Adını milli mədəniyyət tarixinə
yazmışdı
Bir janr kimi memuar-xatirə ədəbiyyatının inkişafı XVIII-XX əsrlərdə geniş vüsət almış, elm, mədəniyyət, ədəbiyyat, jurnalistika sahəsində çalışan böyük şəxsiyyətlər öz dövrlərinin ictimai-siyasi hadisələri, müasirləri haqqında maraqlı xatirələr yazmışlar. “Molla Nəsrəddin” satirik ədəbi məktəbinin banisi C.Məmmədquluzadənin “Xatiratım”, Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim”, H.Sarabskinin “Köhnə Bakı”, dövlət xadimi, filosof Ə.Əlizadənin “Mənim həyatım zamanə anlamında” kitabları, görkəmli mədəniyyət xadimləri A.Şaiqin, Ə.Şərifin, M.Mərdanovun və başqa söz və sənət adamlarının yazdıqları xatirələr XX əsrdən bizlərə yadigar qalmışdır.
Elmi, ədəbi fəaliyyətimin 87-ci ilinə qədəm qoyarkən böyük arzu ilə yaşadığım dövrün kövrək hadisələri gözlərim önündə canlandı. Bu xatirələrin ilk səhifələri məktəbli dostum, Azərbaycan vokal sənəti tarixində özünəməxsus orijinal yüksəliş yolu keçmiş Mobil Əhmədovla bağlıdır.
SSRİ xalq artisti Bülbül Məmmədovun ifaçılıq məktəbinin yetirməsi, SSRİ xalq artisti Rəşid Behbudovun sənət irsinin vurğunu Mobil Əhmədov yaradıcılıq taleyini Azərbaycan Musiqili Komediya Teatrına bağlamış, 40 il bu sənət ocağında uğurla çalışmış, 70-dən çox mükəmməl obraz yaratmış, hərarətli tamaşaçı alqışları qazanmışdır.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli Azərbaycanın xalq artisti Mobil Əhmədovun 70 illik yubileyi münasibətilə Ülvi Vahidoğlunun dəyərli tədqiqat işi - “Aktyorun tale ləpirləri” (2001) kitabına yazdığı “Ön söz”ündə qeyd edirdi ki, “bu görkəmli müğənni Azərbaycan Musiqili Komediya Teatrında vokalçı-aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri və bəlkə də, birincisi olmuşdur. Onun bulaq suyu kimi şəffaf, açıq səma kimi aydın, səhər şehi kimi təravətli, şipşirin səsi və yüksək aktyorluq istedadı birləşərək kamil sənətkarın adını milli mədəniyyət tariximizə əbədi yazıb. Mobil Əhmədov Musiqili Komediya Teatrının son 40 illik dövrünün canlı salnaməsidir. Onun bu sənət ocağının müasirlik axtarışlarında böyük xidmətləri olmuşdur”.
Bu gün görkəmli müğənnimiz aramızda yoxdur. Lakin ölməz sənətkarın ruhu, sənət dünyası, arzu və əməlləri daim yaşayır, şirin, coşqun səsi ürəklərə sevinc bəxş edir. Bu il Mobil Əhmədovun anadan olmasının 85 illiyidir. Mən də unudulmaz gənclik dostumu kövrək xatirələrlə yad etmək istərdim.
Gəncə Yazıçılar Birliyində Salman Əhmədli soyadlı qocaman müəllim, şair bizə ərəb əlifbasını öyrətmişdi. O zaman biz onun başına gələnləri, taleyi barədə heç nə bilmirdik. Özü haqqında heç nə danışmazdı. Sakit, gülümsər, qayğıkeş münasibəti ilə hamımızın hüsn-rəğbətini qazanmışdı. Gəncənin məşhur ziyalılarından ziyaoğullular nəslindən olan Salman müəllim XX əsrin müsibətlərini yaşamış, repressiyaya məruz qalmışdı. Salman müəllim mənim üçün daha əziz idi. Çünki o, bizim qonşumuz, sinif yoldaşım Mobil Əhmədovun atası idi. Onların evində çox olmuşam. Burada gördüyüm mədəni mühit, Mobil və onun kiçik qardaşı Bəşir üçün yaradılan şərait ailənin yüksək mədəni səviyyəsindən xəbər verirdi. Mobilin babası Məşədi Ağamirzə (1853-1957) Gəncədə məşhur zərgər idi.
