Prezident İlham
Əliyev Masallıda “ASAN həyat” kompleksinin
açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, möhtəşəmliyi ilə seçilən Masallı regional “ASAN həyat” şəhərciyinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Bu kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839.450-dən çox vətəndaşa xidmət göstərəcək. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.
Prezident İlham Əliyevə “ASAN həyat” konsepsiyası barədə də məlumat verildi. Bildirildi ki, bu konsepsiya Masallı “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyət göstərəcək.
Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd müasir Azərbaycan incəsənəti və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır.
“ASAN İntellektual” inkişaf mərkəzi cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişaf, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayacaq.
“ASAN Brend” dükanında xüsusi dizaynda “ASAN xidmət” brendli geyimlər, aksessuarlar, suvenirlər və digər məhsulların satışının təşkili həyata keçiriləcək.
Dövlətimizin başçısına “İntellektual Monitorinq Sistemi” barədə də məlumat verildi. Bildirildi ki, bu sistem vətəndaş müraciətləri barədə məlumatların mərkəzləşdirilmiş formada toplanması və analizinə xidmət edir. Bura “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətinin təşkilində istifadə edilən “Elektron növbə”, “ASAN Ödəniş”, “ASAN Müraciət”, Çağrı Mərkəzi və digər sistemlər üzərindən daxil olan müraciətlər aiddir. Sistemin “Hesabatlılıq” modulu vasitəsilə müxtəlif statistik məlumatlara real vaxt rejimində çıxış təmin edilir ki, bu da qərarların qəbul olunmasında operativliyə və dəqiqliyə xidmət göstərir. “İntellektual Monitorinq Sistemi”nin vətəndaşlar üçün açıq olan “Statistik məlumatlar” portalı vasitəsilə müxtəlif təhlillərin və akademik araşdırmaların aparılması daha da asanlaşacaq. Belə ki, portalda regionlar üzrə əhatə dairəsi, müraciət edənlərin say, cins və yaşa görə tərkibi və digər məlumatlar vətəndaşlara real vaxt rejimində təqdim edilir.
“Made in Azerbaijan” portalında ölkədə istehsal olunan bütün məhsullar, satış və investisiya imkanları haqqında məlumatlar cəmlənib. Portal müxtəlif dillərdə olmaqla ölkənin ixrac potensialı haqqında istənilən informasiyanı özündə əks etdirəcək.
Vətəndaşların “Kredit Reytinq Sistemi” əhalinin iş yeri, gəliri, öhdəlik və borcları əsasında onların məsuliyyət və ödəmə qabiliyyətini ölçən alətdir. Bu sistemin əsasən bank, bank olmayan kredit təşkilatları, daxili kredit və ya ipoteka verən təşkilatlar tərəfindən istifadəsi nəzərdə tutulub.
“We Care” – “Sağlamlığa nəzarət monitorinq sistemi” mobil cihazlar vasitəsilə fərdlərə öz sağlamlıqlarına mütəmadi nəzarət etmək imkanı verir. Huşunu itirən şəxsin yerini GPS vasitəsilə təyin etmək, saat vasitəsilə ürək döyüntülərini və qan təzyiqini ölçmək mümkün olacaq. Toplanılan məlumatlar aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə, fərdlərin yaxınlarına, Təcili Tibbi Yardıma və digər arzuolunan yerlərə və şəxslərə göndəriləcək. Bu məlumatlar GSM və Azərbaycanın orbitdəki peyki vasitəsilə toplanılır.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yeni layihə olan “ABAD” - Ailə Biznesinə ASAN Dəstək layihəsi ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, innovativ üsullar tətbiq olunmaqla müxtəlif təsərrüfat sahələri üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir. “ABAD” Mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək olmaqdır. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. Təsadüfi deyil ki, bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Bu ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunur.
