Dünya pediatriyasında Azərbaycan
zirvəsi
Azərbaycanda tibb elminin qədim və tarixi ənənələri
var. Belə zəngin ənənələr üzərində
bərqərar olan müasir Azərbaycan tibb elmi özündə
neçə-neçə görkəmli alimin, insanlara şəfa
bəxş etmiş neçə-neçə fədakar həkimin
adını, imzasını daşıyır. Bu imzalar içərisində
90 illik ömrünün 70 ildən artıq bir
dövrünü tibb elminin sirlərinin öyrənilməsinə,
xüsusən insanlığın gələcəyi olan məsum
körpələrin xəstəliklərinin müalicəsinə,
xalqın rifahına yönəlmiş ictimai fəaliyyətə
həsr etmiş akademik Adilə Namazovanın adı xüsusi
yer tutur. Adilə Namazovanın dərin istedadla ağır və
gərgin əməyin vəhdətinə nümunə ola biləcək ömür bioqrafiyası bu
gün özünün 90 illik zirvə məqamında
neçə-neçə titulları, mükafatları birləşdirir.
Xalqımız onu fəal, xeyirxah insan, mahir həkim,
istedadlı pedaqoq, dünya şöhrətli alim, elm təşkilatçısı
kimi tanıyır. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri
Akademiyasının müxbir üzvü, Rusiya Elmlər
Akademiyasının üzvü, əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı, “Şöhrət” və
“Şərəf” ordenli Adilə Namazova. Bəli, Azərbaycan
tibb elminin şöhrətini və Azərbaycan
xalqının övladının istedadını, dəyanətini
mübaliğəsiz olaraq bütün dünyaya
nümayiş etdirən Adilə xanım o insanlar
sırasına aiddir ki, onlar məqsədyönlü olaraq
öz istedad, bilik və bacarığını xalqın, cəmiyyətin
inkişafına, insanların rifahına, xoşbəxtliyinə
sərf edirlər.
Akademik Adilə Namazova özünün gərgin elmi
axtarışları, tibbi fəaliyyəti ilə Azərbaycanda
elmi pediatriya məktəbinin əsasını qoymuşdur. Məhz onun
xidmətlərinin nəticəsidir ki, Azərbaycan pediatriya məktəbi
dünyada qabaqcıl tibbi istiqamətlərdən biri kimi
tanınır. Həm də bu məktəb
dünyanın digər ölkələrində də
pediatriyanın inkişafına öz töhfələrini
vermişdir. Alimin elmi məktəbinin
yetirmələri Rusiya, Türkiyə, İran, Almaniya,
İsrail, İtaliya və digər ölkələrdə bu
gün də müvəffəqiyyətlə
çalışır, elmi və həkimlik fəaliyyəti
ilə ölkəmizi ləyaqətlə təmsil edirlər.
Adilə Namazovanın əmək və elmi
bioqrafiyası elmin sirlərinə yiyələnməklə
insanlara xidmət etmək baxımından mənəvi bir
örnək timsalıdır. O, Bakıdakı Dövlət Tibb
İnstitutunun pediatriya fakültəsini bitirdikdən sonra ilk əmək
fəaliyyətinə doğulub boya-başa
çatdığı Ağdam rayonunun uşaq məsləhətxanasında
başlamışdır. Az bir müddət
ərzində həkimlik fəaliyyəti ilə yalnız
Ağdamda deyil, bütün Qarabağda şöhrət
qazanan Adilə Namazova bu uğurlarla kifayətlənməmişdir.
