Rioda Paralimpiya festivalı

 

Azərbaycan idmançıları 4 ilin zirvə yarışında uğur estafetini davam etdirəcəklər

 

Bu gün Braziliyanın Rio-de-Janeyro şəhəri XXXI Yay Olimpiya Oyunlarından sonra dünyanın daha böyük bir idman tədbirini qəbul edir. Sayca XV Yay Paralimpiya Oyunlarının başlamasına saatlar qalır. Sentyabrın 18-dək davam edəcək son 4 ilin zirvə yarışında 160 ölkədən 4 mindən çox atlet 22 idman növündə mübarizə aparacaq.

XV Paralimpiya Oyunlarında qalib şəhərin adı isə 2009-cu il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyasında açıqlanıb. Sonuncu səsvermə üç mərhələdən ibarət olub. Əvvəlcə Çikaqo, daha sonra isə Tokionun namizədliyi lazımi səsi toplaya bilməyib. Üçüncü mərhələdə 66 səs toplayan Rio-de-Janeyro 2016-cı il Yay OlimpiyaParalimpiya Oyunlarına evsahibliyi etmək hüququ qazanıb.

 

56 illik tarixə malik Paralimpiya Oyunları

 

Paralimpiyaiki sözün - “para”, yəni “birlikdə” və “olimpik” sözlərinin birləşməsindən yaranmışdır. Yalnız əlillərin iştirak etdikləri idman növlərinin meydana gəlməsini ingilis neyrocərrahı Lüdviq Quttmanın adı ilə bağlayırlar. O, fiziki qüsurları olan insanlar barəsində çoxəsrlik stereotipləri aradan qaldıraraq idmanı onurğa beyni zədələnmiş insanların səhhətinin bərpası prosesinə daxil etmişdir.

Doktor Quttman əməli surətdə sübuta yetirmişdir ki, idman fiziki qüsurlara malik insanlara uğurlu həyat fəaliyyəti üçün şərait yaradır, psixi tarazlığı bərpa edir, bu qüsurlara baxmayaraq, onlara tam dəyərli həyata qayıtmaq imkanı verir. Lüdviq Quttman İkinci Dünya müharibəsi zamanı İngiltərənin Eylsberi şəhərindəki Stok-Mandevil hospitalının bazasında onurğa zədələrinin müalicəsi üçün mərkəz açır. Burada əlil arabalarında oturan idmançılar üçün oxatma üzrə ilk yarışlar keçirilir. İflic olmuş 16 kişi və qadından, keçmiş hərbi qulluqçulardan ibarət qrup 1948-ci il iyulun 28-də idmanın bütün tarixi ərzində ilk dəfə olaraq əllərinə idman aləti götürürlər.

1952-ci ildə Hollandiyanın keçmiş hərbi qulluqçuları bu hərəkata qoşularaq dayaq-hərəkət aparatı pozulmuş adamların Beynəlxalq İdman Federasiyasını yaratdılar. 1956-cı ildə Lüdviq Quttman idmançıların xartiyasını hazırladı və bu, əlillər idmanının daha da inkişaf etməsi üçün əsaslar formalaşdırdı.

1960-cı ildə Ümumdünya Hərbi Qulluqçular Federasiyasının himayəsi ilə beynəlxalq işçi qrup yaradıldı. Elə həmin il Romada əlillərin ilk beynəlxalq yarışları keçirildi. Yarışlarda 23 ölkədən 400 əlil idmançı iştirak etdi.

1964-cü ildə əlillərin Beynəlxalq İdman Təşkilatı yaradıldı və 16 ölkə bu təşkilata qoşuldu. 1964-cü ildə Tokioda idmanın 7 növü üzrə keçirilən yarışlarda ilk dəfə olaraq rəsmi surətdə bayraq qaldırıldı, himn çalındı və oyunların rəsmi loqosu elan edildi. Zəka, möhkəm bədən, yenilməz ruh rəmzi kimi qırmızı, göy və yaşıl yarımkürələr dünya paralimpiya hərəkatının qrafik rəmzi oldu.

