İlham Əliyevin “Qlobal böhranda
milli inkişaf” strategiyası
Prezidentin yeni iqtisadi kursu Azərbaycanın
yüksəlişinin davamlılığını təmin
edir
Hər bir böhran həm də sınaqdır, eyni
zamanda, tənəzzüldən inkişafa keçidi sürətləndirən
amildir. Bu yanaşma heç də yalnız nikbin, pozitiv
ovqat münasibəti deyil. Əksinə,
onilliklərdir sınaqlardan uğurla çıxan mükəmməl
təcrübə və müəyyən ölkələrin
fövqəldövlətə çevrilməsini şərtləndirən
faktordur. ABŞ-ın “böyük depressiya”dan qurtularaq
planetin alternativsiz hərbi-siyasi-iqtisadi gücü kimi
formalaşması, Yaponiyanın nüvə hücumu və hərbi
məğlubiyyətdən sonra bir dövlət kimi tam
darmadağın olmasına baxmayaraq, bir neçə onilliyin
ardından dünyanın intellektual məhsul ixracı
inhisarçısı kimi özünü təsdiq etməsi,
yaxud da İkinci Dünya müharibəsindən sonra tam
iqtisadi-sosial-infrastruktur məhvi ilə qarşılaşan
İngiltərənin, Fransanın, Almaniyanın qısa
müddətdə böyük inkişaf nailiyyətlərinə
müəlliflik etmələri bu silsilədə
çoxsaylı faktlardandır.
Uğurun bir müəllifi və
üç təməli
Əsas məsələ böhranla qarşılaşan
dövlətin problemdən qurtulmaq üçün
düzgün strategiya seçməsi, bu kursu hər hansı
maneələrdən və qlobal təhdidlərdən
qorumağı bacarması, onu inamla həyata keçirməsi,
ölkə daxilində səmərəli islahatlar tətbiq
etməsidir. Bunlar baş verdikdə, dövlətin istehsal
potensialı bərpa edilir, sosial rifaha və iqtisadi yüksəlişə
nail olunur.
Azərbaycan da hazırda məhz bu yolla irəliləyir. Dünyada tüğyan edən
iqtisadi-sosial böhran, maliyyə çətinlikləri, ticarət
münasibətlərinin total iflasa doğru yönəlməsi
fonunda ölkəmiz bu sahələrdə çətinliklərlə,
problemlərlə üzləşib. Bu mənfi
proseslərin Azərbaycana təsiri əslində, təbiidir.
Çünki qlobal iqtisadi-ticari şaxələnmənin
tərkib hissəsi olan respublikamızın bu böhran
dalğasından kənarda qalması qeyri-mümkündür.
Lakin son
iki ildə ölkə rəhbərliyinin həyata
keçirdiyi zəruri tədbirlər, islahatların yeni mərhələyə
qədəm qoyması, ən nəhayət, cari ilin əvvəllərindən
daha sürətli templə tətbiq olunan iqtisadi strategiya Azərbaycanın
başqa ölkələrdən fərqli olaraq iqtisadi tənəzzüldən
qurtuluşunu və ağır sosial fəsadlardan
yayınmasını təmin etdi. Ölkə rəhbərinin
tapşırığı ilə Prezident Administarsiyası tərəfindən
iqtisadi-sosial-aqrar istiqamətdə bütün sahələrin
ciddi şəkildə yenidən öyrənilməsi,
birbaşa bölgələrdə monitorinqlərin
aparılması, yeni hədəflərin və fəaliyyət
xəttinin müəyyənləşməsi artıq ilkin
uğurlu nəticələr verir. Eyni
zamanda, vergi və gömrük sistemində əsaslı,
köklü dəyişikliklərin aparılması, şəffaflığın
və ictimai nəzarətin artırılması
iqtisadiyyatın istinad mənbəyi olan sahibkarlara dövlət
dəstəyinin miqyasını artırdı.
Bütün bu islahatlar “Böhran şəraitində
inkişaf” strategiyasının tərkib hissəsidir. “İnkişafın Azərbaycan
modeli”nin məntiqi davamı olan bu kurs yeni
dövrün yüksəliş platformasıdır və
Prezidentin öz təbirincə desək, üç təmələ
- düşünülmüş siyasətə, düzgün
aparılan islahatlara, ölkənin gələcəyi ilə bağlı
mükəmməl proqramlara söykənir.
