Günəşi canına hopdurmuş
XURMA
Ötən ilin payızında yolumuz Samux rayonunun
Çobanabdallı kəndinə
düşmüşdü. Xurmanın yetişən
vaxtı olduğundan bu və yaxınlıqdakı
digər kəndlərdə
hər yan narıncı, qırmızı
və qonur çalarlardan yaranan bir rəngə boyanmış, elə bil örpəyə bürünmüşdü. Axı, burada elə bir həyət yoxdur ki, orada
xurma ağacı bitməsin. “Gəncədən gəlirəm,
yüküm xurmadır...”
misraları və bu sözlərə yazılmış mahnı
yadıma düşdü.
Bir də öz tərəflərimiz...
Payızda Tovuzun da belə
bir örpəyi olur. Digər meyvələr toplanıb
qurtarandan, hətta yarpaqlar da töküləndən,
əl-ayaq çöldən-bayırdan
yığışandan sonra
bağlarda bir qızılı heyvalar qalır, bir də yaydan bəri günəşi canına hopdurmuş xurmalar. Odur ki, ağacların başında od
parçasını xatırladan,
torpağa qırov düşüb ilk qar yağanadək budaqlarda “közərən” xurmalar uşaqlıqdan yadımda
qızıl payızın
rəmzi kimi qalıb.
Həmişə də bu meyvələrə
heyifim gəlib. Çünki
hər il
dərilən məhsulun
böyük bir hissəsinin istifadəsiz qaldığını, zay
olub getdiyini görmüşəm. Yəni,
xurma ağacları elə bol bar gətirir ki, meyvəsini yığıb-yığışdırmaqla,
yeməklə və qışa saxlamaqla, satmaqla və dost-tanışa pay verməklə
də bərəkəti
bitib-tükənmir. Belə olan
halda, xurmanın necə istifadə edilməsi məsələsinə
düşünülmüş, kompleks şəkildə yanaşmaq lazımdır ki, təbiətin bizə bəxş etdiyi bu nemət
itkiyə getməsin.
Samux bağlarına
baxdıqca və Tovuz bağlarını xatırladıqca bunu düşünürdüm. Lakin məsələ
yalnız bir-iki bölgəyə aid olsa, hələ dərd yarı idi. Xurma Azərbaycanın çox
yerlərində yetişir.
Qeyd edək
ki, xurmaya bir sıra bölgələrimizin
sakinləri xirnik deyirlər. Hətta xurma sözü
bəzən onları
çaşdırır. Azərbaycanda xurmanın (xirnikin)
müxtəlif növləri
becərilir. Əsas növ
Şərq xurmasıdır
ki, ona müxtəlif
bölgələrimizdə rast gəlirik. Elə Şərq xurmasının özü
də dadına, həcminə, bərkliyinə-yumşaqlığına,
tərkibindəki maddələrə,
rənginə, formasına
və s. görə fərqlənən ayrı-ayrı
növlərdən ibarətdir.
Lənkəran-Astara, Gəncə-Qazax zonasından
başqa, Göyçay,
Ağdaş, Ağdam,
Zaqatala və digər rayonlarda da xurma ağacları
çoxdur. Şərq xurmasından əlavə,
Azərbaycanda daha iki növ yabanı
xurma növünə
rast gəlinir ki, bunlar da
Qafqaz xurması və Virgin xurmasıdır.
Torpağımızda becərilən Şərq xurmasının
tərkibində 13-16 faiz
qlükoza və fruktoza şəkəri,
0,8 faizə qədər
üzvi turşular, aşı maddələri,
karotin, C vitamini və yod birləşmələri
var. Başqa sözlə,
o, mühüm müalicəvi
xüsusiyyətlərə malikdir. Belə ki, Şərq
xurmasını qan azlığı, ümumi
zəiflik, vitamin çatışmazlığı,
xroniki mədə-bağırsaq
xəstəlikləri zamanı
yedikdə faydası çox olur. Bu meyvənin həzm
prosesini sürətləndirmək,
maddələr mübadiləsini
nizama salmaq kimi təsirləri var. Ürək-damar sistemi, ateroskleroz, qalxanabənzər
vəzin xəstəliklərinin
müalicəsinə də
yaxşı təsir göstərir.
Meyvələrindən başqa, xurma ağacının gövdəsi,
qabığı, çiçəkləri
və yarpaqları balıqçılıq, toxuculuq,
mebel sənayesində,
musiqi alətlərinin
hazırlanmasında istifadə
edilir. Arılar xurma çiçəklərini
çox sevir və onlardan şirə çəkirlər.
Təəssüf ki, biz hələ də bu faydalı
nemətdən səmərəli
istifadə edə bilmirik. Bunun üçün çətinlik törədən
səbəblərdən biri
xurmanın almaya, heyvaya və başqa uzun müddət qalan meyvələrə nisbətən
tez xarab olmasıdır. Əgər ərik,
gilas, şaftalı kimi tez sovuşan
meyvələrdən mürəbbə,
kompot, cem hazırlayıb qışa
tədarük etmək,
alçanı, gavalını,
ənciri qurudub xeyli müddət saxlamaq mümkündürsə,
xurmadan bu və ya digər
şəkildə istifadə
etməyə öyrəşməmişik.