O, tibb elmləri sahəsində biliyini, elmini artırmaq arzusu
ilə Moskva şəhərində Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin
dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin
Uşaq xəstəlikləri kafedrasında aspiranturaya qəbul
olunmuşdur. Adilə Namazova aspiranturada təhsil illərində
yeni kompleks elektrofizioloji üsullardan istifadə edərək
ilk dəfə olaraq uşaqlarda revmatizmin fəal mərhələsində
ürək və qan-damar sisteminin funksional vəziyyətini,
ürək əzələsində baş vermiş, o dövrə
qədər öyrənilməmiş patoloji dəyişikliklərin
mərhələsini, dərəcəsini aydınlaşdırmış,
şərhini vermiş, rasional müalicə
üsullarını təklif etmişdir. Bu tədqiqatların
yekunlarını Adilə Namazova SSRİ Səhiyyə
Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunun Elmi şurasında tibb elmləri namizədi
alimlik dərəcəsi almaq üçün müdafiə
etmişdir. Müdafiə müvəffəqiyyətlə
keçmiş, institutun və Moskvanın görkəmli alimləri
çıxış edərək dissertasiya işini yüksək
qiymətləndirmişlər.
1957-ci ildə Adilə Namazova Bakıya qayıdaraq Tibb
İnstitutunun Pediatriya kafedrasında assistent işləməyə
başlayır. Tezliklə Tibb İnstitutunun
professor-müəllim kollektivinin, tələbələrinin
xüsusi rəğbətini qazanır.
Saysız-hesabsız xəstə uşaqları
sağaldır, tez-tez radioda, respublika qəzetlərinin səhifələrində
valideynlərə faydalı məsləhətlər verir, az bir müddət ərzində xalqın dərin
rəğbətini qazanır. O, əldə etdiyi nailiyyətlərlə
kifayətlənməyərək biliyini artırmaq, elmin daha
yüksək zirvələrini fəth etmək
üçün elmi fəaliyyətini davam etdirir. Alim sovet hakimiyyəti illərində bütün
dünyada ən məşhur tibb elmi qurumlarından hesab olunan
SSRİ Tibb Elmləri Akademiyasında doktorluq dissertasiyası
üzərində çalışmağa başlayır.
Akademik Adilə Namazova dünya şöhrətli məşhur
cərrah, akademik B.V.Petrovskinin klinikasında XX əsrin
60-cı illərinə qədər öyrənilməmiş
sahə olan uşaqlarda anadangəlmə ürək
qüsurlarının tədqiqatına başlayır. O, dünyada ilk dəfə
olaraq uşaqlarda vektorkardioqrafiya, rentgen-elektrokimoqrafiya tətbiq
edərək ürəkdaxili və böyük damarların
zondlaşmasından, angiokardioqrafiyadan istifadə edərək
ürəyin ayrı-ayrı boşluqlarında qan təzyiqinin
səviyyəsini, oksigen, karbon qazının tutumunu öyrənməklə
ağciyər damarlarının müqavimətini müəyyənləşdirmişdir.
Adilə xanım dünyada ilk pediatrdır ki,
uşaqlarda anadangəlmə ürək qüsurları
zamanı sanballı, çoxtərəfli, dərin elmi tədqiqatlar
aparıb konservativ və cərrahi müalicə
üsullarını işləmiş, fəsadların
qarşısını almaq tədbirlərini təklif
etmiş, ürək üzərində aparıla bilən cərrahi
əməliyyatın proqnozunu vermişdir. Belə elmi tədqiqatlarından
alınan məlumatların əsasında ürək üzərində
uğurlu cərrahi əməliyyatlar aparıldıqdan sonra
akademik Adilə Namazova 1965-ci ildə I Moskva Tibb İnstitutunda
doktorluq elmi dərəcəsi almaq üçün dissertasiya
müdafiə etdi. Beləliklə o,
pediatriya üzrə ilk azərbaycanlı qadın tibb elmləri
doktoru oldu.