Faktlara
istinad etsək, “Böhran şəraitində inkişaf”
modelinin cari ilin ilk 6 ayı ərzində nailiyyət
hesabatını təsdiq etmiş olarıq: iqtisadiyyata 6,3
milyard dollar sərmayə qoyulub; qeyri-neft sənayesi 2,4 faiz, kənd
təsərrüfatı 3,1 faiz artıb; yoxlamalar 714 dəfə
azalaraq 40 mindən 56-ya düşüb; 78 mini daimi olmaqla 90
min iş yeri açılıb; sahibkarlara 73 milyon manat kredit
verilib; maaşlar, pensiyalar 10 faiz, gömrükdən
daxilolmalar 17 faiz, vergidən isə 2 faiz artıb; Yüz mindən
çox ailəyə sosial yardım ayrılıb və s.
İlk məhsulu
onun səbəbkarı - Prezident yığdı
Bütün bu proseslər Prezidentin şəxsi nəzarəti
altında həyata keçirilir, yaranmış hər
hansı bir maneə onun birbaşa müdaxiləsi ilə
aradan qaldırılır, uğurlu təşəbbüslər
bilavasitə ölkə rəhbərinin dəstəyi ilə
gerçəkləşir. Elə Prezidentin ötən
həftə sonu cənub bölgəsinə səfərinin də
əsas məqsədi yəqin ki, daha çox məhz
“Böhran şəraitində inkişaf” strategiyasının
regional yönümünü yerində şəxsən
öyrənmək idi.
Bu səfəri fərqləndirən əsas xüsusiyyət
o idi ki, dövlət başçısı bu dəfə
hesabat və məlumat dinləməkdən daha çox, məhz
özü hesabat və məlumat verirdi. Ən diqqətçəkən
məqam isə İlham Əliyevin məlum iqtisadi kursun mahiyyəti
ilə bağlı sadə təsərrüfat insanlarına şəxsən
maarifləndirici informasiyalar çatdırması idi. Və
ən əsası, onları həvəsləndirməsi idi!
Yeni dövrdə aqrar inkişafın əsas təmayülləri
kimi taxılla yanaşı, artıq
pambıqçılıq, üzümçülük,
çayçılıq, baramaçılıq da prioritet sahələrdəndir. Bu təşəbbüslərin
müəllifi də şəxsən Prezidentin
özüdür. Dövlət
başçısının fikrincə, bir neçə
onillik öncə bu sahələrdə böyük məhsuldarlıq
əldə edən, İttifaq miqyasında ilk yerləri tutan,
yüksək gəlir əldə edən zəhmətkeşlər
bu gün fermer kimi tarixi aqrar ənənəni yenidən
dirçəltməlidirlər. Çünki
bu sahədə həm mükəmməl təcrübə, həm
də zəruri potensial var. Ən əsası isə bu sahələrə
maraq göstərən hər bir fermerə dövlət
Prezidentin şəxsində böyük dəstəkçidir.
Onsuz da torpaq vergisindən başqa bütün
vergilərdən azad olan Azərbaycan kəndlisinə əlavə
olaraq yeni maddi dəstək vasitələri də müəyyənləşib.
Bu baxımdan Prezident İlham Əliyevin Salyanın
Kürsəngi kəndində pambıq sahəsində
keçirdiyi görüşün rəmzi mənası da
var. Uzun illər şoranlaşmış torpaq kimi istifadəsiz
qalan ərazi məhz Prezidentin
çağırışından və dəstəyindən
sonra bərəkətli pambıq tarlasına çevrilib. Pambıqçıların
bu tarlanı Prezidentin salmasını demələrində də,
İlham Əliyevin ilk məhsulu şəxsən
özünün yığmasında da simvolik olduğu kimi, həm
də böyük gerçəklik vardı.
Kürsəngidəki
tarlanın timsalında digər rayonlarda da salınmış
sahələrdən gələn milyonlarla gəlir, orada iş
tapan minlərlə vətəndaş, böhran şəraitində,
çətin dövrdə dövlətini, liderini yenə də
yanında görən fermer, iflasdan qurtulan yüzlərlə
təsərrüfat, sabaha daha da artan inam - bütün bunlar
idi əsl gerçəklik!..
Və
Prezidentin dəstəyilə Azərbaycanın dörd bir tərəfində
salınmış minlərlə yeni barlı-bərəkətli
zəmilərdə, tarlalarda ilk məhsulu kimin
yığmasından asılı olmayaraq, orada hökmən
İlham Əliyevin qayğısı, zəhməti, nəfəsi
duyulacaq və bu, heç vaxt unudulmayacaq!
İcra başçılarından nə
tələb olunur
Qeyd
etdiyimiz kimi, Prezident Masallı, Biləsuvar və Salyan sakinlərilə
ünsiyyətində ölkədəki iqtisadi-sosial proseslər
barədə hesabat verdi, bölgələrə
dövlət qayğısının ilkin nəticələrindən
və qarşıdakı hədəflərdən
danışdı. Ölkə rəhbərinin
fikirlərinin mahiyyəti birmənalı olaraq tam nikbinliyə
köklənirdi, əhalini öz torpağına sahib
çıxmağa, zəhmətə qatlaşmağa səsləyirdi,
ən əsası isə motivasiya xarakterli idi - Prezident fermeri
yüksək məhsuldarlığa, yüksək gəlirə,
yüksək vətənpərvərliyə həvəsləndirirdi.
