Naxçıvanın
qədim tarixi ilə bağlı yeni faktlar aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası Plovdağ arxeoloji abidələr kompleksində, Xaraba Gilan orta əsrlər şəhər yerində arxeoloji qazıntı işləri aparıb və tarixi əhəmiyyət daşıyan bir çox məlumatlar əldə edilib.
AZƏRTAC xəbər verir ki, qazıntı işlərində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da yaxından iştirak ediblər.
AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının Ordubad rayonu ərazisində 2016-cı ildə apardığı arxeoloji qazıntılarla bağlı hesabat iclasında bu barədə danışılıb.
Hesabat iclasını bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlar barədə geniş məlumat verib, muxtar respublikanın tarixinin öyrənilməsi ilə bağlı məqsədyönlü tədbirlərin görüldüyünü deyib.
İclasda ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək əldə olunan tapıntılar haqqında geniş məlumat verib. Bildirib ki, Plovdağ arxeoloji abidələr kompleksində aparılan arxeoloji tədqiqatların əsas məqsədi nekropolların sərhədləri və ərazilərinin dəqiqləşdirilməsi olub. Bu məqsədlə nekropolların, əsasən I, II və III nekropolun şərq və şimal tərəflərində, II nekropolun qərb tərəfində qəbir abidələri öyrənilib, sərhədləri müəyyənləşdirilib. Eyni zamanda, bir çox maraqlı materiallar əldə edilib. Bunlar arasında diqqəti cəlb edən Orta Tunc dövrünə aid içərisində səkkiz ox ucluğu olan ox qabı, sümükdən hazırlanmış dörd ədəd diş formasında iri bəzək, əqiq və başqa muncuqlardan hazırlanmış düzüm xüsusi vurğulanmalıdır.
İkinci ən maraqlı tapıntının İlk Tunc dövrünə aid gil qabın üzərindəki relyefik işarələr olduğunu diqqətə çatdıran Bəhlul İbrahimli deyib ki, bu növ işarələrə həm Kültəpə abidəsində, həm də Baba Dərviş abidəsində rast gəlinib. Güman etmək olar ki, həmin qablardan rituallarda istifadə olunub.
Arxeoloji ekspedisiyanın rəhbəri qeyd edib ki, ikinci qazıntı işi Xaraba Gilan orta əsrlər şəhər yerində olub. Bu şəhərin birinci məhəlləsində ikimərtəbəli ictimai yaşayış binasının bir hissəsi qazılıb və binanın I və II mərtəbələrində iki otaq, həmçinin müdafiə divarına bitişik bir otaq ilə bir dəhlizi üzə çıxarılıb. Burada əsas diqqəti cəlb edən binanın I mərtəbəsinin mürəkkəb tağşəkilli memarlıq üslubunda tikilməsidir. Arxeoloji qazıntı zamanı tapılan müəyyən materiallar son dərəcə maraqlıdır. Bunlara dəridən tikilmiş qadın ayaqqabısını, müxtəlif naxışlı parçaları, XII əsrə aid nəfis şəkildə hazırlanmış qabları aid etmək olar.
Qeyd edək ki,
buradan Eldənizlər və
Hülakülər dövrünə aid mis sikkələr də tapılıb.
Azərbaycan.- 2016.- 7 sentyabr.- S. 5.