Hüquqi dövlətin
inkişafının mükəmməl konstitusion islahat modeli
Konstitusiya
hər bir ölkədə hüquqi, iqtisadi-sosial, ictimai-siyasi
münasibətləri, vətəndaş
azadlıqlarını və demokratik prinsipləri tənzimləyən,
həmçinin qəbul olunan hər bir qanunun,
normativ-hüquqi aktların ali istinad mənbəyidir.
Cəmiyyət həyatı üçün
olduqca əhəmiyyətli sənəd olan Əsas Qanunun
dövrün müasir çağırışlarına,
dinamik inkişaf edən qlobal proseslərin məntiqi təzühurlərinə
daim uyğunlaşdırılması, yəni, onda zaman-zaman dəyişiklik
və əlavələrin edilməsi, yəni, Konstitusiyada
islahatların aparılması zəruridir.
Tarixdən də məlumdur ki, iqtisadi və demokratik
inkişaf sahəsində uğurlara imza atmış hər
bir ölkədə istər idarəçilik
formasının təkmilləşdirilməsi, istər insan
hüquq və azadlıqlarının daha dolğun və hərtərəfli
təminatı ilə bağlı olaraq zaman-zaman Konstitusiyaya
düzəlişlər edilib. Sentyabrın 26-da
ölkəmizdə Konstitusiyaya dəyişikliklərlə
bağlı keçiriləcək ümumxalq səsverməsi
də zamanın tələbi və Azərbaycanın
inkişaf dinamikasının məntiqi qanunauyğunluğudur.
Azərbaycan Respublikası Konstitusiyasına müvafiq dəyişikliklərin
edilməsi şəxsiyyət, cəmiyyət, dövlət və
dövlətçiliyin möhkəmləndirilməsi
üçün mühüm əhəmiyyət kəsb edən
bir sıra amillərlə şərtlənir. Bu amillərə Azərbaycan
Respublikası Konstitusiyasının müasir dövrün tələblərinə
- ictimai mühitin müasir inkişaf səviyyəsinə və
beynəlxalq hüquq normalarına
uyğunlaşdırılmasını, insan və vətəndaş
hüquq və azadlıqlarının daha səmərəli və
məqsədyönlü konstitusion təminatlar sisteminin
yaradılmasını, yeni dövlət idarəetmə
mexanizmlərinin formalaşdırılmasını, dövlətin
Konstitusiyada təsbit edilmiş məqsədlərinin və
funksiyalarının daha səmərəli yerinə yetirilməsini,
xalqın suveren hüququnu həyata keçirən nümayəndələrinin
xalq qarşısında konstitusion-hüquqi məsuliyyətinin
artırılmasını, hüquqi sistemin təkmil
konstitusion bazaya əsaslanmasını, bütövlükdə
isə xalq hakimiyyətinin konstitusion təminatlar sisteminin
gücləndirilməsini və s. bu aspektli digər məsələləri
daxil etmək olar. Bu faktorlar birdəfəlik
xarakter daşımır, cəmiyyətin və dövlətin
inkişaf səviyyəsinə müvafiq olaraq daimi təkmilləşdirilməni,
xüsusi ilə konstitusiya islahatlarını zəruri edir.
Yuxarıda qeyd olunan amillər üzrə təkmilləşdirməyə
olan ehtiyacı təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Konstitusiyasının zamanla dəyişikliklərə
məruz qalması labüddür. Müstəqil Azərbaycanın
qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən
inkişafın konstitusiyaya əsaslanan islahat modelinin təməli
qoyulmuş, milli xüsusiyyətlər və qabaqcıl beynəlxalq
təcrübə nəzərə alınmaqla tətbiq
edilmişdir.
Heydər Əliyev tərəfindən əsası
qoyulmuş səmərəli islahatlar müasir dövrdə
onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilərək həyata keçirilir. Müvəffəqiyyətli
islahatların məqsədləri sırasına: demokratik
hüquqi dövlətin əsas atributlarından biri olan vətəndaş
cəmiyyətinin, o cümlədən informasiya cəmiyyətinin
sürətli inkişafına nail olmaq, hüquqi dövlət
quruculuğu prosesini davam və inkişaf etdirmək, insan və
vətəndaş hüquqlarını və
azadlıqlarını səmərəli təmin etmək,
sivil cəmiyyət üçün xarakterik olan spesifik əlamətlərin
daşıyıcısına çevrilmək, beynəlxalq səviyyədə
özünə yer tutmuş müsbət təcrübəni əldə
etməklə dövlət idarəetməsinin müxtəlif
sahələri üzrə milli model formalaşdırmaq, cəmiyyət
həyatının bütün sahələrini modernləşdirmək
və s. bu kimi digər mühüm əhəmiyyət kəsb
edən məsələlər daxildir. Sosial,
siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələri
əhatə edən məqsədyönlü islahatlar kompleks
xarakter daşıyaraq ilk növbədə, konstitusion təminatların
realizəsini şərtləndirmişdir və bunun nəticəsi
olaraq, inkişafın Azərbaycan modelinin əsası
qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində
müasir dövrdə hüquqi dövlətin inkişafının
konstitusion islahat modeli uğurla həyata keçirilərək
səmərəli islahatların nəticəsi kimi müasir
hüquqi dövlətin hərtərəfli
inkişafının və dövlət hakimiyyətinin xalqa mənsubluğunun
Azərbaycan modeli formalaşmışdır.
