Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 339 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Telefon müraciət xidməti vasitəsilə
şifahi müraciətlərin edilməsi, qəbulu,
qeydiyyatı və cavablandırılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanının
1.1.6-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Telefon müraciət xidməti vasitəsilə
şifahi müraciətlərin edilməsi, qəbulu,
qeydiyyatı və cavablandırılması Qaydası” təsdiq
edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı
il 1sentyabr tarixli 339 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Telefon müraciət xidməti vasitəsilə
şifahi müraciətlərin edilməsi,qəbulu,
qeydiyyatı və cavablandırılması
QAYDASI
1. Ümumi
müddəalar
1.1.Bu Qayda “Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr
tarixli 1308-IVQ nömrəli Qanununun (bundan sonra - Qanun)
15.3-cü maddəsinə əsasən
hazırlanmışdır və telefon müraciət xidməti
vasitəsilə edilən şifahi müraciətlərin qəbulu,
qeydiyyatı və cavablandırılması ilə
bağlı məsələləri tənzimləyir.
1.2. Bu
Qaydanın müddəaları dövlət və ya bələdiyyə
mülkiyyətində olan və ya paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə və ya bələdiyyəyə
məxsus olan hüquqi şəxslərə və büdcə
təşkilatlarına, həmçinin Qanunun 5.8-ci maddəsinə
əsasən siyahısı Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən
hüquqi şəxslərə, habelə normativ hüquqi
aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə,
mədəniyyət və sosial sahələrdə xidmət
göstərən özəl hüquqi şəxslərə
və fərdi sahibkarlara (bundan sonra - subyektlər) şamil
edilir.
1.3.Bu Qaydanın müddəaları vətəndaşların
Qanunun 5.2 - 5.7-ci maddələrində göstərilən
müraciətlərinə şamil edilmir. Bu
cür müraciətlər telefon müraciət xidməti
vasitəsilə subyektlərə edildikdə, müraciət
edən şəxs Qanunun 8.1.1-ci maddəsinə əsasən
onlara baxılmaması barədə dərhal məlumatlandırılır.
1.4. Mərkəzi
və yerli icra hakimiyyəti orqanlarına çağrı mərkəzləri,
qaynar xətlər və etimad xətləri vasitəsilə
edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata
alınması və cavablandırılması Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50
nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət
orqanlarında çağrımərkəzlərinin fəaliyyətinin
təşkili Qaydaları”na uyğun olaraq həyata
keçirilir.
1.5.Bu
Qaydanın müddəaları Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət orqanlarında
çağrı mərkəzlərinin fəaliyyətinin təşkili
Qaydaları” ilə əhatə olunmayan dövlət
orqanlarına şamil edilir.
1.6. Bu Qaydada istifadə olunan anlayışlar Qanunun
3-cü maddəsi ilə müəyyən edilmiş mənalarda
işlədilir.
2. Telefon müraciət xidməti
vasitəsilə şifahi müraciətlərin edilməsi,qəbulu, qeydiyyatı və
cavablandırılması
2.1. Bu Qaydanın 1.2-ci və 1.5-ci bəndlərində
göstərilən subyektlərdə şifahi müraciətlərin
qəbulunu təmin etmək üçün xüsusi şəhər
telefon nömrəsi ayrılır və bu nömrəyə
edilən bütün zəngləri kargüzarlıq xidmətinin
bu məqsəd üçün ayrılan əməkdaşı
(bundan sonra - kargüzarlıq xidmətinin əməkdaşı)
qəbul edir.
Bu zaman kargüzarlıq xidmətinin əməkdaşı
soyadını və adını deyərək
özünü təqdim edir.
2.2.Kargüzarlıq xidmətinin əməkdaşı
aşağıdakı tələblərə cavab verməlidir:
2.2.1.Azərbaycan dilində səlis danışmaq,
yazmaq və oxumaq;
2.2.2. kompüterdə
işləmək;
2.2.3.subyektin fəaliyyət istiqamətlərinə
dair normativ hüquqi aktlarla bağlı biliklərə malik
olmaq;
2.2.4.stressədavamlı və operativ olmaq;
2.2.5.etik davranış qaydalarına əməl etmək.
