Biləsuvar Mərkəzi Rayon Xəstəxanası
əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə
verilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də
Biləsuvarda 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının
açılış mərasimində iştirak edib.
Səhiyyə
naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə burada
aparılan əsaslı təmir və yenidənqurma işləri
barədə məlumat verdi. Qeyd olundu ki, Biləsuvar Mərkəzi
Rayon Xəstəxanasının əvvəlki binası
1974-1976-cı illərdə inşa edilib və yararsız vəziyyətə
düşmüşdü.
Xəstəxana
binasının əsaslı təmirinə 2013-cü ildə
başlanılıb və yenidənqurma işləri
2016-cı ilin iyul ayında başa çatdırılıb.
Bu tibb ocağının ərazisi 4 hektardan çoxdur və əsaslı
təmir işləri aparılan binaların ümumi sahəsi
9477 kvadratmetr təşkil edir.
Dövlətimizin
başçısına xəstəxananın ərazisində
inşa edilən əsas və müxtəlif təyinatlı
digər binalar barədə də məlumat verildi. Bildirildi
ki, xəstəxanada 8 şöbə fəaliyyət göstərir.
Bunlar cərrahiyyə, doğum, travmatologiya, infeksion xəstəliklər,
dializ, kompyuter tomoqraf olmaqla şüa-diaqnostika, intensiv terapiya
və poliklinika şöbələridir. Bu tibb
ocağının bütün korpusları ən müasir
standartlara cavab verir. Burada əhaliyə ən yüksək səviyyədə
tibbi xidmət göstərilməsi üçün hər
cür şərait yaradılıb.
Xəstəxana
ilə tanışlıqdan sonra tibb ocağının
kollektivi və rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşən Prezident İlham ƏLİYEV
dedi:
-Biləsuvar
Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən
sonra açılışı münasibətilə sizi təbrik
edirəm. Çox gözəl xəstəxanadır. Bu xəstəxana,
bildiyiniz kimi, 1970-ci illərdə tikilmişdir. Təmirə
ehtiyacı var idi. Vaxtaşırı cari təmir
aparılırdı. Ancaq sonra qərara gəldik ki, əsaslı
təmir olunsun. İndi xəstəxana ilə tanış
olarkən görürəm ki, hər şey ən yüksək
səviyyədədir. Həm avadanlıq, həm təchizat,
eyni zamanda, xəstəxananın şəraiti çox
yaxşıdır. Bütün palatalar çox səliqəli,
abaddır. Bu xəstəxana nümunəvi xəstəxanalardan
biri olacaq. Əslində, son vaxtlar Azərbaycanda tikilən,
yaxud da ki, təmir olunan bütün tibb ocaqları bu səviyyədədir.
Bu, Azərbaycan standartıdır. Çünki Azərbaycan vətəndaşları
ən gözəl tibbi xidmətlə təmin
olunmalıdırlar.
Eyni
zamanda, bu xəstəxana burada çalışan həkimlər
üçün iş yeridir. Onların iş yeri indi
çox gözəl vəziyyətdədir. Xəstəxananın
əvvəlki vəziyyəti sizə bəllidir, bu barədə
danışmaq istəmirəm. Əsas odur ki, indi Biləsuvarda
da Mərkəzi Rayon Xəstəxanası bütün
standartlara cavab verir.
Bu
zonada, həmçinin ölkəmizin bütün bölgələrində
yeni xəstəxanalar ya tikilib, ya da ki, əsaslı təmir
olunub. Son 13 il ərzində 600-dən çox tibb
ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə
sistemimizin inkişafı üçün çox
böyük uğurdur, böyük nailiyyətdir və nəticədir.
Bakı şəhərində isə ən böyük xəstəxanalar
tikilib, təmir edilib.
Bu
gün səhiyyə sahəsinin maddi-texniki bazasının
möhkəmləndirilməsi işi demək olar ki, başa
çatır. Bir neçə rayonda işlər davam etdirilir,
o cümlədən bu yaxınlarda Masallıda xəstəxana
istifadəyə veriləcək. İndi əsas məsələ
ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət,
qayğı göstərilsin. Bu istiqamətdə də
işlər gedir. Əminəm, yeni müasir avadanlıqla
işləyə bilən həkimlər də təcrübə
toplayıblar, kurslar keçiblər ki, xəstələrə
yaxşı xidmət göstərsinlər.
