Tarixi yaşadan
Şəki
Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Şəki xanlarının sarayı, qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlardandır. Şəhərin özünəməxsusluğunun qorunub saxlanması, tarix-mədəniyyət abidələrinin bərpası, yeni infrastruktur layihələrin həyata keçirilməsi Şəkiyə turist axınına səbəb olan başlıca amillərdəndir.
Yay aylarında yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidəsi mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid dairəvi məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini özünə cəlb edir. Turistlərə xidmət göstərmək üçün Xan sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnmiş geniş yaşıllıq ərazidə bu mövsümdən etibarən asudə vaxt və istirahət guşəsi də fəaliyyət göstərir. Turistlər qədim dövrləri xatırladan fotoatelyedə milli geyimlərlə fotolar çəkdirir, xüsusi çadır-söhbətgahlarda dincəlir, samovar çayına qonaq olurlar. Ərazidə uşaqlar üçün müxtəlif attraksionlar da quraşdırılıb.
Film çəkilişləri
üçün ideal məkan
Şəki şəhər “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verdi ki, bura nadir tarixi məkanlardandır. Qoruq spesifik xüsusiyyətinə görə daha çox təbliğ olunur. Mövcud olanlarla yanaşı, 2013-cü ildən qoruq ərazisində 210 ədəd park, o cümlədən dini əhəmiyyətli müəssisələr, dükan, mülk və memarlıq üslubuna görə seçilən onlarla yeni abidə aşkar edilib. Bu abidələr əsasən XVIII-XX əsrləri əhatə edir. Ən vacibi isə qoruğun ərazisində 8 muzeyin olmasıdır. Şəki xan sarayı və Şəki xanlarının evi tarixi abidə kimi fəaliyyət göstərir. Bunlardan başqa, tarix-diyarşünaslıq, xalq tətbiqi sənəti muzeyləri, M.F.Axundzadənin, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın ev-muzeyləri və s. göstərilə bilər. Bütün qeyd olunanlara isə Şəkinin təbiəti, onun landşaftı, mətbəxi, qonaqpərvərliyi də əlavə edildikdə artıq kompleks tamamlanmış olur.
Qoruğun əhəmiyyətini artıran amillərdən biri də “Mahmud və Məryəm”, “Əli və Nino”, “Arxadan vurulan zərbə”, “Arşın mal alan”, “Papaq”, “O dünyadan salam”, “Həm ziyarət, həm ticarət”, “Hökmdarın taleyi”, “Babamın babasının babası”, “Yenilməz batalyon” və “Aşıq Qərib” kimi filmlərin məhz burada çəkilməsidir.
Təranə Abdullayeva deyir ki, bu gün ölkəmizdə insanların rahat istirahəti, asudə nəfəs alması üçün hərtərəfli şərait, xüsusən də siyasi sabitlik var. Ona görə də hazırda Şəkiyə gələn turistlərin sayı gündən-günə artmaqdadır. Bu hal yay aylarında daha çox müşahidə olunur. Ümumilikdə isə il ərzində Şəkini ziyarət edən turistlərin sayı təxminən 50 min nəfəri keçir.
Bura gələn turistlərin ziyarətləri heç də yalnız tarixi abidələrə baxmaq və mətbəxdəki təamları dadmaqla bitmir. Paralel olaraq onlar ekskursiya müddəti başa çatdıqdan sonra özlərinə qoruq ərazisində kiçik turlar təşkil edirlər. Məlum olduğu kimi, müasir dövrdə turistlərin tələbatları daha böyükdür. Onlar daha çox görmək və məlumatlanmaq istəyirlər. Bu baxımdan Şəkinin qorunan ərazisində bitib-tükənməyən, zənginliyi ilə seçilən sərvət hər kəsi, o cümlədən də turistləri cəlb edir. Bulaqlar, istirahət yerləri, şəxsi evlər, hotellərin olması da qonaqların istirahətinin mənalı keçirməsinə şərait yaradır. O cümlədən burada əlverişli infrastrukturun yaradılması da daim dövlətin diqqət mərkəzindədir.
