Naxçıvan Muxtar Respublikası Ali Məclisində
görüş
Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Ali Məclisin Sədri muxtar respublikanın ərazisi, əhalisi və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvanın blokada şəraitində yaşadığını qeyd edən Ali Məclisin Sədri buna baxmayaraq muxtar respublikada iqtisadi inkişafın təmin olduğunu bildirib və bu sahədə görülən işlərdən danışıb.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva və Latviya respublikaları arasında əlaqələrin inkişafı üçün potensialın olduğunu bildirib, ali təhsil müəssisələri və iş adamları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb.
Valdas Lastauskas və Yuris Maklakovs səmimi qəbula görə minnətdarlıq ediblər. Naxçıvanın inkişafının və burada istehsal olunan məhsulların keyfiyyətinin məmnunluq doğurduğunu qeyd edən səfirlər ölkələri ilə muxtar respublika arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına səy göstərəcəklərini bildiriblər.
Görüşdə gələcək əməkdaşlıq
imkanları müzakirə olunub.
AZƏRTAC
Azərbaycan.- 2016.- 9 sentyabr.- S.8.