Onu da qeyd edək ki, Masallı regional “ASAN xidmət” Mərkəzinin yerləşdiyi ərazidə park salınıb. Burada fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı, kompleksin kənarından keçən çaydakı kiçik adada helikopter meydançası qurulub. Masallı “ASAN həyat” kompleksində “Azər Türk Bank” ASC əhaliyə bank xidmətləri göstərəcək.
“ASAN həyat” kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
-Sabahınız xeyir olsun.
Bu gün Masallıda çox əlamətdar bir gündür. Masallıda “ASAN həyat” mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. “ASAN xidmət” Azərbaycanda 4 ilə yaxındır ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində insanların rəğbətini qazana bilmişdir.
“ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır. Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu, onu göstərir ki, doğrudan da bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98 faizdir. Bu illər ərzində 3 milyon 500 min insan mərkəzlərə müraciət etmişdir. Müraciətlərin ümumi sayı isə 11 milyon 300 mindir. Artıq 11-ci mərkəz fəaliyyətə başlayır.
Bu gün burada göstərilən təqdimatlarda növbəti mərkəzlərin inşası nəzərdə tutulur, gələn il biz digər bölgələrdə 4 mərkəzin tikintisinə start verəcəyik. Beləliklə, bizim məqsədimiz təmin edilir. Məqsədimiz də ondan ibarətdir ki, bütün bölgələrdə, hər bir yerdə insanlar ictimai xidmətlər sahəsində müasir xidmətlə təmin olunsunlar.
“ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Əslində cəmiyyətdə “ASAN xidmət”in mövcudluğu yeni bir davranış qaydalarını ortaya qoyur. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə hansısa bir arayışı, sənədi almaq üçün insanlar bəlkə də həftələrlə əziyyət çəkirdilər. İndi isə rahat, mədəni, şəffaf şəkildə, heç bir qanunsuz tələb irəli sürülmədən vətəndaşlar gəlirlər, burada onlara gözəl xidmət göstərilir və onlar bu xidmətdən məmnun qalırlar.
Bildiyiniz kimi, 10 səyyar avtobus fəaliyyət göstərir. Biz çalışırıq ki, ölkə əhalisinin bütün təbəqələrinə xidmət göstərək. Bu mərkəz isə 6 rayona xidmət göstərəcək – Masallı, Lənkəran, Cəlilabad, Lerik, Astara, Yardımlı rayonlarına. Bu rayonlarda 800 mindən çox insan yaşayır. “ASAN xidmət”in fəaliyyəti çox böyük qiymətə layiqdir. Bunu Azərbaycan vətəndaşları görürlər, bilirlər. Mən fəxr edirəm ki, biz müstəqil dövlət olaraq dünyaya intellektual məhsul da təqdim edə bilmişik.
Bu mərkəz isə əvvəlki mərkəzlərdən fərqlənir. Çünki “ASAN xidmət” öz funksiyalarını genişləndirir. Ümumiyyətlə, bu mərkəzlərdə 200-dən çox xidmət növü göstərilir. Ancaq Masallı “ASAN həyat” mərkəzində eyni zamanda kənd təsərrüfatı, bank sektoru, sənaye sektoru, regionların inkişafı istiqamətləri də cəmləşib. Burada mənə təqdim edilən innovativ təşəbbüslər əminəm ki, kənd təsərrüfatı, ailə təsərrüfatı sahələrinə də çox böyük təkan verəcək. Çünki indi bizim əsas məqsədimiz ondan ibarətdir ki, hər bir vətəndaş layiqli işlə təmin olunsun, yaxşı gəlir əldə etsin, sahibkarlıq inkişaf etsin. Bunu etmək üçün biz bir çox layihələri icra edirik. O cümlədən son vaxtlar özünüməşğulluq sahəsində də önəmli addımlar atılıb ki, iş tapa bilməyən insanlar dövlət dəstəyi ilə işə cəlb olunsunlar, sahibkar olsunlar. Burada mənə göstərilən kiçik emal müəssisələri, əgər belə demək mümkündürsə, müxtəlif kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması istiqamətində bir yenilikdir. İlk dəfə bu, Azərbaycanda tətbiq ediləcək. Mənə göstərilən dörd konteynerdən birində pendir, birində ət məhsulları, birində tərəvəz, digərində isə meyvə çeşidləri emal olunacaq. Yəni, bu, əlavə imkan yaradacaq ki, bizim vətəndaşlarımız yaxşı yaşasınlar. Bizim əsas məqsədimiz bundan ibarətdir. Burada intellektual oyunların, əyləncə tədbirlərinin keçirilməsi üçün imkanlar var. Gözəl bir ada, gözəl bir park yaradılıbdır. Mən əminəm ki, Masallı sakinləri və digər rayonlardan gələn qonaqlar bu gözəl imkanlardan istifadə edəcəklər.
