2018-ci ildə “Şahdəniz-2”dən ilk qazın nəqlinə başlanması istiqamətində işlər uğurla davam edir

 

“Cənub qaz dəhlizi”nin mühüm seqmenti olan CQBK-nın genişləndirilməsi də qrafikə uyğun gedir

 

Dünən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell jurnalistlər üçün brifinq keçirdi. Azərbaycanda həyata keçirilən ən iri neft-qaz layihələrində işlərin vəziyyəti barədə ümumi məlumat verən Q.Birrell ayrı-ayrı məsələlər üzərində də dayandı. “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın nəzərdə tutulan qrafik üzrə getdiyini, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin etibarlı bir sistem olduğunu təsdiqləyərək yenə də ahəngdar, təhlükəsiz işlədiyini bildirdi. Tədbirdə “Şahdəniz-2” yatağının işlənməsi və Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilməsi barədə ətraflı söhbət getdi.

Xatırladaq ki, “Şahdəniz-2” yatağından alınacaq mavi yanacaq “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir. CQBK isə dəhlizin mühüm bir qolu kimi qazı Azərbaycan və Gürcüstan ərazisindən keçirərək TANAP-a (Transanadolu qaz boru kəməri) qovuşduracaq.

Qordon Birrell bildirdi ki, ilk qazın nəqlinə başlanması və 2018-ci ildə Gürcüstan-Türkiyə sərhədini keçərək TANAP-a çatdırılması istiqamətində işlər qrafikə uyğun davam edir. Ümumiyyətlə, “Şahdəniz-2” layihəsi uğurla icra olunur. Mühəndis-layihə, təchizat-tədarük və tikinti işləri də daxil olmaqla layihənin 77 faizi tamamlanıb. İşlər dənizdə və quruda yerləşən obyektlərdə, o cümlədən Səngəçal terminalında, Bibiheybətdəki “AMEK-Tekfen-Azfen” (ATA) tikinti-quraşdırma sahəsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) və boru kəməri marşrutu boyunca aparılır. Dünyanın ən böyük neftqaz terminallarından biri olan Səngəçal terminalında əlavə qaz həcmlərini qəbul və emal etmək üçün genişləndirmə işləri həyata keçirilir.

“Şahdəniz-2” layihəsi üzrə indiyədək ümumi dəyəri 15 milyard dollar olan müqavilələr imzalanıb və onlara əsasən müvafiq işlər görülür. Ölkə ərazisində görülən işlərə 24 min nəfər cəlb edilib ki, onların da 80 faizi Azərbaycan vətəndaşıdır.

Önəmli bir fakt kimi vurğulandı ki, “Şahdəniz-2” ilə bağlı bütün işlər yenidən qurulmuş, modernləşdirilmiş istehsalat sahələrində həyata keçirilir. Bu məqsədlə yarım milyard dollar vəsait xərclənib. Bu sahələr yeni-yeni layihələrin işlənməsi üçün “Şahdəniz-2”dən Azərbaycana bir ərməğan kimi qalacaq.

Bu günlərdə “Şahdəniz-2” yatağında quraşdırılacaq iki platformadan birinin dayaq blokunun BDÖZ-ün ərazisindən təntənəli şəkildə dənizə yola salınması da xatırlandı. Q.Birrell bu tədbirdə Prezident İlham Əliyevin iştirak etməsini yüksək dəyərləndirdi və bu hadisədən onların böyük şərəf duyduğunu bildirdi.

Platformaların digər hissələrinin nə vaxt hazır olacağı barədə də məlumat verildi. Belə ki, ikinci dayaq bloku gələn ilin birinci rübünün sonunda, üst modulların biri ikinci rüb ərzində, digər üst modullar isə təxminən avqust ayında tamamlanacaq.

