Masallıda Bayraq Meydanı və Azərbaycanın
Dövlət Rəmzləri Muzeyi
açılıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də
Masallıda Bayraq Meydanının və Azərbaycanın
Dövlət Rəmzləri Muzeyinin
açılışını edib.
Prezident
İlham Əliyevə məlumat verildi ki, Bayraq
Meydanının və Dövlət Rəmzləri Muzeyinin
inşasına 2014-cü ildə başlanıb və tikinti
işləri yüksək səviyyədə başa
çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi
1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq
dirəyi ucaldılıb, tikintialtı sahəsi 78 kvadratmetr
olan fəvvarə inşa olunub. Ərazidə geniş
abadlıq işləri görülüb, 4310 kvadratmetr
yaşıllıq zolağı salınıb, müasir suvarma
və işıqlandırma sistemləri yaradılıb.
Dövlətimizin başçısı Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi və ekspozisiya ilə tanış oldu.
Bildirildi ki,
ekspozisiya zalından və köməkçi
otaqlardan ibarət Dövlət Rəmzləri
Muzeyində tariximizin müxtəlif
dövrlərinə aid eksponatlar,
bayraqlar və dövlət rəmzləri
qorunur. Bütün bunlar həm Masallı sakinlərində, həm
də rayona gələn qonaqlarda
şanlı tariximiz haqqında təsəvvür
yaratmağa geniş imkanlar açır.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 2.