2.3.Vətəndaşlar yalnız iş günlərində
və iş vaxtında telefon müraciət xidməti vasitəsilə
müraciət etmək hüququna malikdirlər. İstirahət,
iş günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü, həmçinin iş
vaxtından sonra edilən zənglər qəbul olunmur. Bu zaman
iş vaxtından sonra telefon müraciət xidməti vasitəsilə
müraciət edən şəxslərə səsli menyu
vasitəsilə bu Qaydanın 2.4-cü bəndində göstərilən
məlumatları təqdim etdikdən sonra ismarıc saxlamaq və
ya növbəti iş günündə əlaqə yaratmaq təklif
olunur.
2.4.Kargüzarlıq
xidmətinin əməkdaşı telefon müraciət xidməti
vasitəsilə edilən bütün müraciətləri,
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli
950 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Dövlət və bələdiyyə orqanlarında, dövlət
və ya bələdiyyə mülkiyyətində olan və
ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə və ya bələdiyyəyə məxsus
olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında
vətəndaşların müraciətləri ilə
bağlı kargüzarlığın aparılması
Qaydası”nın (bundan sonra - vətəndaşların
müraciətləri ilə bağlı
kargüzarlığın aparılması Qaydası) 2.8-ci bəndinə
uyğun olaraq, elektron formada həmin gün qeydiyyata alır. Bu cür müraciətin qeydiyyatı zamanı
müraciət edən şəxsin soyadı, adı,
atasının adı, ünvanı, əlaqə nömrəsi,
müraciətin qısa məzmunu, müraciətin edildiyi vaxt
(saat və dəqiqə) qeyd olunur. Müraciət
edən şəxs bu məlumatları verməkdən imtina
etdikdə və ya yalan məlumat verdikdə, onun müraciəti
qeydiyyata alınmır, cavablandırılmır və
müraciət edən şəxsə bu barədə dərhal
məlumat verilir.
2.5.Subyektlərin telefon müraciət xidməti
vasitəsilə edilən şifahi müraciətlərlə
bağlı danışıqların, müraciət edən
şəxsi məlumatlandırmaqla, audioyazısını
aparmaq hüququ vardır.
2.6.Telefon müraciət
xidməti vasitəsilə edilən müraciət aydın
ifadə edilməlidir. Müraciət edən
şəxs təhqir və böhtana yol verməməlidir.
2.7.Müraciət edən şəxs bu
Qaydanın 2.4-cü bəndində göstərilən məlumatları
təqdim etdikdən sonra kargüzarlıq xidmətinin əməkdaşı
telefon müraciət xidməti vasitəsilə daxil olan
müraciəti birbaşa və ya müraciət vərəqəsi
tərtib edərək araşdırdıqdan sonra
cavablandırır.
2.8.Şifahi müraciətin birbaşa
cavablandırılması vətən-daşların müraciətləri
ilə bağlı kargüzarlığın aparılması
Qaydasının 4.5-ci bəndinə uyğun olaraq təmin
edilir. Müraciət edən şəxsə verilən
cavab konkret, aydın və ədəbi dilin rəsmi-işgüzar
üslubuna uyğun olmalıdır.
2.9.Şifahi müraciətin birbaşa
cavablandırılması mümkün olmadıqda,
kargüzarlıq xidmətinin əməkdaşı onun
araşdırmaya qəbul edilərək sonradan
cavablandırılması məqsədi ilə müraciət
vərəqəsi tərtib edir və kargüzarlıq xidmətinin
rəhbərinə təqdim edir. Müraciət vərəqəsi
bu Qaydanın 2.4-cü bəndində göstərilən məlumatları,
eləcə də müraciətin qəbulu və
cavablandırılmasınadək olan prosesləri özündə
əks etdirir.
2.10.Şifahi müraciətin operativ
cavablandırılmasını təmin etmək məqsədi
ilə müraciət vərəqəsi kargüzarlıq xidmətinin
rəhbəri tərəfindən imzalanmış məktubla,
subyektin rəhbəri ilə razılaşdırmaqla, aidiyyəti
struktur bölməyə təqdim edilir.
2.11.Kargüzarlıq xidmətinin əməkdaşı
müraciət vərəqəsi tərtib edildikdən sonra 1
(bir) iş günündən gec olmayaraq, müraciət vərəqəsindəki
əlaqə nömrəsinə zəng edərək müraciət
edənlə əlaqə yaratmalı və onun müraciətinə
baxan struktur bölmə barədə məlumat verməlidir.