Uçub-dağılan tarixi abidələrin
intibah dövrünə start verilir
1990-cı illərə qədər Şəkidə olan
onlarla tarixi abidə uçub-dağılmaq təhlükəsi
ilə üzləşmişdi. Lakin 2001-ci ildən
başlayaraq bu istiqamətdə köklü dəyişikliklərə
start verilib. Beləliklə də dövlətin
birbaşa dəstəyi sayəsində onlarla abidə
orijinallığı saxlanılmaqla bərpa edilməyə
başlanıb. Bu da həmin məxəzlərin
bəşər mədəniyyəti nümunələri
arasında yer almasına şərait yaradıb. Bunlardan 2002-2004-cü illərdə dünya əhəmiyyətli
Şəki xan sarayı, M.F.Axundzadənin ev-muzeyi,
Aşağı karvansara, Qala divarlarının
restavrasiyası artıq yekunlaşmaqdadır. Burcana çayı üzərində XVIII əsrə
aid olan, Çələbi xan tərəfindən inşa
etdirilmiş dördtağlı körpü də tam yenidən
qurulub. Minarələrin bərpa və
restavrasiyası da bu qəbildəndir. Şəki
xanlarının tam uçmaq təhlükəsi altında
olan evi 2013-cü ildə Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə bərpa olunub. Prezident İlham
Əliyev də həmin abidənin
açılışında iştirak edib. Şəhərə gələn turistlərin
çoxu xanlığın “Qış evi”nə də gedir və
buradakı ekspozisiyalara maraq göstərirlər.
Beynəlxalq festivallar Şəkinin cəlbediciliyini
daha da artırır
T.Abdullayeva bildirdi ki, əvvəlki illərlə
müqayisədə Şəkiyə gələn xarici turistlərin
sayında artım müşahidə edilməkdədir. Bu artım
xüsusi olaraq ərəb ölkələrindən, Rusiya
Federasiyasından, İrandan gələnlər hesabına
baş verib. Çələbi xanın
tikdirdiyi Qala divarları ərazisi turistlərin ən çox
sevdikləri məkanlardandır. Hər
gün saat 11-13 radələrində ərazidə turistlərin
asudə vaxtlarının mənalı keçirməsi
üçün kənd klubları, mədəniyyət evləri,
folklor qrupları tərəfindən təşkil edilən əyləncəli
proqramlar da hər kəsin ürəyindən xəbər
verir.
Ümumilikdə
isə Şəkinin xarici qonaqlar üçün cəlbediciliyini
artıran amillərdən biri də burada il
ərzində təxminən 7-8 dəfə müxtəlif
mövzulu beynəlxalq festivalların keçirilməsidir. Bura səfər edənlər arasında dəvətli
olanlarla bərabər şəxsi istəyilə gələnlər
də var. Bu da turist artımına müsbət təsir edir.
Şəki yalnız tarixi memarlıq abidələri ilə
deyil, həm də maddi və mənəvi mədəniyyətimizi
yaşatması ilə seçilir. Hazırda Şəkidə
27 sənət növü sənətkarlar tərəfindən
inkişaf etdirilir. Bunlara nümunə
olaraq şəbəkə, ağac üzərində, daş
üzərində oymalar, zərgərlik, gümüşbəndi,
şalbəndi, dabbaqlıq, papaqçılıq,
halvaçılıq, kəlağayıçılıq,
dulusçuluq və başqaları göstərilə bilər.
Maraq doğuranı isə gələn turistlərin
suvenir formasında olan Şəki sənətkarlıq
nümunələrinə, halvaya, kəlağayıya maraq
göstərmələridir.