Mobil çox istedadlı idi. Gözəl şəkillər çəkirdi. Rəssamlığa aid bukletlər, kitablar, rəngbərəng qələmlər, yağlı boyalar, vatman kağızları, akvarel rənglər, cürbəcür fırçalar, çərçivəyə alınmış kətan parçalar məni valeh edirdi. Təbii ki, bunlar mənim üçün əlçatmaz kimi görünürdü. Məni bu ailəyə çəkib gətirən bəlkə də bunlar idi. Baxmaq, öyrənmək istəyirdim...
Mobil kətan üzərində yağlı boya ilə şəkil, portret çəkəndə gözümdə gələcəyin böyük sənətkarına çevrilirdi. Dünya və rus rəssamları haqqında söhbət edəndə onun bu sahədə dünyagörüşünün zənginliyi hiss olunurdu.
Bir gün ona dedim: “Gəl gedək rəssamlıq məktəbində oxuyaq”.
Ertəsi gün qoşalaşıb M.Qorki adına Qız Məktəbinin binasının bir küncündə yerləşən İbtidai Rəssamlar Məktəbinə gəldik. Bu məktəbi teatr rəssamı Böyük bəy Əlyarbəyli yaratmışdı. Məktəbin müdiri Böyük bəy bizi xoş üzlə qarşıladı. Elə oradaca məşğələ otağına apardı. Burada xeyli uşaq və gənc naturadan rəsm çəkirdi. Əlyarbəyli Mobilə də, mənə də vatman kağızı verib qarşımızda qoyulmuş insan büstünün şəklini çəkməyi tapşırdı. Bu, rəssamlığın açarı olan iş idi. Çəkməyə başladıq. Arada Əlyarbəyli yanımıza gəlib istiqamət verir, bizi işləməyə həvəsləndirirdi. Bu, əslində, rəssamlıq məktəbinə qəbul olunmaq üçün bir imtahan idi. Çəkdiyimiz işləri qiymətləndirəndə məlum oldu ki, Mobil məktəbin 7-ci, mən isə 6-cı sinfinə qəbul edilmişəm. Məktəbin 7 illik təhsil ocağı olmasını nəzərə alsaq, biz artıq rəssamlıqda yetkin, bacarıqlı yuxarı sinif şagirdləri idik. Mobil bir neçə aydan sonra məktəbi bitirdi. Mən isə iki il burada təhsilimi davam etdirdim. 1952-ci ilin 25 iyununda 4 nömrəli arayışla 1951-1952-ci tədris ilində rəssamlıq məktəbində təhsilimi başa çatdırdım...
Mobilin gözəl,
zərif tenor səsi də var idi. O, evdə
qapı ağzında,
eyvanda hey mahnı zümzümə edərdi.
Bəzən də onun səsi evlərinin damından küçəyə
yayılardı. Elə məharətlə
oxuyardı ki, biz onu Gəncənin Rəşid Behbudovu adlandırardıq. O, bundan
çox xoşlanar, qürur hissi keçirərdi.
Bir gün yenə ona dedim: “Sən
gözəl, məşhur
rəssam da olarsan, müğənni də. Hər ikisi gözəl
sənətdir. Bu sənətlərə - Allah vergilərinə
yiyələnmək üçün
təhsili davam etdirmək lazımdır”.