“ASAN xidmət” mərkəzlərinin, xüsusilə Masallıdakı mərkəzin yaradılması ölkəmizin həm gücünü, həm siyasətini göstərir. Ancaq güclü dövlət belə işləri görməyə qadirdir. Ancaq öz xalqına diqqət göstərən hökumət bu işləri görür. “ASAN xidmət” mərkəzlərinin yaradılması üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Artıq 11 mərkəz yaradılıbdır. Bu mərkəzlər memarlıq əsərləridir. Biz bunu nə üçün edirik? Ona görə ki, insanlar rahat yaşasınlar, heç kim onların haqqını əllərindən almasın, heç kim onlara qarşı əsassız tələblər irəli sürməsin və onlar rahat yaşasınlar, daha da çox fəxr etsinlər ki, Azərbaycan vətəndaşlarıdır.
Bu, mənim Masallıya doqquzuncu səfərimdir.
Mən demək olar ki, hər
il Masallıda oluram. Masallının
inkişafı üçün önəmli addımlar
atılmışdır. Rayonda infrastruktur,
sosial infrastruktur, sənaye, kənd təsərrüfatı
layihələri icra edilir. Bu gün
Masallıda içməli su layihəsinin
açılışını qeyd edəcəyik.
Yadımdadır, dörd il bundan əvvəl
layihənin təməlqoyma mərasimində iştirak
etmişəm və şadam ki, artıq bu layihə
hazırdır. Bu, Masallı şəhərinin
və bəzi kəndlərin sakinlərini təmiz içməli
su ilə təmin edəcək. Bu, doğrudan
da böyük tarixi layihədir. Çünki
siz bunu yaxşı bilirsiniz, su Masallı üçün həmişə
çox ciddi problem olmuşdur. Eyni zamanda,
Masallıda qazlaşdırma layihələri uğurla gedir.
Yadımdadır, mənim ilk səfərlərimdə
vətəndaşlar daha çox bu məsələni
qaldırırdılar, şikayət edirdilər ki,
qazımız yoxdur, xahiş edirik, bizə qaz xətləri
çəkin. İndi isə
qazlaşdırma Masallıda təxminən 80 faizə
çatıbdır və görüləcək əlavə
tədbirlər nəticəsində biz bunu 90 faizə
qaldıracağıq. Yəni, bu problem də
aradan götürülür.
Bakı-Astara-İran sərhədi magistral yolunun tikintisi
gedir. Onun Lənkəran-Masallı hissəsi demək olar
ki, hazırdır. Bununla bərabər, Masallı
rayonunda bir neçə kənd layihəsi icra edilib və
onlarla kəndi birləşdirən yollar tikilib, istifadəyə
verilib, bu proses davam etdiriləcək. Bütün
kəndlərə gedən yollar abad olmalıdır. Bu istiqamətdə işlər aparılır.
Bu zonada Olimpiya Mərkəzi yerləşir.
Yadımdadır, 2007-ci ildə bu mərkəzin
açılışını qeyd etmişik. Masallıdakı Mərkəz ilk tikilən Olimpiya mərkəzlərindən
biridir.