Sağlamlıq
hər bir insan üçün, dövlət
üçün çox önəmlidir. İnsan
sağlamlığını şərtləndirən bir
neçə amil var. Onların arasında əlbəttə
ki, tibbi xidmət birinci yerdədir. Bununla bərabər, sağlam
həyat tərzi, gözəl ekoloji vəziyyət, fiziki fəallıq,
təmiz ərzaq məhsulları da, əlbəttə ki,
öz rolunu oynayır. Ancaq tibbi müayinə və müalicə
xüsusi yer tutur. Yaxşı bilirsiniz ki, artıq bir neçə
ildir Azərbaycanın bütün bölgələrində
diaqnostika işləri aparılır, tibbi müayinə
proqramı icra edilir. Hər il milyonlarla insan pulsuz müayinədən
keçir, onların xəstəlikləri aşkarlanır və
sonra müalicə təyin edilir.
Mən
son 13 il ərzində açdığım bütün xəstəxanaların
tədbirlərində bu məsələyə toxunuram. Bir daha
demək istəyirəm ki, hər bir vətəndaş ildə
bir dəfə diaqnostikadan keçməlidir, xüsusilə
indiki şəraitdə ki, bütün imkanlar var. Qan analizləri,
ultrasəs, rentgen. İndi həkimlərin tövsiyəsi ilə
hər bir vətəndaş özünə yaxşı
baxmalıdır. Bu, ilk növbədə vətəndaşın
özünə lazımdır. Digər tərəfdən, Azərbaycan
xalqı daha da sağlam olmalıdır. Xüsusilə bizim
veteranlarımız, uşaqlarımız, gənc nəsil
sağlam olmalıdır. Bütün insanlar sağlam
olmalıdır. Bax, bu xəstəxanaların tikintisi bu məqsədi
güdür.
Qeyd
etdiyim kimi, son illər ərzində 600-dən çox tibb
müəssisəsi istismara verilib. Bu məqsədlərə
çox böyük dövlət vəsaiti xərclənib.
Biz bunu edirik. Çünki sosial sahə həmişə
olduğu kimi, prioritet təşkil edir. Bu gün də belədir,
sabah da belə olacaq. Çünki biz insanlar üçün
çalışırıq. Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır.
Bununla
bərabər, əlbəttə ki, iqtisadi inkişaf olmasa, bu
işləri də görmək mümkün deyil. Bir
çox ölkələr, hökumətlər var ki, onlar da
istərdilər belə gözəl işləri
görsünlər. Sadəcə olaraq, imkanları yoxdur. Bizim
də vaxtımız var idi ki, istəyirdik edək,
imkanımız yox idi. Biz o imkanı yaratdıq. Bu gün
iqtisadi cəhətdən qüdrətli Azərbaycan bu sahələrə
də böyük vəsait ayırır. Nəinki bu sahələrə,
bütün sahələrə - infrastruktur layihələri,
sosial infrastruktur layihələri, məktəb
binalarının, idman komplekslərinin tikintisi.
Biz
bunu Biləsuvar rayonunun timsalında görə bilərik.
Üç il bundan əvvəl Biləsuvarda mənim
iştirakımla içməli su layihəsinin
açılışını qeyd etdik. İndi şəhər
əhalisi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin
edilir. Biləsuvar rayonunun qazlaşdırılması prosesi
başa çatıb. Bütün məntəqələr qaz
təchizatına qoşulubdur. İndi Biləsuvar rayonunun 25 kəndinin
hamısında qaz var. Yəni, qazlaşdırma 100 faizdir. Biz
hələ ölkə üzrə 100 faiz səviyyəsinə
çatmamışıq. Ona yaxınlaşırıq. Biləsuvarda
biz bunu artıq görürük. Üç böyük kənd
yolu layihəsi icra edilib. Kəndlərin əksəriyyətinə
gedən yollar abadlaşıb. Bakı-Astara-İran sərhədi
magistral yolu çəkilir, Olimpiya kompleksi, digər müəssisələr.
Əlbəttə
ki, kənd təsərrüfatı ilə bağlı
böyük işlər görülür, burada zavodlar fəaliyyət
göstərir. Bu da çox önəmlidir. Son vaxtlar
pambıqçılığa böyük dəstək
verilir və bu, əhali tərəfindən yaxşı
qarşılanır. 1970-1980-ci illərin əvvəllərində
ulu öndər Heydər Əliyevin fəal işi nəticəsində
Azərbaycanda pambıqçılıq çox geniş
vüsət almışdı. İnsanlar çox
böyük maddi imkanlar əldə etmişlər. Əfsuslar
olsun ki, sonralar bu sahə yavaş-yavaş tənəzzülə
uğradı. İndi biz bunu bərpa edirik. Mənə verilən
məlumata görə, bu il Biləsuvar rayonunda altı min
hektarda pambıq əkilibdir. Keçən il iki min hektar idi.