Bu dövrdə o, tərəddüd
hissi keçirirdi. Məktəbdə
təşkil etdiyimiz bədii özfəaliyyət
dərnəyində, Gəncənin
məşhur kinoteatrının
foyesində filmdən
əvvəl estrada
orkestrinin müşayiəti
ilə mahnılar oxuyar, müsabiqələrdə,
konsert salonlarında çıxışlar edər,
alqışlar selinə
qərq olardı. Beləliklə, Mobil Əhmədov müğənni olmağı
daha üstün tutdu. Bu, onun
sonrakı taleyini müəyyən etdi.
Orta məktəbi bitirib hərəmiz bir yana ali
təhsil almağa getdik. Onunla sonralar ara-sıra
görüşürdüm, səmimi söhbətlərimiz
olurdu. O, mənə
başına gələnlərdən
fərəhlə danışardı.
Tale Mobili 1955-ci ildə əvvəlcə Ə.Əzimzadə
adına Bakı Rəssamlıq Məktəbinə gətirdi.
Onun çəkdiyi rəsmlər
məktəbin müəllimlərini
şübhələndirdi. Bu əl işlərinin
bir yeniyetmənin olduğuna nədənsə
inanmaq istəmirdilər.
Qərara gəldilər ki,
onu yoxlasınlar.
Mobil bu sınaqdan
layiqincə çıxdı,
bütün şübhələri
alt-üst etdi. Çəkdiyi natürmort hamının
xoşuna gəldi.
Onu birbaşa II kursa qəbul etdilər. Elə həmin gün ona yataqxanada yer də verdilər.
Altı aydan sonra Mobil qış tətilinə Gəncəyə gedərkən
Bakı dəmiryolu vağzalının yaxınlığında
yaraşıqlı bir
binadan musiqi səsi eşitdi, ayaq saxladı. Pianonun müşayiəti ilə
bir gənc oxuyurdu. Mobil həmin həyəcanlı
günü xatırlayaraq
haqqında yazılmış
kitaba belə bir “Sabir qardaşıma
ən xoş arzularla qardaşı Mobildən xatirə.
2002-ci il” avtoqraf yazıb mənə verdi. Mobil vaxtilə
mənə söylədiyi
xatirəni kitabda oxuyanda bir daha
təsirləndim: “...Pəncərədən
içəri boylanırdım.
Gördüm bir qadın
piano çalır. Bir cavan
oğlan da oxuyurdu. Xeyli qulaq asdım.
Mahnı
bitmişdi, ancaq gözlərimi içəridən
çəkə bilmirdim.
Mənə işarə etdilər
ki, nə istəyirəm. Əlimi qulağımın
dibinə qoyub işarə etdim ki, mən də
oxumaq istəyirəm.
Məni içəri dəvət
etdilər. Vokal müəllimi (sonra öyrəndim ki, o, Pəri xanımdır) məndən soruşdu:
- Nə oxuya bilərsən?
Dedim: “Evləri var xana-xana”.
- Oxu görüm.
Mən pianonun müşayiəti ilə
həmin mahnını
oxudum. Pəri xanım çox sevindi, tələsik yığışıb - “arxamca
gəl”, - dedi. O, məni həmin binanın üçüncü
mərtəbəsinə, iri
bir otağa apardı. Bura Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyası
rektorunun otağı idi. Mən Əşrəf Abbasovu
görən kimi tanıdım. İçəri
girəndə - “müəllim,
mən sizi tanıyıram”, - dedim.
- Haradan tanıyırsan?
- Siz yayda Fikrət
Əmirovla Gəncəyə
gəlmişdiniz...”
Bu, bəxt idimi,
qismətmi idi, Tanrının istəyimi idi?! Belə təsadüflər həyatda
çox nadir hallarda olur. Taleyin hökmü bax,
beləcə, Mobili xeyirxah insanların yanına çəkib gətirdi. Mobilin dili sanki indi açılmışdı,
dil-dil ötürdü.
