Görkəmli pediatr-kardioloq, ictimai
xadim...
Akademik Adilə Namazova – 90
Pediatriya üzrə doktorluq
dissertasiyası müdafiə edən ilk azərbaycanlı
qadın kimi onun adı tibb tarixinə əbədi həkk
olunub
İctimai
xadim, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya
Elmlər Akademiyasının akademiki, Dövlət
mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin I
uşaq xəstəlikləri kafedrasının müdiri, əməkdar
elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova bu
günlərdə ölkə başçısı İlham
Əliyevin sərəncamı ilə Azərbaycanda tibb elminin
inkişafında xidmətlərinə və tibb
kadrlarının yetişdirilməsində uzunmüddətli fəaliyyətinə
görə “Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu” ilə təltif edilmişdir.
Azərbaycanda
səhiyyənin, tibb elminin inkişafında və tibb
kadrlarının hazırlanmasında xüsusi xidmətləri
olan Adilə Namazova 1926-cı il
sentyabrın 9-da Qarabağın dilbər guşələrindən
olan Ağdam rayonunun Seyidli kəndində dünyaya göz
açıb. Adilə xanım 23 ildir ki, düşmən
tapdağı altında qalan Ağdamda - qədim tarixə,
milli dəyərlərə, zəngin ənənələrə
malik bir şəhərdə orta məktəbi bitirdikdən
sonra Bakıya gəlib və istəyində olduğu Azərbaycan
Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb
Universiteti) pediatriya fakültəsinə daxil olub. 1949-cu ildə
bu ali tibb ocağını əla qiymətlərlə bitirən
məzun-həkim bir müddət Ağdam şəhər Səhiyyə
Şöbəsinin uşaq məsləhətxanasının
müdiri vəzifəsində çalışıb, sonra isə
arzularının qanadında tibb elminin ənginliklərinə
baş vurmaq, zəkasının gücünü, qüdrətini
çətinliklər qovşağında sınaqdan
keçirmək, özünü nəyə qadir olduğunu
göstərmək məqsədilə elmi və əmək fəaliyyətini
keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində
davam etdirib.
Adilə xanım 1954-1957-ci illərdə Moskva şəhərində
SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunun pediatriya
kafedrasının aspirantı olub. O, burada “Uşaqlarda kəskin
revmatizm zamanı ürək qan-damar sisteminin funksional fəaliyyəti”
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək
tibb elmləri namizədi elmi dərəcəsinə layiq
görülüb.
Tibb elminin çətin yollarında inamla addımlayan gənc
alim bundan sonra Bakıya qayıdıb və 1958-ci ildə Azərbaycan
Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasında
assistent vəzifəsində işə qəbul edilib. Burada onun
potensial imkanlarının açılmasına əlverişli
mühit yaranıb. Belə ki, o, Moskvada
namizədlik dissertasiyası müdafiə etdikdən sonra
adı çəkilən kafedrada əvvəlcə assistent,
sonra isə professor və 1966-cı ildə isə kafedra
müdiri vəzifələrinə seçilib.
Bir
müddət ATU-da çalışdıqdan sonra Adilə
xanım 1960-cı ildə İ.M.Seçenov adına
I Moskva Dövlət Tibb İnstitutunun pediatriya kafedrasına və
SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat
Pediatriya İnstitutuna doktoranrt qismində elmi ezamiyyətə
göndərilib. İstedadlı alim yenidən möhkəm
iradə və əzmkarlıq səriştəsi
nümayiş etdirərək məqsədinə nail olub:
1965-ci ildə orada “Uşaqlarda ürək arakəsməsinin
anadangəlmə qüsurlarının kliniki əlamətləri,
diferensial diaqnozu, cərrahi əməliyyata göstəriş
və əksgöstərişləri” mövzusu üzrə
doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri
doktoru elmi dərəcəsinə yiyələnib. Biliyi və qabiliyyəti bu yüksək şərəfli
adla təsdiqlənən alim bundan sonra yenidən vətənə
qayıdıb, ATU-nun uşaq xəstəlikləri
kafedrasının professoru vəzifəsində
çalışıb. Beləliklə,
Adilə xanım Namazovanın adı pediatriya üzrə
doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı
qadın kimi tarixin səhifələrinə əbədi həkk
olunub.