1972-ci ildə Kanadanın Toronto şəhərində keçirilən yarışlarda 44 ölkədən gəlmiş mindən çox əlil mübarizə aparmışdır. Yarışlarda yalnız əlil arabasında oturan idmançılar iştirak edirdilər. 1976-cı ildən isə onurğa zədələri olan idmançılara digər zədələri olan idmançılar - gözdən əlil və ətrafları amputasiya edilmiş adamlar da qoşulmağa başladılar. Hər oyunlardan sonra iştirakçıların sayı artır, ölkələrin coğrafiyası genişlənir, proqrama yeni idman növləri daxil edilirdi.

1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş beynəlxalq oyunlarda əlil idmançılara sağlam olimpiyaçıların mübarizə apardıqları yay oyunlarının idman qurğularında yarışmaq hüququ verildi. Məhz həmin vaxtdan yarışlar sağlam olimpiyaçıların mübarizə apardıqları idman qurğularında keçirilməyə başlandı.

1992-ci ildə təşkil edilən Beynəlxalq Paralimpiya Komitəsi onun hüquqi varisi oldu. Azərbaycan əlilləri isə beynəlxalq idman təşkilatına 1992-ci ildə qoşulub.

 

5 Paralimpiyada 28 medal

 

Azərbaycanda Paralimpiya Hərəkatının yaranma tarixi ümummilli lider Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı il fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub və o vaxtdan bugünədək Milli Paralimpiya Komitəsi uğurla fəaliyyət göstərir.

Elə həmin il Azərbaycan ilk dəfə olaraq Paralimpiya Oyunlarına qatılmışdır. ABŞ-ın Atlanta şəhərində keçirilən yarışda komandamızın heyətində Aleksandr Antofiy 42 km məsafəyə qaçışda (atletika üzrə idmançı) 4 yerə layiq görülmüşdür.

2000-ci il Sidneydə keçirilən XI Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında Paralimpiya Oyunlarına yollanma mərasimində iştirak etməsi və MOK-un prezidenti İlham Əliyevin idmançılarımızla görüşməsi onları yarışqabağı ruhlandırmaya bilməzdi. Həmin ərəfədə ümummilli lider Heydər Əliyev paralimpiyaçı idmançılar üçün yeni dünya standartlarına uyğun təlim - məşq bazasının tikilməsinə sərəncam verdi.

Avstraliyanın Sidney şəhərində sayca XI Paralimpiya Oyunlarında komandamızın heyətində Gündüz İsmayılov (ağır atletika) qızıl, Yelena Taranova (stend atıcılığı) isə gümüş medal qazandılar. Bu nəticə ilə Azərbaycan Sidney Paralimpiya Oyunlarında bir qızıl və bir gümüş medalla 127 ölkə arasında 47-ci yeri tutdu.

2000-ci il XI Yay Paralimpiya Oyunları Azərbaycan idmançıları üçün uğurla başa çatdıqdan sonra cənab Heydər Əliyevin idmançılarımızı qəbul edib Paralimpiya Oyunlarında fərqlənmiş idmançı və onların məşqçilərinə müxtəlif mükafatlar təqdim etməsi Azərbaycan Paralimpiya Hərəkatına əlavə stimul verdi.

2004-cü ildə Yunanıstanın paytaxtı Afinada təşkil olunmuş XII Paralimpiya Oyunları ölkəmiz üçün daha uğurlu alındı. Belə ki, komandamızın heyətində İlham Zəkiyev (cüdo) və Oleq Panyutin (atletika) qızıl, Zeyniddin Bilalov (atletika) gümüş, Yelena Taranova (stend atıcılığı) isə bürünc medal qazanmaqla xalqımızı sevindirdilər. Bununla da, Azərbaycan Afina Paralimpiya Oyunlarında 2 qızıl, bir gümüşbir bürünc medal qazanmaqla 136 ölkə arasında 45-ci yeri tutdu.

