Çili qəzetlərində Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzündən bəhs
edən məqalələr dərc olunub
Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş ərazilərində
yaradılmış qondarma rejimin “25-ci müstəqillik
günü” ilə əlaqədar Ermənistanın təşkil
etdiyi təxribat xarakterli tədbirlərə cavab olaraq
sentyabrın 6-da Azərbaycanın Çilidəki diplomatik
missiyasının təşəbbüs ilə bu ölkənin
geniş oxucu kütləsinə malik “El Mercurio” və “La
Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin
30 avqust tarixli müvafiq bəyanatı əsasında ölkəmizin
mövqeyini əks etdirən məqalələr dərc edilib.
Məqalələrdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” ilə bağlı sentyabrın 15-18-də Xankəndidə beynəlxalq gənclər konfransının və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu, bu qondarma rejimin yaradılmasının Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi olduğu bildirilir. Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumat verilir.
Məqalələrdə
münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə,
qondarma rejimin “müstəqilliyinin
25 illiyi” bəhanəsi ilə Ermənistanın
təşkil etməyə çalışdığı
növbəti təxribatçı tədbirlərin yalnız
Azərbaycanın işğal edilmiş ərazilərində
yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü
təxribat cəhdlərinə xidmət etdiyi
vurğulanır. Qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxslər beynəlxalq hüququn norma və
prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə
xidmət edən bu kimi
tədbirlərdən kənar durmağa və
işğal olunmuş Azərbaycan ərazilərinə səfərlərdə
iştirak etməkdən çəkinməyə
çağırılır.
AZƏRTAC
Azərbaycan.- 2016.- 8 sentyabr.- S. 8.