Akademik
A.Namazova 1966-cı ildə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan
Tibb Universitetinin) uşaq xəstəlikləri
kafedrasının müdiri vəzifəsinə seçilib. Artıq 50 ildir ki, həmin vəzifəni müvəffəqiyyətlə,
peşəsinə məhəbbət dolu bir həvəslə
yerinə yetirir.
Görkəmli alimin elmi-tədqiqat işləri, əsasən
uşaqlarda revmatizmin, anadangəlmə və
qazanılmış ürək qüsurlarının, eləcə
də digər uşaq xəstəliklərinin etio-patogenezinin
öyrənilməsinə, onların diferensial
diaqnostikasına, kliniki təzahürlərinə, müalicəsi
və cərrahi korreksiyasına, profilaktik tədbirlərinə
və xəstələrin reabilitasiyasına həsr olunub. İlk dəfə
uşaqlarda ürək üzərində aparılmış
cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdəki
nəticələrini elmi cəhətdən əsaslandıran
məhz Azərbaycan alimi Adilə xanım Namazova olub. O,
Azərbaycanda pediatriya elmi məktəbinin ilk
yaradıcılarındandır. Onun qələminin məhsulu
olan 350-dən çox elmi əsər, o cümlədən
SSRİ Dövlət Kəşf və İxtiralar Komitəsi
tərəfindən təsdiq edilən 5 ixtira, 30 monoqrafiya, dərslik
və dərs vəsaitləri, çoxsaylı elmi-kütləvi
kitab və məqalələri həm ölkəmizin, həm
də dünyanın bir çox elmi məcmuələrində
işıq üzü görüb, müəllifinə beynəlxalq
miqyasda nüfuz qazandırıb.
Akademikin rəhbərliyi və məsləhətçiliyi
ilə 60-dan artıq alimin doktorluq və namizədlik
dissertasiyası müdafiə etməsi onun yaratdığı
elmi məktəbin bariz göstəricilərindəndir. Adilə
xanımın rəhbərliyi və elmi məsləhətçiliyi
ilə elm aləminə həyat vəsiqəsi almış
onlarla, yüzlərlə alim təkcə Azərbaycanda deyil,
bir sıra xarici ölkələrdə də həkimlik və
elmi fəaliyyətlərini uğurla davam etdirirlər.
Akademik A.Namazova 67 ildir ki, özünün həkimlik, 60
ildən artıqdır ki, elmi-pedaqoji fəaliyyətini
yüksək səviyyədə davam etdirir, vətənə
ləyaqətlə, şərəflə xidmət edir. Onun təcrübə
dərsləri və mühazirələri həmişə xəstələrin
nümayişi ilə aparılır və bu da təbii ki, tələbələrin,
rezidentlərin, dinləyicilərin böyük marağına
səbəb olur.
Akademik
A.Namazovanın yerinə yetirdiyi elmi-tədqiqat işlərinin
nəticələri Yaponiya, ABŞ, İngiltərə,
Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə,
Fransa, Almaniya, Rusiya, İsrail, Kipr, Argentina, Belçika,
İspaniya, Misir və digər xarici ölkələrdə
keçirilən elmi konqres və konfranslarda dinlənilərək
yüksək qiymətləndirilib. Alimin beynəlxlaq
forumlarda etdiyi çıxışlar əsasında tərtib
etdiyi məqalə və tezislər həmin ölkələrin
elmi məcmuələrində çap olunub.