Bəli, yüksək məhsuldarlıq ailənin
artan gəliridir ki, bu da dövlətin aqrar potensialının
artmasına, məşğulluq probleminin həllinə
böyük töhfədir, yəni, vətənə xidmətdir
- vətənpərvərlikdir.
İlham
Əliyev yerli icra orqanları qarşısında xeyli müddətdir
müəyyənləşdirdiyi əsas vəzifələri
ümumiləşdirərək bir daha xatırlatdı: xalqa
xidmət, hər bir problemin həllinə yardımçı
olmaq, təklifləri dərhal dəyərləndirmək,
bölgənin imkanlarını, potensialını maksimum
realizə etmək və rayonun sosial-iqtisadi inkişafına,
infrastuktur quruculuğuna töhfə vermək
üçün mərkəzi hakimiyyətin dəstəyi
olmadan da əlavə vasitələri axtarmaq. Prezident icra
başçıları üçün fəaliyyət prioritetini
də belə müəyyənləşdirdi: “Yerli icra
orqanları çalışmalıdırlar ki, öz
rayonlarına yerli və xarici özəl sərmayə gətirsinlər.
Xaricə getmək, orada investorları
inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük
firmalar, şirkətlər var. Onları maraqlandırmaq
lazımdır. İndi yerli icra
orqanlarının işi bundan ibarətdir”.
Yeni
iqtisadi-siyasi mərhələyə artıq qədəm qoyan
Azərbaycanda icra hakimiyyəti başçıları da fəaliyyətlərini
Prezidentin mükəmməl idarəçilik modelinə
adekvat formalaşdırmalı, ali rəhbərin təşəbbüskarlığını,
fəallığını, məsuliyyətini, düzgün
qərarlar qəbul edib onu uğurla gerçəkləşdirməsini
və digər yüksək fəaliyyət keyfiyyətlərini
örnək kimi qəbul etməlidirlər. İlham
Əliyevin istəyi də, tələbi də budur.
Görünən
odur ki, Prezidentin birbaşa şəxsi nəzarətində
olan bu proses - yerli icra orqanlarının fəaliyyətinin qiymətləndirilməsi
artıq qarşıdakı dövrdə yeni müəyyənləşən
standartlar əsasında təhlil, müqayisə və
müvafiq qiymətləndirilmə ilə aparılacaq. Salyan rayonunun rəhbərliyi bu sınaqdan uğurla
çıxan ilklərdən oldu.
Prezident
Masallıda Bayraq meydanının və Azərbaycan Dövlət
Rəmzləri, həmçinin tarix-diyarşünaslıq
muzeylərinin, “ASAN həyat” kompleksinin, uşaq incəsənət
məktəbinin, Masallı şəhərinin içməli
su təchizatı layihəsinin açılış mərasimlərində,
Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra
rayon mərkəzi xəstəxanasının və Əsgərabad-Muğan-Çaylı
avtomobil yolunun yenidənqurma və bərpadan sonra
açılışında iştirak etdi. Salyanda da səfərin
təəssüratı zəngin idi: Şirvan-Muğan
magistral su kəmərindən çəkilmiş yeni
içməli su xəttinin, tarix-diyarşünaslıq
muzeyinin, YAP rayon təşkilatının yeni inzibati
binasının, Babazanan yaşayış massivini şəhərin
mərkəzi ilə birləşdirən körpünün,
Ələt-Astara-İran ilə dövlət sərhədi
avtomobil yolunun 31-54 kilometrlik hissəsinin
açılış mərasimlərində iştirak,
pambıq sahələrinə baxış...
Hər açılış inkişafın daha bir
göstəricisi, quruculuğun konkret nümunəsidir. Sakinlərlə
hər görüş hakimiyyətin xalq qarşısında
daşıdığı məsuliyyətin və
hesabatlılığının parlaq örnəyidir, vətəndaşların
Prezidentə olan birmənalı etimadının ən səmimi
təsdiqidir. Heydər Əliyev abidəsinin ziyarəti
ilə başlayıb ulu öndərin şah əsəri olan
müstəqil Azərbaycanın növbəti inkişaf,
quruculuq ünvanlarının açılışı ilə
bitən hər bir səfər isə həm də əbədi,
daimi, dönməz olan istiqlaliyyətimizin 25-ci
ildönümünün şanlı səhifələridir...
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 1.