Sualtı və dəniz-gəmi əməliyyatları üçün yerli gəmilərdən, o cümlədən “STB-1” daşıma barjı, “Azərbaycan” kran gəmisi, “İsrafil Hüseynov” borudüzmə barjı və dalğıc gəmisindən istifadə edilir. Layihə çərçivəsində, eləcə də gəmilər modernləşdirilib və təmir olunub. Bununla bağlı SOCAR-ın birgə müəssisəsi olanKaspian Şipyard Kompani Limited” ilə müqavilə imzalanıb. Ümumiyyətlə, “Şahdəniz-2” üzrə iri müqavilələrin, demək olar ki, hamısına yerli şirkətlər daxildir.

Bu ilin may ayında “Xankəndi” sualtı tikinti gəmisi Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündən Xəzər dənizində suya endirilib. Xatırladaq ki, bu gəmi xüsusi olaraq “Şahdəniz-2”nin sualtı konstruksiyalarını quraşdırmaq üçün layihələndirilib və inşa edilib. Suya endirildikdən sonra o, nəzərdə tutulan əsas kranla təchiz olunub. İndi gəmi istismar sınağına və sertifikatlaşdırma prosesinə hazırlaşır. Tamamlandıqdan sonra yeni gəmi sualtı konstruksiyaları inşa etmək üçün “Şahdəniz-2” sahəsinə göndəriləcək.

“Şahdəniz-2”nin həyata keçirilməsində digər yeniliklərdən də istifadə olunur. Məsələn, yatağın şimal cinahında dənizə nəhəng armatur qurğuları endirilib. Bunlar iri klapanlardır ki, lazım gəldikdə qazılmış quyuların ağzını açmaqbağlamaq üçün nəzərdə tutulub. Belə bir əməliyyat Xəzərdə ilk dəfədir həyata keçirilir və təbii ki, böyük risk tələb edir. Bu əməliyyatın təhlükəsiz başa çatması da müsbət haldır. Yeri gəlmişkən qeyd edək ki, “Şahdəniz-2”də bütün işlər əvvəlki layihələrdə olduğu kimi sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şərtlərinə uyğun aparılır və indiyədək heç bir xoşagəlməz hal olmayıb.

Hazırda sualtı borularla Səngəçal terminalına çatdırılan “Şahdəniz-1” qazı buradan CQBK-ya vurulur. “Şahdəniz-2”dən hasilatı qəbul etmək üçün kəmərdə böyük miqyaslı genişləndirmə işləri aparılır.

CQBK-nın genişləndirilməsi də qrafikə uyğun gedir. Ümumilikdə tikinti işlərinin 40 faizdən çoxu tamamlanıb.

Azərbaycanın ərazisində magistral boru xəttinin inşası davam edir və kəmərin marşrutunun təxminən 129 kilometrlik hissəsində borular qaynaq edilib. 112 kilometr boru örtüklənib və 85 kilometrlik hissədə borular artıq xəndəklərə endirilib.

CQBK-nın ölkəmizdən keçən hissəsi üçün nə qədər örtüklənmiş boru lazımdırsa, artıq hamısı Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər boru anbarlarına toplanıb. Göyçayda ikinci üfüqi maili qazma aparılan sahədə də işlər tamamlanıb.

Tədbirdə “Cənub qaz dəhlizi”nin hazırda dünyada həyata keçirilən ən böyük enerji layihələrindən olduğu bir daha vurğulandı. Əlavə edək ki, Azərbaycan bu layihədən əhəmiyyətli dərəcədə faydalanacaq. Artan qaz hasilatı ölkəmizin iri regional qaz təchizatçısı kimi rolunu gücləndirəcək. Azərbaycan qabaqcıl sənaye texnologiyalarından istifadə edilməklə beynəlxalq standartlara uyğun tikilmiş yeni istehsalat sahələri, dəniz qurğuları və ixrac infrastrukturu qazanmış olacaq. Ən başlıcası isə “Cənub qaz dəhlizi”ni açmaqla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkə kimi artan nüfuzunu daha da möhkəmləndirəcək.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 9 sentyabr.- S. 5.