SSRİ Səhiyyə
Nazirliyi Ümumittifaq Cərrahiyyə Mərkəzinin rəhbəri,
akademik B.V.Petrovski A.Namazovanın doktorluq dissertasiyası
haqqında belə yazmışdı: “A.Namazova ilk dəfə
olaraq pediatriya ilə cərrahiyyə arasında çox səmərəli
körpü yaradıb. O, indiyə qədər az
məlum olan ürək arakəsməsinin anadangəlmə
qüsurlarını, uşaq orqanizmində, xüsusilə
ağciyər qan dövranında olan dəyişiklikləri
tam dəqiqliyi ilə öyrənib, cərrah-kardioloqa ürək
üzərində mürəkkəb əməliyyat aparmaq
üçün düzgün yol göstərmişdir. Bu sahədə o, təbabətə bir çox
yeniliklər gətirib, özü isə hərtərəfli
inkişaf etmiş, xüsusi istedada malik alim, prinsipial
insandır”.
Adilə Namazova SSRİ-nin bir sıra məşhur,
aparıcı alimlərinin elmi məktəbini keçərək
həkim klinisist, tədqiqatçı alim kimi 1965-ci ildə
Bakıya qayıdır, Azərbaycan Tibb İnstitutunda kafedra
müdiri işləyir. Tibb sahəsində əldə etdiyi bilikləri
həmkarları, xüsusilə gənc həmkarları ilə
bölüşmək məqsədilə tələbələrə,
həkimlərə mühazirələr oxuyur, yeni elmi laboratoriya
təşkil edir.
Bu müayinələr vasitəsilə müxtəlif
uşaq xəstəliklərinin inkişaf mexanizmi, xəstəlik
zamanı baş vermiş incə dəyişikliklər
araşdırılıb aydınlaşdırılır. Bu
araşdırmalara alim əsasən istedadlı gənc həkimləri,
yuxarı kurs tələbələrini cəlb edir və onlar
bir-birinin ardınca namizədlik, doktorluq dissertasiyaları
müdafiə edirlər. Beləliklə,
Azərbaycanda Adilə Namazovanın pediatriya elmi məktəbi
yaranır.
Adilə
Namazova və onunla birlikdə çalışan elmi əməkdaşlar
keçmiş SSRİ-də və müxtəlif xarici ölkələrdə
(Yaponiyada, Hindistanda, ABŞ-da, Fransada, İngiltərədə,
Argentinada, Avstriyada, Finlandiyada, Belçikada və s.) beynəlxalq
toplantılarda, ümumdünya konqreslərində
pediatrların, kardioloqların, terapevtlərin, cərrahların
qarşısında elmi məruzələrlə
çıxışlar edirlər və bu elmi pediatriya məktəbi
dünya miqyasında elmə gətirdiyi yenilikləri, nailiyyətləri
ilə məşhurlaşır. Məktəbin
nümayəndələri bu günə qədər müxtəlif
ölkələrdə müvəffəqiyyətlə
çalışırlar.
Təbabətdə aktual elmi problemlərin araşdırılmasına,
yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı
mütəxəssislər hazırladığına görə
Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri
Akademiyasının müxbir üzvü seçilir. Bu, Azərbaycan
elminin böyük nailiyyəti idi. O, ilk azərbaycanlı
qadın idi ki, belə yüksək elmi ada layiq
görülmüşdü.
Daim axtarışda olan Adilə Namazovanın diqqətini
uşaqlarda və yeniyetmələrdə hipertoniya və
hipotoniya xəstəlikləri cəlb edirdi. İlk dəfə olaraq
Bakıda və Azərbaycanın müxtəlif
regionlarında məktəblilər arasında bu xəstəliyin
yayılmasını, başlanğıc və müxtəlif
dövrlərində orqanizmdə baş verən lipid, hormonal,
bioloji aminlərin ürək qan-damar sisteminin dəyişikliklərini,
xəstəliyin başlanmasında uşağın həyat tərzinin,
məktəbdəki təhsil şəraitinin, irsi, sosioloji, ekoloji
iqlimi faktorların rolunu öyrəndi. Sübut
etdi ki, bu xəstəlik öz başlanğıcını
uşaq yaşlarından götürərək insanın həyatı
boyu bu və ya digər kəskinlikdə davam edir. Uşaqlarda hipertoniya və hipotoniya xəstəliyinin
təsnifatını, müalicə və profilaktika üsullarını
tərtib edərək dünya təbabətinə, xüsusilə
təcrübə həkimlərinə təqdim etdi. Bu tədqiqatlar əsasında Azərbaycan
Respublikası uşaqlarda ürək qan-damar sistemi xəstəliklərini
müxtəlif ölkə və regionlarda öyrənən
Avropa proqramına daxil edildi və maliyyələşdirildi.
