Masallıda
uşaq-incəsənət məktəbi istifadəyə verilib
Sentyabrın 3-də Masallıda 640 yerlik uşaq-incəsənət məktəbi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, Masallı rayon uşaq-incəsənət məktəbi 1979-cu ildə inşa edilib. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Masallı rayon uşaq-incəsənət məktəbində hazırda 305 şagird təhsil alır və 70 müəllim çalışır. Məktəbin ərazisində yaşıllıq zolağı salınıb, geniş abadlıq işləri görülüb.
Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi.
Sonda xatirə şəkli
çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 3.