Bu mümkün olmadıqda, 3 (üç) iş günü ərzində
hər gün ən azı 2 dəfə müxtəlif
saatlarda müraciət edənlə əlaqə yaratmağa
çalışmalı və bu barədə müraciət
vərəqəsində qeydlər aparmalıdır.
2.12.Müraciət vərəqəsi tərtib
olunan şifahi müraciətin daxil olduğu struktur bölmənin
əməkdaşı Qanunun 10-cu maddəsi ilə müəyyən
edilmiş müddətlərə riayət etməklə,
müraciətə dair cavab hazırlamalıdır.
2.13.Müraciət
vərəqəsi tərtib olunan şifahi müraciətin
cavablandırılması zamanı müraciətə baxan
struktur bölmənin əməkdaşı əlaqə
telefonu ilə əlaqə yaradarkən özünü təqdim
etdikdən sonra, danışılan şəxsin şəxsiyyətini
müəyyən etməli və danışılan şəxs
müraciət edən şəxsin özü olduqda,
hazırlanmış cavabı ona təqdim etməli, əks
halda, müraciət edən şəxslə nə zaman əlaqə
saxlaya biləcəyini dəqiqləşdirməli və bu barədə
müraciət vərəqəsində qeydlər
aparmalıdır.
2.14.Müraciət edən şəxsin şifahi
müraciətində qaldırılan məsələ
“Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil
edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara
aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti
üzrə cavablandırılmasının
mümkünsüzlüyü barədə müraciət edənə
məlumat verilir.
2.15.Müraciətin bu Qaydanın 2.7-ci bəndinə
uyğun olaraq cavablandırılması mümkün
olmadıqda, müraciətin yazılı şəkildə təqdim
edilməsi təklif olunur.
2.16.Telefon müraciət xidməti vasitəsilə
edilən müraciətdə qaldırılan məsələnin
subyektlərin səlahiyyətinə aid olmadığı
aşkar edilərsə, müraciət edən şəxsə
aidiyyəti üzrə müraciətetmə qaydası izah
olunur.
3. Yekun müddəalar
3.1. Hər iş gününün
sonunda kargüzarlıq xidmətinin əməkdaşı
gün ərzində telefon müraciət xidməti vasitəsilə
daxil olan müraciətlərə dair məlumat
hazırlayır və kargüzarlıq xidmətinin rəhbərinə
təqdim edir. Həmin məlumatda aşağıdakılar əks
olunur:
3.1.1. qəbul edilmiş müraciətlərin
ümumi sayı;
3.1.2. qeydiyyata
alınmış və cavablandırılmış müraciətlərin,
o cümlədən təkrar müraciətlərin sayı;
3.1.3. qeydiyyata
alınmasından və cavablandırılmasından bu
Qaydanın 2.3-cü bəndinə uyğun olaraq imtina
edilmiş müraciətlərin sayı;
3.1.4. tərtib
edilmiş müraciət vərəqələrinin sayı;
3.1.5. müraciət
edən vətəndaşın soyadı, adı,
atasının adı, ünvanı və telefon nömrəsi;
3.1.6. müraciətin
mövzusu, qeydiyyat nömrəsi və qəbul edilmə
vaxtı (saatı və dəqiqəsi);
3.1.7. müraciətin
cavablandırılması və ya onunla bağlı
görülən tədbirlər barədə qeyd.
3.2.Subyektin kargüzarlıq xidməti telefon
müraciət xidməti vasitəsilə daxil olan şifahi
müraciətlər barədə, 6 (altı) ayın və
ilin yekunları üzrə arayış hazırlayır və
subyektin rəhbərinə təqdim edir.
3.3.
Telefon müraciət xidməti vasitəsilə müraciət
edən şəxs barədə əldə edilmiş fərdi,
ailə və şəxsi həyatına aid sirr olan, habelə
peşə və ya kommersiya sirri ilə bağlı məlumatların
istifadəsinə və yayılmasına yol verilmir.
3.4.Telefon müraciət xidməti vasitəsilə
edilən müraciətlərin qeydiyyatına dair elektron
daşıyıcılar subyektlərin kargüzarlıq xidmətində
2 (iki) il saxlanıldıqdan sonra “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada məhv edilir. Fəaliyyətlərinin
xüsusiyyətlərinə uyğun olaraq, subyektlərin həmin
materialları daha uzun müddət saxlamaq hüququ vardır.
Qeyd. Bu Qaydada dəyişikliklər
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli
772 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.