Turizmin inkişafı Şəki
sakinlərinin yaşam tərzini
yaxşılaşdırır
Turist axını Şəki sakinlərinin sosial həyatına
da təsir edir. Belə ki, Şəkiyə gələn
turistlərin çoxu dəbdəbəli hotellərdənsə
milli adət-ənənəsini, təbiiliyini qoruyub saxlayan
qonaq evlərinə daha çox üstünlük verirlər.
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində
47 ədəd belə ev var. Onlar da turistləri
qəbul edirlər. Turistlər həmin evin
xanımının hazırladığı təamı
dadır, çarpayı üzərində yatmaqdansa, adətə
görə, yerdə yatmağa üstünlük verirlər.
Xüsusən də hazırda istifadəsinə
daha çox üstünlük verilən yataq dəstlərindənsə
yerli əhalinin ta qədimdən istifadə etdiyi
yorğan-döşəyi istəyirlər. Bundan başqa, yüzə yaxın aş
növündən bir neçəsini dadmağa
üstünlük verirlər. Piti isə
Şəkinin mətbəx brendi kimi tanınır.
Üstün amillərdən biri də Şəkinin həm
rəsmi, həm də sıravi vətəndaşlarının
turistlərə xüsusi həssaslıqla
yanaşmalarıdır. Bu da insanların maraqlarının daha da
artmasına təkan verir.
Mədəni irs
siyahısında yeri görünən məkan
Bu gün turizm obyektlərinə gələn
insanların qarşılanması, onlara izahatlar verilməsi
baxımından qoruq yüksəkixtisaslı kadrlarla təmin
olunub. Ekskursiyalar əsasən ingilis dilində aparılsa
da, 5 bələdçinin hərəsi 4-5 dil bilir. Hətta italyan, ispan dilində sərbəst
danışanlar da var.
Müsahibimiz
rəhbərlik etdiyi strukturla bağlı maraqlı bir məqama
da toxunaraq bunları dedi: - “Yuxarı Baş” Dövlət
Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Mədəni İrs
siyahısına daxil edilməsi nəzərdə tutulur. Azərbaycanın milli-mənəvi dəyərlərinin
dünya səviyyəsində tanınmasında müstəsna
xidmətləri olan Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 2011-ci ildən bu prosesə start verilib. O zaman
Şəkiyə gələn UNESCO-nun mütəxəssisinə
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu
haqqında geniş məlumat verilmiş və onda yalnız
Şəki xan sarayının siyahıya salınması təklif
edilmişdi. 2011-ci ildə isə baş mütəxəssis
Yuko Yukuletto 3 dəfə Şəkidə olub. Hərtərəfli tanışlıqdan sonra o, belə
bir yerdə, Azərbaycanın əyalətində mədəni
irsin qorunub saxlanılmasının əlamətdar hal
olduğunu deyib. Ona görə də o, tək
Xan sarayı yox, ümumiyyətlə, qoruğun Mədəni
İrs siyahısına salınmasını təklif edib.
Proses hazırda da davam etdirilir. Cari ilin iyul
ayının 4-8 tarixlərində UNESCO-dan 1 nümayəndə
ərazidə olub. O, ümumi ərazi və qoruğun bu
ilin aprelində təsdiqlənmiş xəritəsi ilə
tanışlıqdan sonra belə bir möhtəşəm
yerin UNESCO-nun siyahısına düşməməsindən təəccübünü
gizlətməyib.
İki əsrlik məhəllə
adları hələ də qalır
Son illər qoruqda aşkarlanan tarixi abidələrdən
çoxu yaşayış evləridir. Onların da
sahibləri zamanında varlı insanlar olublar. Sovet hakimiyyəti qurulandan sonra isə çoxu həbs
edilib və ya mühacir həyatı sürməli olub. Onların övladları isə xarici ölkələrdə
yaşayırlar. Evləri əsasən bərbad
vəziyyətdədir. Halbuki XVIII-XIX əsrlərə
aid olan bu evlərin bərpası çox vacibdir. Qoruq ərazisində Girəkli adlanan məhəllə
var. Orada “Səmədovların evləri” deyilən
üçmərtəbəli bir mülk var. Belə sahibsiz
mülklər isə onlarladır. Həmin
mülkün varislərindən biri olan Həmid Səmədov
artıq tapılıb. O, binanın dam
örtüyünü bərpa etməyə söz verib. Hazırda sənədləşmə gedir.
