Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 335 Bakı
şəhəri, 1 sentyabr
2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
3 aprel tarixli 94 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət,
ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişikliklər edilməsi
barədə
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 4, maddə 440, N 11, maddə 1513; 2015, N 5, maddə 665; 2016, N 2, maddə 615, N 5, maddə 955) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilmir.”.
2. 5.7-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Satışa çıxarılan malların reklamı “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.”.
3. 17.9-cu bənddə “mal satışının nümunələrinin yerləşdirilməsi və yayımı” sözləri “(məsafədən satış üsulu ilə) satılan malların reklamı” sözləri ilə əvəz edilsin və həmin bəndə “Qanununun” sözündən sonra “14-cü maddəsinin” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.