Hüquqi
dövlət quruculuğunun sürətli inkişafı,
konstitusion-hüquqi təminatlar sisteminin gücləndirilməsi,
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının müdafiəsinin təmin edilməsi
mexanizmlərinin təkmilləşdirilməsi, ictimai
münasibətlərin daha təkmil hüquqi normalarla tənzimlənməsi,
qanunvericilik bazasının sistemləşdirilməsi və
yeni hüquqi aktların qəbul edilməsi, dövlət
hakimiyyətinin həyata keçirilməsi zamanı insan
hüquqlarının və azadlıqlarının
bütün forma, üsul və vasitələrlə təmin
edilməsi, mültikultural dəyrələrə əsaslanan
ictimai mühitin tərəqqisi və s. bu kimi aspektlər
üzrə təzahür edən digər məsələlər
müasir hüquqi dövlətin hərtərəfli
inkişafının Azərbaycan modelinin tərkib hissəsini
təşkil edir.
Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci il tarixli ilk müstəqil
Konstitusiyası, “Azərbaycan Respublikasının Prezidenti
yanında hüquqi islahat komissiyasının yaradılması
haqqında” 21 fevral 1996-cı il tarixli sərəncamı, “Azərbaycan
Respublikasının dövlət idarəetmə sistemində
islahatlar aparılması üzrə dövlət
komissiyasının yaradılması haqqında” 29 dekabr 1998-ci
il tarixli fərmanı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müəllifi olduğu Azərbaycan
dövlətinin müasir inkişaf modelinin əsaslarını
özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası və digər
müvafiq hüquqi aktlar tarixi, sosial, siyasi, hüquqi və
milli-mənəvi dəyərlər baxımından
böyük əhəmiyyət kəsb edərək, Azərbaycan
dövlətinin uzunmüddətli inkişaf
konsepsiyasının təməl prinsiplərini, hüquqi
dövlətin inkişaf istiqamətlərini müəyyənləşdirir.
Konstitusion islahat modeli üçün xarakterik olan əsas
cəhətlərdən biri ondan ibarətdir ki, hər
uğurlu addım yeni ictimai münasibətlərin
yaranmasına, həyata keçirilən hər bir islahat yeni
ideyaların təşəkkülünə və cəmiyyətin
tərəqqisinə səbəb olaraq ictimai inkişafın tələblərinə
cavab verən qanunvericilik sisteminin möhkəmləndirilməsini
zəruri edir.
Prezident
İlham Əliyev Azərbaycan xalqının layiqli təmsilçisi,
hamisi olaraq Konstitusion səlahiyyətlərindən - xalqın
Azərbaycan Respublikasının dövlət
başçısına, Prezidentinə verdiyi konstitusion səlahiyyətlərindən
səmərəli, məqsədyönlü istifadə edərək
cəmiyyətimiz, xalqımız, dövlətimiz, o cümlədən
hər bir şəxs, hər bir vətəndaş
üçün mühüm əhəmiyyət kəsb edən,
dövlətin, xalqın, cəmiyyətin hər bir
üzvünün inkişafına xidmət edən kompleks
xarakterli islahatların həyata keçirilməsinə
uğurla rəhbərlik edir, dövlətin və cəmiyyətin
inkişafı naminə mütərəqqi fəaliyyət
göstərir.
