Yalama kəndindəki Heydər
Əliyev adına parkda yaradılan şəraitlə
tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də
Xaçmaz rayonuna səfəri çərçivəsində
Yalama kəndindəki Heydər Əliyev adına parkda
yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət etdi.
Sakinlər: Xoş gəlib, səfa gətirmisiniz, cənab Prezident. Qədəmləriniz mübarək olsun!
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz, işləriniz necədir?
Sakin: Bizim şimal bölgəmizə, respublikamızın şimal qapısı olan Yalama qəsəbəsinə xoş gəlmisiniz! Allah Sizin köməyiniz olsun! Sizin siyasətinizin nəticəsi və bəhrəsidir ki, suyumuz beton kanallarla, qazımız təzə polietilen borularla gəlir, işığımız kabelləşib, fasiləsiz təmin olunmuşuq. Allah Sizə yar olsun!
Bu gün gəldiyiniz bu gözəl, yaraşıqlı yol Sizin siyasətinizin uğurudur. Bütün standartlara uyğun bu yola görə camaatımızın adından Sizə minnətdarlığımızı bildiririk, “Çox sağ olun” deyirik. Gələcək işlərinizdə də Sizə uğurlu fəaliyyətlər arzu edirik. Allah köməyiniz olsun! Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, bu bölgədə - Xaçmaz rayonunda, ümumiyyətlə, şimal bölgəsində işlər yaxşı gedir, abadlıq-quruculuq işləri aparılır. Bütün infrastruktur layihələri həll olunub. Sizin də qeyd etdiyiniz kimi, yeni yol salınıb. Bu gün bu yolun rəsmi açılışını qeyd etdik. Qazlaşdırma davam edir. Bir çox yaşayış məntəqələri artıq qazlaşdırılıb. Xaçmaz rayonunda qazlaşdırma 71 faizdir. Əlavə tədbirlər görüləcək ki, qazlaşdırılmayan kəndlərə də qaz çəkək. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Dayanıqlı enerji təminatı var. İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülür. Bu gün Yalama Aqroparkının açılışı olacaq. Orada da yüzlərlə iş yeri yaradılır. Bu bölgənin turizm potensialının inkişafı üçün lazımi addımlar atılır və atılacaq. İnfrastruktur layihələrinin icrası burada əsas məsələdir.
Çox şadam ki, burada insanlar rahat yaşayırlar, öz işləri ilə məşğuldurlar, kənd təsərrüfatı, turizm inkişaf edir. Yeni iş yerləri yaradılır, abadlıq işləri aparılır. Yalama qəsəbəsi, dediyiniz kimi, bizim şimal qapımızdır. Sərhədə ən yaxın olan qəsəbədir. Çox şadam ki, Azərbaycanın mərkəzindən uzaq məsafədə yerləşən bölgələrdə də işlər yaxşı gedir, dövlətimiz güclənir, insanlar daha da yaxşı yaşayırlar.
Sakinlər: Sizin sayənizdə,
cənab Prezident. Çox sağ
olun. Bunların hamısı Sizin
zəhmətinizin bəhrəsidir.
Allah Sizi qorusun!
Sakin: Möhtərəm cənab
Prezident, Siz Yalama qəsəbəsinə
xoş gəlmisiniz. Bu, yalamalılar üçün
böyük bayramdır.
Sizin siyasətinizi bütün
yalamalılar dəstəkləyirlər.
Bizim dayandığımız bu
bir hektar torpaq sahəsi 2008-ci ilə qədər həqiqətən bataqlıq
ərazi idi. Xalqın müraciəti ilə biz burada Ulu Öndərin adına layiq
gözəl Heydər
Əliyev Parkı yaratdıq, Heydər Əliyev Muzeyi tikildi. Heydər Əliyev Parkı
ilə bərabər,
Ulu Öndərin adını daşıyan
küçə də
abadlaşdı. Çox
sağ olun,
Sizə minnətdarıq.
Prezident
İlham Əliyev: Çox sağ
olun, təşəkkür
edirəm. Bir halda ki, əsas infrastruktur layihələri artıq başa çatır, növbəti mərhələdə
daha çox yerli istehsal, kənd təsərrüfat,
turizm inkişaf etməlidir. Turizmin inkişafı üçün
əlavə imkanlar
var. Siz bilirsiniz ki, bu il ölkəmizə daha çox xarici qonaq gəlmişdir.
Əlbəttə ki, bu zona turizm üçün
çox gözəl zonadır. Burada həm dəniz,
həm meşələr
var, yaxın bölgələrdə xizək
kurortu da yaradılıb. Yəni, bu
zona Azərbaycanın
turizm mərkəzlərindən
biridir, bəlkə də birincisidir. Gələcəkdə insanları işlə
təmin etmək üçün, əlbəttə,
həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsin və inkişaf dayanıqlı olsun.
Sakin: Möhtərəm cənab Prezident, bir daha xoş gəlmisiniz. Mən Yalama məktəbində müəllimə işləyirəm. Bizim məktəbimizdə təmir işləri gedir. Yeni dərs ilində biz əsaslı təmir olunmuş məktəbdə çalışacağıq. Yalama çox abadlaşıb, inkişaf edib. İnanırıq ki, bu inkişaf davamlı olacaq. Cənab Prezident, çox sağ olun. Biz Sizə çox təşəkkür edirik, Sizə minnətdarıq.
Prezident İlham Əliyev:
Yalamada bir məktəb var?
Sakin: Bəli, tam orta məktəbdir, 800 şagird
yerlikdir.
Prezident İlham Əliyev: Burada yaşayan əhalinin sayı 5020 nəfərdir. Bu, çox yaxşıdır.
İndi yol təmir olunub, gediş-gəliş
rahat olacaq.
Sakinlər: Biz Xudatdan buraya bir saata gələ
bilmirdik. İndi 15 dəqiqəyə gəlirik. Çox gözəl yollar
salınıb. Çox
sağ olun.
Bütün camaatımız adından
Sizə minnətdarıq.
Bizə yaratdığınız bu
şəraitə görə
Sizə təşəkkür
edirik. Allah köməyiniz
olsun!
Prezident İlham Əliyev: Yol əsasdır. Çünki yol abad olanda həm gediş-gəliş asanlaşır,
eyni zamanda, bütün digər məsələlər öz
həllini tapır.
Misal üçün,
biz 3-4 il bundan əvvəl Xaçmazda mərkəzi
rayon xəstəxanasını təmirdən sonra istifadəyə verdik. İndi insanlar rayon mərkəzinə
çox qısa müddətdə çata
bilərlər.
Sakinlər: Çox sağ
olun. Bu yol qarşıdan gələn
Qurban bayramı münasibətilə Sizin bizə hədiyyəniz oldu. Ailənizlə birlikdə Sizi
təbrik edirik. Çox sağ
olun. Allah köməyiniz
olsun! Sizə uğurlar arzulayırıq.
Prezident
İlham Əliyev: Mən də qarşıdan gələn
bayram münasibətilə
Sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Çox sağ
olun.
X X
X
Sonda xatirə
şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 9 sentyabr.- S.3.