Akademik Adilə Namazova müxtəlif ölkələrdə
çap olunmuş 350-dən çox əsərin, eyni zamanda
30 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi
altında 62 tibb üzrə fəlsəfə və elmlər
doktorluğu dissertasiyaları müdafiə olunmuşdur.
Adilə
Namazova 20 il Azərbaycan Səhiyyə
Nazirliyinin Elmi tibbi şurasının sədri olub. Elmi-tədqiqat və təhsil institutlarında tədqiqat
işlərinin istiqamətyönlü, müasir tələbatlara
uyğun aktuallıqla, insanların
sağlamlığının qorunması məqsədilə
planlaşdırılmasında böyük fəaliyyət
göstərib.
Elmi, elmi-təşkilati, pedaqoji və həkimlik fəaliyyəti
ilə bərabər Adilə Namazova ictimai sahədə də
çox fəal çalışır. O, uzun illər Respublika
Qadınlar Cəmiyyətinin və Sovet Qadınları Komitəsinin
Rəyasət Heyətinin üzvü olub. Qadınlar
arasında böyük təşkilati işlər aparıb.
Azərbaycan qadınlarını təmsil edərək
onların problemləri haqqında Moskvada, Sankt-Peterburqda,
Litvada, Hindistanda, Türkiyədə, ABŞ-da qurultaylarda,
konqreslərdə çıxışlar edib.
1989-cu ildə
Adilə Namazova SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin, Millətlər
Şurasının üzvü, eyni zamanda SSRİ Ali Sovetində
Azərbaycan, Qazaxıstan, Orta Asiya respublikaları
qadınları komitəsinə sədr seçildi. Alim bu sahədə geniş fəaliyyət göstərərək
Ali Sovetin sessiyalarında tez-tez qadınların,
uşaqların acınacaqlı vəziyyəti haqqında
çıxışlar etmiş, geniş ictimaiyyətin diqqətini
bir sıra problemlərə yönəltmişdir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünun
ilk günlərindən Adilə Namazova əsl vətəndaş,
ziyalı kimi fəal mübarizəyə qoşulmuşdur. O, ötən əsrin
sonlarında ABŞ-ın Nevada, Luiziana ştatlarının
şəhərlərində, Vaşinqtonda, Nyu Yorkda əhali
qarşısında, universitetlərdə, böyük müəssisələrdə,
zavodlarda, xəstəxanalarda, senatorlar iclasında məruzələr,
çıxışlar edərək Azərbaycanın haqq səsini
bütün dünyaya çatdırmışdır.
Xalqımızın
həyatına milli azadlıq uğrunda mübarizənin
şanlı, eyni zamanda qanlı səhifəsi kimi daxil
olmuş 20 Yanvar faciəsinin əsl günahkarlarının
ittiham olunmasında, Azərbaycana qarşı törədilmiş
bu faciənin bütün dünyaya
çatdırılmasında Adilə Namazova əsl vətəndaş-ziyalı
mövqeyi nümayiş etdirmişdir.
