Masallı
Tarix-Diyarşünaslıq Muzeyinin
açılışı olub
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 3-də Masallıya
səfəri çərçivəsində
Tarix-Diyarşünaslıq Muzeyinin açılışında
iştirak edib.
Muzeyin üçmərtəbəli yeni binasının inşası üçün Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, ən əsası da əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaratmışdı. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.
Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi,
bu ərazidə tapılan qədim əşyalar,
ümumiyyətlə, rayonun həyatı
ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən
çox eksponat mövcuddur və onlardan 2
mini ekspozisiya
zallarında nümayiş etdirilir.
Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi
olan xalqımızın ümummilli
lideri Heydər Əliyevin və Prezident İlham
Əliyevin həyat və fəaliyyətlərini əks etdirən
fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi
zalı, fond otağı, müxtəlif tədbirlərin
keçirilməsi üçün nəzərdə
tutulan akt zalı da yaradılıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 sentyabr.- S.4.