Fərəhli
haldır ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə
siyasi rəhbərliyə gəldiyi ilk vaxtlardan o dövrün
istedadlı gənc alimlərinə və elm adamlarına
göstərdiyi dövlət qayğısı və elm
adamlarına yaratdığı əlverişli şəraitdən
lazımınca bəhrələnən Adilə xanım
Namazova elmi axtarışlarının nəticələrinə,
səhiyyə sahəsindəki xidmətlərinə, dünya
elminə verdiyi töhfələrinə görə 45 il bundan
əvvəl - 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri
Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı
qadın-alim olub. Bu yüksək qiymət təkcə
Adilə xanımın əməyinə verilən mükafat
deyil, eyni zamanda, bütövlükdə Azərbaycan tibb elminə,
səhiyyəsinə ünvanlanan şərəf idi. 1989-cu ildə ABŞ-da çap olunan “Dünyanın
ulduz qadınları” adlı ensiklopedik nəşrə
keçmiş SSRİ üzrə adı düşən
qadın-alimlərdən birinin də akademik Adilə xanım
Namazovanın olması hər bir azərbaycanlının qəlbini
qürur hissilə doldurur.
Adilə
xanım Namazova tibb elminin inkişafındakı xidmətlərinə,
beynəlxalq miqyasda yüksək ixtisaslı kadrların
yetişdirilməsində göstərdiyi fəaliyyətinə
görə 1981-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1983-cü ildə
o, Azərbaycan SSR Elmlər Akademiyasının (indiki
AMEA-nın) həqiqi üzvü, SSRİ-nin süqutundan sonra
isə - 1992-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının,
2014-cü ildə Rusiya Elmlər Akademiyasının
üzvü seçilib. Geniş dünyagörüşünə
malik alim, ictimai xadim, bacarıqlı pedaqoq Adilə xanım
Namazova 1982-ci ildə “Uşaqlarda hipertoniya və hipotoniya xəstəliklərinin
epidemiologiyası, təzahür formaları, təsnifatı,
profilaktikası, müalicə üsulları”na
aid problemlərin ilk dəfə həllinə görə Azərbaycanın
Dövlət mükafatına layiq görülüb.
Akademik A.Namazovanın beynəlxalq aləmdə görkəmli
ictimai xadim kimi tanınması onun vətənpərvər bir
övlad olaraq qəlblərə nüfuz etməsinin nümunələrindəndir. Son dərəcə
sadə, səmimi və təvazökar olan Adilə xanım həm
də xalq tərəfindən böyük məhəbbətlə
sevilən bir mütəxəssisdir.
Məhz
buna görədir ki, 1989-cu ildə SSRİ xalq deputatı,
SSRİ Ali Sovetinin, SSRİ Millətlər Sovetinin
üzvü, SSRİ Ali Sovetinin Azərbaycan və Orta Asiya
Qadınları Komitəsinin sədri vəzifələrini
yerinə yetirib.
Adilə
xanım 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının
prezidenti, 1995-ci ildə Türkdilli Ölkələrin
Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya
Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü
seçilib, 1997-ci ildə Türkiyə, Azərbaycan, Mərkəzi
Asiya və başqa Türkdilli ölkə Pediatrlarının
IV Beynəlxalq Konqresinin prezidenti olub. Hələ
keçmiş SSRİ dövründə bir çox görkəmli
alimlərlə, o cümlədən dünya şöhrətli
alim-pediatr, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri,
türk dünyasının böyük oğlu, Azərbaycan
xalqının yaxın dostu professor İhsan Doğramacı ilə
sıx dostluq əlaqələri Azərbaycanda pediatriya elminin
inkişafına əlverişli zəmin yaratmışdır.
Ölkəmizin
ictimai həyatında yaxından iştirak edən akademik Adilə
Namazova Azərbaycan torpaqlarının erməni vandalları tərəfindən
işğalı, bunun nəticəsində bir milyondan
artıq soydaşımızın qaçqın və məcburi
köçkün vəziyyətinə düşdüyü
dövrdə keçmiş SSRİ-nin sonuncu millət vəkili
kimi yüksək kürsülərdə öz
sözünü demişdir. O, erməni
işğalçılarının Dağlıq Qarabağla
bağlı əsassız iddialarının puçluğunu
tutarlı faktlarla sübuta yetirməyə səy göstərmişdir.
