Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi
Xarici dövlətlər bu sahədə Azərbaycan təcrübəsindən
yararlanmağa çalışırlar
Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Odlar yurdunun əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olmuşdur. Ölkəmizdə müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamaları Azərbaycanın ən böyük sərvətlərindən biridir. Azərbaycanın Konstitusiyası da dini azadlıqların qarantıdır.
Ümumiyyətlə, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Çünki multikulturalizm çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən fenomendir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir və Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. Müstəqil Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Respublikada multikulturalizm dövlətin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün Azərbaycan dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunur. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yaradılmış dövlət müşavirlik institutu, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahənin dövlət siyasətinin tərkib hissəsinin olmasını sübut edir. Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi də bu baxımdan təsadüfi deyil. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırır və eyni zamanda, bir vizit kartı rolunu oynayır.
Yüz illər boyu yüksək mənəvi-əxlaqi
dəyərlərin və etnik-dini
tolerantlıq ənənələrinin qorunub
saxlandığı Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti
yaradıb və indi bu,
bir nümunə kimi
beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara
öz milli-mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini
qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün
demokratik şəraitin yaradılması
Azərbaycanı dünya ölkələri
üçün tolerantlıq örnəyinə
çevirib. İndi dünyada multikulturalizm sahəsində
ən optimal model kimi Azərbaycan nümunəsi
öyrənilir. Qürurverici haldır ki, bu gün bir
sıra dövlətlər
Azərbaycanın təcrübəsindən
yararlanmağa çalışırlar.
Hazırda ölkəmizdə səfərdə olan İsveçrə Yəhudi
İcmaları Federasiyasının
prezidenti Herbert Vinterin
həm dövlət başçısı, həm
də Milli Məclisdə keçirdiyi
görüşlərdə səsləndirdiyi fikirlər
bunu bir daha təsdiqləyir.
Öncə onu xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç
Komitəsinin əsasının
qoyulduğu ölkədə
- İsveçrədə 16 yəhudu icması fəaliyyət göstərir. Onlar dini
yox, siyasi fəaliyyətlə məşğuldurlar
və dövlətin həyata keçirdiyi siyasətə dəstək
verirlər. Keçirdiyi görüşlərdə İsveçrədə
mövcud olan multikultural dəyərlərdən
söz açan
Herbert Vinter xüsusi olaraq vurğulayıb ki, dünyanın bir sıra bölgələrində
multikulturalizmin boğulduğu
bir vaxtda Azərbaycanda bu dəyərlər inkişaf
etməkdədir və
bunun da ən başlıca səbəbi ölkədə
təmin olunan sabitlikdir. Onları maraqlandıran ən
vacib məsələ
isə Azərbaycanda etnik və dini
qruplararası dinc yanaşı yaşamanın
dövlət tərəfindən
necə təmin olunması məsələsidir.
Xüsusilə dünyada yəhudi
icmalarının sıxışdırıldığı
bir zamanda Azərbaycanda onların əsrlər boyu dinc şəraitdə yaşaması təqdirəlayiq
haldır. Səfərin məqsədi də Azərbaycanda yaradılmış
multikulturalizm və tolerantlıq təcrübəsindən
yararlanmaqdır.
Azərbaycana ilk dəfə təşrif buyuran isveçrəli qonaqlar həm keçirdikləri görüşlərdə
aldıqları bilgilər,
həm də burada gördükləri tolerantlıq, multikulturalizm
dəyərlərindən olduqca
faydalandıqlarını, eləcə
də bütün bunların onlarda zəngin təəssürat
yaratdığını etiraf
ediblər. Bu görüşlərdə
onlara məlumat verilib ki, ölkəmizdə
uzun illərdir mövcud olan yəhudi icması bu ərazidə yaşayan xalqların nümayəndələri kimi
bütün imkanlardan
tam şəkildə istifadə
edə bilir. Keçmiş SSRİ məkanında Azərbaycan yeganə ölkədir ki, burada yəhudilər yaşadıqları bütün
dövrlərdə heç
zaman ayrı-seçkiliyə,
təzyiqə məruz
qalmayıblar. Ölkəmizdə yəhudilər öz dillərində təhsil almaq, mədəniyyətlərini
inkişaf etdirmək,
dövlət və cəmiyyət həyatında
fəal rol oynamaq üçün hər cur imkanlara malikdirlər. Azərbaycan qanunları
və reallıqları
buna şərait yaradır. Ölkə
əhalisinin böyük
əksəriyyətinin islam dininə mənsub olmasına baxmayaraq, burada məscidlərlə yanaşı,
kilsə, sinaqoq və digər ibadətgahlar azad şəkildə fəaliyyət
göstərir. Onların əksər
hissəsi Azərbaycan
dövlətinin maliyyəsi
hesabına tikilib, bərpa edilib. Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən işğala
məruz qalmasına baxmayaraq, paytaxt Bakı şəhərində
erməni kilsəsinə
toxunulmayıb. Yalnız bu
faktın özü Azərbaycanda dini tolerantlığın səviyyəsini
nümayiş etdirir.
Bütün bu faktlara əsasən,
əminliklə söyləyə
bilərik ki, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir və dövlətin milli-mənəvi dəyərlərə
söykənən davamlı
siyasi kursudur. Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq
Azərbaycan mədəniyyətlərin
dialoqunun inkişafına,
mədəni müxtəlifliyin
qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı
münasibətlərin tənzimlənməsinə
yönəlmiş mühüm
layihələrin, mötəbər
forumların gerçəkləşdirilməsi
sahəsində də
zəngin təcrübəyə
malikdir. Bu ilin aprel ayında
Bakıda keçirilən
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da dünya
ölkələrinin Azərbaycandakı
multikultural mühitə
olan münasibətinin
real ifadəsi idi.
Bu forumlar həm
də ölkəmizdə
multikultural təhlükəsizliyin
intellektual göstəricilərinin
artıq formalaşdığını
təsdiqləyir. Elə bu
səbəbdən də
əksər dövlətlər
bu gün Azərbaycan təcrübəsindən
yararlanmağa çalışır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 7.