Odlar yurdunun od saçan məbədi
Hər bir xalqın tarixinin, mədəniyyət və
adət-ənənəsinin, ümumilikdə inkişafının
öyrənilməsində tarixi abidələr, maddi-mədəniyyət nümunələri
misilsiz rol oynayır. Azərbaycan torpaqları hüdudlarında
inşa edilən və nəsildən-nəslə
ötürülərək günümüzə gəlib
çatan belə nümunələr kifayət
qədərdir. Bunlar əcdadlarımızın
hansı mədəniyyətə
malik olduğunu sübut etməklə yanaşı, bu xalqın dözümlüyündən,
mübarizliyindən, həm
də bu qədim torpağın əsrarəngiz iqlimindən,
tükənməz sərvətindən
xəbər verir.
Bu dəfə belə nümunələrin
biri olan və unikallığı
ilə hər kəsi heyran edən Atəşgah məbədindən söz
açacağıq.
Od məbədi olan Atəşgah Bakının Suraxanı rayonunda yerləşir. Abidə burada təbii qazın çıxdığı
əbədi sönməz
alovun yerində inşa edilib. Özünəməxsusluğu və unikallığı
ilə heyrət doğuran məbəd
UNESCO-nun Dünya İrs
Siyahısına daxil edilib və ölkə başçısının
sərəncamı ilə
2007-ci ildə Bakı
şəhəri Suraxanı
rayonunda Atəşgah
məbədi ərazisi
“Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq
Qoruğu elan edilib. Məbədə ziyarətə gələnlərin
sayı isə gündən-günə artır.
Yerli ziyarətçilərlə
yanaşı, hətta
dünyanın ən ucqar ölkəsindən belə təbii od məbədinin
sorağına düşüb
Bakıya üz tutanlar var...
Qoruğun giriş qapısından içəri daxil olanda Suraxanı rayonunun digər küçələri kimi,
buradakı səliqə-sahman
diqqət çəkir. Qədimliyini və tarixi xüsusiyyətlərini saxlayan
abidənin ərazisi əsaslı bərpa və yenidənqurma işlərindən sonra daha da heyrətamiz
olub. Xüsusi memarlıq üslubunda inşa edilən qala divarları, yanaşı düzülən
və taybatay qapıları olan hücrələr, karvansaralar
və onların əhatəsindəki əbədi
od məbədinə
baxanda özünü
hansısa sehrli bir dünyaya düşmüş kimi
hiss edirsən. Bir az da dərinliklərə baş
vurub hücrələri
gəzdikcə, daş
lövhələr və
onların üzərindəki
yazılarla maraqlandıqca
qədim Azərbaycan mədəniyyəti, onların
inancları haqqında
təsəvvürün daha
da genişlənir. Burada vaxtilə ibadət edən zərdüştilərin dini
etiqadları ilə tanış olub heç vaxt sönməyən məşəldən qopan
alov dilimlərinə baxanda bir daha
aydın olur ki, məbəd niyə bu qədər
müqəddəsdir, insanları
özünə çəkir!
II əsrdən alovlanan məşəl qərinələri bir-birinə
calasa da, hərarətini dəyişmir
Məbədlə tanışlığımız davam etdikcə az qala gördüyümüz hər
bir şey bizdə sual yaradır. “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğunun
direktoru Rəşid Babayi suallarımızı
cavablandıraraq məbəd
haqqında ətraflı
məlumat verdi.
O bildirdi ki, Atəşgah məbədinin
ilk tikililəri II-III əsrlərə
aiddir. O dövrdə Azərbaycanda zərdüştilik
yayılıb. Bununla əlaqədar
regionlarda atəşpərəstlik
məbədləri tikilib.
Abidə
Hindistandan gələn
zərdüştilər və
yerli sənətkarlar
tərəfindən tikilib
və VII əsrə kimi fəaliyyət göstərib. VII əsrdə Azərbaycanda
İslam dini qəbul edildikdən sonra isə ölkədəki atəşpərəstlik
məbədləri sıradan
çıxmağa başlayıb.
Bu, Atəşgah məbədinə də təsirsiz ötüşməyib.
Lakin məbəd təxminən
XVII-XVIII əsrlərdə ikinci həyatına qədəm qoyub və əbədi alov yenidən şölə saçmağa
başlayıb. XVIII əsrin əvvəlində
məbəd artıq bizim dövrə gəlib çıxdığı
şəkli alıb.
Bugünkü abidə həmin
vaxtda qədim atəşpərəstlər məbədinin
qalıqları üzərində,
təbii qazın çıxdığı əbədi
məşəlin yerində
tikilən abidədir.
Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim
sanskrit dilində
yazı var.
Məbədin qısa zamanda hər tərəfə soraq salmasında, sözsüz ki, Azərbaycanın yerləşdiyi
əlverişli coğrafi
mövqe xüsusi rol oynayıb. O zaman məşhur İpək yolu Azərbaycandan keçirdi. Bu yolla
ölkəmizə gələn
tacirlər öz vətənlərinə döndükdə
Suraxanıda yerdən
çıxan təbii
alov barədə də danışıblar.
Nəticədə buraya zəvvarlar,
atəşpərəstlər gəlməyə başlayıblar.
Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada
alova sitayiş edirdilər. Artıq bu
yer onlar üçün müqəddəsləşməyə
başlamışdı. Vaxt ötdükcə məbədin sorağı
hər tərəfə
sürətlə yayılırdı...