Mən həmişə çalışırdım ki,
Masallı rayonunun inkişafına böyük diqqət
göstərilsin. İndi sosial infrastruktur layihələri
icra edilir. Mərkəzi Rayon Xəstəxanasının
əsaslı təmiri başa çatmaq üzrədir. Bu, 240 çarpayılıq xəstəxanadır.
Kənd təsərrüfatı istiqamətində
addımlar atılır. Mənə məlumat verilib ki, Masallıda
çayçılıq bərpa ediləcək və bu il 1000 hektara yaxın sahədə çay
plantasiyaları salınacaq. Bu da insanların gəlirlərini
artıracaq. Tütünçülük
Masallıda inkişaf edəcək. Yəni,
kənd təsərrüfatına göstərdiyimiz diqqət,
texnika ilə təminat, gübrə, subsidiyalar, əlbəttə
ki, insanların xeyrinədir.
Həmçinin Masallıda Azərbaycanda sayca ikinci olan
sənaye zonası yaradılır. Mən bu zonaların
yaradılması ilə bağlı artıq bir müddət əvvəl
göstəriş vermişəm. Birinci
zona Neftçalada yaradılır. Demək
olar ki, hazırdır. İkinci sənaye
zonası Masallıda. Bu, nə deməkdir?
Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Masallıda əhali artır. Burada
220 min əhali yaşayır. Əlbəttə
ki, bizim iqtisadi inkişafımız əhalinin artımına
uyğun olmalıdır. Bizim regionumuzda bəzi
ölkələr var ki, orada əhali azalır. Əlbəttə, bunun müxtəlif səbəbləri
var. Ancaq Azərbaycanda xoşbəxtlikdən əhali artır
və bunun səbəbi bizim uğurlu iqtisadi
inkişafımızdır.
Əhalinin demoqrafik dinamikasına nəzər salsaq görərik
ki, ölkəmiz üçün ağır olan illərdə
demoqrafik tənəzzül müşahidə olunurdu, yəni,
artım azalırdı. Ancaq son illərdə əhali sürətlə
artır və bu, bizə diktə edir ki, daha da fəal işləyək
və iş yerlərinin açılması daimi proses olsun. Təkcə
bu mərkəzdə 250 yeni iş yeri açılır. “ASAN xidmət” işçilərinin mütləq əksəriyyəti
gənc oğlanlar və qızlardır. Buna
da çox sevinirəm. Çünki gənclər,
xüsusilə qadınlar işlə daha çox təmin
edilməlidir. Onların hamısı yerli
sakinlərdir. Mən çox şadam ki, biz Masallıda
bu işləri görmüşük və qısa müddət
ərzində bu Mərkəzin yaradılmasına nail ola bilmişik.
Sizə uğurlar arzulayıram, vətəndaşlara
yaxşı xidmət göstərin. Əlbəttə ki,
könüllülərimiz də bu işlərdə sizə
yardımçı olacaqlar. Bir daha sizi təbrik
edirəm.
X X X
Mərkəzin
əməkdaşı Aynur MƏMMƏDOVA
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident, Masallıya xoş gəlmisiniz.
Sizin müəllifi olduğunuz “ASAN xidmət”in vətəndaşlarımızın
istifadəsinə verilməsi bu regionda yaşayan bütün əhalini
sevindirir. Biz artıq vətəndaşlara “ASAN xidmət” sayəsində
yüksək keyfiyyətli xidmət göstərəcəyik.
Azərbaycan brendi olan “ASAN xidmət” qısa
müddət ərzində nəinki ölkəmizdə,
respublikamızdan kənarda da rəğbət qazanmaqdadır.
Cənab
Prezident, “ASAN xidmət”in Masallıda
açılacağını eşidib iş
üçün müraciət etdim. Müraciətimə
çox qısa zamanda cavab verdilər. Müsahibələrdən
keçdim, təlimlərdə oldum və nəhayət mən
də “ASAN” ailəsinin üzvünə çevrilmişəm.
