şəxsiyyətini təsdiq edən sənəd
təqdim etməlidir.
21.5. Vəfat etmiş əcnəbinin
qohumlarına ölüm haqqında şəhadətnamənin
hansı orqandan alınması üçün müraciət
etmələri izah olunmalıdır.
Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 4.