2008-ci ildə Çinin Pekin şəhərində təşkil olunmuş XIII Paralimpiya Oyunları Azərbaycan üçün daha uğurlu oldu. Komandamız ölkəyə 10 medal ilə qayıtdı. Yığmamızın heyətində İlham Zəkiyev və Oloxan Musayev (hər ikisi cüdo) qızıl, Tofik Məmmədov, Kərim Sərdarov (hər ikisi cüdo) və Zeyniddin Bilalov (atletika) gümüş, Ramin İbrahimov (cüdo), Vladimir Zayts, Rza Osmanov, Oleq PanyutinVüqar Mehdiyev (hamısı atletika) bürünc medal qazanmaqla yeni bir rekorda imza atdılar.

Beləliklə, hər paralimpiya oyunlarında yüksək nəticələr əldə etmiş idmançılarımız Pekin Paralimpiadasında aktivinə 2 qızıl, 3 gümüş və 5 bürünc medal yazdırmaqla 148 ölkə arasında 38-ci oldular.

Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş XIV Yay Paralimpiya Oyunlarında 166 ölkədən 4200 idmançı iştirak edirdi. 21 idman növündə 502 dəst medal (cəmi 1552 medal) uğrunda mübarizə aparılan turnirdə paralimpiya yığmamız isə Londona 6 idman növü üzrə 21 idmançı (16 kişi və 5 qadın) ilə getmişdi.

Təmsilçilərimiz Britaniya paytaxtında bəslənən ümidləri tamamilə doğrultdular. Onlar vətənə rekord sayda - 12 medalla qayıtdılar. Cüdoçularımız Ramin İbrahimovAfaq Sultanova qızıl, İlham Zəkiyev isə bürünc medal qazandılar. Üzgüçümüz Natali Pronina 2012-ci il Paralimpiadasında 5 medal qazandı! Natali əvvəlcə 50 metr məsafəyə sərbəst, 200 metr məsafəyə kompleks, 100 metr məsafəyə sərbəst, arxası üstə 100 metr məsafəyə üzgüçülükdə gümüş medallara sahib çıxdı, 400 metr məsafəyə sərbəst üzgüçülükdə isə beşinci yerlə kifayətləndi. Axırda isə idmançımız 100 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə dünya rekordu müəyyənləşdirdi və nəhayət, paralimpiya qızılını qazandı.

Oleq Panyutin (üç təkanla tullanma) ölkəmizin hesabına qızıl medal yazdırdı. Oleq həm də Elçin Muradov, Rza OsmanovVladimir Zaytsla birlikdə estafetdə (4x100) yığmamızın aktivinə bürünc medal əlavə etdi. Vladimir Zayts üç təkanla tullanmada gümüş medal qazandı. Atletimiz Hüseyn Hüseynov isə uzunluğa tullanmada bürünc medalın sahibi oldu.

 

21 idmançı - 41 lisenziya

 

İştirak etdikləri son 5 paralimpiadada uğurlu nəticələr göstərən atletlərimizin bu dəfə də etimadı doğruldacaqları gözlənilir. Ötən ay XXXI Yay Olimpiya Oyunlarında rekorda imza ataraq vətənə 18 medalla qayıdan olimpiyaçılarımızın qələbə estafetini paralimpiyaçılarımız davam etdirəcəklər.

Paralimpiadada 6 idman növü üzrə 21 atletimiz yarışacaq. Cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir.

Marakana stadionundakı açılış mərasimində üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi yığmanın kapitanı İlham Zəkiyev aparacaq.

 

Son 4 ildə 161 mükafat qazanılıb

 

Paralimpiyaçılarımız mötəbər turnir öncəsi yüksək səviyyədə hazırlıq keçiblər. Son dörd il ərzində paralimpiyaçılarımız 161 medal qazanıblar. Bunların 64-ü qızıl, 57-si gümüş, 40-ı isə bürünc olub. Hesabat dövründə iki paralimpiyaçımız dünya rekordunu yeniləyiblər. Milli komandamızın üzvləri 61 təlim-məşq toplanışında iştirak ediblər. Bu hazırlıq proseslərindən 17-si xaricdə, 44-ü isə respublikamızda təşkil olunub.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 7 sentyabr.- S. 1, 8.