Ermənistanın Azərbaycana qarşı
apardığı işğalçı, qanlı müharibəyə
son qoyması barədə dəfələrlə SSRİ-nin
prezidenti Mixail Qorbaçovla, digər dövlət rəhbərləri
və deputatlarla görüşüb tələbkar söhbətlər
aparmışdır.
Keçmiş
sovet ordusunun 1990-cı il yanvar
ayının 19-dan 20-nə keçən gecə Bakıda və
ətraf bölgələrdə amansız vəhşiliklər,
qırğınlar törətdiyi zaman Adilə xanım
Namazova qaniçənlərə qarşı fəal
mübarizə aparmışdır. O, xalq artisti bəstəkar
Arif Məlikov və fəhlə Sara Vəzirova ilə birlikdə
“Salyan” kazarmasına və digər yerlərə gedərək
sovet ordusu komandirləri tərəfindən tərksilah edilərək
zirzəmilərə salınan 300-dən çox Azərbaycan
əsgərinin azad edilmələrinə nail olmuşdu.
Adilə xanım Namazova uzun illər Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası Rəyasət Heyətinin üzvü kimi fəaliyyət
göstərib. 20 il Azərbaycan Səhiyyə
Nazirliyinin Elmi-Tibbi Şurasının, eləcə də uzun
müddət Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin
tibb bölməsinin sədri olub. O, “SOS Kinderdorf” - Uşaq-Kəndlərinin
Azərbaycan Assosiasiyası İdarə Heyətinin, Bakı
şəhəri Nəsimi rayon Qadınlar Şurası
İdarə Heyətinin, AMEA-nın Tibbi Bioetika Komitəsinin,
ATU-nun Tibbi Bioetika Komitəsinin üzvü kimi öhdəsinə
düşən ictimai işləri də bacarıqla yerinə
yetirir. Görkəmli alim bir sıra tibb
jurnallarının redaksiya heyətinin üzvü kimi də fəaliyyətini
davam etdirir.
Akademik Adilə Namazovanın vətən
qarşısındakı xidmətləri dövlət tərəfindən
lazımınca qiymətləndirilib, ən yüksək titullara
layiq görülüb. Ulu öndər Heydər Əliyevin sərəncamı
ilə (1996) “Şöhrət”, ölkə Prezidenti İlham
Əliyevin sərəncamı ilə (2011) “Şərəf”
ordenlərinə layiq görülüb. Görkəmli alim və
ictimai xadim Adilə xanım Namazova kimsəsiz, yetim və xəstə
uşaqlara göstərdiyi qayğı və yardıma
görə Beynəlxalq Uşaq Fondunun prezidenti, Bütün
Rusiyanın və Moskvanın Patriarxı II Aleksiy tərəfindən
“Müqəddəs Çar Dmitriy Ordeni” ilə təltif
olunub. O, həmçinin Azərbaycan Uşaq Fondunun, Respublika
Milli Mükafat Fondunun “Ziyalı Azərbaycan Qadını
Simvolu” ali dərəcəli diplomuna, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin, AMEA-nın prezidentinin,
ATU-nun rektorluğunun fəxri fərmanları və təşəkkürnamələrinə,
“Akademik M.Topçubaşov Mühazirələri Müsabiqəsi”nin
qalibi mükafatına və diplomuna, AMEA-nın 70 illiyi
münasibətilə təsis edilmiş (2015) “Akademik
M.Mirqasımov” mükafatına, “SSRİ Səhiyyə
Əlaçısı” döş nişanına, ilk dəfə
tibbi etikanın tibb universitetlərində və orta tibb məktəblərində
tədris edilməsi proqramını tərtib etdiyinə
görə “SOROS Qrantı”na layiq görülüb. Bu tədris proqramı Parlamentlərarası Konqresdə
qəbul edilərək tədrisdə istifadəyə
tövsiyə olunub.
