Prezident İlham Əliyev
Masallı şəhərinin içməli su təchizatı
layihəsinin açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də
Masallı şəhərinin içməli su təchizatı
layihəsinin (şəhər su və kanalizasiya sisteminin)
açılışında iştirak edib.
Dövlətimizin
başçısı əvvəlcə layihə üzrə
görülmüş işlərin texniki-iqtisadi göstəricilərini
əks etdirən stendlərlə tanış oldu.
Meliorasiya
və Su Təsərrüfatı ASC-nin sədri Əhməd
Əhmədzadə Prezident İlham Əliyevə “Masallı
rayonunda su təchizatı, çirkab su sistemləri, içməli
və çirkab sutəmizləyici qurğunun tikintisi” layihəsi
barədə məlumat verdi. Bildirildi ki, Dünya
Bankının krediti ilə həyata keçirilən “Milli Su
Təchizatı və Kanalizasiya Xidmətləri üzrə
İkinci Layihə”yə respublikanın 8, o cümlədən
də Masallı rayonunda şəhər əhalisinin içməli
su ilə təmin olunması məqsədi ilə içməli
su şəbəkəsinin və təmizləyici qurğunun,
çirkab sularının şəhər ərazisindən kənarlaşdırılması
üçün kanalizasiya şəbəkəsinin və
çirkabtəmizləyici qurğunun tikintisi nəzərdə
tutulub. Dövlətimizin başçısının
2013-cü il 15 mart tarixli Sərəncamına əsasən
Masallı şəhərinin ərazisinə birləşdirilən
Ərkivan və Kosagül qəsəbələrinin 16 min nəfər
əhalisinin içməli su ilə təmin olunması məqsədilə
içməli su və kanalizasiya şəbəkəsinin
tikintisi də layihəyə əlavə edilib. Layihədə
Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin
2030-cu ilə proqnozlaşdırılan 50 min nəfərə
yaxın, eləcə də Cəlilabad şəhərinin əhalisinin
də içməli suya olan tələbatının ödənilməsi
məqsədi ilə su mənbəyi Viləşçay su
anbarı qəbul edilib və onun yaxınlığında su
anbarından götürülən suların təmizlənməsi
məqsədilə gündəlik gücü 22 min kubmetr olan
qurğunun tikintisi nəzərdə tutulub.
“Masallı
rayonunda su təchizatı və çirkab su şəbəkəsinin,
içməli və çirkab sutəmizləyici
qurğuların tikintisi”nin aparılması məqsədilə
Dünya Bankının tələblərinə uyğun beynəlxalq
tenderlə tikinti podratçısının seçimi
aparılmış və tenderin qalibi Türkiyənin “Eser”
şirkəti ilə bağlanılmış müqaviləyə
əsasən 2012-ci ildə tikinti işlərinə
başlanıb. Tikinti işlərinin aparılmasına əsasən
yerli işçi qüvvəsi cəlb olunub. Layihəyə
uyğun olaraq Masallı şəhərinin, Ərkivan və
Kosagül qəsəbələrinin, eləcə də Cəlilabad
şəhərinin əhalisinin də içməli suya olan tələbatının
ödənilməsi məqsədi ilə Viləşçay
su anbarından götürüləcək saniyədə 258
litr suyun təmizlənməsi üçün su
anbarının yaxınlığında gücü gündə
22 min kubmetr olan və müasir təmizləmə
texnologiyasına əsaslanan qurğu kompleksi inşa edilib.
Masallı-Yardımlı yolunun 7-ci kilometrliyindən sutəmizləyici
qurğuya qədər uzunluğu 2838 poqonmetr, eni 6 metr olan
asfalt örtüklü yol çəkilib.
Təmizləyici
qurğudan çıxan suyun Masallı şəhərinə,
Ərkivan və Kosagül qəsəbələrinə verilməsi
üçün qurğunun yanında inşa olunmuş tutumu
5 min kubmetr olan su anbarından suyun öz axını ilə nəqli
üçün diametri 630 millimetr və uzunluğu 7190
poqonmetr olan magistral boru kəməri çəkilib. Magistral
boru kəmərindən Masallı şəhərinin,
Ərkivan və Kosagül qəsəbələrinin əhalisinə
içməli su verilməsi üçün müxtəlif
diametrli borulardan ibarət şəbəkə inşa edilib,
9022 yaşayış evi su sayğacı ilə təmin
olunaraq bu şəbəkəyə qoşulub. Layihə ərazisində
812 yanğın hidrantı quraşdırılıb.
Ərkivan qəsəbəsinin ərazisində məhsuldarlığı
saniyədə 50 litr, suvurma hündürlüyü 30 metr olan
nasos stansiyası inşa edilib.
İstifadə
olunmuş suların şəhər ərazisindən kənarlaşdırılması
məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli
təzyiqli çirkab su xətti çəkilib. Kanalizasiya
şəbəkələri üzərində 5578 kanalizasiya
baxış quyusu inşa edilib, 8400 ev bu şəbəkəyə
qoşulub.
Diqqətə
çatdırılıb ki, nəzərdə tutulan altı
çirkab su nasos stansiyasının dördündə
inşaat işləri başa çatdırılıb,
ikisinin isə tikintisi davam etdirilir. Layihə üzrə nəzərdə
tutulan və gündəlik gücü 7462 kubmetr olan
çirkab sutəmizləyici qurğuda inşaat işləri
tamamlanıb. İlin sonuna qədər Masallı şəhərinin,
Ərkivan və Kosagül qəsəbələrinin
çirkab su şəbəkəsi və təmizləyici
qurğusunun tikintisində işlər tam başa
çatdırılacaq.
Onu
da deyək ki, yeni layihədən öncə Masallı şəhərində
ümumiyyətlə mərkəzləşmiş içməli
su və kanalizasiya sistemləri mövcud olmayıb. Əhali
içməli suya olan tələbatını fərdi həyətyanı
sahələrdə standartlara cavab verməyən qaydada
qazılmış quyulardan və ya nəqliyyat vasitəsindən
istifadə edərək kənardan daşımaqla ödəyib.
Sonra
Prezident İlham Əliyev layihənin işə
salınmasını bildirən düyməni basdı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 4.