Prezident
İlham Əliyevin “Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Referendum
Aktının layihəsinin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə göndərilməsi barədə
18 iyul 2016-cı il tarixli 2212 nömrəli və Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi məqsədi ilə ümumxalq səsverməsi
(referendum) keçirilməsi haqqında 26 iyul 2016-cı il
tarixli 2241 nömrəli sərəncamları ilk növbədə
dövlət hakimiyyətinin həyata keçirilməsində
xalqın iştirakının təmin edilməsinə xidmət
edir. Bununla yanaşı, həmin sərəncamlar Azərbaycanın
dövlətçilik tarixinə, dövlət idarəçilik
sisteminin inkişafına, insan və vətəndaş
hüquq və azadlıqlarının səmərəli təminatlar
sisteminin gücləndirilməsinə, konstitusion nizamlanmaya
daha çox ehtiyac olan ictimai münasibətlərin tənzimlənməsinə
və s. istiqamətlər üzrə təkmilləşdirilməyə
misilsiz bir töhfədir.
Haqqında söhbət açacağımız
müddəa hazırda 71-ci maddəyə əlavə kimi
referenduma çıxarılan mütənasiblik prinsipidir. İnsan
hüquqlarının əksəriyyəti ictimai və ya fərdi
maraqların təmin olunması naminə müəyyən dərəcədə
məhdudlaşdırıla bilər. Hələ Fransa
İnsan və vətəndaş haqları haqqında 1789-cu il deklarasiyasında öz əksini tapan bu ideya
hazırda insan hüquqlarına dair bütün beynəlxalq sənədlərdə
də öz əksini tapmışdır. İnsan
hüquqları doktrinasında insan hüquqlarının məhdudlaşdırılması
dedikdə, elə bir hüquqi sərhəd və çərçivələrin
müəyyən olunması başa düşülür ki,
onların daxilində insanlar öz hüquq və
azadlıqlarından sərbəst istifadə edə bilərlər.
Belə bir çərçivələrin
olmaması həm fərdlər tərəfindən öz
hüquqlarının həyata keçirilməsinə mane
olar, həm də dövlətin həmin hüquqların təmin
etməsinə çətinlik törədə bilər.
İnsan hüquqlarının məhdudlaşdırılması
ancaq beynəlxalq və dövlətdaxili hüquqda qəbul
olunan əsaslar olduqda mümkündür. Məsələn,
milli təhlükəsizlik, ictimai təhlükəsizlik, digər
insanların hüquq və azadlıqlarının təmin
olunması və digər əsaslardan əlavə insan
hüquqlarının məhdudlaşdırılması
zamanı müəyyən şərtlərə riayət
olunmalıdır ki, bunlara da nəzəriyyədə insan
hüquqlarının məhdudlaşdırılmasının
əsas prinsipləri deyilir. Bu prinsiplərə
qanunçuluq, labüdlülük, mütənasiblik və
insan hüquqlarının məhdudlaşdırılmasının
dar tövsif olunması prinsipləri aiddir.
Mütənasiblik prinsipi insan hüquqları nəzəriyyəsinin
ayrılmaz tərkib hissəsidir. Avropa İnsan
Hüquqları Məhkəməsi öz qərarlarında bu
prinsipi geniş təhlil edərək, onu insan
hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit
etmişdir. Avropa Məhkəməsi öz
qərarlarında dəfələrlə qeyd etmişdir ki,
“İctimai maraqla fərdin hüquqları arasında ədalətli
balansın axtarışı bütün Avropa hüquq
sisteminin xarakterik xüsusiyyətidir. Bu
balansın təmin olunması üçün mütənasiblik
təmin olunmalıdır.
Mütənasiblik
prinsipinin məğzi Mülki və siyasi hüquqlar
haqqında Beynəlxalq Paktın müddəalarının məhdudlaşdırılmasının
və dövlətlərin həmin müddəalardan geri
çəkilməsinin təfsiri ilə bağlı Sirakuza
prinsiplərində aydın göstərilmişdir: “Məhdudiyyətlərin
tətbiq olunması zamanı dövlət insan
hüquqlarına məhdudiyyətin tətbiq olunması məqsədinə
nail olmaqdan daha artıq dərəcədə məhdudlaşdırılmasına
gətirən vasitələr tətbiq etməməlidir”.
Mütənasiblik prinsipi insan hüquqlarının məhdudlaşdırılmasının
legitimliyini müəyyən edən ən vacib şərtlərdən
biridir. Mütənasiblik prinsipi o deməkdir ki, dövlətin
insan hüquqlarını məhdudlaşdırmaqla
qarşısına qoyduğu məqsədi və bu istiqamətdə
seçilən vasitə arasında sıx əlaqə
olmalıdır. Bu prinsip dövlət tərəfindən
şəxsi hüquqlarına müdaxilənin çərçivələrini
müəyyən edərək, dövlət və vətəndaş
cəmiyyəti arasında qarşılıqlı əlaqəni
təmin edir.