Ümummilli lider Heydər Əliyevin akademik Adilə xanım Namazovanın yüksək erudisiyasını, öz işinə məsuliyyətlə yanaşmasını, ali tibb ocağında böyük pedaqoji təcrübəyə, insanpərvər və vətənpərvər bir alim səriştəsinə malik olmasını nəzərə alaraq ona Naxçıvan Dövlət Universiteti nəzdində yeni açılmış tibbi-pediatriya fakültəsini hamiliyə götürməsini təklif etdikdə o, bundan çox məmnun olduğunu bildirmiş və dərhal həmin missiyanı yerinə yetirməyə başlamışdır. Adilə xanım hər şeydən əvvəl, Naxçıvan Dövlət Universitetinin tibbi-pediatriya fakültəsində zəngin tibbi kitabxana yarada bildi. Fakültə üçün tədris proqramı tərtib etdi. Uzun illərdir ki, bu proqramın yerinə yetirilməsinə bilavasitə özü nəzarət edir. Tədris ili ərzində bir neçə dəfə Naxçıvana gedir və orada elmi-tibbi mühazirələr oxuyan, müəllimlərə dəyərli məsləhətlər verən, tələbələrlə səmimi söhbətlər aparan akademik məxsusi olaraq həmin fakültə üçün metodiki tövsiyələr çap etdirib və onlara bağışlayıb. Həmin fakültədə dərs deyən müəllimlər və orada təhsil alan tələbələr daim Adilə xanıma razılıqlarını bildirir, minnətdarlıq edirlər. Onlar akademik Adilə Namazovanı, obrazlı şəkildə desək, Naxçıvan Dövlət Universitetinin tibbi-pediatriya fakültəsinin “Mənəvi Anası” adlandırırlar.
Adilə xanımın maraqlı və mənalı ömür yolu şairlərin, jurnalistlərin, digər qələm sahiblərinin də diqqətindən yan keçməmişdir. Onlar Adilə xanım haqqında bir-birindən maraqlı oçerklər, məqalələr, şeirlər, kitablar yazmışlar.
Sevindirici haldır ki, akademik bu gün də fəaliyyətini gənclik həvəsi ilə davam etdirir, yorulmadan elmi axtarışlar aparır, hər gün neçə-neçə ailəyə sevinc bəxş edir, gənc pediatrlar nəslinin yetişməsi üçün qüvvə və bacarığını əsirgəmir.
90-illik ömrünün 70 ildən artıq bir hissəsini pediatriya elminin incə məqamlarının öyrənilməsinə və qazandığı parlaq nəticələri körpələrimizin sağlamlığına sərf edən, tibb aləmində görkəmli nailiyyətlər qazanan, daim dövlət qayğısı və el məhəbbəti ilə əhatə olunan, minlərlə anaya öz körpələri ilə birlikdə şəfa verən Adilə xanım Namazova kimi bir həkim, bir alim, bir ana özünü xoşbəxt hesab etməyə bilməz. Akademik Adilə Namazova təkcə görkəmli alim, tanınmış elm xadimi və ictimai xadim deyil, həm də xilaskarlarına çevrildiyi minlərlə uşağın ən xoşbəxt anası, ən xoşbəxt təbibidir. Onun üzündən-gözündən ətrafına, dövrəsinə, təsir dairəsinə işıqlı bir nur çilənir. Bu nurun işığında o, şəfqətli işlərini bacarıqla, zəka zənginliyi ilə davam etdirir.
Adilə xanımın yaşadığı həyat həqiqətən də əsl xoşbəxtlik yolu, əsl bəşəri duyğular çələnginin çiçəkləndiyi, bar-bəhər verdiyi uğur yoludur.
Adilə xanım Namazova Azərbaycan Tibb Universiteti rektorluğunun, professor-müəllim heyəti və çoxminli tələbələrinin dərin hörmət və rəğbətini qazanıb. Onun yubileylərinin həmişə dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması tibb aləmində böyük bayrama çevrilir. Azərbaycan Tibb Universitetinin rəhbərliyi və kollektivi adından akademik Adilə Namazovanı 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Sabir
ƏLİYEV,
ATU-nun tədris
işləri üzrə prorektoru,
əməkdar elm xadimi, professor
Azərbaycan.- 2016.- 9 sentyabr.- S. 11.