Bizlərə bu şansı verdiyiniz
üçün “ASAN” ailəsi adından Sizə təşəkkürümü
bildirirəm.
Cənab
Prezident, ümumiyyətlə, gördüyünüz
bütün işlər göz qabağındadır. Olimpiya Oyunlarında əldə olunan uğurlar bunun
bariz nümunəsidir. Biz
masallılılar Sizə təşəkkür edirik. Xalqımız üçün
gördüyünüz işlərdə Sizə sədaqətlə
xidmət göstərəcəyimizə söz veririk.
Prezident
İlham ƏLİYEV: Çox sağ ol.
X X X
Mərkəzin
əməkdaşı İlahə İBRAHİMBƏYLİ
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident, Masallıya xoş gəlmisiniz.
Cənab
Prezident, Sizin diqqət və qayğınızı əhalinin
hər bir təbəqəsinin üzvü - uşaqlar, gənclər,
yaşlılar və xüsusən də biz, fiziki hərəkətləri
məhdud olan insanlar daim hiss edirlər. Yaşadığım
bədbəxt hadisədən sonra özümə qapanaraq
küskün, cəmiyyətdən məhrum bir insan kimi həyata
ümidsiz baxırdım. Heç təsəvvürümə
də gətirə bilməzdim ki, dövlət orqanında
işə qəbul olunaram. Sizin diqqət və
qayğınız nəticəsində daha ümidli,
dünyaya yenidən göz açmış bir insan kimi həyatıma
davam edirəm.
Cənab
Prezident, Sizinlə bərabər Mehriban xanımın diqqət
və qayğısını görmüşəm. Mehriban xanım müraciətlərimə dərhal
cavab vermiş və məni xarici ölkəyə müalicəyə
göndərmişdir.
Cənab
Prezident, mənim qardaşım da aprel döyüşlərində
iştirak etmiş, fəxri fərmanlarla təltif
olunmuşdur. Sevinc hissi ilə qeyd etmək istəyirəm
ki, qardaşım da mənimlə birgə Masallı “ASAN xidmət”
mərkəzində çalışacaq.
Cənab
Prezident, mənə və ailəmə göstərdiyiniz diqqətə
və qayğıya görə Sizə sonsuz təşəkkürümü
bildirirəm. Şəxsən mənim kimi fiziki hərəkətləri
məhdud olan insanlara qayğı və diqqət göstərdiyinizə
görə çox sağ olun. Bu gün mən özüm də bir ana kimi iki əsgər
övladı böyüdürəm. Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
X X X
Rayon
ağsaqqalı Mirqiyas TƏHMƏZOV çıxış edərək
dedi:
-Cənab
Prezident, Sizə “Xoş gəlmisiniz” deyirəm. Sizin qədəmləriniz mübarəkdir ki,
keçən dəfə də gələndə
özünüzlə xeyir-bərəkət, yağış
gətirdiniz. Bu dəfə də gələndə,
- bu xeyir-bərəkəti biz çoxdan arzulayırdıq, -
Allah bunu bizə qismət elədi. Bizim
Masallıya su kəməri çəkdirdiyinizə görə
mən öz adımdan və rayonun 220 min əhalisinin
adından, dindarlar adından Sizə təşəkkür
edirəm. Viləş çayı üzərində
su anbarının təməlini ulu öndərimiz Heydər
Əliyev qoyub. Bu anbardan bizə su kəməri çəkdirdiyinizə
görə bütün Masallı əhalisi adından Sizə
“Çox sağ olun” deyirəm. Allah Sizə,
ailənizə hər zaman uğur qismət eləsin. Allah-Təala
sözünüzü hər yerdə ötərli eləsin!
Cəddimiz Peyğəmbər xatirinə, imamlar xatirinə
Allah Sizə yar olsun! Sizin həyata keçirdiyiniz siyasət hər
yerdə qabaqcıl olsun! Çox sağ
olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.-
4 sentyabr.- S. 2, 3.