Adilə Namazovanın ictimai fəaliyyətində ictimai
təşkilatlar çərçivəsində işi
mühüm yer tutur. Bu baxımdan onun Respublika “Bilik” Cəmiyyətinin
Tibb bölməsinin sədri olaraq uzunillik fəaliyyətini
xüsusilə qeyd etmək lazımdır. Tibbi biliklərin əhali arasında
yayılmasında geniş fəaliyyət göstərdiyinə
görə Adilə Namazova Azərbaycan Respublikasının və
Ümumittifaq “Bilik” cəmiyyətinin bir sıra
mükafatları, medalları və ordenləri ilə təltif
olunmuşdu.
Bundan əlavə, Adilə xanım “SOS Uşaq kəndləri - Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri, Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, Ümumdünya və Avropa Pediatrlar Assosiasiyalarının İdarə Heyətinin üzvü, UNESCO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli və MDB Komitələrinin üzvüdür.
Onu da qeyd edək ki, 1994-cü ildə Qazaxıstanda keçirilən konqresdə Adilə Namazova Türkdilli və Mərkəzi Asiya ölkələrinin Pediatrlar Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
1997-ci ildə Bakı şəhərində Türkiyə, Azərbaycan, Mərkəzi Asiya - türkdilli ölkələrin Pediatriya cəmiyyətlərinin iştirakı ilə keçirilən V beynəlxalq konqresinin prezidenti seçildi. Konqresdə Bakı bəyannaməsi qəbul edildi.
Adilə Namazovanın erudisiyasını, məsuliyyətini, ali məktəbdə yüksək pedaqoji təcrübəsini, insanpərvərliyini nəzərə alaraq ümummilli lider Heydər Əliyev Naxçıvan Dövlət Universitetində açılmış yeni tibb-pediatriya fakültəsini hamiliyə götürmək missiyasını ona həvalə etdi. Adilə Namazovanın gərgin əməyi sayəsində həmin fakültə inkişaf edərək ölkənin nüfuzlu tibb təhsili ocaqlarından birinə çevrilmişdir.
Adilə Namazovanın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1981-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ona əməkdar elm xadimi fəxri adı verilmişdir. 1982-ci ildə o, Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Bundan əlavə, Adilə Namazova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.Topçubaşov” mühazirələr müsabiqəsinin qalibi, AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov” mükafatçısı (2016), Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy tərəfindən təqdim olunan “Müqəddəs Çar Dmitri Ordeni” (2014), Rusiya Səhiyyə Nazirliyi Pediatrlar Birliyinin “Akademik G.N.Speranski” medalı (2016) laureatıdır. Eyni zamanda Adilə Namazova “Səhiyyə əlaçısı” və Səhiyyə Nazirliyinin, Tibb Universitetinin, AMEA-nın çoxsaylı tərifnamələri, təşəkkürləri, fəxti fərmanları ilə təltif olunub.
Elmi fəaliyyət sahəsində əldə etdiyi uğurlara görə Adilə Namazova 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, ilk qadındır ki, nəinki Azərbaycanda, keçmiş Sovetlər İttifaqında, həm də bütün Şərqdə akademik rütbəsinə layiq görülmüşdür.
Elmi-ictimai fəaliyyətinə, Azərbaycan səhiyyəsindəki böyük xidmətlərinə görə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1996-cı ildə Adilə Namazova ölkənin ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edildi.
Beləliklə, Azərbaycan qadınının şərəfli adını bütün dünyada məşhurlaşdırmış Adilə Əvəz qızı Namazova şüurlu və şərəfli həyatını doğma elinin-obasının, ulusunun maariflənməsinə, elminin inkişafına, körpələrinin sağlamlığına, respublikamızın müstəqilliyinə, onun milli dövlətçilik ənənələrinin inkişafına həsr etmiş, böyük pediatrlar məktəbi yaratmış dünya şöhrətli alim, akademik, görkəmli ictimai xadim, əsl milli Azərbaycan qadınının qeyrət simvoluna çevrilmişdir.
Akif
ƏLİZADƏ,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik
Azərbaycan.-
2016.- 11 sentyabr.- S. 4.