1950-ci ildə Mobil Əhmədov
Gəncədə keçirilən
gənc istedadların
müsabiqəsində yaxşı
çıxış etmiş,
tarın müşayiəti
ilə bir neçə xalq mahnısı oxumuşdu. Görkəmli bəstəkar Fikrət Əmirov da, Əşrəf Abbasov da onun səsini
bəyənmiş, demişdilər
ki, məktəbi qurtaranda konservatoriyada təhsil almağa gələrsən.
“Əşrəf müəllim
katibə qıza dedi ki, professoru
mənim yanıma dəvət et. Professor Bülbül gəldi.
Mən böyük
müğənnini ilk dəfə
idi görürdüm. Onun bütün
hərəkətlərinə, geyiminə, danışığına
heyranlıqla tamaşa
edirdim. O, məsələnin
nə yerdə olduğunu öyrənəndən
sonra üzünü mənə tutub dedi: “Gəncəli balası, nə oxuya bilərsən?” - deyə mənə
baxdı. Mən özüm də bilmədən “Koroğlu”nun
ariyasını - dedim”.
Ustad uğundu: “Bala, nə danışırsan?
Konservatoriyanı qurtaranlar belə
bir ariyanı oxuya bilmirlər. Sənə ariya oxumaq hələ
tezdir. Bəlkə bir xalq mahnısı oxuyasan?”
Mən böyük
həvəslə və
həyəcanla “Evləri
var xana-xana” mahnısını oxudum. Hamı susub
durdu və professorun nə deyəcəyini gözlədi.
Professor üzünü
Əşrəf Abbasova
tutaraq: “Bu uşaqda istedad var. Ancaq musiqi təhsili yoxdur. Mütləq oxumalıdır. Mən məmnuniyyətlə onu öz sinfimə qəbul edərəm”.
Əşrəf müəllim: “Heyf
ki, nə az, nə
çox - düz 6 ay gecikib”.
Bülbül Məmmədov: “Bu, asan
məsələdir. Gəlin biz onu
hazırlıq kursuna götürək, oxusun.
Sentyabr ayında konservatoriyanın
birinci kursuna qəbul edərik. Çünki bunu əldən
buraxsaq, bir də Allah bilir neçə ildən sonra gəlib çıxacaq”.
Belə də razılığa gəldilər. Həmin gecə qatara
aldığım biletim
də cibimdə qaldı. Səhəri gün rəssamlıq
məktəbi ilə vidalaşdım. Həmin gündən
opera teatrının artisti,
tanınmış müğənni
Firudin Mehdiyev mənimlə məşğul
olmağa başladı.
Yeni dərs ilindən isə mən dünya şöhrətli
müğənnimiz, görkəmli
vokal ustası Bülbül Məmmədovun
sinfində oxumağa başladım...”
Belə
böyük bir müğənnidən dərs
alan Mobil Əhmədovun sənət
yolu musiqi aləmində qərar tutdu. Onun səsi Azərbaycan
Musiqili Komediya Teatrının səhnəsindən
görkəmli sənətkarlarla
birlikdə eşidildi,
baş rolların ifaçısı kimi şöhrət qazandı.
Azərbaycanın xalq
artisti fəxri adına layiq
görüldü.
Mobil Əhmədov rəssamlığını
da unutmadı. Boş vaxtlarında fırçasını
işə salıb doğma yurdunun ürəkaçan melodiyalarını
zümzümə edə-edə
yağlı və sulu boyalarla
al-əlvan rənglərlə
vətəninin mənzərələrini,
müasirlərinin, sənət
dostlarının portretlərini,
şarjlarını çəkib
münasib bildiklərini
mətbuatda çap etdirdi. Beləcə, vurğunu olduğu incəsənət dünyasında
mənalı ömür
yaşadı...
Sabir GƏNCƏLİ,
tarix elmləri doktoru
Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 7.