Doğrudur, Novruz qabağı
aldığımız çərəzlər
arasında bəzən
qurudulmuş xurmaya rast gəlirik. Amma bu, kütləvi şəkil almayıb.
Halbuki xurmadan cem, mürəbbə,
povidla, hətta spirtli içkilər hazırlamaq mümkündür.
Mətbəxi çox sevən bir sıra qadınlar xurmaya yaradıcı yanaşaraq ondan müxtəlif bişintilərdə, məsələn, tortlarda, piroqlarda, şirinçörəklərdə istifadə edirlər. Novatorluq edərək əzilmiş xurma kütləsindən lavaşanaya bənzər məhsul düzəldənlər də olur. Təəssüflər olsun ki, ümumiyyətlə götürdükdə, xanımlarımız ev şəraitində xurmadan marinad və konserv məhsulları hazırlamağa diqqət yönəltməyiblər. Son dövrlərdə keyfiyyətli məhsul buraxan, artıq öz brendi ilə tanınan konserv müəssisələrimiz də bu meyvədən demək olar ki, hələlik heç nə hazırlamırlar, yaxud cüzi miqdarda istifadə edirlər.
Digər önəmli bir məsələ bu məhsulun saxlanılmasıdır. Təcrübəli bağbanlar, aqronomlar bazarlarda qısa müddətdə görünən, yaza qədər keyfiyyətini və görkəmini itirən bu az ömürlü meyvənin imkan daxilində olduğu kimi qorunub qalmasının sirrini yəqin ki, bilməmiş deyillər. Bu təcrübəni öyrənib tətbiq etmək vacibdir.
Ən mühüm problemlərdən biri də xurmanın satışının təşkilidir. Payızda bağının məhsuluna alıcı axtaran, fürsət düşəndə bəzən onu su qiymətinə satan kənd sakininin, bağbanın bu məsələdə köməyə ehtiyacı böyükdür. Başqa sözlə, xurmanın qarşısında yaşıl işıq yandırmaq, onu bazara, yarmarkaya, evimizə, süfrəmizə gətirən yolları geniş açmaq lazımdır. Elə etmək lazımdır ki, xurmanın alıcısı satıcısını, satıcısı isə alıcısını asanlıqla tapa bilsin. Xurma vaxtında və itkisiz kəndlərdən bazarlara, o cümlədən şəhərli alıcılara çatdırılsın.
Yadımdadır ki, əvvəllər qonşu Gürcüstan Respublikasından alıcılar gəlib Azərbaycanın qərb bölgəsindəki kəndlərdən xurmanı yeşik-yeşik, maşın-maşın alıb aparardılar. İndi gediş-gəliş bir qədər çətinləşib, yol xərcləri bahalaşıb. Bildiyimizə görə, rublun ucuzlaşmasından sonra xurma Rusiyada da alıcılarının bir qismini itirib.
Biz isə xurmanı itirə bilmərik. Ondan mümkün olan bütün vasitələrlə səmərəli istifadə etməliyik.
Prezident İlham Əliyevin aqrar sahənin inkişaf perspektivlərindən danışarkən xurmaya da diqqət yönəltməsi bu meyvədən lazımınca istifadənin vacibliyini gündəmə gətirib. Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı xurmanın fındıqdan sonra ən çox valyuta gətirən məhsul olduğunu bildirib. Bu sahəyə də ciddi dövlət dəstəyi göstərilməsinin vacibliyini qeyd edib, aidiyyəti qurumlara müvafiq göstərişlər verib.
Bu məsləhət və göstərişlərdən sonra xurmadan necə istifadə etmək və faydalanmaq barədə bir daha dönə-dönə və hərtərəfli düşünmək lazımdır.
...Bu yerdə yadıma bir xarici həmkarımızın iradı da düşür. 10-15 nəfər yerli və xarici jurnalist Azərbaycanın Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri boyu yerləşən kəndlərinin birində idik. Orada bizi bir evə çay içməyə dəvət etdilər. Süfrəyə iri vazalarda çoxlu meyvə - banan, kivi, portağal, naringi qoymuşdular. Açıq pəncərədən isə budaqları meyvələrinin ağırlığından yerə əyilən xurma ağacı görünürdü (Doğrudanmı, xurmanı urvatsız bilib qonaq qabağına gətirməmişdilər?!). Tərcüməçi dedi ki, qonaqlardan birinin meylindən məhz o meyvə keçir. Sonra o, istəyi yerinə yetirilən, ev sahibinin uşaqlarının ağacdan dərib gətirdiyi xurmanı ləzzətlə yeyən əcnəbi həmkarımızın digər sözlərini də tərcümə etdi: “Azərbaycan torpağının yetişdirdiyi bu nemətin əvəzi yoxdur. Dərmandır, əsl can dərmanı!”
Flora SADIQLI,
Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 1.