ABŞ səfiri:
Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf etdirilməsi
üçün geniş
imkanlar var
Naxçıvan Muxtar Respublikasının füsunkar təbiəti məni heyran etdi, bu diyarın
böyük turizm potensialına malik olmasına dair məndə əminlik yarandı. Batabat yaylağının gözəl və ecazkar təbiətinin qorunub saxlanılması bu baxımdan da böyük əhəmiyyət kəsb
edir. Burada ekoturizmin inkişaf
etdirilməsi üçün
geniş imkanlar var.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində
Amerika Birləşmiş
Ştatlarının Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Robert Sekuta deyib.
Səfir
vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasına səfəri
çərçivəsində burada faydalı görüşlər keçirməkdən,
muxtar respublikanın tarixi abidələri, eyni zamanda, füsunkar
təbiəti ilə tanış olmaqdan məmnundur. O deyib: “Biz Şahbuz Dövlət Təbiət
Qoruğunda da olduq. Qoruğa gedərkən yolboyu
ətrafı seyr etdik. Çox möhtəşəm, əvəzolunmaz təbiət
mənzərələri ilə
qarşılaşdıq. Xüsusən qeyd etmək
istərdim ki, Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq insanda xoş təəssürat yaradır.
Qoruq barədə ətraflı
məlumat verildi.
Buna görə minnətdaram. Qoruq ərazisindəki
göldə olan Üzən ada, Zorbulaq və ətrafdakı təbiət
mənzərələri özünün
cazibədarlığı, gözəlliyi ilə seçilir, insanda maraq oyadır. Düşünürəm ki, Naxçıvanın
təbiət mənzərələri
gözəlliyi ilə
seçilən Azərbaycanın
vacib bir hissəsidir. Muxtar respublika
heyranedici təbiət
mənzərələri ilə
zəngindir”.
ABŞ səfiri qeyd
edib ki, insanla təbiət qırılmaz tellərlə
bir-birinə bağlıdır
və bu bağlılıq çox
vacibdir. Ona görə də
təbiətin, ətraf
mühitin qorunması
böyük əhəmiyyət
kəsb edir. Onun qorunması ümumi evimiz olan Yer
kürəsinin qorunması
deməkdir. Çünki dövlətlərin sərhədləri
olsa da, təbiətin sərhədi
yoxdur. Bu məsələ həmrəylik,
birlik tələb edir. Təbiətin mühafizəsi hökumət
nümayəndələri ilə
cəmiyyət arasında
olan sıx əməkdaşlıq və
qarşılıqlı anlayış,
ümumi məqsədlərə
çatmaq naminə birgə səylər tələb edir. Yalnız bu şəkildə təbiətin qorunması
uğurla həyata keçirilə bilər.
Çox
gözəl haldır
ki, Naxçıvanda
biz bunu müşahidə
etdik.
Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan çeşidli məhsullarla tanış olduğunu da qeyd edən Robert Sekuta bildirib ki, Naxçıvanda fəaliyyəti bərpa edilmiş və yeni qurulmuş müəssisələrdə istehsalın artırılması, idxalın yerli istehsal hesabına əvəzlənməsi istiqamətində görülən işlər yüksək qiymətə layiqdir. Xüsusən də neft qiymətlərinin dünya bazarında aşağı olduğu bir dövrdə qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Muxtar respublikada yeni müəssisələrin yaradılması bu baxımdan əhəmiyyətlidir.
Diplomat deyib: “Biz Azərbaycan Respublikası ilə, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə demokratiyanın inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatının inkişafı sahələrində, həmçinin təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq. Bu gün onlarla azərbaycanlı təhsil mübadiləsi proqramından faydalanaraq Amerikada təhsil alıb. Biz bununla kifayətlənə bilmərik. Həm Azərbaycandan Birləşmiş Ştatlara, həm də Birləşmiş Ştatlardan Azərbaycana gələn insanların sayının artmasını, turizmin inkişaf etdirilməsini istəyirik”.
Səfərindən məmnun
qaldığını vurğulayan səfir
muxtar respublikada
qarşılıqlı maraq doğuran məsələləri ətraflı
müzakirə etdiyini diqqətə
çatdırıb. “Naxçıvandan xoş
təəssüratlarla ayrılıram və ümid
edirəm ki, muxtar respublikaya yenə səfərə gələcəyəm”,
– deyə Robert Sekuta bildirib.
Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 2.