Avropa Məhkəməsi hər bir konkret işdə
mütənasibliyin pozulub pozulmamasını müəyyən
etmək üçün aşağıdakı tələbləri
irəli sürür. Məhkəmə praktikasında buna proporsionallıq
testi də deyilir:
1. Legitim
məqsəd o dərəcədə ciddi və əsaslı
olmalıdır ki, şəxsin hüquqlarına müdaxilə
zəruri olsun;
2.
Seçilmiş vasitələr birbaşa həmin məqsədə
nail olunmasına xidmət etməlidir;
3.
İnsan hüquqlarının məhdudlaşdırılmasına
dair seçilmiş vasitələr məqsədə
çatmaq üçün zəruri olmalıdır.
Avropa Məhkəməsi ilk dəfə bu prinsipi “Belgian
Linguistic Case” işində tətbiq etmişdir. Həmin işdə Avropa Məhkəməsi
qeyd etmişdir ki: “Dövlət tərəfindən fərdlərin
öz hüquq və azadlıqlarını həyata
keçirməsi zamanı müxtəlif, fərqli yanaşma
ancaq legitim məqsədə xidmət etməlidir: 14-cü
maddə o zaman pozulur ki, istifadə olunmuş vasitələrlə
qarşıya qoyulmuş məqsəd arasında mütənasiblik
pozulmuş olsun”. Belə ki, heç də hər
bir fərqli yanaşma diskriminasiya demək deyil. Hər bir konkret halda diskriminasiyanın
olmasını müəyyən edəcək amil də qeyd
olunan mütənasiblikdir. Adətən,
dövlət tərəfindən insanlara hüquq və
azadlıqların həyata keçməsinə dair fərqli
münasibət sonda ədalətin təmin olunmasına xidmət
edir. Məsələn, müəyyən
kateqoriya insanlara xüsusi imtiyazların verilməsi. Qeyd olunan prinsip BMT İnsan Hüquqları Komitəsinin
fəaliyyətində də mühüm rol oynayır və
komitə müxtəlif qərarlarında bu prinsipin əhəmiyyətini
dəfələrlə qeyd etmişdir.
Beynəlxalq insan hüquqları sahəsində müstəsna
əhəmiyyətə malik proporsionallıq prinsipinin Azərbaycan
Respublikasında Konstitusion prinsip səviyyəsində təsbit
olunması təklif olunmuşdur. Adı çəkilən
prinsipin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
olunması insan hüquqlarının daha etibarlı müdafiəsinə
xidmət etməklə yanaşı, insan hüquqlarının
məhdudlaşdırılması zamanı yarana biləcək
sui-istifadə hallarının da qarşısını
alacaqdır.
Dövlət
hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan
xalqının - dövlət müstəqilliyimizin əbədi,
sarsılmaz köklər üzərində qurulması və
möhkəmlənməsi, xalqın suveren hüququnun təmin
edilməsi, dövlətimizin və dövlətçiliyimizin
daimi kompleks inkişafı, cəmiyyətimizin mütəmadi
tərəqqisi, hər kəsin, hər bir vətəndaşın
layiqli həyat şəraitinin təmin edilməsi, indiki və
gələcək nəslin firəvanlığı naminə
26 sentyabr 2016-cı il tarixdə keçiriləcək
ümumxalq səsverməsində (referendumda) aktiv iştirak edəcəyinə,
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Referendum Aktı”nın layihəsində nəzərdə
tutulmuş bütün məsələlərə “hə” deyəcəyinə
heç bir şübhə yoxdur.
Referendum Aktı layihəsində nəzərdə
tutulan əlavə və dəyişikliklərin mütərəqqi
xarakter daşıdığı, demokratik standartlara tamamilə
uyğun olduğu, insan və vətəndaş hüquq və
azadlıqlarının təminatına, dövlət idarəçilik
sisteminin təkmilləşdirilməsinə yönəldiyi elə
ilk baxışda qabarıq görünür. Aktuallığı
və əhəmiyyəti ilə diqqəti cəlb edən hər
bir düzəliş Azərbaycanın inkişafından,
yüksəlişindən və modernləşmə yolunda
nail olduğu uğurlardan irəli gələn tələbatdır.
Ən əsası, yeni Konstitusiya islahatında irəli
sürülən təkliflər Azərbaycanın hər bir
sahədə demokratik cəmiyyətlərdə qəbul olunan
dəyərlərə, norma və prinsiplərə
uyğun inkişaf yolu seçdiyini bir daha nümayiş
etdirir.
Mehdi ABDULLAYEV,
hüquq üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan.- 2016.- 9 sentyabr.- S.9.