Ramil Qasımov Paralimpiya çempionu oldu

 

İdmançılarımız 2-ci yarış gününü bir qızıl, bir gümüş bir bürünc  medalla başa vurdular

 

Braziliyada idman həvəskarlarının həyəcanı artmaqdadır. Rioda sayca XV Paralimpiya Oyunları davam edir. Planetin ən güclü idmançılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi oluruq. Azərbaycanda da hamı Riodan qızıl medal xəbəri eşitmək  ümidi ilə yarışları izləyir. Bundan əvvəl  iştirak etdikləri son 5 paralimpiadada qazandıqları medallarla xalqımızı sevindirən Paralimpiya yığmamızda cüdoçular əldə etdikləri mükafatlarla bu dəfə dünyanın diqqətini çəkdilər. Belə ki, ilk 2 yarış günündə bu idman növündə qazanılan medalların sayı artıq 3-dür. Ən əsası isə birinin əyarı qızıldır.

Atletlərimiz növbəti dəfə onlara inananların etimadını doğrultmaqda davam etdilər. Ramil Qasımov Azərbaycanın hesabına ilk qızıl əyarlı mükafatı yazdırdı.  73 kq çəki dərəcəsində yarışan cüdoçumuz mübarizəyə 1/4 finaldan başlayıb. Rəqib kubalı Cerardo Rodrigez olub. Çətin keçən görüşü qalib başa vuran həmyerlimiz adını yarımfinala yazdırıb. Bu mərhələdə almaniyalı Nikolay Kornhassla üz-üzə gələn Ramil həmkarını məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə idmançımız ukraynalı Dmitro Soloyevlə qarşılaşıb. Rəqibini ipponla məğlub edən R.Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalı qazandırıb.

Məlumat üçün qeyd edək ki, Ramil Qasımov 13 avqust 1981-ci ildə Gəncə şəhərində anadan olub. 2007-ci ildə keçirilən Universiadanın qalibi olan Ramil Qasımov 2014-cü ildə ABŞ-ın Kolorado ştatının Sprinq şəhərində təşkil edilən dünya çempionatının qızıl medalını qazanıb. Cüdoçumuz 2013-cü il və 2015-ci il Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Rio-2016” Yay Paralimpiya Oyunlarını daha bir cüdoçumuz medalla başa vurub. Rövşən Səfərov (81 kq) turnirin bürünc mükafatçısı olub.

Təmsilçimiz yarışa 1/8 final mərhələsindən başlayıb. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın “bürüncyolunu açıb. Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək paralimpiadanın 3-cüsü olub.

Xatırladaq ki, Rövşən Səfərov 1988-ci il mayın 3-də  Cəbrayıl rayonunda doğulub. 2010-cu ildə Türkiyənin Antalya, 2014-cü ildə ABŞ-ın Kolorado ştatının Sprinq şəhərində təşkil olunan dünya çempionatında bürünc mükafata layiq görülüb. 2009-cu ildə Macarıstanın Debrecen şəhərində keçirilən Avropa çempionatında qalib olub. 2015-ci ildə isə Portuqaliyanın Odivelaş şəhərində təşkil edilən qitə birinciliyinin gümüş medalına sahib çıxıb.

XV Yay Paralimpiya Oyunlarında yığmamızın hesabına daha bir mükafat isə atletika yarışında əlavə olunub.  Atletimiz Yelena Çebanu gümüş medal qazanıb. Təmsilçimiz 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsində braziliyalı Alisya de Olviere Korrea, kubalı Omara DurandAlmaniya təmsilçisi Katrin Müller-Rotqarda qarşı yarışıb. Məsafəni 11,71 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib olub.

Kuba atleti 11,40 saniyə nəticə ilə dünya rekordunu yeniləyib və qızıl medal qazanıb. Almaniya təmsilçisi isə yarışı üçüncü pillədə başa vurub.

 Qeyd edək ki, Yelena Çebanu 1981-ci il yanvarın 4-də Ukraynada anadan olub.  2007-ci ildə Universiadada 100 m məsafədə gümüş, 400 m məsafəyə qaçışda isə bürünc medal qazanıb.  Bir neçə ildir Azərbaycan yığmasının şərəfini qoruyan təmsilçimiz 2015-ci ildə Qətərin paytaxtı Dohada təşkil olunan dünya çempionatında gümüş (100 m) və bürünc (200 m) mükafatlara layiq görülüb.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 1, 4.