Şəkidə maraq doğuran məqamlardan biri də
XVII-XVIII əsrlərə aid olan məhəllələrin
indiki halda da bu adla qalmasıdır. Bunlara dabbaqlar, ipəkçilər,
dulusçular və sair məhəllələr nümunə
göstərilə bilər.
Cari ilin yanvar ayının 19-da ölkə Prezidenti İlham Əliyevin Şəki şəhərinin tarixi hissəsinin qorunması sərəncamı da bu məkana insan axınına, o cümlədən marağın yüksəlməsinə təkan verir. Sərəncamda deyilir: “Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində hazırda çox sayda məscid və minarələr, karvansara və sənətkarlıq emalatxanaları, muzeylər və tarixi əhəmiyyətli digər tikililər var. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni irs bu gün layiqincə yaşadılır. Sosial-iqtisadi irəliləyişin geniş vüsət alması regionun turizm potensialını daha da artırmış, eyni zamanda yeni üslublu tikililərin şəhərin simasını dəyişməsi və onun özünəməxsus memarlığını korlaması səbəbindən qoruq ərazisində aparılan işlərə xüsusi həssaslıqla yanaşılması zərurəti meydana çıxmışdır”.
Həmin sərəncamda eyni zamanda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis-kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri kimi mühüm məsələlər əksini tapıb.
Xarici turistlərin
Şəki haqqında təəssüratları yüksəkdir
Qoruq ərazisində olarkən burada qarşılaşdığımız xarici turistlərin Şəki ilə bağlı təəssüratlarını da almağa çalışdıq. İlk növbədə Aleksandro Barbiyeri fikirlərini bildirdi: “Biz İtaliyadanıq. 10 gündür Azərbaycana gəlmişik. 3 gün Bakıda olduqdan sonra bölgələrə çıxmışıq. Gəzib gördüklərimiz arasında bu saraylar ən yaxşı qorunub saxlananlardır. Şəki Xan sarayı və Karvansara daha çox xoşumuza gəlib. İtalyandilli bələdçilərin olmasından da məmnun qaldıq”.
Digər italiyalı turist Françesko Ferrari də Azərbaycanda olmaqdan məmnunluğunu gizlətmədi. Xüsusən də insanların qonaqpərvərliyi, dediyinə görə, onu məftun edib.
ABŞ-dan gələn turist Poll Lakiy də bizimlə fikirlərini bölüşdü: “Azərbaycanda bir neçə dəfə olsam da, Şəkiyə ilk gəlişimdir. Ailəmlə birgə burdayıq. Ətraf - dağlar, meşələr və bu möhtəşəmliyin işərisində qədim Xan sarayı bizə başqa bir dünyanı xatırlatdı. Doğrusu, indiyə qədər Şəkiyə gəlməməyimdən təəssüflənirəm. Burada bizi çox mehriban və isti qarşıladılar. Dostlar qazandıq. Qonaqpərvərliyə görə minnətdarıq”.
Misir Ərəb Respublkasından gələn turist Piter Mixeil də Şəki təəssüratlarını bölüşərək dedi: “Şəki qədim və tarixi abidələri, məhəllə və dar küçələri ilə mənə öz ölkəmizin tarixi məkanlarını xatırlatsa da, buranın flora və faunası müqayisəyəgəlməzdir. Xüsusən də Xan sarayı dünyanın ən möhtəşəm abidələrindən birincisidir. Hara getdiksə, orada qonaqpərvərlik, insan qayğısı gördük”.
Əli SƏLİMOV,
Azərbaycan.- 2016.- 7 sentyabr.- S. 7.