Yeni memarlıq ənənələri
ilə tikilmiş Atəşgah məbədi
özündə qədim
od səcdəgahlarının
elementlərini qoruyub saxlayıb. Ümumilikdə
məbəd plan quruluşuna
görə şəhər
karvansaralarına oxşayır.
Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda
yayılmış od səcdəgahlarının
tikinti ənənələrini
əks etdirir. Lakin o, özündə bəzi
hind məbədlərinin əlamətlərini
də saxlayıb.
Burada olarkən öyrəndik ki, məbədin sahəsi 15 min (1,5 hektar) kvadratmetrə qədərdir. Sahəsi 2 min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Ümumilikdə
isə abidə od məbədindən,
onun ətrafında bir-birinin yanında inşa edilən 26 hücrə və mərkəzi ibadətxanadan
ibarətdir. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunub. Ziyarətə gələn atəşpərəstlər
hücrələrdə qalırdılar.
Bir hücrədə 3-4 nəfər
yerləşdirilirdi. Ziyarətçilər arasında zamanın qabaqcıl insanları, o cümlədən səyyahlar,
yazıçılar, alimlər
də olub. Başqa ölkələrdən gələn
tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burada 2-3 gün
qalıb dincəlir, atəşpərəstlərə, zərdüştilərə vəsait
ayırırdılar. Məbəddə müxtəlif dini
ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün
lazımi şərait
də olub. Mərkəzi ibadətxana burada
ən müqəddəs
yer sayılıb.
Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərmışlər.
Adi atəşpərəstlərin içəri keçməyə
ixtiyarları yox imiş. Məbəddəki
hind, fars, sanskrit və başqa dillərdə yazılmış, atəşpərəstlər
və zərdüştilər
tərəfindən qoyulan
daş kitabələrdə
otaqların neçənci
ildə və kimlər tərəfindən
tikilməsi, həmçinin
hind tanrılarının adları
qeyd olunub.
Yerli ziyarətçilər və xarici turistlərlə qoruğun ərazisini gəzdikcə təəssüratlarımız daha genişlənir. Hücrələrdəki zərdüştilərin ibadəti, tacirlərlə söhbət anlarını əks etdirən görüntülər daha çox maraq doğurur. Buradakı eksponatlar, geyim formaları, müxtəlif dövrləri əhatə edən maddi-mədəniyyət nümunələri diqqəti çəkir. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə isə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Muzeydə əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Alov məbədinin ətrafında yerləşən və yerdən çox hündür olmayan dördkünc tikililər də ziyarətçilərdə maraq doğurur. R.Babayi deyir ki, burada dua oxunar, qurban kəsilərmiş, 3 tikilidən ikisi dua oxumaq, niyyət tutmaq, digəri isə qurbanı kəsmək üçün nəzərdə tutulub.
Atəşgah
turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir
Bu gün Azərbaycana turist axınının sürətlə artması hər birimizə məlumdur. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik turistləri daha da çox cəlb edir. Digər tərəfdən isə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət nümünələri və abidələri, burada qədimliklə müasirliyin vəhdəti turistlərin xüsusi marağına səbəb olub. Onlar Azərbaycanı görüb qayıtdıqdan sonra bu barədə danışanda mütləq onun tarixindən, müxtəlif qərinələrdən xəbər verən abidələrindən də söz açıblar. Bu baxımdan Atəşgah yerli sakinlərlə yanaşı, əcnəbi turistləri ən çox təəccübləndirən abidələrdəndir. R.Babayinin verdiyi məlumata görə, son 6 ayda 10 minə yaxın əcnəbi turist Atəşgahı ziyarət edib. Aparıcı turizm şirkətlərinin əksəriyyəti ilə müqavilələri var, abidəyə tez-tez turlar təşkil olunur. Giriş də çox baha deyil - böyüklər 2, tələbələr 1, uşaqlar və ya məktəblilər 0,2 manat ödəməklə abidə ərazisini gəzib canlı tarixlə tanış ola bilərlər.
Son illər Türkiyə, Rusiya, İran, Gürcüstan və Amerikadan, eyni zamanda Avropa və ərəb ölkələrindən gələn turistlərə burada çox rast gəlmək olur. Bu gün ərəb turistlərinin ölkəmizə axınını Atəşgahda da hiss etmək mümkündür. Ziyarətçilər arasında onlar üstünlük təşkil edirlər. Abidə kompleksi öz tarixi ecazkarlığı ilə yanaşı, tikinti və yenidənqurma işləri sayəsində də turistlər üçün maraqlıdır. Onlar abidənin ərazisini gəzib sehrli dünyaya baş vurduqdan sonra buradakı yeməkxanada Azərbaycanın milli mətbəxinin təamları ilə tanış olurlar: yeyib-içib dincəldikdən sonra paytaxtın digər maraqlı yerlərinə səyahətlərini davam etdirirlər.
* * *
Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikinti işləri aparılıb. Ərazinin mühafizəsi və maddi-texniki təminatı gücləndirilib. Bir sözlə, Atəşgahda kütləvi tədbirlərin keçirilməsi üçün bütün şərait yaradılıb, müasir işıqlandırma sistemi qurulub. Belə bir diqqət “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu daha da gözəlləşdirib, cəlbedici edib. Təsadüfi deyil ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının məşəli ölkə başçısının əli ilə bu məbəddən od alaraq Azərbaycanı qarış-qarış dolaşıb, hər yerə nur saçıb. Bu da, öz növbəsində, ölkəmizdə tarixə, tarixi abidələrə, milli-mənəvi dəyərlərin qorunmasına dövlət səviyyəsində verilən dəyərdir...
Elnur HADIYEV,
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 11.