Sovet vaxtında 14 min hektar əkilirdi. Gələn il isə on
min hektar əkiləcək. Biz bunu qısa müddət ərzində
görülən tədbirlər nəticəsində əldə
edirik və bu, məşğulluq deməkdir. Əgər hər
hektarda orta hesabla iki nəfər işləsə, bu, artıq
gələn il 20 min insanın işlə təmin olunması
deməkdir.
Kənd
təsərrüfatının digər sahələri də
inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir
neçə emal müəssisəsi var. Bu işlər daha da
sürətlə getməlidir. İndi sahibkarlığın
inkişafı üçün əlavə şərait
yaradılır, islahatlar aparılır. Sahibkarlar da buna
çox müsbət reaksiya verirlər. İnvestisiya
artır, təşviq mexanizmi icra edilir. İxrac
potensialımız artır.
Biz
bütün bunları etməliyik ki, neftdən
asılılığımızı tamamilə aradan
götürək. Bu layihələri icra etdikcə əlbəttə
ki, bizim daha da çox maliyyə imkanımız olacaq. Biz bu
maliyyə imkanlarımızı da sosial layihələrə
yönəldəcəyik - xəstəxanaların, məktəblərin,
yolların tikintisi, köçkünlərin problemlərinin
həlli. Biləsuvar rayonunda minlərlə məcburi
köçkün yerləşir. Onların problemləri də
həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz
uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə
ölkə də güclənəcək və biz həmişə
ancaq daxili resurslara arxalanmalıyıq.
Biz,
ümumiyyətlə, heç bir yerdən yardım
almırıq və buna ehtiyac da duymuruq. Ona görə də
daxili resursları artırmalıyıq. Azərbaycan dövlətinin
siyasəti bundan ibarətdir. Bizim çox böyük
potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100
faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı,
investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq
inkişaf etməlidir.
Biz
bu gün Masallıda “ASAN xidmət” Mərkəzinin
açılışını qeyd etdik. Bu Mərkəz bu
zonaya da xidmət göstərəcək. Gələcəkdə
digər rayonlarda da açılacaq. Yəni, hərtərəfli
inkişaf budur.
Əminəm
ki, Biləsuvar rayonu bundan sonra da uğurla inkişaf edəcək.
Rayonda çox gözəl quruculuq, abadlıq işləri
görülür. Rayonun siması yaxşılaşır,
gözəlləşir. Rayonda mənim köhnə
dostlarım da var. Mən onları da salamlayıram.
Yadımdadır, 2000-ci ildə mən Lənkərana gedirdim,
bu yoldaşı yolda gördüm. Məni bayraqla
salamlayırdı. O vaxt bizim olimpiyaçılarımız
yaxşı nəticə qazanmışdılar.
Maşını saxlatdım, elə o vaxtdan tanış olduq,
o vaxtdan da dostluq edirik.
Sakin:
Mən Sizinlə fəxr edirəm. Siz Azərbaycanı
dirçəltdiniz. Allaha and olsun, Sizin bütün işlərinizlə
fəxr edirəm. Təzə su də çəkdirmisiniz,
içdim, bir az da cavanlaşdım. Ömrünüz su qədər
uzun olsun.
Prezident
İlham ƏLİYEV: Çox sağ ol. Sizi bir daha təbrik
edirəm.
Həkim
Vəsilə Həsənova: Möhtərəm Prezident, bu
gün bütün biləsuvarlılar böyük sevinc
içindədir. Sizin tapşırığınıza əsasən
mərkəzi xəstəxanamız əsaslı təmirdən
sonra istifadəyə verilib. Belə gözəl, yüksək
səviyyəli, müasir tibbi avadanlıqla təchiz olunmuş
səhiyyə ocağı biz biləsuvarlılar
üçün böyük töhfədir. Belə bir hədiyyəni
bizə bəxş etdiyiniz üçün Sizə əhalimiz
və səhiyyə işçilərimiz adından
böyük minnətdarlığımızı bildiririk.
Çox sağ olun. Var olun, möhtərəm cənab
Prezident.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
X X X
Sonda
xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 sentyabr.-S.4, 5.