Şahmat Olimpiadasında ilk gedişi
Azərbaycan Prezidenti etdi
Son illərdə şahmat
üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların
paytaxt ilə yanaşı, bölgələrdə
də baş tutması Azərbaycanın
dünyanın şahmat
mərkəzlərindən birinə çevrilməsi
yolunda atılmış
mühüm addımdır. 42-ci Ümumdünya Şahmat Olimpiadasının ölkəmizdə
keçirilməsi də
bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək.
Eyni zamanda Bakı Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr
yazacaq və ölkələr arasında
sülhün, əmin-amanlığın
bərqərar olmasına
xidmət edəcək.
Buna olimpiadanın birinci turuna start verilərkən
də şahidlik etdik. “Bakı Kristal Zal”da təşkil olunan bu mötəbər
tədbirdə dünyanın
175 ölkəsini təmsil
edən 181 kişi
və 142 qadın komandanın 1600-dən çox
üzvü, bundan əlavə, yüzlərlə
komanda kapitanları və məşqçilər,
digər rəsmi nümayəndələr iştirak
edirlər. Təbii ki, bu qədər ölkədən
olan nümayəndələrin
bir arada, Azərbaycanın paytaxtı
Bakıda cəmləşməsi
dünyaya birlik, bərabərlik, sülh və əmin-amanlıq baxımından bir çağırışdır.
Sentyabrın 2-də Şahmat Olimpiadasında oyun zalını ziyarət edən Prezident İlham Əliyev Azərbaycan yığmasının üzvü
Şəhriyar Məmmədyarovun
mübarizə aparacağı
şahmat masası üzərində ilk gedişi
etdi. Bununla da gərgin
mübarizə başladı.
Zala tam sakitlik çökdü.
Dövlət başçısı əlil idmançılarla
görüşdü, sonra
təhlil otağı,
mətbuat mərkəzi
və şərhçilər
otağında oldu.
Prezident olimpiadanın sərgi zalını da ziyarət etdi. Sonda isə cənab İlham Əliyev yarışı
işıqlandıran mətbuat
nümayəndələrinə müsahibə verdi.
Jurnalistin “Cənab Prezident, bu tədbirin
Azərbaycanın tanıdılmasında
əhəmiyyəti barədə
nə deyə bilərsiniz” sualına Prezident İlham Əliyev belə cavab verdi:
“Əlbəttə, çox
əhəmiyyətlidir, bizim
üçün böyük
şərəfdir. Ümumdünya Şahmat Olimpiadasının
Azərbaycanda keçirilməsi,
əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün
təşkilati məsələlər
yüksək səviyyədə
öz həllini tapıbdır. Dünən möhtəşəm
açılış mərasimində
bərabər iştirak
edirdik, bu gün burada artıq yarışlar başlayıb. Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm
ki, bütün qonaqlar öz vətənlərinə ən
xoş təəssüratlarla
qayıdacaqlar və Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaqdır.
Ona görə bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda
artıq mötəbər
beynəlxalq yarışlar
ənənəvi olaraq
keçirilir. Avropa
Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışı,
gələn il
İslam Həmrəyliyi
Oyunları. Yəni Azərbaycan dünyanın
idman mərkəzlərindən
birinə çevrilir”.
Sonra jurnalistlər
oyun zalına buraxıldı. Xarici və yerli
media nümayəndələri 20 dəqiqə ərzində
müşahidə apardılar
və müxtəlif rakurslardan şəkillər
çəkdilər. Onlar zalı
tərk etdikdən sonra media mərkəzinə
yollanaraq çalışdıqları
informasiya vasitələrinə
operativ xəbərlər
göndərdilər.
Bir az keçdikdən
sonra “Bakı Kristal Zal”da yaradılmış xüsusi pavilyonda əcnəbi qonaqlar görünməyə başladı.
Onlar hansısa ölkənin komanda üzvləri, yaxud kapitanları idilər. Buradakı
maraqlı guşələrlə
tanış olur, şahmat oyunu üçün dəstlərlə maraqlanır
və müxtəlif əl işlərinə baxırdılar. Hind çaturanqa,
İran şətrənc
oyunu üçün
dəst, Luis adasında
morj dişindən düzəldilən şahmat
dəsti, fil sümüyündən orta
əsrlərə aid olan
Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatların sərgiləndiyi
pavilyon onlar üçün çox maraqlı idi. Xüsusi dizayn edilmiş, şahmat oyununu simvolizə edən ağ
və qara geyimli rəqqas və rəqqasələr
də ziyarətçilərdə
maraq yaratmışdı.
Onları kənardan izləyən,
qollarına girib şəkil çəkdirənlər
də vardı. Bundan başqa, burada yer almış virtual oyun zonaları, şəbəkə sənətinə
aid nümunələr və
Şahmat Olimpiadası
mağazası da əcnəbi və yerli ziyarətçilərin
marağına səbəb
olmuşdu. Onlar müxtəlif
suvenir və şahmat dəstlərinə
baxır, xoşları
gələni alırdılar.
Bununla yanaşı, “Kristal Zal” da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
42-ci Şahmat Olimpiadası
çərçivəsində “Azərbaycan xalça sənəti” sərgi-aksiyası
keçirilir.
Nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bakı Şahmat Olimpiadası Əməliyyat
Komitəsinin birgə
təşkilatçılığı ilə təşkil edilmiş sərgidə Azərbaycan xalça (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) məktəblərinə
uyğun stendlər quraşdırılıb. Tədbir iştirakçılarına
və şahmatçılara
xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələrinin nümayişi
ilə yanaşı, xüsusi hazırlanmış
stendlərin önündə
milli geyimlərdə fotoşəkil çəkdirmək
imkanı da yaradılıb.
Bütün bunlar şahmatsevərlərdə,
eləcə də paytaxtımıza gələn
turistlərdə xoş
əhvali-ruhiyyə yaradır. Onlarla söhbət
zamanı məlum oldu ki, olimpiada
ilə bağlı hazırlıq işlərindən,
yaradılan şəraitdən,
eləcə də təşkilatçılıqdan çox razıdırlar.
Əcnəbilər paytaxt Bakının
gözəlliyini, onun
qeyri-adi binalarını,
insanlarının mehribanlığını
və yeməklərin
ləzizliyini xüsusi
qeyd etdilər.
Ona görə
də bu cür beynəlxalq tədbirlərin ölkəmizdə
keçirilməsinin böyük
əhəmiyyətə malik
olduğunu xüsusi vurğulamalıyıq. Bu, həm də ölkəmizin uğuru, beynəlxalq nüfuzu deməkdir. Ümid edirik ki, olimpiadada iştirak edən şahmatçılarımız
da bu uğuru
davam etdirəcəklər.
Necə ki, 6 komandamızdan beşi artıq birinci turda 4:0 hesablı qələbə
qazanıb. Yalnız kişilərdən
ibarət yığmamızın
üzvü Vasif Durarbəyli rəqibi ilə heç-heçə
edib.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2016.- 4 sentyabr.- S.10.