Bakı Şahmat
Olimpiadasının sərgi salonu idmansevərlərdə
böyük maraq doğurur
Sentyabrın
3-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat
Olimpiadasının ikinci turu keçirilib.
AZƏRTAC
xəbər verir ki, Olimpiadanın ikinci günündə Arzu
Əliyeva və ailə üzvləri “Bakı Crystal Hall”a gələrək
yarışların keçirildiyi zala baxıb,
şahmatçıların oyunlarını izləyib, arenada
açılan sərgi ilə tanış olublar.
Beynəlxalq
Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov
məlumat verdi ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat
Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən
kütləvi yarışdır. Bakı Olimpiadasında 175
ölkəni təmsil edən 181 kişi və 142 qadın
komandanın 1600-dən çox üzvü, bundan əlavə,
yüzlərlə komanda kapitanları və məşqçilər,
digər rəsmi nümayəndələr iştirak edirlər.
Bu, iştirakçı ölkələrin sayına görə
Olimpiada tarixində rekord göstəricidir.
Arzu
Əliyeva qadınlar arasında şahmat üzrə dünya
çempionu, çinli Hou Yifan ilə söhbət etdi, onunla
xatirə şəkli çəkdirdi.
Sonra
Arzu Əliyeva və ailə üzvləri Olimpiadanın sərgi
salonuna baxdılar. Məlumat verildi ki, Olimpiadanın
tamaşaçılarına “Baku Crystal Hall”da təşkil
olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə
şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif
tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur.
Burada yaradılan virtual oyun zonası da böyük maraqla
qarşılanır. Şəhərimizin sakinləri və
qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə
oynaya bilərlər.
Daha
sonra Arzu Əliyeva və ailə üzvləri şərhçilər
otağına da baş çəkdilər. Burada onlara
Olimpiadanın gedişi, həmçinin Azərbaycanda
şahmatın, o cümlədən uşaq
şahmatının inkişafı ilə bağlı ətraflı
məlumat verildi.
Azərbaycan.-2016.- 4 sentyabr.- S.10.